Magazin1
Məşhurlardan Arif Quliyevlə bağlı TƏSİRLİ SÖZLƏR: “Böyüdüyü uşaq evinə aparmışdıq...”
Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Quliyev gecə saatlarında vəfat edib.
Publika.az xəbər verir ki, aktyorun sənət dostları və tanınmışlar Xalq artisti ilə bağlı xatirələrini paylaşıb.
Əməkdar artist Aybəniz Haşımova Arif Quliyevin 80-ci illərdə Gəncədə verdiyi konsertin anşlaqla keçdiyini yazıb:
“80-ci illər idi, Arif Quliyev Gəncədə solo konsert verməyə gəlmişdi. Tamaşaçı yer tapa bilmirdi əyləşməyə, razı idilər ki, ayaq üstə olsa da, konserti izləyə bilsinlər. Çox sevilirdi Arif Quliyev, çox. Bəşir Səfəroğlunun tamaşaçı izdihamını yeniləyən aktyor oldu. Allah ona ana, bacı, qardaş sevgisini tamaşaçı ilə əvəzlədi, bəlkə də elə ən gözəli bu idi?.. İşıqlı insan, sevənlərinə bu qədər gülüş bəxş edən, bəs ailəni niyə ağlatdın? Axı yetimliyin nə olduğunu hamıdan yaxşı bilirdin... Bir neçə il bundan öncə mənə zəng vurdu, xəstəliyini və çox əziyyət çəkdiyini söylədi, yaxşı ki, olduğu durumdan özünü çıxara bilmişdi. Bəs necə oldu ki, bu dəfə bacarmadın, axı sən güclü idin, sənin bir dünya sevgin var idi, sevənlərinin qəlbini niyə sızlatdın, ay gözəl insan?! İnanmazdım ki, belə tezliklə sənə Allah rəhmət eləsin, qəbrin nurla dolsun, günahın varsa, Allah günahlarını bağışlasın yazacam, əziz sənət dostum, ən gözəl illərimizin Arifi, əlvida! Görüşənədək!”
Aparıcı Murad Əzimzadə isə 2012-ci ildə Arif Quliyevlə birlikdə böyüdüyü uşaq evində çəkiliş etdiyini xatırladıb:
“2012-ci il idi. Onu böyüdüyü uşaq evinə apardıq. Kövrəldi uşaqlığına, gəncliyinə, yetimliyinə. Dostu qocalar evində idi, bərabər ziyarətə getdik. Məkana çatanda dostunun 2 gündür vəfat etdiyi xəbərini aldıq. Hamını güldürən adam apardığım proqramda ağladırdı həm bizi, həm özünü. Çətin tale yaşamışdı. Amma narazı deyildi, bəlkə də mənsub olduğu coğrafiyanın hüdudlarında ilişib qalmışdı və illər bu gerçəkliyi ona qəbul etdirmişdi. Amma şübhəsiz, dövrünün fenomeni idi. Proqram zamanı sual verdim ki: “Bəs indi istedadsızlar üzdədir, necə olacaq bu işlərin axırı?” Cavab verdi ki: “İstedad günəş kimidir, qabağını ha kəs, əvvəl-axır şəfəq saçacaq, parıldayacaq”. Bu cavabı verən qəhrəmanımız Xalq artisti Arif Quliyev idi. Az öncə vəfat edən, ağır taleli gülüş adamı kimi xatirəmizdə yaşayacaq Arif Quliyev! Ruhun şad olsun, sənətkar!”
Xalq artisti Firəngiz Mütəllimova isə həmkarının ölümünün onu sarsıtdığını qeyd edib:
“Hələ məktəb illərindən ən sevdiyim, ən görmək istədiyim aktyorlardan biri idin. Səninlə neçə tamaşalarda, filmlərdə birlikdə işləməyi Allah qismət elədi. Mehriban, zarafatcıl, dosta sədaqətli Arif Quliyev, məkanın cənnət olsun!”
Elza Seyidcahan aktyorun gedişini dünyanın boşalmasına bənzədib:
“Gözəl aktyorumuz, ən əsası isə çox gözəl insan Arif müəllimimiz dünyasını dəyişdi. Getdi Arif müəllim də. Milyonları güldürməyi bacaran insan milyonları ağlatmağı da bacardı. Allah rəhmət eləsin! Belə sənətkarlarımızın əvəzi olacaqmı? Sanki dünya boşalır...”
Aktyor Cavidan Novruz sənətkara Allahdan rəhmət diləyib:
“Məkanın cənnət, getdiyin yol işıqlı və aydın olsun! Zatən bu aralar alışqanlı olduq bu şeylərə! Amma çox heyif! Allah rəhmət eləsin! Uşaqlığımız sənə görə hər zaman cibimizdə idi, daha kimlər qaldı ki?”
Aktyor və tanınmış aparıcı İlkin Həsəni də bu itkidən sarsıldığını gizlətməyib:
“Məkanın cənnət olsun, böyük sənətkar!” Gözümüzdən yaş gəlir, amma bu dəfə gülməkdən deyil”.
Millət vəkili Vüqar Bayramov da sənətkarı yad edib. O bildirib ki, Xalq artisti Arif Quliyev ilə 2012-ci ildə tanış olmaq imkanı olub:
“Bəzi iqtisadi məsələlər ilə bağlı məsləhət üçün CESD-nin ofisinə gəlmişdi. Sonradan mütəmadi zəngləşər, görüşüb söhbətləşərdik. Səhəri Arif Quliyevin ölüm xəbəri ilə açmaq məni çox kədərləndirdi. Azərbaycanın böyük sənətkarlarından biri dünyasını dəyişdi. Amma ağır həyatına rəğmən, o, çox insanların nəinki uşaqlıq illərinə, bütövlükdə həyatına gülüş bəxş edirdi.
Yerin cənnətlik olsun, böyük sənətkarımız! Özünüz bu dünyanı tərk etsəniz də, xatirəniz hər zaman qəlblərdə yaşayacaq və yaratdığınız obrazlar hələ uzun müddət insanlara gülüş, xoş əhval-ruhiyyə bəxş edəcək. Allah rəhmət etsin!”
Tanınmış jurnalist və yazıçı Tural Cəfərov isə aktyorun ölümünü bu sözlərlə ifadə edib:
“Arifə bir işarə bəsdir. Nağıldakı o kədərli kloun sən idin...”
Aparıcı Leyla Quliyeva Arif Quliyevin “Maşın şou”dakı kadrlarını paylaşaraq gülüşün ömrü uzatdığını, lakin bizi güldürən insanların ömrünün qısa olduğunu vurğulayıb:
“Gülüş elə bir nəsnədir ki, gülənin ömrünü uzadır, güldürənin isə əksinə, qısaldır... Biz onun zarafatlarına, jestlərinə, xarakterik obrazlarına, monoloqlarına gülə-gülə böyüdük. O isə elə lap əvvəldən böyümüşdü. Uşaqlığından böyümüşdü. Onu hər dəfə görəndə gözlərinin dərinliyinə çökmüş kədər məni əməlli-başlı incidirdi. Başa düşürdüm ki, onun seçdiyi bu sənət və bu janr əslində onun öz taleyinə etirazıdır. Tale ona bir-birinin ardınca zərbələr endirdikcə, o, inad göstərirdi. O, ağlayırdı, bizsə gülürdük... Bu gün isə ağlayan O deyil... Ruhun şad olsun, Arif Adam!”
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla