Nəqliyyat
Bakı metropolitenində "Nizami İli"nə həsr olunan ilk layihə - FOTO
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ölkəmizdə geniş qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə "Nizami İli" elan olunub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, "Nizami İli" Bakı metropolitenində də xüsusi tədbirlər planı ilə qeyd edilir: "Bakı metropoliteninin şöhrətini dünyaya tanıtdıran rəmzlərdən biri də dahi sənətkarın adını daşıyan stansiyadır. Bu stansiya təkcə Azərbaycan memarlığının deyil, eləcə də dünya təsviri sənəti və metro inşaatı sahəsində də öz unikallığı ilə seçilir. Dünya şöhrətli Mikayıl Abdullayevin kaşı daşlarından işlədiyi Nizaminin portreti və onun ölməz "Xəmsə"sinin motivləri əsasında işlənmiş 18 panno bu gün ölkəmizə gələn turistlərin də diqqətini özünə cəlb edən nadir sənət nümunəsidir.
Onu da qeyd etmək yerinə düşər ki, nadir sənət nümunəsi olan stansiyanın ərsəyə gəlməsi heç də asan olmayıb. Sovet rəhbərliyinin Bakıda metro inşaatına qısqanc münasibətinin olduğu, maneələr yaratdığı bir dövrdə memarlıq və estetik görkəmi ilə sənət qalereyasına çevrilən stansiya Ulu öndər Heydər Əliyevin inanılmaz səylərinin bəhrəsi olub. O, stansiyanın tikintisini daim diqqətdə saxlayıb və bədii tərtibat məsələlərində yaxından iştirak edib".
B.Məmmədov qeyd edib ki, dahi Nizaminin 880 illiyi münasibətilə "Bakı Metropoliteni" QSC-də bu il silsilə layihələrin həyata keçirilməsi planlaşdırılır: "Bu xüsusda sərgi formatlı ilk təqdimat dahi şairin həyat və yaradıcılığının ədəbi-bədii və təsviri sənət nümunələrində vəsfinə həsr olunub. Bütün bunlar il boyunca Nizami Gəncəvi yaradıcılığını oxuculara, metropoliten istifadəçilərinə bir daha yaxından tanıtmaq məqsədi daşıyır".
"2021 - Nizami İli" adlanan sərgi "Nizami" stansiyasının giriş meydançasından artıq diqqəti cəlb edəcək. Burada stansiya binasının tağlarından birində Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ili "Nizami İli" elan etməsi xatırladılır. Digər tağda isə dahi şairin özü və sənəti haqqında beyti yer alır, bununla şair sanki sərginin də məzmun və mahiyyətini bəyan edir.
Stansiya vestibülünün kassa zalında bir tərəfdə Nizami Gəncəvi yaradıcılığının ana xəttini təşkil edən "eşq" və "söz" məfhumlarına verdiyi tərif yer alır. Burada şairin dünyəvi, insani dəyər kimi yaradıcılığında yaxşılığı xarakterizə edən misraları bəşər övladını saflığa, xeyir əməl sahibi olmağa çağırır.
Kassa zalının digər tərəfində isə bu gün dünyanın müxtəlif sənət mərkəzlərinin incisinə çevrilmiş 5 miniatür sənəti nümunəsi yer alır. Bu miniatürlər Nizami yaradıcılığından bəhrələnmiş Azərbaycan təsviri sənətinin inciləri olmaqla, ölkəmizin də zəngin mədəni irsinin göstəricisidir.
Vestibülün eskalator meydançasında dahi şairin sənətinə həsr olunmuş daha 5 miniatür sənəti nümunəsi yer alır. Bu miniatürlər ilk dəfə nümayiş olunmaqla "Bakı Metropoliteni" QSC-yə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan məxsusi olaraq seçilərək təqdim edilib. "Xəmsə"nin nəfis tərtibatlı bu nümunəsi XVII əsrdə Dost Məhəmməd bin Dərviş Məhəmməd əl-Dəraxçı və Yusif Behbehani tərəfindən köçürülüb. Əlyazmadakı miniatürlər məşhur Təbriz miniatür məktəbinə aiddir.
Eskalatorun aşağı meydançasının hər iki yan divarında da Nizami yaradıcılığının təsirindən yaranmış mövzular yer alır. Bir tərəfdə ölməz şairə həsr olunmuş bədii film haqqında məlumat və çəkiliş meydançasında çəkilmiş fotoşəkillər, digər tərəfdə isə sərgi izləyicilərinə "Nizami" stansiyası haqqında məlumat təqdim olunur.
Nizami yaradıcılığına həsr olunmuş pannoların müşayiəti ilə platformanın orta zalının sonuna doğru irəlilədikcə Nizami portretinin hər iki tərəfində sərgi izləyicilərinə dahi şair və onun "Xəmsə"si haqqında qısa məlumatlar təqdim edilir. Rəssam Mikayıl Abdullayevin adının olduğu divar yaxınlığında isə püpitr üzərində pannoların müəllifi haqqında məlumat da təqdim olunur.
Stansiya yollarının gözləmə zalının pannoarxası divarlarını dahi sənətkarın yaradıcılığından misralar bəzəyir. Hər pannonun arxa hissəsində izləyicilər həm "Xəmsə"dən beytlərlə, həm də əsərlərin məhz pannolarda təsvir olunmuş hissələrində yer alan və onu təsvir edən misralarla tanış ola bilərlər. Bununla onlar Nizami yaradıcılığının geniş və əhatəli mövzularının ibrətamizliyini bir daha yaxından təqib etmək fürsəti əldə edirlər.
Stansiyanın yol divarlarında təqdim edilən Nizami yaradıcılığının nadir misraları hər birimizi sənətkar dühasının mənəvi aləminə səyahətə dəvət edir. Bundan əlavə, 2021-ci ilin "Nizami İli" elan edilməsi metropolitenin bütün stansiyalarının monitorlarında da xüsusi elektron posterlərlə təqdim olunur.
Hər gün yolu "Nizami" stansiyasından düşən metro istifadəçisi bu sərgidə təqdim olunan şeyx Nizami yaradıcılığının hikmətli kəlamları ilə daha yaxından tanış olmaq fürsəti əldə etməklə, bu müdrik nəsihətləri özünün həyat amalına çevirəcək.
Foto: Pərviz Həşimi
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO