20 Yanvar qazisinin oğlu qorxunc faktları açdı: Hərbi hissə komandiri...
Bizi izləyin

Nida.az

20 Yanvar qazisinin oğlu qorxunc faktları açdı: Hərbi hissə komandiri...

“Azərbaycan dövləti və xalqı qədimdən günümüzə kimi həmişə azadlığı və müstəqilliyi uğrunda mübarizə aparıb. XX əsrin əvvəllərində ermənilər tərəfindən, həmçinin onları dəstəkləyən regional və beynəlxalq güclərin dəstəyi ilə Azərbaycan xalqına qarşı irqi, dini ayrı-seçkilik siyasəti həyata keçirilib. Torpaqlarımız işğal edilib, Azərbaycan xalqı tarixi torpaqlarından köçürülüb, türk-müsəlman xalqlarına qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilib. Belə qanlı faciələrdən biri də Azərbaycan xaqının tarixinə düşmüş 20 Yanvar faciəsidir”.

Bu fikirləri Publika.az-a açıqlamasında AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent və 20 Yanvar qazisinin oğlu Sübhan Talıblı deyib.

Alimin sözlərinə görə, 1985-ci ildə keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun Dağlıq Qarabağ Muxtar Vilayətini müxtəlif vasitələrlə Azərbaycan SSR-nin (1920-1990) nəzarətindən çıxarmaq və Ermənistan SSR tərkibinə qatmaq, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə qarşı böhtan kampaniyasına başlamaqla onu xalqın gözündən salmaq siyasəti, SSRİ-nin Azərbaycan xalqına qarşı ayrı-seçkilik siyasəti, azərbaycanlıların tarixi torpaqları olan İrəvandan köçürülməsi, Sumqayıt hadisələri, Dağlıq Qarabağdakı hadisələr 1988-ci ildə milli-azadlıq hərəkatının başlanmasına güclü təkan verdi: “Bununla da Azərbaycan xalqı öz azadlığını və istiqlaliyyətini SSRİ-dən ayrılaraq müstəqil Azərbaycan Respublikası qurmaqda görürdü. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək Bakının Qala və Nasosnu (indiki Z.Tağıyev qəsəbəsi) aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirildi. Azərbaycana göndərilən SSRİ ordu hissələrinin tərkibinə Stavropol, Rostov və Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 15 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin sədri M.Qorbaçov DQMV-də və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamış, həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla, hər cür lazımi tədbirlər görmək təklif edilmişdi.

SSRİ Ali Sovetinin Rəyasət Heyəti yuxarıda qeyd olunan fərmanın ziddinə olaraq 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən, yanvarın 19-dan 20-nə keçən gecədən etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərmanı imzalamaqla keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov İttifaq Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmuşdu. Yanvarın 19-da SSRİ DTK-nın “Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat verilməsin. Həmin gecə Bakıda 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Fövqəladə vəziyyətin yanvarın 19-dan 20-nə keçən gecə tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi.

“Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçiriblər. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçib, ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtmışdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək sovet ordusu öz dövlətinin vətəndaşlarına qarşı qəddar cinayət törətmiş, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə Bakı şəhərinin əhalisinə rəsmi xəbərdarlıq edilməmişdi. 1990-cı il yanvarın 19-da gecə saatlarında başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilib, Xəzər hərbi donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılıb. Qanlı Yanvar faciəsində sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu”.

Sübhan Talıblı vurğulayıb ki, bəzən 20 Yanvar faciəsi ilə bağlı müxtəlif fikirlər irəli sürürlər:

“20 Yanvar qazisinin övladı olaraq bir daha qeyd edirəm ki, hadisə Azərbaycan xalqının azadlıq və müstəqillik hissini boğmaq üçün atılmış addım idi. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuş 20 Yanvar qazisi Ələkbər Hacı Məhəmmədəli oğlu Talıbov Milli Azadlıq Hərəkatında fəaliyyət illərini belə xatırlayır: “Milli Azadlıq Hərəkatında fəaliyyətim 1988-ci ilin noyabr ayından başlayaraq 1993-cü ilə qədər davam edib. Neftçalada 20 Yanvar hadisələrinə etiraz vaxtı silahımız yox idi. Sadəcə xalq üsyanına qalxıb Bakıda 20 Yanvar hadisələrinə öz etirazımızı bildirirdik. Həmin ərəfədə bizə məlumat gəldi ki, hərbi hissə komandiri sizinlə görüşmək istəyir. Biz də görüşə razılıq verdik və düşünürdük ki, təki bizimlə görüşsünlər, əhaliyə xətər toxundurmasınlar. Bundan da bir gün qabaq Neftçalada vertolyotlar uçuşur, işıq saçan güllələr atılır və yaxud da özləri təxribat törədirdilər. Atəş açıb camaatın boynuna yıxırdılar ki, guya əhali təxribat törədir. Məlumatımız var idi ki, SSRİ Silahlı Qüvvələrinin “Alfa” Xüsusi təyinatlıları Neftçalaya gəlib kəşfiyyat aparır.

Bizə məlum idi ki, Neftçalada da bu hadisəni törədəcəklər. Neftçalanı hərtərəfli blokadaya almışdılar. Amma biz bunu vaxtında duyduq və yeni qırğınların olmasına imkan vermədik. Lakin xalqın iradəsi hökm sahibi olsa da, sovet ordusu bizə divan tutdu. Neftçalada 2 nəfər şəhid oldu. Bakıda da baş verən qanlı hadisələr vaxtı sovet qoşunlarının qırğınının qarşısını almaq üçün balıqçı gəmilərinin təşkil etdiyi blokada iştirak etmişəm. Bakı buxtasında sovet qoşunlarına qarşı müqavimət göstərmişik. Sipər çəkib şəhərə daxil olmalarını önləməyə çalışmışıq””.

Alim əlavə edib ki, o zaman təkcə paytaxtda deyil, ölkəmizin hər yerində imperiya əsarətinə qarşı etiraz mitinqləri keçirilirdi: “Azərbaycanın cənub bölgəsində də gərgin vəziyyət yaranmışdı. Azadlıq, müstəqillik istəyən xalq ayağa qalxmışdı. Cəlilabad və Astarada sərhəd zastavalarının nəzarət-keçid məntəqələri dağıdılmışdı. Neftçala və Lənkəranda idarəetməni itirən dövlət orqanları iflic vəziyyətə düşmüşdü. Sovet qoşunlarının döyüş texnikası burada da qan tökməyə tam hazır idi. Bu mənfur niyyətini Bakıda “uğurla” həyata keçirmiş ordunun cəza dəstələri əvvəlcə Neftçalaya yollanaraq azadlıq mücahidlərini qanlarına boyadılar. Növbə Lənkərana çatdı. Şahidlərin dediyinə görə, Lənkərana yeridilən rus hərbçiləri xalq hərəkatı nümayəndələrindən guya onlarda olan silahları qeyd-şərtsiz təhvil verməyi tələb edir, dinc əhaliyə divan tutmaqla hədə-qorxu gəlirdilər. Vəziyyətin get-gedə daha dramatik hal aldığını görən fəallar dağlıq meşə zolağına çəkildilər ki, şəhərdəki gərginlik səngisin və əhaliyə xətər toxunmasın. Amma adamların gözünü qırmaq istəyən “xilaskar” ordunun desantları dərhal meşəliyi mühasirəyə alaraq oradakı adamları “güllə yağışına” tutdular”.

S.Talıblı vurğulayıb ki, Azərbaycan Respublikasında hər il 20 Yanvar Ümumxalq Hüzn Günü kimi qeyd olunur:

“Həmin gün Azərbaycan xalqı bütün şəhər və rayonlardan Bakıya gələrək xalqının azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərini ziyarət edirlər. 20 Yanvar faciəsi ilə əlaqədar olaraq Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə 1994-cü il mart ayının 29-da Azərbaycan parlamentinin “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərarı, 1998-ci il avqustun 5-də Bakı şəhərindəki Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə kompleksinin ucaldılması barədə sərəncam 20 Yanvar faciəsinə öz siyasi-hüquqi qiymətini verdi. 2010-cu ildə Bakının Yasamal rayonunda 20 Yanvar abidə kompleksinin açılışı oldu. Kompleksin üzərində faciə zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub. Şəhidlər Xiyabanı ərazisində yer almış bu abidə 8 guşəli ulduz üzərində dayanan qızılı rəngdə şüşə günbəzdən tac qoyulmuş sərdabədən ibarətdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Şəhidlər Xiyabanı rekonstruksiya olunarkən “Əbədi məşəl” abidəsinin sütunları hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz, səkkizguşəli güzgünün məsamələri qızılla işlənib. Yalnız Bakı, Neftçala və Lənkəranda deyil, Azərbaycanın bütün şəhər və rayonlarında həm 20 Yanvar, həm Xocalı, həm də Qarabağ müharibəsi şəhidlərinə aid Şəhidlər Xiyabanı var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm