Maraq dünyası
Səhrada möcüzə olmayacaq: “The Line” layihəsi donduruldu
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın səhrada futuristik şəhər salmaq planı ciddi maliyyə çətinlikləri ilə üzləşib.
Publika.az xəbər verir ki, ölkənin ən iddialı layihələrindən olan karbon neytral “Neom” meqalayihəsinin əsas hissəsi sayılan “The Line” şəhərinin tikintisi faktiki olaraq dayandırılıb.
Uzunluğu 170 kilometr, hündürlüyü isə 500 metr nəzərdə tutulan “The Line” süni intellekt texnologiyaları ilə idarə olunan və 9 milyon nəfərin yaşaması planlaşdırılan şəhər kimi təqdim edilirdi. Daha əvvəl mətbuata sızdırılan sənədlərdə layihənin ümumi dəyərinin 2080-ci ilədək 8,8 trilyon dollara çatacağı bildirilmişdi.
Məlumata görə, “Neom” şirkəti “The Line” üzrə bütün işləri ən azı 2030-cu ilədək dayandırıb.
Prioritetlər dəyişdi
Beynəlxalq analitik platformaların məlumatına əsasən, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) son dövrlərdə investisiya strategiyasını yenidən nəzərdən keçirib. Ər-Riyad vəsaitləri daha çox limanlar, logistika infrastrukturu və süni intellekt məlumat mərkəzlərinə yönəltməyə başlayıb.
Bu qərar bir sıra iri layihələrin maliyyələşdirilməsinə də təsir göstərib. Belə ki, LIV Golf turnirinə ayrılan maliyyə 5 milyard dollar azaldılıb. 2034-cü il futbol üzrə dünya çempionatının oyunlarını qəbul etməsi planlaşdırılan 46 min nəfərlik “Neom Stadium” layihəsinin gələcəyi də qeyri-müəyyən vəziyyətə düşüb.
Bundan başqa, “The Line”ı digər obyektlərlə birləşdirməli olan 1,6 milyard dollarlıq yüksək sürətli dəmir yolu layihəsi üzrə müqavilə ləğv edilib. Layihənin “The Line” və “Oxagon” limanı arasındakı 57 kilometrlik hissəsində tikinti işləri cəmi 20 faiz tamamlandıqdan sonra dayandırılıb.
Səhradakı xizək kurortu da dayandırıldı
Maliyyə ixtisarları digər məşhur layihələrə də təsir edib. Səhrada süni qarla fəaliyyət göstərəcək və 2029-cu il Asiya Qış Oyunlarına ev sahibliyi etməsi nəzərdə tutulan “Trojena” dağ-xizək kurortunun tikintisi də tam dayandırılıb.
Mənbələrin sözlərinə görə, hazırda “Neom” daxilində yalnız iqtisadi baxımdan səmərəli hesab edilən layihələrə maliyyə ayrılır. Bu layihələrdən biri də Qırmızı dəniz sahilində yerləşən sənaye və liman şəhəri “Oxagon”dur. Onun inkişafı üçün 3 milyard dollar vəsait ayrılması davam etdirilir.
Müharibə və iqtisadi təzyiq
Ekspertlər hesab edirlər ki, bölgədə davam edən geosiyasi gərginlik və logistika problemləri də qərara təsir göstərib. Səudiyyə Ərəbistanı ixrac marşrutlarının təhlükəsizliyini təmin etmək üçün Qırmızı dəniz limanlarının inkişafına daha çox önəm verməyə başlayıb.
Bununla yanaşı, xarici investorların “Neom” və digər meqalayihələrə gözlənilən marağı göstərməməsi də vəziyyəti çətinləşdirib. Artan xərclər fonunda xarici investisiya axınının zəif qalması layihələrin maliyyə yükünü daha da artırıb.
Məlumata görə, “Neom”un yeni baş icraçı direktoru Ayman əl-Mudayferin apardığı auditdən sonra layihələrin gəlirliliyi yenidən qiymətləndirilib. Bu ilin əvvəlində Ər-Riyadda inşa olunması planlaşdırılan və dəyəri 50 milyard dollar olan nəhəng kub formalı “Mukaab” layihəsi də eyni səbəbdən dayandırılmışdı.
Beləliklə, bir vaxtlar Səudiyyə Ərəbistanının gələcəyinin simvolu kimi təqdim edilən “The Line” layihəsinin taleyi hazırda qeyri-müəyyən olaraq qalır. Onun yaxın illərdə yenidən aktiv fazaya keçib-keçməyəcəyi isə məlum deyil.
Müəllif: Adəm
-
Maraq dünyası10:16Səhrada möcüzə olmayacaq: “The Line” layihəsi donduruldu
-
Maraq dünyası09:58İtaliyadakı qədim xəritədə də Nuhun gəmisinin yeri göstərilib: Oradadır
-
Magazin209:00Şəxsi kosmetika brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
İdman08:48Dünya Kubokunda Ebola əngəli - Yoldaşlıq oyunu ləğv edildi
-
Region08:00Türkiyəyə istirahətə gedənlərə ŞAD XƏBƏR - Qiymətlər endirilə bilər
-
Səhiyyə07:30Bu dərmanlar döş xərçəngi riskini azaldır
-
Magazin106:16Röya Ayxan oğlunu tez evləndirmək istəyir
-
Magazin103:13Tacir qalmaqallı görüntüsündən danışdı: - “Baldırım açıq deyildi"








































