• USD 1,7000 0,00% EUR 1,9097 -0,35%
    • GBP 2,1310 -1,11% RUB 0,0264 +0,38%

15 yaşında Azərbaycan gözəli seçilən model: “Deyirlər ki, bu qızın nəyi qəşəngdir?” - FOTO

  • Magazin1
  • 23 İyun 2017 18:47
  • 6 386 Baxış
15 yaşında Azərbaycan gözəli seçilən model: “Deyirlər ki, bu qızın nəyi qəşəngdir?” - FOTO

"15 yaşında müsabiqəyə qatıldığım üçün çoxlu tənqidlər yazırlar, yaşımın az olmasını çox ciddi problemlə çevirirlər. Buna baxmayaraq ruhdan düşmürəm. Sadəcə gülüb keçirəm, anlayıram ki, Azərbaycanda qəbul olunmaq çətin məsələdir. İnsanlar anlamır ki, model podiumda soyunan cansız əşya deyil, modelin gözəl əxlaqı da, savadı da, dünyagörüşü də olmalıdır. Model nümunə deməkdir. Sadaladığım xüsusiyyətlər modeldə cəmləşməlidir ki, başqaları onu özünə örnək götürə bilsin. Anam məni çox sərt tərbiyə edib, özümü harada və necə aparcağımı yaxşı bilirəm. Yaşım az olsa da, güclü insanam, qarşıma qoyduğum məqsəd və hədəflərimə öz zəhmətim sayəsində nail olacağıma inanıram".

Bu sözləri Bakıda keçirilən “Miss & Mister Azerbaijan - 2017” Milli gözəllik müsabiqəsində qalib gələn 15 yaşlı Arzu Hüseynzadə deyib. 15 yaşlı modelin sözügedən müsabiqədə qalib olması son günlərdə sosial şəbəkələrin əsas müzakirə mövzusu olub.

Publika.az-a müsahibə verən Arzu Hüseynzadə qalib olmasından və gələcək planlarından danışıb.

- Gözəllik müsabiqəsinin münsifləri yaşının az olmasını necə qarşıladı?

- Kastinqə gedəndə insanlar birinci çox təəccüb etsə də, zahirən yaşımdan böyük göründüyüm üçün problem yaşamadım. Sadəcə juri heyəti məşqlərə həmişə anamla birlikdə gəlib-getməyimlə bağlı şərt qoydu.

- Niyə model olmaq istədin?

- Özümü podiumda görmək uşaqlıq xəyalım olub. Boyum hündür olduğu üçün həmişə modellərə oxşadığımı deyirdilər.

- Qalib olacağına inanırdın?

- Bir ay gecə-gündüz qalib olmağın xəyalları ilə yaşayırdım. Rəqiblərim çox güclü idi, həm də məndən daha peşəkarları vardı. Azərbaycanda gözəllik müsabiqəsində ilk dəfə idi ki, 15 yaşında iştirakçı qalib seçildi, o da mən oldum. Birinciliyi mənə verəcəklərini gözləmirdim, qalib olanda sevincdən ağladım da.

- Qalibiyyətinə rəqiblərin necə reaksiya verdi? Aranızda paxıllıq, qısqanclıq, mübahisə olmadı ki?

- Bundan əvvəlki illərdə mübahisələr olduğunu eşitmişəm, builki yarışmada isə bütün xanımlar bir-birinə qarşı çox mehriban və nəzakətli davrandı.

- Valideynlərin necə qarşıladı modellik arzunu?

- Yarışmaçılar kastinqə valideynin icazəsi ilə qatılır. Müsabiqəyə qatılmağa elə anam həvəsləndirdi. Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan qanuni yarışma olduğu üçün anam etiraz etmədi. Modelliklə məşğul olmaq arzum olsa da, gerçəkləşəcəyini düşünmürdüm. Anam çox dəstək oldu, birinciliyə və gözəl olduğuma məni inandırdı. Anam sayəsində də özümdə güvən tapdım.

- Düşünmürsən ki, 15 yaşından efirlərdə, podiumlarda görünmək, məşhurlaşmaq gələcək həyatına mənfi təsir göstərə bilər.

- 15 yaşında bir qızın gözəllik müsabiqəsində qalib olduğunu insanlar indi də pis qarşılayır. Amma başqalarının fikirlərinin həyatımda problem doğuracağını düşünmürəm.

- Bəs niyə məşhur olmaq istədin? Bu, sənə nə verəcək?

- Podiuma çıxmaq məni xoşbəxt edir. Hesab edirəm ki, insanlar onu xoşbəxt edən işlərlə məşğul olmalıdır.

- Amma Azərbaycanda model biznesi o qədər də inkişaf etməyib.

- Bilirəm, mən modellik sənətinin Azərbaycanda da inkişaf etməsi üçün çalışacam. Əsas məqsədlərimdən biri də insanlara modelliyin pis bir iş olmadığını göstərməkdir.

- Gələcəkdə bu peşədən qazanc əldə edə biləcəyini düşünürsən?

- 15 yaşım olduğu üçün gəlir haqqında hələlik fikirləşmirəm. Əslində mən pianoçuyam. Məktəbi bitirdikdən sonra pianino üzrə təhsil almağı planlaşdırıram. Musiqi təhsilimi Türkiyədə davam etdirmək istəyirəm. Gələn ildən YÖS hazırlıqlarına başlayacam. Əlavə olaraq model kimi çalışmaqda da pis heç nə görmürəm. İnşallah gələcəkdə özümü inkişaf etdirdikdən sonra hər iki sahədən arzuladığım pulları qazanaram.

- Dərslərini necə oxuyursan?

- Hər işimi bölməyə çalışdığım üçün dərslərdə problem yaranmadı, qiymətlərim yaxşıdır.

- Musiqi sahəsində əldə etdiyi uğurların var?

- Konsertlərdə çıxış etmişəm, gələcəkdə yarışlara qatılmağı planlaşdırıram.

- Modellər dizaynerlərin hər bir geyimini öz üzərində nümayiş etdirməlidir. Sösüz ki, buraya çimərlik və alt paltarları da daxildir. Sən çimərlik geyimində hər hansı reklama çəkilməyə razı olarsan?

- 18 yaşından sonra ola bilər, indi isə bunu doğru hesab etmirəm. Ümumiyyətlə, Azərbaycanda kupalnikdə reklama çəkilmək istəmərəm, lakin xarici ölkələrdən hansısa iş təklifi gəlsə, razı olaram.

- “Victoria Secret” alt paltarı brendinin mələklərindən biri olmaq istərdin?

- Əlbəttə, bunun üçün hətta xarici ölkələrin model agentliklərinə müraciət etmək istəyirəm. İnaşallah 18 yaşdan sonra.

- Gözəl olduğunu nə zaman anladın?

- İki il əvvələ qədər məni güzgünün qarşısına gətirə bilmirdilər. Anam döyə-döyə saçımı səliqəyə salırdı, hər zaman qəşəng görünməyimi istəyirdi. Sonra modellik akademiyasına yazdırdı, orada müəllimim də üstümdə xeyli əziyyət çəkdi. Bu danlaqlardan sonra gözəlliyimin fərqinə vardım və baxımlı olmağa başladım.

- Sosial şəbəkələrdə insanların sənə münasibəti necədir?

- 15 yaşında müsabiqəyə qatıldığım üçün çoxlu tənqidlər yazırlar, yaşımın az olmasını çox ciddi problemlə çevirirlər. Buna baxmayaraq ruhdan düşmürəm. Sadəcə gülüb keçirəm, anlayıram ki, Azərbaycanda qəbul olunmaq çətin məsələdir. İnsanlar anlamır ki, model podiumda soyunan cansız əşya deyil, modelin gözəl əxlaqı da, savadı da, dünyagörüşü də olmalıdır. Model nümunə deməkdir. Sadaladığım xüsusiyyətlər modeldə cəmləşməlidir ki, başqaları onu özünə örnək kimi götürə bilsin. Anam məni çox sərt tərbiyə edib, özümü harada və necə aparcağımı yaxşı bilirəm. Yaşım az olsa da, güclü insanam, qarşıma qoyduğum məqsəd və hədəflərimə öz zəhmətim sayəsində nail olacağıma inanıram.

- Yazılan təhqirlər səni qorxutmur ki?

- Qətiyyən, hər kəs öz fikrini bildirməkdə azaddır, əgər təhqirə keçirsə, bu, artıq həmin şəxsin səviyyəsinin göstəricisidir. Fikirlərini normal qaydada bildirən adamların tənqidlərini eşitməyə hər zaman hazıram. Amma bəzən qalib olmağımla bağlı elə sözlər yazırlar ki, onları oxuyanda şoka düşürəm. İnsanlar necə belə pis fikirli ola bilir? Başa düşmürəm...

- Kliplərdə və filmlərdə oynamaq təklifi gəlib?

- Bunun üçün hələ tezdir, çünki yeni-yeni tanınmağa başlayıram. Rejissorlardan nə vaxtsa dəvət gələrsə, məmnuniyyətlə çəkilərəm.

- Modellər formada qalmaq üçün ağır pəhrizlər saxlayır, çoxlu məşq edir. Sən hələ gəncsən, amma formanı qorumağı bacarmaq da lazımdır. Arıq qala bilmək üçün nə edirsən?

- Güclü iştahım olmadığından çəki baxımdan heç bir narahatçılığım olmayıb. İdmanla ciddi məşğul olmuram, həftədə ən azı iki dəfə evdə fitnes hərəkətlərini yerinə yetirirəm. Çəkim isə 47 kq-dır, kökəlməyi də düşünmürəm.

- Azərbaycanda səni digər modellərdən fərqləndirən cəhət nədir?

- Standart üz cizgilərinə malik deyiləm, məni azərbaycanlılara oxşatmırlar. Müxtəlif millətlərin qızlarına bənzədirlər, hətta mozanbik və əfqan qızlarına da oxşadanlar olub. Azərbaycanda standart üzlər çox olduğuna görə məni görəndə bəzən “Bu qızın nəyi gözəldir?” deyirlər. Amma sonra görürlər ki, fərqliyəm.

- 18 yaşı tamam olmayan qızlar da artıq estetik əməliyyatlar etdirir, dodaqlarını böyüdür, gözlərini dartdırır və s. Sən üzündə nəyisə dəyişmək istəmirsən?

- Cavan qızların özünü tanınmaz hala salmasına çox pis baxıram, xoş təsir bağışlamır. Üzündə olan ciddi qüsurları aradan qaldırmaq istəməsi, qadının özünə baxması çox normaldır. Məsələn, mən üst dodağım nazik olduğu üçün bəyənmirəm, amma gel vurdurmağı qətiyyən düşünmürəm.

- Gözəl qızlar haqqında adətən ağılsız, özündənrazı və ya axmaq olduğu deyilir. Razısan bu fikirlə?

- Ağıl gözəllik və çirkinliklə əlaqəli deyil. Gözəl qızlar diqqət mərkəzində olduğu üçün onlar haqqında çox danışırlar. Ola bilsin ki, bu fikir də ondan irəli gəlir. Hesab edirəm ki, insanın yalnız gözəlliyinə güvənməsi də düzgün deyil, eyni zamanda öz intellektinə də güvənməlidir. Şənxsən mən özümü inkişaf etdirmək üçün çox çalışıram, daim üzərimdə işləyirəm, çoxlu mütaliə edirəm.

- Ən çox bəyəndiyin yazıçılar kimdir?

- Yerli yazıçılardan dedektiv yazar Elxan Elatlını bəyənirəm. Onun kitablarını oxuyandan sonra daha gözüaçıq oluram, həyatda hər şeyə şübhə ilə yanaşıram. Bu yaxınlarda dahi rus yazıçısı Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanına oxudum, hələ də təsirindən çıxa bilmirəm.

- Modellərin bəziləri yarıçılpaq fotosessiyalarla məşhur olmağa can atır. Buna münasibətin necədir?

- Məşhurlaşmaq üçün soyunmağı düzgün addım hesab etmirəm. İnsan hər hansı bacarığı və qabiliyyəti ilə digərlərindən seçilməlidir. Açıq-saçıq fotolar çəkdirmək çox asan işdir, bunu hər kəs edə bilər. Bu, ucuz yoldur, soyunmaqla məşhur olanların kim olduğunu hər kəs yaxşı bilir.

- Geyim seçimində azadsan?

- Gündəlikdə rahat və idman tərzində geyinirəm, heç bir məhdudiyyət yoxdur.

- Makiyaj etməyinə mənfi raksiya verənlər olur?

- Makiyaj edəndə üzüm çox dəyişdiyi üçün çox az edirəm, təbiiliyə daha çox öməm verirəm.

- Yaşından böyük görünmək xoşuna gəlir?

- Bəli, əslində yaşımı çox vaxt bildirmirəm.

Aytən,

Fotolar: Elçin Murad

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR