Nida.az
İsrail-Türkiyə yaxınlaşması qaçılmazdır - Ekspert
“Türkiyənin xarici siyasətindən biri də hər zaman vasitəçilik missiyası olub və bunu uğurla yerinə yetirib. Diplomatik vasitəçilik missiyası 2001-ci ildən, yəni Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlməsindən sonra başlayıb. Bunun da müəyyən səbəbləri var idi. Türkiyə AKP-nin hakimiyyətinə qədər qütbləşmiş dünyanın bir parçası idi. Məhz buna görə də dünya ölkələri Türkiyə ilə siyasətini NATO münasibətləri çərçivəsində tənzimləyirdi. Lakin Ədalət və İnkişaf Partiyasının gəlişindən sonra bu hal fərqli müstəvi aldı. NATO-ya üzv dövlət olmasına baxmayaraq, artıq Türkiyənin adı postkonflikt ölkə deyil, daha müstəqil, daha əhatəedici siyasət sərgiləyən dövlət kimi qeyd olunmağa başladı ki, bu da əslində Türkiyənin maraqlarına xidmət edir”.
Bu fikirləri Publika.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin Xarici layihələr direksiyasının rəhbəri, Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu deyib.
Onun sözlərinə görə, bu məsələlər Türkiyə ilə ərəb ölkələri başda olmaqla, İsraillə də münasibətlərin korlanmasına gətirib çıxardı: “Buna baxmayaraq, sözügedən ölkələr arasındakı ticari-iqtisadi münasibətlər bir o qədər də zərər görmədi. Biz buna misal olaraq Türkiyənin limanlarını göstərə bilərik. Belə ki, İsrail gəmiləri Türkiyənin limanlarına birinci yanaşan və ən çox yük mübadiləsi edən gəmilər oldu. Bu, son 10-12 il ərzində olan statistik məlumatlardır. Sözsüz ki, Türkiyənin ərəb ölkələri və İsraillə münasibətlərinin korlanmasının səbəbləri var. Ərəb dünyası son 20 ildə çox ciddi siyasi böhranlarla qarşı-qarşıyadır və bu ölkələrdə hər zaman lider boşluğu olub. Türkiyə də kökündə milli-dini ideologiya dayanan partiyanın hakimiyyətə gəlməsi ilə yaşanan bu boşluğu gördü və öz xarici siyasətinə uyğun olaraq bu boşluğu doldurmağa çalışdı. Türkiyə bu siyasəti qismən də olsa, uğurla yerinə yetirə bildi. Bu gün Tunisdə, Küveytdə və bir sıra ərəb ölkələrində rəsmi dairələrdə Türkiyəyə xoş münasibət olmaqla yanaşı, toplum içində bu ölkə sevilən, qardaş sayılan dövlətlərdən biridir. Siyasətdə isə fəsadsız ötüşmək qeyri-mümkündür.
İsraillə münasibətlərə gəldikdə isə, Yaxın Şərq və ümumiyyətlə, İslam dünyasında dominant olmağa çalışan hər hansı bir ölkə ilk növbədə Fələstin problemini həll etməyə çalışacaq. Biz hər nə qədər bu problemdən uzaq olsaq da, Fələstin məsələsi İslam dünyasının həll olunmamış problemi sayılır. Yaxın Şərqdə dominantlıq, İslam dünyasında aparıcı olmaq və ərəb toplumlarına xitab edə bilmək Qüds və Fələstinsiz mümkün deyil. Bu baxımdan rəsmi Ankaranın Qüds məsələsinin həllində üstünlüyü ələ almasına İsrail prizmasından baxdıqda bunun narazılıqlara səbəb olması təbiidir”.
Ekspert əlavə edib ki, Türkiyənin sözügedən məsələdə aktiv rol oynaması İslam dünyasında da birmənalı qarşılanmadı: “Məsələn, İran və bir sıra ərəb ölkələri rəsmi şəkildə bunu bildirməsələr də, dolayı formada narazı olduqlarını Ankaraya çatdırmışdılar. Ankaranın bu məsələdə aktivliyi digər oyunçuların Yaxın Şərq siyasətindən sıxışdırılması idi. Biz bir zamanlar İranın, Misirin, Sudiyyə Ərəbistanı və hətta İordaniyanın bu məsələdə aktiv rol oynadığını müşahidə edirdik. Bütün bunlara baxmayaraq, Ankara öz Yaxın Şərq siyasətini dəyişmədi və burada İsrail münasibətləri səngiməklə yanaşı, bəlli səbəblərdən dolayı fərqli müstəviyə keçdi. Burada eyni zamanda iqtisadi və siyasi maraqlar da var. İsrail qazını Avropaya çatdırmaq üçün ciddi cəhdlə çalışır. Türkiyədə Berat Albayrakın energetika naziri olduğu zaman İsrailin energetika naziri Türkiyəyə səfər etmiş və onlar görüş keçirmişdilər. Həmin görüş isə effektiv olmamışdı. Səbəb Türkiyə-İsrail münasibətlərinin gərginləşməsi idi. Hazırda İsrail yaxşı başa düşür ki, enerji layihələrinin Türkiyə olmadan bölgədə həyata keçirilməsi qeyri-mümkündür. Digər tərəfdən, buna səbəb həm də bölgədə artan İran təhlükəsidir. Bizim İrana qarşı hər nə qədər qonşuluq siyasətimiz olsa da, aydın məsələdir ki, İranın da bölgədə, xüsusən də Yaxın Şərqdə öz maraqları var və zaman-zaman bəlli ölkələrdə bu maraqlar toqquşmalara gətirib çıxarır. Məsələn, biz bunu Yəməndə, Suriyada, eyni zamanda İraqda, Bəhreyndə, qismən də Əfqanıstanda görmüş olduq. İranın bölgədə daha aktiv rol alması və ərəb ölkələrinin bu məsələdə bir az daha gec qalması Türkiyə və İsraili narahat etməyə bilməz. Bu baxımdan Türkiyə-İsrail yaxınlaşması qaçılmaz idi. Hesab edirəm ki, bu yaxınlaşma hətta bir az gecikib. Əslində, hər iki dövlətin fərqli Yaxın Şərq siyasəti olmasına baxmayaraq, ortaq nöqtələri çoxdur”.
R.Hafizoğlu vurğulayıb ki, bu gün Türkiyənin özündə də İsrail prezidentinin ölkəyə gözlənilən səfəri birmənalı qarşılanmır: “İslami müxalifət, sol müxalifət, İran mediası və Türkiyə daxilindəki irançı qruplaşmaların bu səfərə qarşı aktiv propaqanda apardığını görürük. Lakin qeyd etdiyim kimi, bu, Türkiyə və bölgə üçün vacib və qaçılmazdır. İsrail-Türkiyə yaxınlaşması ilə yanaşı, eyni zamanda ərəb dünyası ilə Türkiyə yaxınlaşması da qaçılmazdır. Çünki bölgədə artıq İsrail-ərəb yaxınlaşması var və İsrail prezidentinin həm də BƏƏ-yə səfəri gözlənilir. Əgər bölgədə ərəb-İsrail yaxınlaşması varsa, artan İran kabusuna qarşı Türkiyə-İsrail yaxınlaşması da normaldır. Fikrimcə, bölgədə İranın bu və ya digər şəkildə aktivləşməsinə qarşı yeni bir siyasi koalisiya yaradıla bilər. Bu da ərəb, türk və İsrail koalisiyası ola bilər. Rəsmi elan olunmasa da, yaxın aylarda biz bunun qeyri-rəsmi şahidi olacağıq. İran-Türkiyə münasibətləri də düşünüldüyü kimi, dost-qardaş münasibətləri deyil. Bildiyiniz kimi, Türkiyədə son günlər təbii qaz problemi yaşandı və türk rəsmilərinin qeyri-rəsmi açıqlamaları mediaya sızdırıldı. Onlar bildirirdilər ki, İran Türkiyəyə siyasi təzyiq aləti kimi təbii qazı kəsib. 2 gün öncə Türkiyə prezidenti açıqlama verdi ki, biz Azərbaycandan qaz axınının həcmini artırdıq. Dolayısı ilə zaman-zaman bu kimi neqativ halların baş verdiyini müşahidə edirik. Bundan əvvəl Türkiyə rəsmiləri dəfələrlə deyiblər ki, biz İranın nüvə proqramını dəstəkləməyimizə baxmayaraq, təəssüflər olsun ki, bəlli məsələlərdə, xüsusən də PPK-ya qarşı mübarizədə İranı öz yanımızda görmədik. Düşünürəm ki, bütün bunların fonunda İsrail-Türkiyə yaxınlaşması qaçılmazdır və bu yaxınlaşmanın səbəblərindən biri də İranın bölgədə artan aktivliyi, Yaxın Şərqə fərqli yanaşması və burada yürütdüyü siyasətin qanlı nəticələrə gətirib çıxarmasıdır. Bu da region ölkələri üçün ciddi siqnaldır. Biz bunu Yəmən nümunəsində də gördük”.
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var