Haqsızlığa ölümü ilə üsyan etdi
Bizi izləyin

Tarix

Haqsızlığa ölümü ilə üsyan etdi

Bu gün Heydər Hüseynvun doğum günüdür

Deyirlər tarix zaman-zaman təkrar olunurE XII əsrdə yaşamış Şərqin ən böyük filosoflarından biri Şihabəddin Yəhya Sührəvərdinin (1154-1191) elminə görə hakimlər tərəfindən təqdir olunduğu, amal və qayəsinə görə isə öldürüldüyü barədə həqiqəti tarix öz səhifələrində indiyədək qoruyub saxlayır. Qəribədir ki, buna bənzər taleyi XX əsrdə bizim daha bir soydaşımız yaşamalı olub.

1950-ci ildə azərbaycanlı alim-filosof Heydər Hüseynov o dövrün ən yüksək mükafatlarından olan Stalin mükafatına layiq görülüb. Elə həmin ildə də sözügedən mükafatdan məhrum edilib. Tamam-kamal, unikal bir əsər yaradan müəllifi bədxahların gözü götürməyib. Onu məhv etmək üçün dövrün repressiya silahından istifadə ediblər. Sovet quruluşunun təzadları, gərginlikləri, Stalin rejiminin "qanun"ları əslində pambıqla baş kəsib. Böyük alimi güllələməyiblər. Onu elə vəziyyətə gətiriblər ki, cavan ömrünə özü qəsd edibE

Heydər Hüseynov sovet dövründə yaşayıb-yaratmış görkəmli Azərbaycan filosofudur. Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü olan alim həm də bacarıqlı təşkilatçı, fəal ictimai xadim kimi tanınırdı. İki dəfə - 1948 və 1950-ci illərdə Stalin mükafatına layiq görülmüşdü.

Əslən qədim Azərbaycan torpağı olan İrəvandan (Yerevan) idi. Bu şəhərdə 1908-ci il aprelin 3-də tacir Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun ailəsində dünyaya göz açmışdı. Sonbeşik körpənin sevincini yaşayan ailəyə qəfildən bədbəxtlik üz verir. Belə ki, Heydər dünyaya gələndən az sonra atası vəfat edir, altı uşaq anası məşədi Gülsüm xanımın üstündə yetim qalır.

Dövr, zəmanə sonralar da bu ailəni çox sınağa çəkir. 1918-ci ildə Heydərin böyük qardaşı Yusif erməni dəstələri tərəfindən öldürülür. Ailə əvvəlcə Batuma, sonra Stavropola köçür. Nəhayət, anası məşədi Gülsüm xanım övladları ilə Bakıya gəlib çıxa bilir. Bu vaxt Heydərin artıq 12 yaşı vardı. Bakıya köçəndən sonra o, 18 nömrəli orta məktəbdə oxumağa başlayır.

Tərcümeyi-halı ilə tanış olduqca qısa bir ömür çərçivəsində bu qədər vəzifəyə, elmi rütbəyə, yüksək adlara, mükafatlara necə çatdığına az qala təəccüb edirsən. Belə ki, 1927-1931-ci illərdə Heydər Hüseynov o zaman Leninin adını daşıyan Pedaqoji Universitetin tələbəsi olur. Həm pedaqoji, həm də şərqşünaslıq fakültələrində təhsil alır. 1924-cü ildən əmək fəaliyyətinə başlayır, pedaqoji texnikumun kitabxanasında işləyir.

1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirir. Ali təhsilini başa çatdırdıqdan sonra isə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil olur.

1936-cı ildə Azərbaycan Xalq Komissarları Soveti yanında təşkil olunmuş Azərbaycan Sovet Ensiklopediyası Komitəsində, daha sonra SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunda işlərkən elmi-tədqiqatları və təşkilatçılıq qabiliyyətilə hər kəsin diqqətini cəlb edir. 1939-1940-cı illərdə onun rəhbərliyi altında bir neçə lüğət hazırlanır. Bunlar "Rusca-azərbaycanca lüğət", "Rusca-azərbaycanca məktəb lüğəti", "Azərbaycanca-rusca izahlı lüğət" idi.

1939-cu ildə "M.F.Axundzadənin fəlsəfi görüşləri" əsərini Tbilisi Universitetinin elmi şurasında müdafiə edir və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alır.

1944-cü ildə doktorluq dissertasiyası müdafiə edir. Elə həmin ildə də professor elmi adını alır.

Heydər Hüseynov bu illərdə vəzifə pillələri ilə də ardıcıl surətdə irəliləyirdi. 1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının sədrinin müavini, 1945-1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuşdu. 1943-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl marksizm-leninizmin əsasları, sonra fəlsəfə kafedrasına rəhbərlik etmişdi. 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru vəzifəsində çalışmışdı.

Elmi fəaliyyətinə qısaca nəzər yetirsək görərik ki, Heydər Hüseynov tarix və fəlsəfə elminin inkişafına böyük töhfələr verib. O, Azərbaycan tərcümə məktəbinin əsasını qoyub, ilk azərbaycanca-rusca və rusca-azərbaycanca lüğətlərini redaktə edib. Elmi məqalələrinin sayı 100-dən çoxdur. Bir çox alim, şair və mütəfəkkirlər haqqında ciddi tədqiqat işləri, araşdırmalar aparıb. Elmi müzakirələrdəki çıxışları da sübut etmişdi ki, Heydər Hüseynov həm Qərb, həm Şərq fəlsəfəsi sahəsində fenomenal biliyə malik şəxs idi.

H.Hüseynov doğma Azərbaycan dilinin dərin bilicisi idi. Bununla yanaşı o, rus dilini də mükəmməl səviyyədə mənimsəmişdi. Ərəb və fars dillərində mütaliə edir və sərbəst yazırdı.

Geniş elmi fəaliyyət göstərən bu alim Elmlər Akademiyasında işləməklə yanaşı Marks-Engels-Lenin İnstitutunun (sonralar Partiya Tarixi İnstitutu adlanırdı) direktoru və Bakı Dövlət Universitetinin (o zaman ADU idi) fəlsəfə kafedrasının müdiri vəzifələrində çalışırdı. O, digər yüksək səviyyəli mütəxəssislərə başçılıq edərək dörd cilddən ibarət "Rusca-azərbaycanca lüğət"ini yaratmışdı. Bu unikal işə görə lüğətçilərlə birlikdə Stalin mükafatına layiq görülmüşdü.

H.Hüseynov Azərbaycanda marksizm-leninizm fəlsəfəsinin görkəmli tədqiqatçısı və təbliğatçılarından biri olmuşdur. Onun "Dialektik materializm", "Dialektika və metofizika", "Marksist dialektik metod" və başqa əsərləri o zaman Azərbaycan dilində yazılmış ən qiymətli əsərlərdən sayılırdı. Geniş elmi ictimai fəaliyyəti, təşəbbüskarlığı ilə ictimaiyyətin rəğbətini qazanan H.Hüseynov Kommunist Partiyasına həmişə sədaqətli olmuşdu. Azərbaycan KP Bakı komitəsinin büro üzvü olan alim Azərbaycan SSR ikinci çağırış Ali Sovetinin deputatı seçilmişdi. O, Yazıçılar İttifaqının üzvü idi. 1943-cü ildə çıxan "Azərbaycan ədəbiyyatı tarixi"nin müqəddiməsində Heydər Hüseynov ədəbiyyatmızın ən gözəl xüsusiyyətlərini saymaqla yanaşı, özünün də bu ədəbiyyata məftun olmasının səbəblərini göstərmişdir. Azərbaycan ədəbiyyatının nailiyyətləri fəlsəfə alimini daha çox sevindirirdi. Onun C.Cabbarlının, S.Vurğunun və başqa yazıçıların yaradıcılığı haqqında yazdığı məqalələr bunu aydın sübut edirdi. S.Vurğun yaradıcılığı ilə maraqlanan, onun dram əsərlərini yüksək qiymətləndirən H.Hüseynov xalq şairi haqqında 1942-ci ildə "Vətənpərvər şair Səməd Vurğun" adlı kitab çap etdirmişdi. O, Vurğunun dramlarını dərindən təhlil etmiş, bu əsərlərdəki böyük ideyanı - xalqa məhəbbəti açıb göstərmişdir. 1945-ci ildə nəşr olunan "Ədəbi qeydlər" kitabçası Heydər Hüseynovu həm də bir ədəbiyyatşünas və tənqidçi kimi yaxşı xarakterizə edirdi.

Taleyininmi, yoxsa yaşadığı dövrün əsən sərt yellərinin hökmününmü nəticəsi idi ki, Heydər Hüseynovun ömrü kimi yaradıcılıq illəri də uzun olmadı. Cəmi iki onillikdən bir az çox dövrdə elmi fəaliyyətlə məşğul ola bildi. Bu dövrdə o, yalnız dialektik materializmə aid əsərlər yazmaqla kifayətlənmədi, Azərbaycanda fəlsəfi və ictimai fikir tarixini tədqiq etdi. Əsərlərində Nizaminin ictimai görüşləri, Füzulinin, Bəhmənyarın fəlsəfəsi öz təhlilini tapdı. Məsələn, 1941-ci ildə Nizaminin "İqbalnamə"sinə yazdığı müqəddimədə müəllif böyük şairin humanizminin hansı tarixi-fəlsəfi köklərdən qaynaqlandığını, tərbiyəvi əhəmiyyətini göstərmişdir. O yazırdı: "Nizami yalnız ümumi mənada abstrakt olaraq götürülmüş azad bir cəmiyyət təsvir etmir. O, hər şeydən əvvəl, azad insan cəmiyyəti prinsiplərini şəxsi mülahizəsinə görə açır. Əməkdə bərabərlik, əldə edilən məhsulun bölünməsi, sağlamlıq qaydaları və s. bu kimi prinsipləri irəli sürən Nizami azadlıq və səadəti insanların öz əlləri ilə yaradacaqlarına inanmışdır".

Heydər Hüseynovun tədqiq edilməsi, onun kimliyinin gənc nəslə çatdırılması yalnız Stalin rejiminin ləğvindən, vaxtilə haqsız-sübutsuz repressiyaya məruz qalanlar bəraət qazandıqdan sonra mümkün olub. Bu istiqamətdə ilk addım alimin ölümündən 15 il sonra atılıb. Belə ki, "Azərbaycanın elm və mədəniyyət xadimləri" seriyasından "Heydər Hüseynov - biblioqrafiya" adlı kiçik bir kitab nəşr olunub.

H.Z.Mahmudov soyadlı şəxsin tərtib etdiyi bu kitabçada alimin yaxın dostu, akademik Məmməd Arif Dadaşzadənin onun haqqında verdiyi məlumat o qədər geniş olmasa da, hər halda oxucuda, insanlarda düzgün və aydın təsəvvür yaradır.

Kitabda Heydər Hüseynovun şəxsiyyətini, xarakterini səciyyələndirən xüsusiyyətlərini göstərən maraqlı epizodlar var. M.A.Dadaşzadə yazır: "Çap olunan şey qalacaqdır" sözlərini təkrar edən H.Hüseynov nəşriyyat işinə xüsusi əhəmiyyət verirdi. İstər Elmlər Akademiyasında və istərsə də Partiya Tarixi İnstitutunda kabinetə girən adamı o, təzəcə çapdan çıxmış kitablarla sevindirməyə çalışırdı. Qəhvəyi cildli kitabı əlinə götürüb iftixarla deyirdi: "Görürsünüzmü? Leninin bu cildi də çıxdı. Tərcümə işində respublikalar içərisində biz qabaqda gedirik... Bax, bu da Üzeyir Hacıbəyovun "Azərbaycan musiqisinin əsasları" əsəridir. Xalq musiqisi haqqında misilsiz bir kitabdır. "Əliağa Şıxlinskinin xatirələrini" oxumusunuzmu?.." H.Hüseynov meydana çıxan hər bir yeni elmi əsərə ürəkdən sevinirdi. Nizami poemalarının elmi-tənqidi mətnlərinin, onun haqqında yazılan tədqiqat əsərlərinin, Azərbaycan ədəbiyyatı tarixinə aid kitabların, Üzeyir Hacıbəylinin "Koroğlu" operasının, Səməd Vurğunun "Vaqif" dramının meydana çıxmasını H.Hüseynov xalqın mənəvi həyatında böyük bir bayram kimi qarşılayırdı.

Görkəmli alim ixtisasca filosof idi. M.F.Axundzadənin fəlsəfi görüşlərinə aid namizədlik dissertasiyası böyük mütəfəkkirin fəlsəfəsi haqqında sovet dövründə yazılmış ilk və böyük əhəmiyyət kəsb edən əsər idi. Cavan alim Mirzə Fətəlinin materialist görüşlərinin formalaşmasına təsir edən amilləri, onun fəlsəfi fikirlərinin mahiyyətini açmışdır.

Heydər Hüseynovun həyatını əks etdirən sözügedən kitabdan sonra onun adı tez-tez çəkilməyə başlayır.

Xalqımızın elm, ədəbiyyat, incəsənət və s. sahələrdə böyük işlər görmüş övladlarını yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev akademik Heydər Hüseynovun da xatirəsinə ehtiramla yanaşmışdır. 1998-ci ildə görkəmli alimin 90 illiyi ümummilli liderin imzaladığı sərəncama əsasən təntənəli surətdə qeyd olunmuşdur.

Elə həmin il Heydər Hüseynovun həyatı haqqında vaxtilə tələbəsi olmuş Sabir Əsədovun geniş həcmli kitabı çapdan çıxmışdır. Bu kitabda böyük alimin çoxlarına yaxşı məlum olmayan həyat və yaradıcılığı barədə geniş məlumat verilmişdir, ömrünün ayrı-ayrı məqamları işıqlandırılmışdır.

Müasirlərinin öz xatirələrində qeyd etdiklərinə görə, o zaman Azərbaycanın rəhbəri olan Mircəfər Bağırov əvvəllər Heydər Hüseynova xeyirxah münasibət bəsləyirmiş. O, vəzifə pilləsi ilə yüksəldikcə qarşısında maneələrin olmaması da bu münasibətdən qaynaqlanırmış. 1945-ci ildə respublikada Elmlər Akademiyası yaradılanda ilk akademiklərin sırasında 37 yaşlı bu alimin də olmasına, hətta akademiyanın vitse-prezidenti vəzifəsinə irəli çəkilməsinə etiraz etməmiş, əksinə, razılığını bildirmişdi. Deyilənlərə görə, o zaman təntənəli iclasların birində Heydər Hüseynovun etdiyi məruzə M.Bağırovun xüsusilə xoşuna gəlmişdi. "Bu, Mərkəzi Komitənin təbliğat üzrə katibinin yerinə hazırdır!", demişdi. Heydər Hüseynova qarşı qibtə, qısqanclıq, düşmənçilik kampaniyası da məhz bu hadisədən sonra başlanmışdır. Onu Bağırovun gözündən salmağa cəhdlər etmişlər.

Bir neçə il sonra Heydər Hüseynov "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" adlı kitabını yazır. Bu kitab ona həyatı bahasına başa gəlir.

Əsər ilk dəfə 1949-cu ildə, ikinci dəfə 1958-ci ildə müəyyən ixtisarlarla çap edilmişdir. Azərbaycan dilində isə ilk dəfə 2006-cı ildə nəşr olunmuşdur. Kitabın redaktoru, akademik Aleksandr Makovelski (1884-1969) "Redaktorun ön sözü" adlı yazısında bu əsəri "XIX əsrdə Azərbaycan fəlsəfəsinin inkişafının sistemli şərhinin ilk təcrübəsi" kimi dəyərləndirmiş və öz münasibətini bildirmişdir.

"Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən" böyük həcmli, 733 səhifəlik fundamental bir əsərdir. Bu, həqiqətən də müəllifin gərgin axtarışlarının bəhrəsi kimi meydana gəlmişdi. Belə ki, burada XIX əsrdə xalqımızın görkəmli elm və mədəniyyət xadimlərindən Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Kazımbəy, Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabinin ictimai fəaliyyəti, dünyagörüşü, yaradıcılığı, irsi haqqında geniş bəhs olunur. Bununla belə əsərdə XIX əsrdən əvvəlki dövrlərə də yer verilir. Müəllif Azərbaycan xalqının hələ qədim zamanlardan bəşəriyyətə elm və mədəniyyət dühaları bəxş etdiyini vurğulayır. Bu insanların yaratdığı əsərlərin dünya elminə və mədəniyyətinə bir töhfə olduğunu söyləyir.

O zaman əsər təkcə Azərbaycanın deyil, bütün SSRİ alimlərinin diqqətini cəlb etmişdi. Məsələn, şərqşünas-alim, akademik İ.Kraçkovski yazırdı: "Mən sizin bu əsərinizlə daha çox maraqlanıram, mənim bu marağım yalnız əsərinizin əsas mövzusuna görə deyil, həm də ona görədir ki, burada bizim XIX əsrdə şərqşünaslıq tariximizin bir çox məsələləri qeyd edilmişdir".

"XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" monoqrafiyası nəşr olunduqdan sonra müəllif ənənəyə görə və ürəyinin istəyi ilə kitabını dostlarına bağışlayır. Bir nüsxə də o vaxt SSRİ Yazıçılar İttifaqının sədri olan Aleksandr Fadeyevə hədiyyə edilir. Xatırladaq ki, kitab SSRİ-də hamının başa düşməsi məqsədilə rus dilində yazılmışdı. Fadeyev bu əsəri çox bəyənir və onu Stalin mükafatına təqdim edir. Mükafat öz sahibini tapır.

Bu hadisə Bağırova başqa rakursdan təqdim olunur. Guya Hüseynovun artıq gözü ayağının altını görmür, özündən çox razıdır və Bağırovu zərrə qədər də saymadan onun başı üstündən kitabını mükafata təqdim etdirib. Əlbəttə, məqsəd aydın idi və bədxahların bəd niyyəti isə bu zaman çox təəssüf ki, baş tutur.

"Etibarlı" mütəxəssislərdən ibarət qrup yaradılır. Onlara tapşırılır ki, necə olursa-olsun kitabda ideoloji "səhvlər" tapılsın. Kitabın siyasi baxımdan ziyanlı olduğu sübut edilsin.

Bəs əsl həqiqət necə idi? "Etibarlı" mütəxəssislər hansı doğrunu yalan kimi qələmə verəcəkdilər? Azərbaycan Yazıçılar Birliyinin üzvü, vaxtilə Heydər Hüseynovla birlikdə işləmiş və dostluq etmiş İmran Seyidov bu məsələyə belə aydınlıq gətirir: "H.Hüseynovun monoqrafiyasının fəsillərindən biri böyük şərqşünas, Peterburq İmperator Universitetinin professoru, bir çox xarici elmi cəmiyyətlərin fəxri üzvü Mirzə Kazımbəyə həsr olunmuşdu. Bu fəsildə çoxlu təzə və az məlum olan material var idi. Dərin və hərtərəfli alim olan M.Kazımbəy öz əsərlərindən birini Şamilə və müridizmə həsr edərək onları müsbət baxımdan səciyyələndirmişdi. H.Hüseynov monoqrafiyada M.Kazımbəyin bu əsərinə rəğbətlə yanaşmış və onun təhlilinə iki səhifəyədək yer vermişdi. Məhz bu məqam H.Hüseynovun taleyini həll etmişdi. Mirzə Kazımbəy Şamili çar mütləqiyyətinə qarşı dağlıların azadlıq mübarizəsinin qəhrəmanı və başçısı kimi qiymətləndirmişdi. Həmin dövrün bütün tarix nəşrlərinin və hətta orta məktəb dərsliklərinin səhifələrində Şamil məhz bu cür təqdim olunmuşdu. Lakin bu, əlbəttə, "regional hökmdar" Bağırovu dayandıra bilməzdi. O, "tarixçilər" və "filosoflar" sırasından "xidmət göstərən" yoldaşlarının köməyi ilə bədnam elmi məqalə yazdırıb dərc etdirərək tarixi faktlara və sanballı elmi dəlil-sübutlara məhəl qoymadan Şamili guya sultan Türkiyəsinin təhriki ilə Rusiyaya və rus xalqına qarşı mübarizə aparmış "Türkiyə casusu" elan etdi. Təbii ki, belə bir "xoşagəlməz" şəxsi "dağlıların azadlıq mübarizəsinin qəhrəmanı" elan etmiş şəxs mükafatlandırılmalı deyil, ciddi surətdə pislənməli və cəzalandırılmalı idi".

Məlum olduğu kimi, 1950-ci il iyunun 14-də keçirilmiş "Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında" müşavirə əslində akademik Heydər Hüseynovun məsələsinə həsr olunmuşdu. Bu müşavirədə MK-nın birinci katibinin 8 qəzet səhifəsini tutan məruzəsinin yarıdan çoxu onun kitabından bəhs edirdi. Daha doğrusu, məruzənin ikinci bölməsi "Tarix məsələlərinin işıqlandırılmasında ciddi səhvlər haqqında" adlanırdı. Məruzəçi birbaşa mətləbə keçərək akademikin kitabını misal gətirərək respublikada fəlsəfə sahəsində vəziyyətin heç də yaxşı olmadığını göstərdiyini deyir: "H.Hüseynovun kitabı marksizm nöqteyi-nəzərindən zərərlidir. Burada Azərbaycanda ictimai fikir tarixinin işıqlandırılmasında kobud siyasi və nəzəri səhvlərə yol verilmişdir. Hüseynov Azərbaycanın ayrı-ayrı mütəfəkkirlərinin bu və ya digər idealist, mürtəce fikirlərini öz kitabında verərkən bunları marksizm-leninizm nöqteyi-nəzərindən təhlil etmir, onları tənqid etmir, həmin fikrə şərik olur və onları təbliğ edir".

Son məqsədin Heydər Hüseynovu sıradan çıxarmaq (əvvəlcə mənən, sonra da yəqin ki, fiziki cəhətdən) olduğunu daha aydın göstərmək üçün Mircəfər Bağırovun məruzəsindən bir parçaya da diqqət yetirək: "Bəzi tarixçilərin iddia etdiklərinə baxmayaraq, Şamil xalq tərəfindən imam seçilməmişdi. Şamilin katibi Hacı Əli öz xatirələrində yazır ki, Şamili "ağsaqqal üləmalar və mötəbər şəxslər məclisi", yəni mürtəce müsəlman nümayəndələri imam seçmişlər. Şamilin başçılıq etdiyi müridlər xalqdan ayrılmışdılar və xalqın əleyhinə idilər. Məhz buna görə də onlar xalq kütlələrinə qarşı zorakılıq və təcavüzkarlıq edirdilər. Müridizm imamın başçılığı ilə xırda bir qrup müridlərin Dağıstan kəndliləri kütləsi üzərində hökmranlığı idi".

Müridizmin bu "tərif"i ilə Bağırovu Heydər Hüseynovun düşmənləri tanış etmişdilər. Məruzə başdan-başa bir-birinə zidd fikirlərlə dolu idi.

Hamımız yaxşı bilirik ki, Böyük Sovet Ensiklopediyasında, bütün orta və ali məktəb dərsliklərində, tarixə aid digər ədəbiyyatlarda Şamil hərəkatı mütərəqqi hərəkat, xalq azadlıq hərəkatı kimi qiymətləndirilir. Kitabında bu barədə heç bir səhvə yol verməyən, ümumiyyətlə, sovet dövləti və kommunist partiyası qarşısında heç bir günahı olmayan (əksinə, xidmətləri olan) alimin ləkələnməsinin səbəbi şərhsiz də məlumdur. Vəziyyət getdikcə gərginləşir. "Məşhur" müşavirədən dərhal sonra respublikanın bütün elmi idarələrində, yaradıcılıq ittifaqlarında Mircəfər Bağırovun məruzəsinin müzakirəsi təşkil edilir. Dünənə qədər akademikin qarşısında milyon dəfə baş əyən, məddahlıq edən insanlar ona hücuma keçirlər. Şər, böhtan xarakterli, elmi cəhətdən araşdırılmamış faktlarla fəlsəfə elmləri doktorunu, akademiki marksizm-leninizm nəzəriyyəsini bilməməkdə, pantürkizm ideyalarını yaymaqda ittiham edirlər. Beləliklə, kitabının dördüncü fəslində Mirzə Kazımbəyin bir əsərini - "Şamil və müridizm" əsərinin adı çəkildiyi üçün görkəmli elm fədaisi Heydər Hüseynovun taleyi faciə ilə sona yetir.

Böyük alimə qarşı təklif olunan cəza həyata keçirilir. Özü də bu, ağlagəlməyən, misli görünməyən bir cəza olur. Heydər Hüseynovu aldığı Stalin mükafatından məhrum edirlər. Kitabını qüsurlu və zərərli sayaraq "damğalayır", belə sərt bir nəticə çıxarırlar. Artıq əsrin 50-ci illəri başlansa da, bu elə 37-nin bənzər forma və məzmunda davamı idi.

Bununla da sakitləşməyib H.Hüseynovu Marks-Engels-Lenin İnstitutundakı vəzifəsindən azad edirlər. Belə ki, "o, səhər iş otağına daxil olduqda direktor stolunun arxasında müavininin oturduğunu görür. Müavin dinib bu məsələnin "ora"dan, yəni MK-dan tapşırıldığını izah etməmişdən qabaq da Heydər Hüseynov mətləbi olduğu kimi anlayır. Oradan akademiyaya gəlir və ona göstərilən təzyiqlərə, gələcəkdə baş verəcək cəzalara bəri başdan etiraz olaraq intihar etmək qərarını verir, hər iki biləyində damarlarını kəsir...".

O zaman alimi həyata qaytarmaq mümkün olur. Lakin təzyiqlər bundan sonra da səngimək bilmir. Heydər Hüseynovun özünə qəsd etməsini "yuxarılar" özbaşınalıq, itaətsizlik, onlara qarşı etiraz notu kimi qəbul edirlər. Buna görə də cəza maşını hərəkətini dayandırmır.

Təsadüfi deyil ki, filarmoniyanın yay salonunda "şəhər ziyalılarının yığıncağı" adı altında keçirilən ifşa tədbirinə H.Hüseynova yaxın olan insanlar da dəvət edilir. "Yuxarı"nın tapşırığı ilə onlar bir-bir növbə ilə öz dost və həmkarlarının ardınca danışır, onun özünü və kitabını böhtanlayırlar. Bu, Bağırova çox xoş gəlir. O vaxt Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olan Məmməd Arif Dadaşzadəyə söz verilir. Natiq mətləbdən uzaqlaşmaq məqsədilə rəhbərlik etdiyi elmi müəssisənin iş-gücündən, problemlərindən danışmağa başlayır. Bağırov məsələni dərhal başa düşərək onun sözünü yarımçıq kəsir və deyir: "Sən Türkiyə casususan. Sən Heydər Hüseynovdan da pissən!..".

O dövrün "qanun"larına görə "Türkiyə casusu" kimi qələmə verilən şəxsi son dərəcə ağır cəza gözləyirdi. Amma xoşbəxtlikdən Məmməd Arifə bir qədər yüngül cəza tətbiq edilir: cəmi bir neçə gündən sonra onun partiya biletini əlindən alıb direktor vəzifəsindən azad edirlər.

SSRİ Elmlər Akademiyasının müxbir üzvü akademik Aleksandr Makovelski, yəni kitabın redaktoru Fəlsəfə İnstitutunun direktoru vəzifəsindən götürülür.

Əvəzində isə H.Hüseynovu pisləyənlər yeni vəzifələrlə mükafatlandırılırlar.

Heydər Hüseynov hələ çox perspektivlər vəd e

dən bir alim idi. AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov "Fəlsəfi fikrimiz: ona laqeyd qalmaq olmaz" məqaləsində yazır: "Akademik H.N.Hüseynov 40-cı illərdə Bəhmənyarın kiçik həcmli iki fəlsəfi traktını aşkara çıxarıb tədqiqat obyektinə çevirməklə sırf elmi-fəlsəfi irsimizin varlığını elan etdi. Görkəmli tədqiqatçının milli ruhda Azərbaycan fəlsəfəsi tarixinə dair yazdığı kitab elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı, Stalin mükafatına layiq görüldü. Lakin alimin öz xalqının tarixən yüksək elmi-fəlsəfi təfəkkürə malik olduğunu aşkar söyləməsi imperiya ağalarının zəhmindən qorxan kölələrə xoş gəlmədi...".

Tədqiqatçı Adıgözəl Məmmədov isə belə yazır: "Yaradıcı şəxs o hala çata bilər ki, onda suisid (intihar) baş versin. Bu mənada Heydər Hüseynovun ölümü buna bariz nümunədir. Heydər Hüseynov öz dövrünün konyukturasının girovuna çevrilmişdi. Ancaq o, bu girovluqdan çıxmaq üçün cəhd edirdi. Geneoloji olaraq informasiyalar onu bu girovluqdan çıxmağa məhkum etmişdi...

Heydər Hüseynov bu təzyiqlərə tab gətirə bilmədi. Nəticədə bir dəfə şah damarını kəsdi, akademik Topçubaşov onu ölümdən xilas etdi. Xəstəxanadan çıxdıqdan bir neçə gün sonra isə onu özünü asmış vəziyyətdə tapdılar. Dəfnini tez-tələsik həyata keçirdilər. Dəfnində cəmi bir neçə nəfər iştirak edirdi".

İntihar etmək dini baxımdan günah sayılır. Yaradanın verdiyi canı yalnız özü ala bilər, verdiyi ömrü nə vaxt istəsə özü kəsə bilər.

Elm, təbabət intiharı acizlik, gücsüzlük, mübarizə apara bilməmək, hətta xəstəlik kimi xarakterizə edir.

Böyük istedada malik insanların intiharı isə elmə, mədəniyyətə, incəsənətə, yəni bu sahələrin hansına mənsubdursa, məhz ona ağır zərbədir. Belə məntiqi nəticə çıxır ki, belələri intihar edərkən öz istedadlarını xalqdan əsirgəyir, Vətəni onların gələcək xidmətlərindən alacağı bəhrələrdən məhrum edirlər...

Heydər Hüseynov da intihar etmişdi. Lakin onun intiharı söylənilən motivlərin heç biri ilə səciyyələnmirdi. Əvvəla, Heydər Hüseynov filosof idi, həyat qanunlarını yaxşı bilirdi. Həm də "Allah adamları"nın ailəsində böyümüşdü. Onun babası kərbalayi idi, atası Həcc ziyarətinə getmiş, anası məşədi xanım olmuşdu və o, bilməmiş deyildi ki, intihar böyük günahdır.

Heydər Hüseynovun özünə qəsd etməsi acizlik də deyildi. Çünki bu qədər zəhmətə qatlaşıb tədqiqatlar, araşdırmalar aparan, əziyyət çəkib əsərlər yazan alim iradəcə zəif ola bilməzdi.

Nəhayət, Heydər Hüseynov hələ uzun illər öz xalqına və Vətəninə xidmət etmək istəyində, amalında idi. Lakin onu bu arzularını həyata keçirməyə qoymadılar.

Odur ki, bu intihar əslində bir üsyan idi, bir etiraz idi. Boyun əyməmək, alçalmamaq, bəlkə də dünyadan namərd əli ilə köçməmək qərarı idi!

...Vəzifədən çıxarılandan, mükafatı əlindən alınandan sonra doğmaları Heydər Hüseynovu bağa aparıblarmış. Deyilənə görə, köhnə tanışları, həmkarları onu görəndə özlərini görməməzliyə vurar, yanından səssizcə, salamsız ötüb keçərlərmiş. Ancaq tarix, qədirbilən Azərbaycan xalqı, elmimiz onun adının üstündən keçməyib.

Doğrudur, Heydər Hüseynov 42 yaşında yaradıcılıq qüvvəsinin çiçəkləndiyi bir vaxtda həyatdan köçdü. O, qısa ömrü ərzində çox iş görmüşdü, ancaq daha böyük işlər görə bilərdi. Bununla belə, amansız rejimin, uğursuz taleyin ona macal verdiyi qədər yazıb-yaratdıqları nəsillərə gərəkdir, əvəzsiz bir yadigardır.

İradə ƏLİYEVA,

Oxumağa davam et
Reklam
Reklam

Gündəm