Maraq dünyası
Gizli sərəncam ilə tikildi: Dağın altında Putinin “qiyamət günü” bunkeri üzə çıxdı
Rusiyanın Sverdlovsk vilayətinin şimalında, Koşvinski Kamen dağının daxilində yerləşən məxfi strateji obyekt barədə yeni təfərrüatlar üzə çıxıb. “Qrot” kod adı ilə tanınan 1335 saylı obyekt Rusiyanın strateji nüvə qüvvələrinin ehtiyat idarəetmə sisteminin əsas qovşaqlarından biri hesab olunur.
Publika.az xəbər verir ki, bu barədə “Dosye” Mərkəzi, "Danwatch" və “The Sunday Times” tərəfindən aparılan araşdırmada bildirilib. Tədqiqatçılar obyektin tikintisi və təchizatı ilə bağlı sənədləri, açıq mənbələrdəki məlumatları və obyektlə əlaqəli şəxslərin açıqlamalarını araşdırıblar.
Məlumata görə, “Qrot” Rusiyanın Qərbdə “Dead Hand” (“Ölü əl”) kimi tanınan “Perimetr” strateji nüvə qüvvələrinin ehtiyat idarəetmə sisteminin modernləşdirilmiş əsas elementlərindən biridir.
Putinin gizli sərəncamı
İstefada olan general-mayor Viktor Xalin bildirib ki, yeni idarəetmə sisteminin yaradılması barədə məxfi sərəncamı Rusiya prezidenti Vladimir Putin 2005-ci ilin mayında imzalayıb. Xalin 1970-ci illərdə “Perimetr” sisteminin yaradılmasında iştirak edib, 2005-2010-cu illərdə isə onun modernləşdirilməsinə rəhbərlik edib.
Onun sözlərinə görə, yeni sistem 2010-cu ilədək sınaqdan keçirilib və daha sonra “Qrot” obyektinə yerləşdirilib. 2020-ci ilədək dağın yaxınlığında "Kıtlım" hərbi şəhərciyi də salınıb.
Obyektin özünün dağın daxilində yerləşdiyi bildirilir. Burada yeraltı otaqlar və tunellər, radio mərkəzləri, rabitə və həyat təminatı sistemləri, həmçinin strateji nüvə qüvvələrinin idarə olunması üçün avadanlıqlar mövcuddur.
"Ölü əli" necə işləyəcək?
Sistemin əsas funksiyası ölkə rəhbərliyinin məhv edilməsi və ya idarəetmənin sıradan çıxması halında cavab nüvə zərbəsinin həyata keçirilməsini təmin etməkdir.
Xalinin izahına görə, 1335 saylı obyekt Rusiya rəhbərliyinə cavab zərbəsini həm avtomatlaşdırılmış, həm də son qərarın insan müdaxiləsi olmadan verildiyi avtomatik rejimdə həyata keçirmək imkanı yaradır. Sovet dövrünün “Perimetr” sistemində isə sonuncu “düyməyə basmaq” qərarı növbətçi zabitlərin üzərinə düşürdü.
Bununla belə, araşdırmada sistemin hazırda tam avtomatik rejimdə işlədiyini təsdiqləyən sübutların olmadığı da vurğulanır.
ABŞ-ın nüvə silahlarının yayılmaması üzrə eksperti, Stenford Universitetinin professoru Cefri Lyuis hesab edir ki, Kreml “Qrot”u “sabitləşdirici element” kimi görür. Onun sözlərinə görə, belə bir sistem Rusiya rəhbərliyinə daha çox inam və qərar vermək üçün vaxt qazandırır.
Bunkerin ərsəyə gəlməsində 78 min ton meterial
Araşdırılan dövlət satınalmaları sənədlərinə əsasən, tikintisinə hələ 1982-ci ildə başlanılan obyekt üçün 22 min ton polad və 56 min ton sement tədarük edilib. Hesablamalara görə, bu qədər materialdan Moskvanın iki iri müasir metro stansiyası və onlara bitişik tunellər üçün kifayət edəcək həcmdə beton konstruksiyalar hazırlamaq mümkün olardı.
Müəllif: Adəm Abbaslı
-
Yaxın Şərq11:06Dubaydan Təl-Əvivə uçan təyyarə qaçırıldı - Göyərtədə 100-dən çox İsrail vətəndaşı var
-
Yaxın Şərq10:18Qüds ermənisi haray çəkdi: Biz tualet deyilik, dayanın
-
Rəsmi xronika09:40İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanladı
-
Sosial09:30Bakının bu ərazisində evlər söküləcək - VİDEO
-
ABŞ09:00ABŞ nüvə sualtı qayığı ilə bağlı yeni qərar verdi
-
Avropa08:36Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
-
Avropa07:47Bu adada 8,5 milyon illik kərgədan kəlləsi tapıldı
-
Magazin106:16Nübar bu kanalda çalışacaq






.jpg)











.jpg)

















