Bağırov onun arvadına demişdi: "Ondan boşan, yoxsa..."
Bizi izləyin

Tarix

Bağırov onun arvadına demişdi: "Ondan boşan, yoxsa..."

Əfəndiyev, biz qoymarıq ki, sən öz əcəlinlə gəbərəsən. Biz vaxtında sənin axırına çıxacağıq, sənə divan tutacağıq.

1937-cı il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarixdi. Bu il həmin hadisələrin 80-ci ildönümüdür. Publika.az "1937" layihəsində repressiyalara qurbanlarını anaraq onların ömür yoluna yeni işıq salmağa çalışacaq, tarixi gerçəyi çatdıracaq.

Əfəndiyev, biz qoymarıq ki, sən öz əcəlinlə gəbərəsən. Biz vaxtında sənin axırına çıxacağıq, sənə divan tutacağıq.

Bu sözləri həkim, ictimai xadim, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri, inqilabçı və publisist Sultanməcid Əfəndiyevə 1937-ci ildəki qurultayda M.C.Bağırov demişdi.

Doğurdan da sonradan ona divan tutuldu. O, əcəli ilə deyil, döyülərək, işgəncələrə məruz qalaraq güllələnib öldürüldü.

Onun həyatı, siyasi fəaliyyəti və publisistikası ilə tanış olanda aydın görünür ki, Sovet hökumətinin quruculuğu, inkişafı üçün sözün əsl mənasında can qoyub.

Sonda bütün varlığı ilə bağlı olduğu həmin rejim onu "düşmən" kimi qələmə verib məhv edib.

Sultanməcid Məcid oğlu 1887-ci ildə Şamaxıda anadan olub, 1904-cü ildən RSDFP üzvü, RSDFP Bakı Komitəsi yanında Hümmət qrupunun rəhbərlərindən olub, burada Məmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Nəriman Nərimanovla yaxın dostluq əlaqələri qurub.

Birinci Rus İnqilabında fəal iştirak edib, zəhmətkeşlər arasında təbliğat aparıb. İnqilabi və anti-çarizm fəaliyyətinə görə təqiblərə məruz qalıb. O, 1907-ci ilin fevral ayında Kazan şəhərinə sürgün olunub, daha sonralar burada Kazan Dövlət Universitetindən məzun olub həkimlik peşəsinə yiyələnib. Əfəndiyev burada da kommunist təbliğatı aparmağa davam edərək, fəhlələr arasında inqilabi iş aparıb.

1918-ci ilin 31 mart hadisələri dövründə Əfəndiyev "Jizn Nasionalisti" qəzetində bu haqda məqalə çap etdirib.

1919-cu ilin avqustunda Həştərxanda dəmir polka daxil olub, bir qədər sonra RK(b)P MK yanında Şərq xalqları kommunist təşkilatlarının Mərkəzi bürosunun sədr müavini təyin edilib. 1919-cu ilin iyunundan Milli işlər üzrə xalq komissarlığı yanında Zaqafqaziya müsəlmanları işləri üzrə komissar olub.1921-ci ilin yanvar ayında Xalq Maarifi Komissarlığı yanında Əlifba İslahatı üzrə Komissiya, az sonra – 1922-ci ilin mayında Yeni Türk Əlifba Komitəsi yaradılanda onun tərkibində Əfəndiyev də olub.

1937-ci ilin repressiyası ondan da yan keçməyib. Həyat yoldaşı Zivər xanım xatirələrində deyir: "M.C.Bağırov Azərbaycan Sovet Respublikasının prezidenti SSRİ Mərkəzi İcraiyyə Komitəsi sədrinin müavini Soltan Məcidi birdən-birə həbsə aldıra bilməzdi. Ona görə də onu ittiham etmək üçün bir çox uydurmalara əl atdı. Stalindən razılıq alandan sonra onu vəzifədən götürdülər. 3-cü şəhər poliklinikasına baş həkim təyin etdilər. işığımızı, telefonumuzu kəsdilər. Bu oyunlar böyük fəlakətin başlanğıcı idi.

Sultanməcid tutulmamışdan əvvəl Zivər xanım onun Stalinə yazdığı məktubunu ünvanına çatdırıb. Özü də teleqramla bildirib ki, Sultanməcidin adının ləkələnməsinə yol verməsin. O, çox gözləyəndən sonra belə cavab alır. "Xozeyin deyib ki, belə ərizələri, teleqramları qəbul etmirəm".

Beləliklə, Sultanməcid Əfəndiyevi evindən aparırlar.

M.C.Bağırov onun həyat yoldaşına deyib: "Zivər, əgər yaşamaq istəyirsənsə, boşan ondan".

Bu sözlərdən qəzəblənən qadın ona sərt cavab verib. Soltanməciddən sonra Zivər xanım da həbs olunaraq sürgünə göndərilib.

Zivər xanımın xatirələrinə görə, Sultanməcid Əfəndiyevin istintaqı çox ağır keçib. Onu Bağırov özü dindirib, işgəncə verib. "Boksyor" ləqəbli müstəntiq Musatov Sultanməcidi rezin şallaqla vuranda ələ salıb: "Hə, prezident, boynuna alacaqsanmı?" – deyib.

"Bağırovun göstərişi ilə Markaryan sürahidən soyuq suyu Məcidin başından tökürdü ki, özünə gəlsin. Eşitdiyimə görə, onu şüşə qırıntıları üstündə oturtmuş, ayaqlarının altına elektrik cərəyanı vermiş, daha nə bilim nələr etmişlər. Axırıncı istintaq zamanı elə hala düşmüşdü ki, onu xərəklə aparmalı olmuşlar. Bu zaman Bağırov ürəyi soyumayıb əmr etmişdi ki, onu xərəkdən yerə atsınlar. Belə də etmişdilər. Ölümcül halda ikən onu güllələmişdilər".

…Və onun kimi minlərlə qurbanın taleyi haqqındakı eyni son cümlələr... 1956-cı ildə ona ölümündən sonra bəraət verildi.

a24.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm