Nida.az
Qarabağ üçün “rus tələsi”: “sülhməramlı planı”nın pərdəarxası – TƏHLİL
Qarabağda baş verən “dördgünlük müharibə”dən sonra tərəflər yenidən masa ətrafına qayıtdı. Rusiyanın təşəbbüsü ilə baş tutan atəşkəsdən sonrakı danışıqların şərtlərini də Moskvanın diktə etdiyi görünür. Rusiyanın irəli sürdüyü şərtlər prinsip etibarilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin yaradır.
- Dağlıq Qarabağ ətrafındakı rayonlar Laçın dəhlizi istisna
olmaqla qaytarılır.
- Azərbaycanlı qaçqınlar qaytarılan rayonlara qayıdırlar.
- Dağlıq Qarabağa sülhməramlılar yerləşdirilir.
- Bundan sonra status məsələsi üzərində müzakirələr
başlayır.
Bu prinsiplər 2011-ci ilin 24 iyun tarixində Rusiyanın həmin
dövrdəki prezidenti Dmitri Medvedevin prezidentlərin Kazanda təşkil
etdiyi görüşdə müəyyənləşdirilmişdi. Lakin sonrakı dövrdə
danışıqlar yenə dalana dirəndi.
Medvedevin təklif etdiyi həll variantının reallaşmamasından sonra
münaqişə ilə bağlı real danışıqlar faktiki olaraq mövcud deyildi.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da Moskvada
keçirilən MDB XİN rəhbərlərinin görüşündən sonra “Əgər həqiqəti
demək lazımdırsa, son beş ildə danışıqlar praktiki olaraq
aparılmırdı” deyə bildirdi. (http://publika.az/p/131847).
Danışıqlar prosesinin dayandırılmasında əsas faktor Ermənistan
tərəfinin qeyri-konstruktiv mövqeyi və dialoq mühitini pozmasıdır.
Eyni zamanda, “Kazan variantı” olaraq irəli sürülən prinsiplərdə
rəsmi Bakının qəbul etməyəcəyi sülhməramlı faktorunun olması da
İrəvana danışıqlar prosesini uzatmaq imkanları yaradır.
Son beş ildə Qarabağ münaqişəsinin həlli ilə bağlı ən real təklifin
“Lavrov planı” olduğunu deyə bilərik. Hansı ki, bu müddət ərzində
prezidentlərin bir neçə görüşü baş tutmuşdu. Bu təmaslar həm
Rusiya, həm də Qərb tərəfindən gerçəkləşdirilmişdi. Sonuncu təmas
isə 2015-ci ilin dekabrında Berndə oldu. Bütün danışıqların sadəcə
görüntü xarakteri daşıdığı da məlumdur. Rəsmi Bakı da bunu
dəfələrlə dilə gətirib.
Ötən il Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakı və İrəvana dalbadal
səfərindən sonra “Lavrov planı” gündəmə gəldi. Bu, həmin vaxt rəsmi
təsdiqini tapmasa da Rusiyanın münaqişəyə dair planlarının olduğu
haqda informasiyalar yayılırdı. Xüsusilə Rusiya mediası planın
detallarını açmışdı. 2016-cı ilin 26 yanvar tarixində Moskvada
brifinq keçirən S.Lavrov “Rusiya 2015-ci ildə Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması haqda hansısa yeni sənədin qəbulu
ilə bağlı təşəbbüs irəli sürməyib. Heç bir “Lavrovun sənədi”ndən
söhbət belə gedə bilməz, ümumiyyətlə, belə bir şey mövcud olmayıb”
deyə yazılanları təkzib etdi.
Qarabağda “dördgünlük müharibə”dən sonra isə “Lavrov planı”nını
gerçək olduğu bəlli oldu. Hətta Azərbaycan Prezidenti İlham Əliyev
də Təhlükəsizlik Şurasının iclasında Sergey Lavrovun konstruktiv
təkliflərlə çıxış etdiyini, Ermənistanın isə təxribatçı addımlarla
prosesi pozduğunu aydın şəkildə ifadə etdi.
E. Məmmədyarov da Rusiya KİV-inə açıqlamasında “Sergey Lavrov ötən
ilin yayında əsasən Madrid prinsiplərinə istinadən öz təkliflərini
irəli sürdü” deyə bildirib.
“Kazan variantı” ilə “Lavrov planı”nın oxşar və fərqli
cəhətləri
Hər iki variantın oxşar tərəfi bölgəyə sülhməramlıların
yerləşdirilməsi, fərqli tərəfi isə Qarabağ ətrafındakı yeddi
rayonun qaytarılmasıdır. Belə ki, “Kazan variantı”nda Laçın dəhlizi
istisna olmaqla ətraf rayonlar qaytarılırsa, “Lavrov planı”nda isə
yeddi rayondan yalnız 5 qaytarılır. Laçın və Kəlbəcər rayonu isə
sonrakı mərhələdə azad olunur. İddialara görə, “Lavrov planı”nda
iki rayonun taleyi 2 mühüm amilə görə gecikdirilir.
1. Rəsmi Bakı sülhməramlıların yerləşdirilməsinə razı
olur.
2. Beş rayon qaytarıldıqdan sonra Azərbaycan Avrasiya İqtisadi
İttifaqına daxil olur. Bundan sonra iki rayon
qaytarılır.
İkinci amil daha çox iddialardan ibarətdir. Lakin “dördgünlük
müharibədən” sonra danışıqların sıxlığı ümidlər yaratsa da, hazırda
müşahidə olunan səngimələr bu iddia haqda da ehtimalları
gücləndirilir.
Rusiyanın “Madrid prinsipi”nə istinadı
Münaqişə yaranandan bu günə qədər Moskva bu məsələdə təşəbbüsü heç
kimə verməyib. Bunun Rusiyanın regional maraqları baxımından
özünəməxsus səbəbləri var. Burada diqqət çəkən Moskvanın irəli
sürdüyü təşəbbüslərdə “Madrid prinsipi”nə istinadıdır.
2007-ci ilin noyabrın 29-da Azərbaycan və Ermənistanın xarici işlər
nazirləri Elmar Məmmədyarovla Vardan Oskanyanın İspaniyanın
paytaxtı Madriddə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə
“Madrid prinsipi” adını almış həll variantı qəbul olunub.
Bu prinsiplərə görə, Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır, daha sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağın statusu müəyyən olunur. Bu həll variantında sülhməramlıların Qarabağa yerləşdirilməsi kimi heç bir fikir yoxdur. Digər tərəfdən, “Madrid prinsipi”nin alt-bazası hesab olunan nə “Paket həll”, nə “Ümumi dövlət”, nə də “Mərhələli həll” variantlarının heç birində sülhməramlı məsələsi yer almayıb. Əslində 1994-cü ildə Azərbaycan tərəfinin nümayəndəsi kimi Bişkekdə atəşkəsin imzalanmasında iştirak edən Afiyəddin Cəlilovun protokola imza atmadan Bakıya dönməsinin səbəblərindən biri də məhz sülhməramlıların bölgəyə yerləşdirilməsi şərti idi. Daha sonra Heydər Əliyev A. Cəlilovun ardınca Bakıya gələn Minsk qrupunun rusiyalı həmsədri Kazimirovun üstünə məhz bu şərtlərə görə qışqırmışdı. Həmin vaxt rəsmi Bakı qondarma “DQR”-in danışıqlarda tərəf kimi göstərilməsi ilə yanaşı, sülhməramlı məsələsinin də qarşısını almağı bacardı. Lakin görünür, bu məsələ hələ də Rusiya tərəfindən gündəmə gətirilir.
“Sülhməramlı” faktorunun gündəmə gətirilməsi
1994-cü ildə Heydər Əliyevin qəbul etmədiyi sülhməramlı məsələsi
bir də 14 il sonra – 2008-ci il noyabrın 2-də Rusiya tərəfindən
yenidən gündəmə gətirilir. Həmin tarixdə Rusiya, Azərbaycan və
Ermənistan prezidentlərinin imzaladığı Moskva bəyannaməsində
tərəflərə elə ilk bənddə tövsiyə olunur: təhlükəsizliyə və
beynəlxalq sülhməramlıların yerləşdirilməsinə zəmanət
verilməsi.
Bu gün gündəmə gələn “Kazan variantı” və “Lavrov planı”nda da eyni
məsələ əsas kimi irəli sürülür. Hətta rus politoloqları israrla
“Madrid prinsipi”ndə də sülhməramlıların yerləşdirilməsi faktorunun
olduğunu deyirlər. Lakin bütün sənədlər ortadadır və rəsmi Bakı
indiyə qədər “sülhməramlılar” ifadəsinin olduğu varianta razı
olmayıb. Əslində 2011-ci ildə Medvedyev formulu adını alan “Kazan
variantı”nın, eləcə də 2015-ci ildə “Lavrov planı” adını alan
təkliflərin gerçəkləşməməsinin əsas səbəblərindən biri də
budur.
Azərbaycanın ərazi bütövlüyünün bərpası, yoxsa
tələ
20 ildən sonra ən azı 5 rayonun qaytarılması və münaqişədə ciddi
irəliləyişə səbəb olacaq “Rusiya təklifləri”nin Bakı tərəfindən
qəbul olunmaması ilk olaraq suallar yarada bilər? Lakin söhbət
Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağdan birdəfəlik əl
çəkməsi perspektivindən gedir.
- Sülhməramlıların yerləşdirilməsi (bu hətta BMT sülh
missiyası olsa belə) Ermənistana Qarabağda işğalçı siyasətini davam
etdirmək imkanı yaradacaq.
- Müharibə ilə işğal olunan torpaqların geri qaytarılması
üçün hərbi variant məhdudlaşdırılacaq.
Bu, Azərbaycanın Dağlıq Qarabağın itirilməsi ilə birbaşa
razılaşması deməkdir.
Sülhməramlı məsələsində Rusiyanın israr etməsi isə xüsusi diqqət
çəkir. Hesab etmək olar ki, Moskva regiona təsir imkanlarını
genişləndirmək üçün münaqişənin uzun müddətli qalmasında
maraqlıdır. Bunun üçün öz qoşunlarını sülhməramlı adı altında
Qarabağa yerləşdirmək istəyir. Azərbaycan faktiki olaraq
torpaqlarını azad etmək üçün Ermənistanla yox, Rusiya ilə üz-üzə
qalır.
İki presedent bu variantın nə qədər təhlükəli olduğunu
sübut edir.
1. Rusiya əsgərləri sülhməramlı adı altında Moldovanın
Dnestryanı bölgəsində yerləşdirilib və bu gün rəsmi Kişinyov ərazi
bütövlüyünün bərpa etmək üçün bölgədəki separatçılarla deyil,
Rusiya ilə üz-üzə qalıb. Bu faktiki olaraq Dnestryanı münaqişənin
Moldovanın ərazi bütövlüyü çərçivəsində həll olunmamasının başlıca
səbəbidir.
2. Abxaziya və Cənubi Osetiyada da analoji vəziyyət hökm sürür.
2008-ci il müharibəsindən sonra Gürcüstandan qopardılan bu
bölgələrdə rus əsgərləri sülhməramlı adı altında yerləşdirilib və
bu, avtomatik olaraq rəsmi Tiflisi Moskva ilə üz-üzə
gətirib.
Maraqlıdır ki, beynəlxalq ictimaiyyət qəbul etməsə də, hər iki
presedentdə Rusiya öz əsgərlərinin həmin bölgələrdə sülh yaratmaq
missiyasına xidmət etdiyini əsas gətirir. Qeyd edək ki, sülhməramlı
qüvvələrin yerləşdirilməsi üçün beynəlxalq mandat almaq lazımdır.
Bu mandatı da BMT, yaxud Avropa İttifaqı kimi qurumlar verə bilər.
Lakin faktiki olaraq Rusiya iki bölgədə - Dnestryanı və Cənubi
Osetiya-Abxaziyada beynəlxalq mandat almadan öz qoşunlarını
saxlayır.
Ən azı bu iki presedent Qarabağ münaqişəsinin həllində
sülhməramlı faktorun inkar edilməsinə əsas yaradır. Hazırda rəsmi
Bakı bu faktoru qəbul etməyərək, doğru yol seçib. Hazırki real
situasiya isə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan
danışıqların yenidən dalana dirənməsinə aparır.
Asif Nərimanlı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var