Mehriban Zeynalova: “İqtisadi asılılıq qadını daha çox zəiflədir” - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Mehriban Zeynalova: “İqtisadi asılılıq qadını daha çox zəiflədir” - MÜSAHİBƏ

Üç gün əvvəl sonsuz olduğuna görə tənqidlərə dözməyən qadın intihar edib, son bir neçə gün ərzində 5 qadın öldürülüb. Kimisi keçmiş əri, kimisi də qardaşı, əmisi oğlu tərəfindən. Nədəni də ya qısqanclıq, ya da hər hansı səbəbdən ailə münaqişəsidir. Amma nəticə eynidir: qadına qarşı zorakılıq...

Qadınlara qarşı cinayətlərin, zorakılıqların əsas səbəb və nəticələrini “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, ömrünün 25 ilini bu işə həsr etmiş Mehriban Zeynalovadan soruşduq. Onunla zərif cinsin ən çox hansı motivlə zorakılığa məruz qalması, kimlərin risk altında olması, bəzi qadınların “rahat pul” qazanma yolları, insanları qurbana çevirən “şifrəli” sözlərə qədər bir çox məsələlərdən danışdıq...

10 ildən sonra zorakılıq daha da artacaq...

- 25 ildir ki, qadın problemləri ilə işləyirik, amma müraciətlər dayanmır. “İşimizi bitirmişik və rahat otura bilərik” deməyimiz mümkün deyil. Son bir həftə ərzində mətbuatdan 5 qadının öldürülməsi xəbərini oxuduq. Bir qadının öldürülməsi belə siqnal olmalıdır. Amma 5 qadının ölməsi artıq ciddi siqnaldır və hər kəs “SOS” deyərək reaksiya verməlidir. Təəssüf ki, insanlar bu xəbərlərə alışmağa başlayıb. Bu məqamda iş bizim kimi təşkilatların üzərinə düşür. Biz məsələyə diqqət ayırıb, lazımi ünvanlara siqnal ötürməliyik. Bu, elə bir siqnal olmalıdır ki, müvafiq qurumlar lazımi tədbir görsün. Bu günlərdə təşkilatımıza insestlə (yaxın qan qohumluğu olanlar (valideyn-övlad, qardaş-bacı) arasında cinsi əlaqə -red.) bağlı müraciət daxil olub. Düzdür, bu hal bizə çox yaddır və bunu qəbul etmək istəmirik. Lakin bu problem gündəmdə var və inkar edə bilmərik. Ancaq hesab edirəm ki, belə xəbərlərdən şou, sensasiya məqsədilə istifadə edilməməlidir. Bu məsələ daha ciddi düşüncə tərzinə malik olan oxucu və ziyalıların reaksiya verməsi üçün gündəmə gəlməlidir. Bu cür hadisələri adiləşdirən, oxucu sayı artırmaq üçün sensasiya yaradanların əleyhinəyəm.

- Bəs nə etməli?

- Bu problemlə məşğul olan qeyri-hökumət təşkilatları əməkdaşları ofisdə oturmamalıyıq. Küçələrdə olmalı, həmin insanlarla əlaqə qurmalı, problemlərini həll etməliyik. Evdə öldürülən qadının uşaqları ən qısa zamanda reabilitasiyaya cəlb olunmalıdır. Bunun üçün hüquq-mühafizə orqanlarının stolunun üzərində bu işi görən təşkilatların əlaqə nömrələri olmalıdır. Çünki zorakılıq zəncirvaridir, zorakılıq yeni zorakılıqlar doğurur. Bu uşaqların reabilitasiyası və reinteqrasiyası ilə məşğul olmaq lazımdır. Bu gün gözü qarşısında zorakılıq baş verən uşaq nəzarətsiz qalırsa, sizi əmin edirəm ki, 10 ildən sonra zorakılıq daha da artacaq. 15 il əvvəl zorakılığın ilkin işartıları olanda da xəbərdarlıq edirdik. Görünür, bunu ciddi qəbul etmədiklərinə görə vəziyyət bu həddə çatıb.

- Bu gün Azərbaycan cəmiyyətində qadının yeri haradadır?

- Bu günlərdə müzakirəyə çevrilən “sonuncu vaqon” məsələsi qadına qarşı ayrıseçkiliyin ən pis forması idi. Bir müddət əvvəl iştirak etdiyim bir tədbirdə “qadın yalnız uşaq dünyaya gətirib, yaxşı vətəndaş yetişdirməlidir” kimi ifadəni rəsmi bir şəxsin dilindən eşitdim. Bu fikir dövlət siyasətinə ziddir. Qadını bu formada təqdim edənlər, onların irəli getməsinə baryer qoymağa çalışanlar Konstitusiyaya zidd hərəkət edirlər. Bizim tələbimiz də inqilab etmək deyil, qanunvericilikdə qeyd olunanlara əməl edilməsidir.

Düzdür, qadının hüququ kişi ilə bərabər olarsa, balansın pozulacağını, onun kişiləşəcəyini düşünənlər var. Əlbəttə, bu, doğru deyil. Hüquq bərabər olanda, daha yaxşı vətəndaş yetişəcək. Qadının təhsilli olması, karyerada irəli getməsi onda məsuliyyət hissini daha yaxşı formalaşdırır.

İnsan haqları qəliz məsələdir...

- Bəs qadınlar özləri karyera qurmaqda nə qədər maraqlıdırlar? Yəqin razılaşarsınız ki, bu gün karyera quran qadınlar arasında “artıq bəsdir işlədim, evimin qadını olmaq istəyirəm”, “ailə həyatı qurduğum şəxsin imkanı yaxşı olsa, işləmərəm” kimi düşünənlər də var. Bu düşüncə nədən yaranır?

- Suala bir cümlə ilə belə cavab vermək olar ki, bu, qadına qeyri-bərabər münasibətdən yaranır. Qadın karyera pilləsində kifayət qədər güc sərf etmədən kişilər kimi çox rahat irəli gedə bilsəydi və hər hansı aryıseçkilik, ədalətsizliklə üzləşməsəydi, belə düşünməzdi. Ailə də qurardı, hətta 3 uşaq dünyaya gətirərdi, üstəlik, işinə də davam edərdi. Əlbəttə, həyat yoldaşı da bu məsələdə ona dəstək olsaydı. Ümumi mühit qadında bu ədalətsizlik hissini formalaşdırır. Nəticədə o, ev qadınına çevrilmək istəyir.

İkinci məqam, işləyən, karyera quran, ağıllı qadına qarşı ədalətsiz olan bu toplum ümumi əxlaqsızlıq fikrini formalaşdırır. Nəticədə qadın öz üzərində çalışmadan, “rahat yolla” yüksəlməyə çalışır. Ədalətsizlik rahat olana gətirib çıxarır. Onsuz da qadın müxtəlif formada qısnanılır, hər hansı formada təkliflər alır. Ona görə də rahat yolu seçəndə hər şey daha asan görünür. Bu isə artıq fahişəliyin elit formasıdır. Qadınlar hansısa kişinin qolunun altında özünü mühafizə etməyə çalışır. Özünün potensialını ortaya qoymağa cəhd göstərmir. Çünki qadın hər tərəfdən seksual obyekt kimi görünür. Onun ağlı, düşüncəsi, bacarığı heç kimi cəlb etmir. Bu məqamda bacarıqlı qadınların irəli çəkilib təbliğ edilməsinə ehtiyac var. Əks halda, toplumda irəli getmək üçün ən yaxşı yol kiminsə sevgilisi olmaq kimi düşüncə yer tapacaq.

- Mehriban xanım, qadınlar daha çox zorakılığın hansı formalarına məruz qalırlar?

- Bu gün qadınlara qarşı bir neçə formada zorakılıq var. Bunlar arasında məişət zorakılığının sayı kifayət qədər çoxdur. Müraciətlər əsasında deyə bilərəm ki, bütün qadınlar bu və ya digər formada zorakılığa məruz qalır. Biz fiziki zorakılıqdan danışmırıq. Çünki o, görünəndir, görünməyən iqtisadi, psixoloji zorakılıqları gündəmə gətirmək lazımdır. Bütün iş yerlərində qadınlar müxtəlif formada zorakılığa məruz qalırlar. Amma heç kim bu barədə danışmaq istəmir. Küçədə gəzərkən belə, qadın zorakılığa məruz qalır. Düzdür, müqavimət göstərmək istəyənlər bunu yerində dayandıra bilir. Lakin hər gün kimisə yerində oturtmağa çalışsan, artıq daxili güc azalır. Nəticədə, insan bezir və nədənsə imtina etmək istəyir. Bayaq qeyd etdiyimiz kimi, “bir kişi məni alsın, evdə oturum” düşüncəsi formalaşır. Fiziki zorakılıqla bağlı hüquq-mühafizə orqanları məşğul olmalıdır. Etiraf edək ki, onlar da bəzi işləri görür, bəzilərindən yan keçirlər. Ailə münasibətidir deyib, qarışmaq istəmirlər. İnsan haqları qəliz məsələdir. Bir tərəf hüquq tələb edəndə, digəri bundan sui-istifadə edə bilər. Qızıl ortanı tapmaq asan deyil. İqtisadi asılılıq qadını daha çox zəiflədir.

- Qızıl ortanı necə tapa bilərik?

- Məsələyə fərqli yanaşmalıyıq. İnsan alveri qurbanları ilə işləyəndə, “alverçilərin dili”ni, inandırma, ələalma üsullarını öyrəndim və qurbanlarla onların dili ilə danışdım. İnsan alveri qurbanına “sənə yardım etmək istəyirəm” desəniz, onlar çox vaxt buna inanmayacaqlar. Axı sənin nə marağın ola bilər ki, tanımadığın birinə yardım edəsən? İnsan alverçisi isə söhbət arasında xüsusi sözlərlə mesajlar verir. Ən qəribəsi budur ki, bu mesajlarla qadını istənilən məsələdə ələ almaq olur. Qadınların əksəriyyəti qısa zamanda həyatlarını dəyişmək istəyirlər. Vaxt və zaman məsələsi onları qorxudur, onlara qısa mesajlar verilməlidir. Bəlkə də, əxlaqsızlığa getmək ən qısa zamanda hər şeyi həll etmək, əldə etmək istəyidir. Kütlənin psixologiyasında qısa zamanda nail olmaq istəyi var. Sehirli söz “qısa zaman”dır.

Ola bilər ki, bu, qloballaşma ilə bağlıdır. Çünki günlər çox sürətlə keçir. İstənilən halda, problemlər “qısa zaman”la başlayır.

Məmur özünü hakimi-mütləq hesab edir...

- Qadınlar psixoloji və iqtisadi zorakılıqlarla əsasən harada qarşılaşırlar?

- Hər 10 qadından 8-i iqtisadi zorakılığa məruz qalır. Bundan başqa, istənilən qadın psixoloji zorakılıqla üzləşir. Ailədə olmasa belə, işdə və digər mühitdə bu cür zorakılığa məruz qalırlar. Hətta mənim özüm belə, zorakılıqdan mühafizə oluna bilmirəm. Bəzən qadınlar da həmcinslərinə zorakılıq tətbiq edirlər. Bir sözlə, heç kim zorakılıqdan sığortalanmayıb. Ola bilər ki, sən yaxşı iş görmüsən, lakin hər hansı şəxs stereotipləri, komplekslərinə görə onu fərqli təqdim edə, sənin haqqında yanlış fikir formalaşdıra bilər. Elə bir vəziyyətdir ki, hər hansı qadını bir saniyədə məhv etmək olar. Bu, qadınlara qarşı böyük təhlükədir. Qadınların təhlükəsizliyini təmin edəcək indiqatorlar yoxdur. Istənilən şəxs təhlükə ilə üz-üzədir. Bizim cəmiyyətdə isə lider qadın daha çox təhlükədədir.

Yalanlar o qədər inandırıcı tədqim edilir ki, insanlar ortada qalır. Xüsusən, sosial şəbəkədə bir saniyədə hər hansı şəxs haqqında elə sözlər yazıla bilər ki, onu tanımayanlar belə, həmfikir ola bilər. Çox zaman qadınlar kişilərə xoş gəlməkdən ötrü öz həmcinslərini məhv etməyə hazırdırlar. Çünki qadınların öz həmcinslərinə qarşı belə davranmasına başqa ad vermək olmur. Bununla da onlar “mən daha yaxşıyam, daha əxlaqlıyam, ondan fərqliyəm, diqqətini mənə yönəlt” fikrini ötürürlər. Bu çox təhlükəli tendensiyadır. Əksinə, qadınlar bu məqamda həmcinslərinə görə kişilərə qarşı olmalıdırlar. Çünki toplum alqı-satqı toplumudur. “Məni alacaqsan?”, “səni alacam” kimi söhbətlərin aparıldığı cəmiyyətdə yaşayırıq.

- Qadınlar özlərini qorumaq, tora düşməmək üçün nə etməlidirlər?

- Məsələnin mahiyyəti budur ki, effektiv istiqamətləndirmə yoxdur. Qadın istiqamətləndirildiyi tərəflərin məsələnin həlli üçün effektiv çalışdığını görsə, qısa zaman problemi olmazdı. Təəssüf ki, bir çox məmurlar zamanın nəbzinə uyğunlaşa bilmir. Məmur özünü hakimi-mütləq hesab edir. Qarşısındakına hörmətlə yox, aşağı təbəqə kimi yanaşır. Bu münasibət vətəndaşda aqressiya yaradır. Saatlarla qapıda dayanan, müxtəlif sözlər eşidən heç kəs, xüsusən qadınlar bir daha o qapıya getmək istəmirlər. Problem yaşayan qadına “nə etmisən ki,bu olub?” demək, günahkarın hər zaman qadın olması düşüncəsinin sübutudur. Bu yanaşma qadınları öz ədalətini bərpa etmək hissindən uzaqlaşdırır. Idarə, müəssisə və təşkilatların səlahiyyətli şəxsləri diskriminasiya yaratmadan, rəy bildirmədən qadını dinləməlidir. Nazirliklərin əməkdaşları üçün insanlarla ünsiyyətlə bağlı seminarlar keçilməlidir.

- Axı zorakılığa məruz qalanlar arasında kişilər də var...

- Kişilər adətən ailədə zorakılığa məruz qalırlar. Köhnə ailə modelinə uyğun olaraq kişi pul qazanan, qadın onu xərcləyəndir. İndi qadın kişinin pul gətirməməyinə hazır deyil. Kişi nə onun işləməyinə razı olur, nə də özü işləyir, nəticədə ailədə maddi sıxıntı yaranır. Maddi sıxıntı isə uşaqların ac qalması deməkdir ki, buna görə də qadın hisslərini qarşısındakına sakit yox, aqressiya ilə deyir. Bu zaman da kişi zorakılığa məruz qalmış olur.

Həmçinin qızın zorla istəmədiyi şəxslə evləndirilməsi də zorakılıq tətbiq etməsinə yol açır. Seçimi özü etsə, çətinliyə daha dözümlü yanaşar. Ona görə də qadınların təhsil alması vacibdir. Əlbəttə, ali təhsil alanların hamısı akademik olmayacaq. Amma təhsilli qadın ailə münasibətlərinin təkmilləşməsinə təkan verəcək.

Bir məsələ də var ki, təhsili başa vuran kimi ailə quranlar şagird və ya tələbə təxəyyülündə qalırlar. Əmək fəaliyyəti isə insanı daha dolğunlaşdırır. Çünki iş həyatında insanlarla daha çox ünsiyyətdə olurlar. Bizdəki tələbə ana qucağında olur. Bu qucaqdan çıxıb ailə mühitinə atılanda isə elə düşünür ki, hər kəs onun üçün nəsə etməlidir. Bizə müraciət edənlər arasında bu cür qadınlar var. Onlara iş bəyəndirə bilmirik...

Qadın problemlərinin kökündə kişi dayanır...

- Bu yaxınlarda sosial şəbəkədə 6 uşağı ilə köməyə ehtiyacı olan bir qadın barədə məlumat yayıldı. Məlum oldu ki, qadının həyat yoldaşı ölüb, özü isə işsizdir. Burada diqqət çəkən məqamlardan ən əsası maddi imkanı aşağı olduğu halda, ailənin dünyaya 6 uşaq gətirməsiydi...

- Bu məsələyə bir neçə tərəfdən yanaşırıq. İlk növbədə qadınlar uşağı kişini evə bağlamaq üçün vasitə hesab edir. Amma bir neçə uşaqla qadını atan kişilərin sayı yetərincədir. “Kişinin yanımda qalması üçün uşaq dünyaya gətirmək” fikrindən uzaqlaşmağın vaxtıdır. Digər tərəfdən, uşaq dünyaya gətirmək çox zaman kişinin məcburiyyətindən ola bilər.

Əlbəttə, qadın da çox uşaq sevən ola bilər. Bu, yaxşı haldır. Ailənin imkanı yetərlidirsə, çox uşağın olması yaxşıdır. Çox uşaq olan ailələrdə kənarda reabilitasiya, müdaxiləyə ehtiyac olmur. Ailə üzvləri öz-özlərini reabilitasiya edir. Biri yaxşı oxuyursa, o biriləri də davam etdirir...

Kişi bir neçə uşaqla qadını atırsa, artıq bu, faciədir. Bu gün qadın problemlərinin kökündə kişi dayanır. Ümumən götürəndə, kişinin ailəyə, qadına münasibəti çox pis səviyyədədir. Qadınını hər hansı məsələdə ittiham edib, sonra onunla birgə yaşayırsa, özü barədə müsbət fikir deməyə haqqı yoxdur.

- 25 ildir qadın problemləri ilə məşğulsunuz. Bu illər ərzində qadına qarşı zorakılıq məsələsində nəyin dəyişdiyini müşahidə edirsiniz? Nəyi dəyişə bilmisiniz?

- Bu illər ərzində seminarlarda oluram və qadınların bədən dilinə baxıram. 20 il əvvəl qadınlar seminarlarda daha təşəbbüskar, aktiv, həyatsevər idilərsə, indi bəzən seminarda oturmaq istəməyənlərdən tərk etməsini xahiş edirəm. O gözlərdə mənanın itdiyini, maraqsızlığı müşahidə edirəm. Çox az qadın və gənc qızların həqiqətən nəyisə dəyişmək istədiyini görürəm. Biz hər şeyə könüllü getmişik, təşəbbüskar olmuşuq. Bu gün gənclər könüllülük məsələsinə biganə yanaşırlar. Maddiyyat hər şeyi üstələdiyindən, hər hansı gəncə “təcrübə keç, öyrən” deyəndə, barmaqarası yanaşır. Bu il yayda sosial iş üzrə təhsil alan tələbələr təşkilata praktikaya gəldilər. 50-60 tələbədən yalnız 5-6 nəfər bu işə maraq göstərdi. Bu məsələ məni çox ağrıtdı. Axı nə üçün insanlar ətrafa bu qədər biganədir?

- Sizcə, səbəb nədir?

- Çünki təşəbbüs irəli sürənlər dəstəklənmir. Məsələn, bu gün hər hansı bir fikir səsləndirəndə müzakirə olunur, lakin sonrasında susqunluq yaranır. Hətta lider qadınlar arasında da bu cür biganəlik nümayiş etdirənlər var. Anlamırlar ki, bu fikri özümün şəxsi, maddi marağım üçün deyil, ictimaiyyət üçün demişəm. İstərdim ki, liderlik səviyyəsinə yüksəlmiş qadınlar bir-birini dəstəkləsinlər. Çünki bu məsələlərin bir qolu həmin lider qadınların özünə də nə vaxtsa toxunacaq...

- Çıxış yolları üçün təklifləriniz var?

- İldən-ilə təşkilata müraciət edənlərin, qaynar xəttə zəng vuranların sayı artır. Bu il maliyyə imkanımızın zəif olmasına baxmayaraq, insanlara kömək etməyə çalışmışıq. İmkanımız yaxşı olsa, daha çox ekspert cəlb edə bilərik. Artıq küçədəki dilənçi qadınların problemlərini dinləməyə, ehtiyacları ödəməyə, küçədə olma səbəblərini öyrənməyə çalışacağıq. Gələn ildən prioritet istiqamətlərdən birinin də miqrant qadınlar və uşaqlar olmasını istəyirik. Bu ilin sonuna qədər gecələr şəhəri gəzib dilənçi qadınlarla bağlı araşdırma aparacağıq.

- Problemi öyrənməklə iş bitmir axı. Necə kömək edə biləcəksiniz? Maliyyə imkanlarınızın zəif olduğunu dediniz.

- Bu insanların problemlərini aidiyyəti qurumlar qarşısında qaldıracağıq. Bir az sosial yardımın alınmasında problem yaşaya bilərik. Bu istiqamətdə işləri gücləndirəcəyik. Küçədəki insanlar da iki qrupa bölünür. Roman tayfalarının qeydiyyatlarının olmaması problem yaradır. Lakin əlil, qoca və hamilə qadınlar diqqətimizdə olacaq.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm