Zahid Oruc: “2013-cü il ərəfəsində belə bir planın olduğuna inanmıram“ - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Zahid Oruc: “2013-cü il ərəfəsində belə bir planın olduğuna inanmıram“ - MÜSAHİBƏ

Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc Publika.Az-a müsahibə verib.

- Bu yaxınlarda mətbuatda ölkənin siyasi sistemini əhatə edən islahatlar aparılacağı, o cümlədən proporsional seçki sisteminin bərpa olunacağı, deputatların sayının 250-yə çatdırılacağı və baş nazirin səlahiyyətlərinin artırılacağı haqqında məlumatlar yer alıb. Bu məlumatların səhih olub-olmadığı bir yana, dəyişiklikləri vacib hesab edirsinizmi?

-Ümumiyyətlə, media fəaliyyətini özünəməxsusluğu var. Onun ən mühüm məqamlarından biri müxtəlif versiyaları, planları reallıq kimi qələmə vermək və sonra bunu ictimailəşdirməkdir. İstənilən bir məsələni təhlili yanaşma ilə təqdim etmək, ona müxtəlif siyasilərin münasibətini almaq, ictimai dövriyyədə saxlamaq olar.

Sözügedən versiya xeyli ağlabatandır - siyasi sistemdə hər zaman dəyişikliklər baş verir, cəmiyyət-dövlət münasibətlərinin tənzimlənməsi istənilir, hüquqi dəyərlər təkmilləşir və sair. Bəri başdan bir parlament üzvü kimi: "Heç zaman dəyişiklik baş verməyəcək, yəni proporsional sistem bərpa olunmayacaq, yaxud parlament üzvlərinin sayına baxılmayacaq" kimi bəyanat versəm, cəmiyyətin normal inkişaf qanunlarına qarşı çıxmış olaram.

Mənim mövqeyim ondan ibarətdir ki, 2013-cü il qarşısında belə bir planın olduğuna inanmıram. Ölkənin gələcək həyatında hər hansı formada proporsional sistemin bərpası və ya parlament üzvlərinin sayı dəyişdirilə və bu, referendum vasitəsilə gerçəkləşdirilə bilər. Çünki bu müddəalar o konstitusion normalar sırasındadır ki, onları xalqın səsi ilə müəyyənləşdirmək gərəkdir.

Prezident səlahiyyətlərinin bir hissəsinin baş nazirə verilməsi məsələsinə gəlincə, məncə, bu, ya sadəcə arzu, ya da siyasi mübarizənin şiddətini qaldırmaq, onu daha gərgin səviyyədə təqdim etmək niyyətidir.

Yəni reallıq deyil, perspektivi də yoxdur. Bu, mənim anlamımda 2013-cü il müxalifətin prezident seçkilərinə yanaşmasının bir detalıdır. Düşünürlər ki, Azərbaycanda birdən bu da baş verə bilər.

Halbuki bu dəyişikliyə xüsusi milli və siyasi zərurət yoxdur. Azərbaycanda qarşıdakı dövr üçün hakimiyyət xüsusi olaraq xalqdan gizli planlar qurmur. Bütövlükdə ölkənin ictimai-siyasi həyatı millətimizlə bərabər və onun iştirakı ilə baş verir. Gələcəkdə hər hansı bir xarakterdə idarə sistemində dəyişiklik zərurəti olacaqsa, bu da birgə müzakirələrdən keçərək reallaşdırılacaq.

- Dünya ölkələrində əhalinin sayı ilə deputatların sayında hansısa bir mütənasiblik varmı? Ermənistan və Gürcüstanda əhalinin sayı Azərbaycandan xeyli az olmasına baxmayaraq, deputatların sayı çoxdur.

- Əlbəttə, bu, Cənubi Qafqaz ölkələrinin müqayisəsində gerçək yanaşmadır. Müxtəlif ölkələrin nümunələrini göstərmək olar. Müxtəlif rəqəmlərə rast gəlinir. 137 milyonluq Rusiyada parlament üzvlərinin sayı 450-dir, yaxud 72 milyonluq Türkiyədə bu rəqəm 550-dir. Bu məsələdə konkret bir beynəlxalq standart, ümumi norma mövcud deyil.

Fikrimcə, bu saya yenidən baxmaq olar. Bu, xalqın səlahiyyətində olan məsələdir. Başlıca məqam parlamentin dövlət idarəçiliyi sistemində, hakimiyyət qolları arasında mühüm yerə malik olmasıdır. Üzvlərin sayının 125, yaxud 250 olması nəyisə dəyişməyəcək. 125 nəfərlə də xalqın iradəsini ən yüksək səviyyədə təmsil etmək mümkündür.

Mən bu fikirlərlə mandat sayının 150, yaxud 250 olmasının əleyhinə və ya lehinə çıxmıram. İndiki reallıqda parlamentin ən yüksək əsaslarla işləməsi yetər ki, xalq bu tərkibdən razı qalsın.

- Zaman-zaman mətbuatda müxtəlif siyasilərin dilindən Azərbaycanın parlamentli respublikaya çevrilməsi ilə bağlı təkliflər eşitmişik. Sizin buna münasibətiniz necədir?

- Parlamentli respublika təcrübəsini ilk cümhuriyyət dönəmində yaşadıq və onun çox acı nəticələri ilə qarşılaşdıq. Çox qısa müddətdə demokratik respublika 5 hökumət dəyişdi. Parlament o qədər çoxmillətli, çoxprofilli formalaşmışdı ki, bu vəziyyətdə ölkədə dayanıqlı siyasi sistem qurmaq mümkün olmadı.

İdarəetmə sisteminin keçid formalarında ən mühüm tələb onun sabitliyidir. Dünya demokratiyasının tarixində də belə təcrübə var - aralıq mərhələlərdə sistem daha artıq dərəcədə bir nəfərin iradəsindən asılı qalanda daha işlək olur.

Qardaş Türkiyənin özündə belə, Atatürkdən sonrakı sistem "sərt əl" prinsipinə əsaslandı. Hətta 80-ci illərə qədər dəfələrlə ciddi siyasi böhran səbəbindən ölkədə hərbi çevrilişlər baş verirdi.

Ona görə də elə bir siyasi sistem formalaşdırmaq lazımdır ki, o, bütün qeyri-qanuni fəaliyyəti inkar, həm də paralel şəkildə çoxluğun iradəsini ifadə etsin. Bununla xalq öz mövqeyinin hakimiyyətdə təmsil olunmasına əmin olsun. Bunu qurmaq üçün hər bir millət çox böyük yol keçməli olur.

Bəlkə 2030-cu, 2050-ci ilin Azərbaycanında bu model işlək ola bilər. Amma bu dövrdə, xüsusilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı dönəmdə məhz onun kimi güclü şəxsiyyətin idarəçiliyi zəruri idi. Budur başlıca məsələ!

Xalq Cəbhəsi idarəçiliyinin iflası həm də onunla izah olunmalıdır ki, ölkə sanki bir neçə yerdən idarə olunan vəziyyətdydi. Uzun sözün qısası, müəyyən bir dövlət oturuşmasına qədər proporsional sisteminin tətbiqi qüsurludur.

- Milli Məclisin son iclasında millət vəkilləri Avropa İttifaqı ilə münasibətlərə yenidən baxılması təklifləri səsləndirdilər. Sizcə, buna hazırıqmı?

- Azərbaycan elə bir yol seçməyib ki, beynəlxalq dairələr bizə sərt mövqe sərgiləsə xarici siyasət kursumuzu dəyişək. Qətiyyən belə deyil, ötən dövr ərzində böyük bir yol keçilib. Lakin biz onun da fərqindəyik ki, son dövrlər Azərbaycan uğrunda savaş dərinləşib.

Bu müharibənin ABŞ-Rusiya, ABŞ-İran, Rusiya-İran, Rusiya-Türkiyə və sair dövlətlər arasında getdiyi də inkarolunmazdır. Hər zaman bunu həyatımızda, coğrafiyamızda hiss etmişik və yaxud iqtisadiyyatımızda onun təsirləri özünü göstərib.

Son zamanlar xüsusilə İran ətrafındakı münasibətlər sisteminin gərginləşməsi fonunda Azərbaycan öz üzərində xeyli xarici təsirlərin hiss etməyə başlayıb. Bu mənada Avropa Parlamentinin mövqeyini həmin savaşın tərkib hissəsi hesab edirik. Avropa Parlamenti dünyadakı geosiyasəti formalaşdıran, öz iqtisadi maraqlarını güdən dövlətlərin siyasi klubudur.

Belə olan halda həmin parlamentlərin qərarlarını daha yaxşı başa düşməyə başlayırıq. Necə deyərlər, günün birində Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamə qəbul olunur və buna razılığımızı bildiririksə, az sonra insan haqları mövzusunda çox operativ, əvvəlcədən hazırlanmış başqa bir qərarlar verilərsə, bu o deməkdir ki, Azərbaycandan istədikləri var...

Bu, nə ola bilər? Yeni qaz sazişlərimi, NABUCCO-ya dəstəkmi, Rusiyadan bir az uzaqlaşmaqmı, İrana qarşı savaşda forposta çevrilməkmi?.. İnanın, burada hər bir amilin yeri və rolu var.

Azərbaycanın real və ehtiyat büdcəsi 60 milyard dolları keçməkdədir, 2015-ci ildə bu rəqəm 100 milyarda çatacaq, Ermənistan və Gürcüstanla müqayisədə bu, dəfələrlə çox olacaq. Bu iqtisadi gücün çətinliklə idarə olunacağını hər kəs hesablayır. İqtisadi imkanı böyük olan dövləti hansı vasitə ilə idarə edəsən?

Bu ya Qarabağ məsələsi, ya da insan haqları ola bilər.

Azərbaycanı Avropadan qopub Rusiya və ya İrana yaxınlıqda ittiham etmək yanlışlıqdır. Ulu öndər çox çətinliklə Azərbaycanı Avropaya əlaqələndirmək istəyib. Öz maraqlarımız bunu tələb edib. O zaman regiondakı dövlətlər sadəcə bizi yeyirdilər. Çox yaxşı xatırlayıram ki, 1994-cü ildə neft müqaviləsi imzalananda Rusiyanın xarici işlər naziri bəyanat vermişdi ki, bu, heç bir hüquqi qüvvəyə malik deyil. Rusiya bu müqavilələri tanımırdı, Azərbaycandan xərac istəyirdilər ki, neft təkcə sizin deyil, uzun müddət bizimki olub.

Hesab edirəm ki, Azərbaycan Avropa ilə əməkdaşlığına bundan sonra da davam edəcək. Lakin Avropa Parlamenti düşünməlidir. Bizi nə qədər sıxacaqlarsa, Avropanın yerini Rusiya və İran tutacaq. Bu ölkələrin son dövrlər fəallaşmasının bir səbəbi də odur ki, sanki bizi Avropa ilə toqquşdurub öz qanadları altına salsınlar. Hətta açıq deyim ki, İrandakı fətvalarda Rusiya amilinin izini axtarmaq olar.

Avropanın bizi sıxması öz maraqlarını sıxışdırması deməkdir. Avropanın taleyi Gürcüstanda yox, Azərbaycanda həll olunur. Qafqazda kimlik məsələsi Azərbaycanla bağlıdır.

- Belə çıxır ki, İran-Azərbaycan münasibətlərinin gərginləşməsində Qərb maraqlıdır?

- Şübhəsiz. Son dövrlər bunu Azərbaycandan istəyiblər. ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç Azərbaycanın İrana qarşı siyasətdə fərqli davranış gözlədiyini deyərkən, bunu sabiq bir diplomat kimi söyləmədiyinə əminəm.

Keçmişdə bizim neytral möqveyimiz Qərb dövlətlərinə sərf edirdi. İqtisadi cəhətdən regionda oturuşmaq istəyirdilər. Amma indi düşünürlər ki, Qərbin sanksiya siyasətinə Azərbaycan da qoşulsa, İranın xaricə çıxış nəfəsliyi kəsilər.

Ölkəmiz İranın Orta Asiyaya çıxış nöqtəsidir, baxmayaraq ki, onların özlərinin də sərhədi var. Müəyyən iqtisadi-ticarət əlaqələri bizim vasitəmizlə qurulur. Qərb düşünür ki, bütün dövlətlərin koalisiyası ilə İranın üzərinə getsinlər. Klassik müharibə dövrlərində olduğu kimi, bütün kanalları kəsmək lazımdır ki, İran xalqı səfalətdə boğularaq öz dövlətlərin üzərinə qalxsın. Qərbin planı budur.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm