Nida.az
Azərbaycanı təslimçi sülhə məcbur etmək cəhdi... - TƏHLİL
Ötən həftə konqresmen Kristofer Smit ABŞ Helsinki
Komissiyasına Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların
tətbiq olunması üçün “Azərbaycanda Demokratiya Aktı” adlı layihə
təqdim etdi. Bu, Bakıya qarşı birtərəfli savaş açılması deməkdir və
bu aktın Vaşinqton-Bakı münasibətlərinin düz yola çıxması fonunda
irəli sürülməsi şübhələrə yol açmaya bilmir.
Azərbaycan Amerikanın strateji tərəfdaşıdır. İki ölkə arasında
terrorizmlə mübarizədən tutmuş enerji sektorlarına qədər vacib
spektrlərdə ikitərəfli əməkdaşlıq var. Doğrudur, zaman-zaman iki
paytaxt arasında soyuqluq müşahidə olunub, lakin bu, intensiv
şəkildə davam etməyib. O da həqiqətdir ki, ABŞ-da erməni lobbisinin
“yollara düzdüyü bütün tramplinlərə” rəğmən, Ağ
Evdə Azərbaycanın regional və geosiyasi əhəmiyyətini həmişə
anlayanlar tapılıb. Sonuncu dəfə Azərbaycan Prezidenti İlham
Əliyevlə ABŞ prezidenti Barak Obama arasında G-20 sammitinin
keçirildiyi Antalyada təmas quruldu. Hər iki liderinin bir-birinə
münasibətində istilik hiss olunurdu və ondan öncə, ondan sonra da
yüksək çinli Amerika məmurlarının Bakıya səfərləri gerçəkləşib.
Dediyimiz kimi, münasibətlər tədricən düz yola çıxır. Məhz bunun
fonunda ikitərəfli əməkdaşlığa ciddi zədə vuran bu aktın dövriyyəyə
buraxılması suallar yaradır.
“Bakı və Vaşinqton arasında münasibətlərin istiləşməsini
istəməyənlər var”.
Baş verənlərin konkret cavabı belədir. Lakin bu “qaranlıq oyunları”
quranlar və onu tətbiq etməyə cəhd edənlərin kimliyi
maraqlıdır.
Əvvəlcə irəli sürülən aktda əksini tapan müddəalara baxaq.
- Azərbaycanda yüksək vəzifəli şəxslərə və onların ailə üzvlərinə
viza verilməsi qadağan edilsin.
- Azərbaycan hökuməti ilə bütün iqtisadi əlaqələr, o cümlədən
enerji sektorundakı əməkdaşlıq münasibətləri dayandırılsın.
- ABŞ-ın İnkişaf və Ticarət Agentliyinin Azərbaycandakı fəaliyyəti
qadağan edilsin.
- Azərbaycanın beynəlxalq maliyyə-kredit institutlarındakı (BVF,
Dünya Bankı və digər) bütün maliyyə layihələrinə veto qoyulsun.
- Azərbaycanın yüksək çinli şəxsləri ABŞ və Avropaya yalnız Qarabağ
danışıqları aparmaq üçün gedə bilərlər.
Beynəlxalq siyasi qarşıdurmalarda indiyə qədər hansısa ölkəyə qarşı
bu qədər sərt sanksiya tətbiq olunmayıb, ümumiyyətlə, belə bir
təklif edilməyib. Hətta ABŞ hazırda dünyanın bölüşdürülməsi uğrunda
savaş apardığı Rusiyaya qarşı da bu qədər sərt sanksiya tətbiq
etməyib. Bu cür sanksiya təklifi yalnız və yalnız ən qatı
düşmənçilikdən irəli gələ bilər. Misal üçün, ermənilərin
Azərbaycana bəslədiyi düşmənçilik kimi.
Araşdırmalar məhz bu aktı irəli sürən K. Smitin arxasında da
ermənilərin dayandığını göstərir.
Kristofer Smit: Nyu-Cersidən seçilən bu konqresmen
34 ildir postunu təhvil verməyib. ABŞ demokratiyasında bir şəxsin
üç onillik boyunca eyni postda qalması istər-istəməz şübhələr
yaradır. Amerikalı mütəxəssislərin fikrincə, Smitin arxasında böyük
maliyyə qaynaqları var. Onlar həmin qaynaqları konkret göstərməsə
də, Nyu-Cersi ştatında ermənilərin kompakt şəkildə yaşaması maliyyə
qaynağı haqda ilkin fikir yaradır. Smitin siyasi fəaliyyəti isə
onun erməni lobbisi ilə əlaqələrinə şübhə yeri qoymur.
O, 1992-ci ildə erməni lobbisini təşəbbüsü ilə qəbul olunan və
ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımına qadağa qoyan “907-ci
düzəliş”in (azadlığa dəstək aktı) əsas müəlliflərindəndir. İndiyə
qədər qondarma “DQR”-in müstəqilliyinin tanınması üçün əlindən
gələni edir.
Bu, konqresmen həmçinin, qondarma “erməni soyqırımı”nın tanınması
üçün fəal iş aparır. Təkcə bu il ərzində məlum məsələ ilə bağlı beş
bəyanat verib.
“Cənab prezident (Obama), sizə müraciət edərək erməni
soyqırımının tanınmasını xahiş edirəm. Bu faciənin 100 illiyi ilə
əlaqədar biz həqiqəti səsləndirərək Almaniya hökuməti və Papa
Fransiskə qoşulmalıyıq. Mən, soyqırımı tanıması və üzr istəməsi ilə
bağlı Türkiyə hökumətinə müraciət edirəm. Suriya və İraqda kütləvi
zorakılıq hallarının baş verdiyi dövrdə dünyanın qonşuları ilə
konstruktiv əlaqələrə malik Türkiyəyə ehtiyacı var. Türkiyə
rəhbərliyi öz keçmişini dürüst şəkildə qəbul etdikdən sonra məhz
buna nail ola bilər”, - deyə Smit “erməni soyqırımı”nın
100 illiyi ərəfəsində Vaşinqtonda keçirilən tədbirdə səsləndirdiyi
belə bəyanatlarının birində deyir.
Smitin ABŞ-dakı erməni lobbisi ilə isti əlaqələrini sübut edən
fotofakt isə Amerika erməni milli komitəsinin (ANKA) radikal
rəhbərlərindən biri olan Aram Hamparyan “Twitter” səhifəsində yer
alıb. Aram Hamparyan “Twitter” səhifəsində konqresmen K. Smitlə
birgə paylaşdığı fotonu “Kristofer Smitin işini dəstəkləmək
üçün onunla görüş” deyə təqdim edir.
Bu faktlar adıçəkilən şəxsin Azərbaycanda demokratiyanın
vəziyyətindən danışmağa nə qədər haqqının olduğu, daha dəqiq desək,
nə qədər obyektiv ola biləcəyi sualını yaradır.
Məlum məsələdir ki, Qərb dünyasında erməni lobbisinə bağlı
siyasətçilər Azərbaycana zaman-zaman “demokratiya mühazirəsi”
oxuyub. Burada erməni lobbisinin maraqları ilə rəsmi Bakının
müstəqil siyasətini qəbul etməyən müəyyən dairələrin maraqlarının
üst-üstə düşdüyü də aydındır.
Lakin K. Smitin və erməni lobbisinin niyə indi hərəkətə keçdiyi və
Azərbaycanla bağlı bu qədər düşmən akt irəli sürdükləri
maraqlıdır.
1. Hər il olduğu kimi, bu il dekabrın 31-də dünya
Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan
Prezidenti İlham Əliyevin “əfv sərəncamı” imzalayacağı gözlənilir.
Məlumatlara görə, bu dəfəki əfv siyahısında Smit kimilərin “siyasi
məhbus” adlandırdığı şəxslərin də düşəcəyi gözləniləndir. Bu,
birbaşa dövlət başçısının çoxsaylı müraciətləri və məhbusların
ailələrindən edilən xahişləri nəzərə alaraq atdığı humanist
addımdır. Belə gözləntilərin olduğu bir vaxtda erməni lobbisinin K.
Smitin kölgəsi altında Azərbaycanda “demokratiyanın vəziyyəti”
haqda “SOS siqnalı” çalması gülüncdür və əminliklə deyə bilərik ki,
məqsəd Azərbaycan haqda mənfi imic yaratmağa hesablanıb.
“Anti-Azərbaycan qüvvələr nə qədər imkan var ölkəmizi qaralamaq
yolunu tutub”. Nə qədər gülməli olsa da, “smitçilərin” qabaqlayıcı
gedişi buna xidmət edir.
2. “Azərbaycanda Demokratiya Aktı”nda diqqətçəkən
müddəalardan biri Vaşinqtonun Bakı ilə enerji əməkdaşlığını
dayandırmaq haqda çağırışdır. Halbuki Azərbaycan Qərb dünyasının ən
kritik məqamında xilasedici təşəbbüslə çıxış etdi və Avropanın
gələcəyə ümidlə baxmasına şərait yaratdı. Belə demək mümkünsə, bu
əməkdaşlıq Bakı üçün nə qədər vacibdirsə, Qərb üçün ondan qat-qat
artıq əhəmiyyətlidir. Lakin bu əməkdaşlıqdan narahat olan erməni
lobbisinin qorxuları təəccüblü deyil. Çünki Azərbaycanın Avropanın
enerji təhlükəsizliyini təmin etməsi avtomatik olaraq Ermənistanın
“gələcək ümidlərinin” üstündən xətt çəkir. İrəvan rejimi hesab edir
ki, Avropanın enerji təminatında Ermənistan tranzit olmalı və
gələcəkdə Avropa bazarına çıxacaq İran enerjisi onun üzərindən
getməlidir. Lakin bu iqtisadi baxımdan mümkünsüz görünür və rəsmi
Tehran daha əlverişli olan Azərbaycan marşrutunu kənara qoyaraq,
perspektivsiz Ermənistan marşrutunu seçmək niyyətində deyil. Digər
tərəfdən, bu prosesdə Türkiyənin əsas faktor olaraq önə keçməsi
onun daha da güclənməsi, beləliklə dünya ermənlərinin qondarma
“erməni soyqırımı” xülyalarının tarix olması deməkdir. Məhz bu
kontekstdə erməni “Smitçilərin” anti-Azərbaycan oyunlarının məqsədi
aşkar görünür.
3. Və nəhayət, Qarabağ faktoru. Sözügedən aktda
deyilir ki, Azərbaycanın yüksək vəzifəli şəxslərinə ABŞ və Avropaya
gəlməsi üçün yalnız Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda
iştirak zaman viza verilməlidir. Bu, Azərbaycana birbaşa “Qarabağı
güzəşt et, sənə təzyiq etməyək” deməkdir. Daha açıq desək,
Azərbaycanı təslimçi sülhə məcbur etməkdir. Və məsələnin indi
gündəmə gəlməsi də təsadüfi deyil.
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən
ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi, münaqişənin həlli ilə
əlaqədar münaqişə tərəfləri olan Azərbaycan və Ermənistana
təkliflər təqdim olunub. Bu təkliflər ATƏT-in Minsk qrupunun digər
həmsədr dövlətləri tərəfindən də dəstəklənir. Təsadüfi deyil ki, bu
təkliflərin müzakirəsi ilə əlaqədar 2014-cü il ərzində Rusiyanın
xarici işlər naziri Sergey Lavrov Bakıda və Yerevanda işgüzar
səfərlərdə oldu və təkliflərlə əlaqədar Azərbaycan və Ermənistan
prezidentləri ilə fikir mübadiləsi apardı. ATƏT-in Minsk qrupunun
həmsədri kimi Rusiya Federasiyasının münaqişənin həlli
istiqamətində göstərdiyi səyləri yüksək
qiymətləndiririk”.
Azərbaycan xarici
işlər naziri Elmar Məmmədyarov bu gün AZƏRTAC-a müsahibəsində bu
haqda bildirib
Bu, Rusiyanın Ermənistanı Azərbaycanın işğal etdiyi torpaqları geri
qaytarmağa məcbur etdiyi haqda Rusiya KİV-ində yer alan
məlumatların böyük qisminin doğru olduğunu deməyə əsas verir. Hansı
ki, Moskva hazırki geosiyasi vəziyyətdə qarşılaşdığı çətinlik
Qarabağ münaqişəsinin həllinə yeni şans yaratdı. Siyasi fəaliyyəti
dövründə Azərbaycan üçün ən mühüm məqamları tutan və onu xeyrimizə
çevirməyi bacaran Prezident İlham Əliyev bu situasiyadan da
məharətlə istifadə etdi. Belə görünür ki, dövlət başçısının
diplomatiyası Qarabağın azad olunması imkanlarını artırıb.
Rusiyanın irəli sürdüyü mərhələli həll planının Minsk qrupunun
digər həmsədr ölkələri tərəfindən də qəbul etməsi İrəvanın
işğalçılıq siyasətinin kökündən baltalayır.
Belə bir məqamda dünya ermənliyinin hərəkətə keçərək ələ aldıqları
Smit kimilərin vasitəsilə Azərbaycana təzyiq etməsi təsadüfi hesab
olunmamalıdır. Azərbaycana qarşı irəli sürülən akt da məhz Bakını
təslimçi sülhə məcbur etmək cəhdidir.
Lakin rəsmi Bakının buna getməyəcəyi dəqiqdir. Bu ölkənin lideri
İlham Əliyev ərazi bütövlüyümüzün bərpası ilə bağlı mövqeyini bütün
platformalarda ortaya qoyub. Erməni lobbisi Qarabağ
məsələsində Azərbaycan liderini məğlub edə bilməyəcəklərini
anladıqları üçün də hədəf olaraq onun şəxsini və komandasını
seçiblər. Belə görünür ki, anti-Azərbaycan qüvvələri İlham
Əliyev iqtidarının getməsini, yerinə K. Smitin sadiq dostu olan
Rəsul Quliyev, İsa Qəmbər kimi müxalifətçilərin gəlməsini istəyir.
O zaman, Azərbaycanı Qarabağ məsələsində istədiklərinə məcbur edə
biləcəklər.
Azərbaycan xalqı hədəfi iqtidar göstərib, əslində bütöv ölkəni
çökdürməyə hesablanmış bu cür xain addımları anlamalıdır. Hər kəs
onu da anlamalıdır ki, K. Smit və onun erməni dostları heç nəyə
nail olmayacaq. Bunun sadəcə praqmatik səbəbləri var.
Çünki...
a) Azərbaycan beynəlxalq anti-terror koalisiyasının aktiv üzvüdür,
NATO-ya aid hərbi yüklərin Əfqanıstana daşınmasında mühüm tranzit
ölkədir.
Bu tranzit xüsusən Rusiya – NATO münasibətlərinin pozulması fonunda
çox taleyüklü rola malikdir.
b) Azərbaycan beynəlxalq sülhməramlı qüvvələrin tərkibində iştirak
edir, əfqan ordusunun təchizatına, təlimlər keçirilməsinə öz
töhfəsini verir.
c) Azərbaycan Əfqanıstanın yenidən qurulması bu ölkədə
infrastruktur layihələrin həyata keçirilməsində də fəal
iştirakçıdır.
d) ABŞ və Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində sıx
əməkdaşlıq mövcuddur. Hazırda TANAP və TAP layihələrinin inşası
sürətlə aparılır və bu, Avropa üçün taleyüklü məsələdir. Rusiya
qazından xilas olmaq istəyən Qərb üçün Azərbaycandan başqa
alternativ yoxdur.
Bakıya səfər edən yüksək çinli ABŞ məmurları və siyasətçiləri də
bunu dəfələrlə söyləyiblər.
Belə bir məqamda K. Smit kimi erməni lobbisinə bağlı şəxslərin
Azərbaycana qarşı hücumları heç bir effekt verməyəcək. Lakin bu
məsələ xalqı olaraq bizə bəzi nüansları bilməyə kömək etdi. O
baxımdan, ərazi bütövlüyümüzün bərpası, Qarabağı güzəştə getməmək,
Azərbaycanı dünyada söz sahibinə çevirən enerji layihələrimizi
itirməmək üçün bu oyunlara getməməli, bu qüvvələrin “iqtidar” adı
altında bütün ölkəni məhv etmək planlarını alt-üst etməliyik.
Asif Nərimanlı
-
Səhiyyə08:00
Xərçənglə bağlı DƏHŞƏTLİ FAKTLAR
-
Gözəllik07:47
Qırışlara qarşı 8 əsas məhsul - Dəri gəncliyinin SİRRİ AÇILDI
-
Sosial07:17
Bu gün qar yağacaq - PROQNOZ
-
Magazin204:44
Türkiyəli milyarderin aktrisa gəlini dar libasda pozalar verdi - FOTO/VİDEO
-
İdman03:43
Qvardiola özünü cırmaqladı - FOTO
-
Magazin103:13
“Məni döyən hələ anasından olmayıb” - Aygünlə Yaşar efirdə dalaşdılar / VİDEO
-
Sosial02:42
"Temu"dan şikayət DURMADAN ARTIR - Aldanmamaq üçün nələrə diqqət etməliyik? / VİDEO
-
Hadisə01:41
Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü - Yaralılar var / FOTO