Uşaqlara hədiyyə etdiyimiz "bayram zəhəri" - Valideynlərə ciddi xəbərdarlıq
Bizi izləyin

Maraq dünyası

Uşaqlara hədiyyə etdiyimiz "bayram zəhəri" - Valideynlərə ciddi xəbərdarlıq

Uşaqların ən sevdiyi bayramı - Yeni ilin gəlişi münasibətilə alış-veriş mərkəzləri, market rəfləri yeni il oyuncaqları və bəzəkləri ilə dolub-daşır.

Xüsusilə də, bayram ərəfəsində uşaqların ən sevdiyi məşğuliyyət yolka bəzəməkdir. Oyuncaqlar uşaqların ən məsum istəkləri olsa da, qiymətləri o qədər də məsum deyil.

Bir neçə gün öncə marketdə alış-veriş edərkən təsadüfən şahid oldum ki, bir uşaq ağlayaraq, israrla tələb edirdi ki, anası onun üçün yolka bəzəyi alsın. Qadın oyuncaqları qiymətinin yüksək olduğuna görə ala bilməyəcəyini izah etməyə çalışsa da, uşaq tərsliyinə salmışdı. “Almalısan, vəssalam”. Uşaq çox yaxşı bilirdi ki, anası onun səsini kəsmək üçün o oyuncağı alacaq. Elə də oldu.

İndi isə keçək əsas məsələyə. Oyuncaqlar olan rəflərə yaxınlaşıb qiymətlərlə tanış olmağa qərar verdim. Qiymətlər sözün əsl mənasında od tutub yanırdı. Belə ki, hazırda tələbatın artdığı bir vaxtda yolka bəzəkləri, yeni il oyuncaqları, hədiyyə qutularının qiyməti olduqca yüksəkdir. İçərisində 1-2 şirniyyat məhsulu olan hədiyyə qutuları 7-15 manat, yolka bəzəkləri 20-40 manat təşkil edirdi. Halbuki o şirniyyatı ayrılıqda 2 manata almaq mümkündür. Üstəlik, biz onun nə keyfiyyətindən əminik, nə də sağlamlığa necə təsir göstərdiyindən.

Publika.az- danışan pediatr Aytən İsmayılzadə valideynləri bu mövzuda diqqətli olmağa çağırıb. Həkimin sözlərinə görə, hədiyyə qutularının içərisində olan şirniyyatlar uşaqların sağlamlığı üçün ciddi təhlükə saçır.

“Bacardığımız qədər uşaqlarımıza həmin hədiyyələri almamalı, istifadəsinə icazə verməməliyik. Çünki bir qutuda bir neçə formada şirniyyat olur və uşaq da onların hər birini eyni anda yeməyə can atır. Bu, sözsüz ki, uşaqda bağırsaq florasının zədələnməsinə gətirib çıxarır. Şəkərin, allergik fonun güclənməsinə səbəb olur. Nəticədə uşaq 7-10 gün boyunca bu problemin fəsadı ilə üzləşir. Boğulmalar, dəri səpkiləri, qəbizlik, bağırsaq qıcıqlanmaları-ishal şəklində büruzə verə bilər. Yəni bütün bunlar yaşanmasın deyə hədiyyə qutusunun içərisinə bir növ şirniyyat yerləşdirmək və keyfiyyətindən əmin olmaq lazımdır. Amma inanmıram ki, qutunun içərisində hər hansı keyfiyyətli məhsuldan söhbət getsin”.

A.İsmayılzadə qeyd edib ki, qutulardakı şirniyyatların çoxunun tərkibində palma yağı, müxtəlif qatqılar, rəngləndirici və dadlandırıcı süni maddələr olur. Sözügedən maddələrin hər biri zərərli və toksikidir. Həkim məsləhət görür ki, valideynlər ev şəraitində uşaqları sevindirəcək hədiyyələri məhz özləri hazırlasınlar. Qutuların içərisinə oyuncaq, kitabçalar, meyvə quruları, qısaca, uşaq üçün yararlı məhsulları yerləşdirsinlər”.

Oyuncaqlar xoş, faydalı, uşaqlara sevinc gətirən bir vasitə olmaqla yanaşı, onların sağlamlığı üçün təhlükəli də ola bilər. Belə ki, bir sıra oyuncaqların tərkibi, aşağı keyfiyyəti uşaqların orqanizminə mənfi təsir göstərmək gücünə sahibdir. Mütəxəssislər dəfələrlə qeyd ediblər ki, düzgün seçilməyən keyfiyyətsiz oyuncaqlar uşaqlarda allergik və digər xəstəliklərin yaranmasına, sinir sisteminin pozulmasına səbəb ola bilir.

Ekspertlər qeyd edirlər ki, Yeni il oyuncaqları və yaxud bəzəkləri alarkən öncəliklə sahibkarlardan sertifikat tələb etmək lazımdır. Daha sonra yolkaların və oyuncaqların hansı materialdan hazırlanmasına diqqət edilməlidir. Əgər yolka və oyuncaqlar əllə sürtülən zaman rəng verirsə, pis qoxu gəlirsə, bu zaman həmin oyuncaqlardan imtina etmək lazımdır.

Uşaqlar üçün özünüz də evdə oyuncaqlar hazırlaya bilərsiniz. Oyuncaq hazırlamağı öyrətmək uşaqlarda yaradıcılıq və təxəyyül bacarıqlarını inkişaf etdirmək baxımından əla üsuldur. Bu, həm büdcəniz, həm də uşaqların sağlamlığı üçün əlverişlidir.

Əsas mövzulardan biri də, yolkanın üzərindəki oyuncaqların qısaqapanmaya, yanğınlara səbəb olmasıdır. Yeni il axşamında bəzəklər səbəbindən baş vermiş yanğınlara görə neçə ailə evsiz qalıb. Məhz elə buna görə də, tam ehtiyatlı olun ki, bayramı xoş ovqatla keçirə biləsiniz. Ən asası, övladlarınızın sağlamlığını düşünün.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm