Ukrayna qorxu içində: Əgər uzunmüddətli güclü şaxtalar olsa...
Bizi izləyin

MDB

Ukrayna qorxu içində: Əgər uzunmüddətli güclü şaxtalar olsa...

Rusiya Ukraynanın enerji və qaz hasilatı sektorlarına hücumlarını davam etdirir.

Publika.az xəbər verir ki, “Naftoqaz”ın baş direktoru Sergey Koretski bildirib ki, Ukrayna artıq anbarlara 13,2 milyard kubmetr qaz vurub. Bu, mülayim qışda əhalinin və bəzi sənaye sahələrinin tələbatını ödəmək üçün tələb olunan minimumdur. Bununla belə, Ukraynada -10 dərəcə və ya daha aşağı uzunmüddətli şaxtalar davam edərsə, bu ehtiyatlar qeyri-kafi ola bilər.

Bunu, eləcə də Rusiyanın qaz infrastrukturuna davamlı hücumlarını nəzərə alaraq, hakimiyyət daha çox qaz idxal etmək niyyətindədir. Təəssüf ki, bu, ən qızğın mövsümdə, bazar qiymətlərinin ən yüksək olduğu vaxtlarda baş verəcək. Artıq Avropada qazın qiymətinin sürətlə artdığı bildirilir.

"Biz Rusiyanın infrastruktura hücumlarını davam etdirəcəklərini gözləyirik. Ona görə də müxtəlif ssenarilərə hazır olmalıyıq", - deyən Koretski əlavə edib ki, Ukraynanın qaz idxalı üçün təxminən 2 milyard avroya (təxminən 97 milyard qrivna) ehtiyacı var ki, bunun da əhəmiyyətli hissəsi artıq təmin olunub.

Bundan əvvəl Baş nazir Yuliya Sviridenko hökumətin əlavə qaz alışı üçün 8,4 milyard qrivna ayırdığını bildirmişdi. Bu isə kifayət deyil. Bununla belə, Ukraynanın beynəlxalq tərəfdaşları qalan vəsaiti təmin edəcəklərinə söz veriblər.

"Biz lazımi tranşların bir qismini təmin etmişik. Norveç 100 milyon dollar qrant verib və yanvarda daha bir tranş verəcək. Bir neçə başqa ölkə müvafiq qrantlar verir. Bizim banklarımızla müqaviləmiz var. Beləliklə, biz pulu haradan alacağımızı başa düşürük. Qazı haradan əldə edəcəyimizi də başa düşürük",-deyə bir müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında qeyd edib.

Ukraynanın UNİAN agentliyi qeyri-rəsmi məlumatlara istinadla xəbər verir ki, ölkənin yerli qaz hasilatının təxminən 60 faizdən artığı zədələnib. Yığılmış qaz ehtiyatları isə soyuq qış ayları üçün güclə kifayət edir və Ukraynanı təcili olaraq əlavə idxal axtarmağa məcbur edir.

Nəşrdə yazılır ki, bu istilik mövsümü Ukrayna üçün çətin keçəcək. Bir sıra ekspertlərin və Qərb müşahidəçilərinin fikrincə, bu, çox güman ki, müharibə dövrünün ən ağır qış mövsümü olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm