Yaxın Şərq
İsrail Türkiyəyə qarşı hərəkətə keçdi: Suriyada təhlükəli qarşıdurma
İsrail və Türkiyə arasında Suriyaya görə qarşıdurma yeni mərhələyə keçib. İsrailin Türkiyə sərhədinə yaxın Əbu-Duhur aviabazasına endirdiyi zərbələr Ankara ilə Təl-Əviv arasında gərginliyi daha da artırıb.
Publika.az xəbər verir ki, "Financial Times" yazıb ki, İsrailin hücumundan sonra tərəflər bir-birini ittiham edib. ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak da zərbələri “lazımsız eskalasiya” adlandırıb.
Baş nazir Benyamin Netanyahunun ofisi bildirib ki, Dəməşq Əbu-Duhurda Türkiyə hərbçilərinin yerləşdirilməsinə icazə verməklə təhlükəsizlik sahəsində əldə olunmuş status-kvonu pozmağa yaxınlaşıb. Təl-Əviv əvvəllər də Dəməşqə Türkiyə qüvvələrinin bazada yerləşdirilməsinin İsrailin təhlükəsizliyinə təhdid yaradacağını xəbərdar edib.
Türkiyə isə İsrailin bu iddialarını əsassız sayır. Ankara İsraili Suriyada “ekspansionist və sabitliyi pozan siyasət” yürütməkdə ittiham edir.
Türkiyə Suriyada mövqelərini gücləndirir
Türkiyə Suriya prezidenti Əhməd Əl Şaraanın əsas müttəfiqlərindən biridir. Ankara Dəməşqə hərbi, texniki və logistika dəstəyi verir, Suriyanın dövlət institutlarının bərpasına kömək edir. Türkiyənin Suriyanın şimalında da minlərlə hərbçisi qalır.
İsrail isə Əhməd Əl Şaraa hökumətini potensial təhlükə hesab edir. Təl-Əviv xüsusilə Türkiyənin Suriyada daimi hərbi infrastruktur yaratmasından narahatdır. İsrail hesab edir ki, bu, onun Suriya hava məkanında hərbi fəaliyyət imkanlarını məhdudlaşdıra bilər.
Əbu-Duhur aviabazasında son vaxtlar bərpa işlərinə başlanılıb. Türkiyə mediasının məlumatına görə, türk nümayəndə heyəti İsrailin zərbələrindən cəmi bir neçə saat əvvəl bazaya baş çəkərək işlərin gedişini yoxlayıb. Aviabaza Türkiyə sərhədindən təxminən 70 kilometr məsafədə yerləşir.
İsrail Türkiyəni “yeni İran” hesab edir
İsrail-Türkiyə münasibətləri Qəzza müharibəsi fonunda 2024-cü ildən kəskin pisləşib. Suriya məsələsi isə iki ölkə arasında əsas qarşıdurma nöqtəsinə çevrilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyunda bəyan edib ki, Türkiyənin təhlükəsizliyi Hələbdən, Dəməşqdən və Beyrutdan başlayır. İsraildə Türkiyənin regionda artan təsiri artıq ayrıca təhlükəsizlik təhdidi kimi qiymətləndirilir və bəzi siyasətçilər və analitiklər Ankaranı “yeni İran” adlandırırlar.
Türkiyənin regional hərbi imkanlarının genişlənməsi də İsraildə narahatlıq doğurur. Avqustun əvvəlində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə sazişi imzalayıb. Bundan başqa, Qətərdə təxminən 3 min, Somalidə isə 500-dən çox türk hərbçisi yerləşir.
İsrailin Türkiyə ilə əlaqəli Suriya obyektlərinə hücumu ilk dəfə deyil. Ötən il İsrail zərbələri Həma hərbi aerodromuna və Homsdakı hərbi obyektlərə ciddi ziyan vurub. Bu obyektlərdən Türkiyənin istifadə etməyi nəzərdən keçirdiyi bildirilirdi.
Ankara isə Suriya hökuməti ilə əməkdaşlığı davam etdirəcəyini və Suriyanın sabitliyinin pozulmasına imkan verməyəcəyini açıqlayıb.
Əbu-Duhur hücumu göstərir ki, İsrail və Türkiyənin Suriyada nüfuz uğrunda mübarizəsi artıq daha açıq xarakter alır. Türkiyənin Suriyadakı hərbi mövcudluğunun daha da genişlənməsi isə iki ölkə arasında birbaşa toqquşma riskini artırır.
Müəllif: Adəm
-
Rəsmi xronika13:49Özbəkistanlıların Azərbaycana axını: Prezident rəqəmləri açıqladı
-
Yaxın Şərq13:26İsrail Türkiyəyə qarşı hərəkətə keçdi: Suriyada təhlükəli qarşıdurma
-
Nəqliyyat10:25Bu marşrutun hərəkət sxemi dəyişdirildi
-
ABŞ09:43Tramp meydan oxudu: İran böhranı bu ölkə ilə savaşa səbəb olacaq
-
Sosial08:36Bakı və Sumqayıtın bir sıra əraziləri işıqsız qalacaq
-
Dünya08:12Alyaskada təyyarə qəzası - 8 nəfərdən xəbər yoxdur
-
Sosial08:00Xarkovda PUA zərbəsi azərbaycanlı heykəltaraşın emalatxanasını dağıtdı - FOTO
-
Qoroskop05:15Həyatında yeni səhifə açacaq 4 bürc





































