Gənc alimlər iş tapa bilmir, 90 yaşlı professorlar isə... - Universitetlərdə yaş həddi olmalıdır?
Bizi izləyin

Elm və təhsil

Gənc alimlər iş tapa bilmir, 90 yaşlı professorlar isə... - Universitetlərdə yaş həddi olmalıdır?

Gənc alimlər iş tapa bilmir, 90 yaşlı professorlar isə... - Universitetlərdə yaş həddi olmalıdır?

Azərbaycanda pensiya yaşı 65 olaraq müəyyən edilsə də, ali təhsil müəssisələrində yaşı 80-i, hətta bəzi hallarda 90-ı keçmiş müəllimlərə də rast gəlinir. Uzun illər elm və təhsilə xidmət göstərən bu şəxslərin təcrübəsi danılmaz olsa da, onların yaş məsələsi müzakirələrə səbəb olur. Çünki istər-istəməz yaşın artması ilə əmək qabiliyyətində müəyyən geriləmələr müşahidə olunur.

Bir çox tələbə və gənc müəllim arasında bəzi yaşlı pedaqoqların müasir tədris metodlarından istifadə etməkdə çətinlik çəkdiyi, bu səbəbdən də dərslərin keyfiyyəti və səmərəliliyi ilə bağlı narazılıqların yarandığı barədə fikirlər səsləndirilir. Ali təhsil müəssisələrində kadrların yenilənməsi və yaşlı müəllimlərin tədricən gənc elmi-pedaqoji kadrlarla əvəz olunmasının vacibliyi vurğulanır. Hazırda bir çox gənc müəllim, doktorant və fəlsəfə doktoru elmi fəaliyyətlə məşğul olsa da, tam ştatla işləmək və ya kifayət qədər dərs yükü əldə etməkdə çətinlik çəkir. Onların bir hissəsi yalnız saat hesabı dərs deməklə kifayətlənir, bəziləri isə ümumiyyətlə universitetlərdə daimi iş tapa bilmir.

Mövcud vəziyyət fonunda bir neçə bir sual yaranır: Ali təhsil müəssisələrində müəllimlər üçün yaş həddi tətbiq edilməlidirmi? Yaşı 80-i keçmiş müəllimlərin universitetlərdə fəaliyyətini davam etdirməsi tədrisin keyfiyyətinə və gənc elmi-pedaqoji kadrların məşğulluq imkanlarına necə təsir göstərir?

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran təhsil eksperti Elçin Əfəndi bildirdi ki, Azərbaycanın bir çox ali təhsil müəssisələrində müəllim və professor heyətinin əhəmiyyətli hissəsini yaşlı nəslin nümayəndələri təşkil edir:

“Hazırda universitetlərdə 65 yaşdan 80-90 yaşadək, hətta daha yuxarı yaşda olan müəllim və professorların fəaliyyət göstərdiyini görürük. Bu vəziyyət təkcə Azərbaycana xas deyil. Dünyanın bir çox ölkələrində də yaşlı və təcrübəli alimlər universitetlərdə çalışır və onların biliklərindən, elmi təcrübəsindən faydalanılır. Əsas məsələ həmin şəxslərin müasir təhsil mühitinə, yeni çağırışlara, rəqəmsal texnologiyalara və müasir tədris metodlarına nə dərəcədə uyğunlaşa bilmələridir. Təəssüf ki, bəzi hallarda bu istiqamətdə müəyyən çətinliklər müşahidə olunur və nəticələr hər zaman qənaətbəxş olmur. Əgər biz bu insanların zəngin təcrübəsindən yararlanmaq istəyiriksə, onlar üçün mütəmadi olaraq təkmilləşdirmə və ixtisasartırma proqramları təşkil edilməlidir. Bu proqramlar vasitəsilə onların həm rəqəmsal bacarıqları inkişaf etdirilməli, həm də müasir tədris metodologiyaları ilə bağlı bilikləri artırılmalıdır”.

Elçin Əfəndinin sözlərinə görə, müasir tələblərə uyğunlaşa bilməyən müəllimlərlə əmək münasibətlərinə xitam verilə bilər:

“Müəyyən səbəblərdən müasir tələblərə uyğunlaşa bilməyən şəxslərlə qarşılıqlı anlaşma və hörmət çərçivəsində əmək münasibətlərinə xitam verilməsi də nəzərdən keçirilə bilər. Bu zaman onların uzun illər ərzində qazandıqları təcrübəyə və əməyə hörmətlə yanaşmaq vacibdir. Eyni zamanda universitetlərdə gənc kadrların sayının artırılması prioritet olmalıdır. Bunun üçün isə gənc müəllim və tədqiqatçıların əməkhaqlarının artırılması, onlar üçün daha cəlbedici iş şəraitinin yaradılması mühüm əhəmiyyət daşıyır”.

Ekspertin fikrincə, universitetlər gənc elmi-pedaqoji kadrların tədris prosesinə cəlb olunmasında özləri maraqlı olmalıdırlar:

“Hesab edirəm ki, ali təhsil müəssisələri gənc kadrların tədris prosesinə cəlb olunmasında özləri maraqlı olmalıdırlar. Çünki bu, həm təhsildə yeniliklərin tətbiqinə, həm də tədrisin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərə bilər. Bununla yanaşı, yaşlı professor və müəllimlərin təcrübəsindən də imtina etmək düzgün olmazdı. Onlar akademik məsləhətçi, mentor, elmi rəhbər və ya ekspert qismində fəaliyyətlərini davam etdirə bilərlər. Beləliklə, həm gənclərin enerjisi və yenilikçi yanaşmaları, həm də yaşlı nəslin zəngin təcrübəsi ali təhsilin inkişafına xidmət etmiş olar. Məncə, tədris prosesinin əsas yükünün gənc kadrlara həvalə olunması, təcrübəli müəllimlərin isə daha çox elmi və məsləhətçi fəaliyyətə yönləndirilməsi daha məntiqli və məqsədəuyğun yanaşmadır”.

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin mətbuat katibi Səbuhi Rzazadənin də mövqeyini öyrəndik. O bildirdi ki, Azərbaycan qanunvericiliyinə əsasən ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olan şəxslər üçün vahid yaş həddi müəyyən edilməyib:

“Müəllimlərin və elmi işçilərin fəaliyyəti onların peşəkar kompetensiyaları, elmi-pedaqoji göstəriciləri, sağlamlıq vəziyyəti və tutduqları vəzifələr üzrə müəyyən edilmiş tələblərə uyğunluğu əsasında qiymətləndirilir.

Elm və təhsil sahəsində uzun illər fəaliyyət göstərmiş professor-müəllim heyətinin bilik və təcrübəsi ali təhsil sisteminin mühüm resurslarından biridir. Bu baxımdan yaş amili özlüyündə peşə fəaliyyətinin davam etdirilməsi üçün məhdudlaşdırıcı meyar kimi qəbul edilmir”.

S.Rızazadənin sözlərinə görə, ali təhsil müəssisələrində kadr potensialının yenilənməsi və gənc elmi-pedaqoji kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir:

“Bu məqsədlə doktorantura və dissertantura proqramlarının genişləndirilməsi, gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, beynəlxalq təcrübə və mübadilə proqramlarının təşviqi, eləcə də universitetlərdə şəffaf və rəqabətədavamlı işə qəbul mexanizmlərinin tətbiqi istiqamətində tədbirlər həyata keçirilir”.

Müəllif: Gülnar Süleymanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm