Bakı Minsk qrupunu "dəfn etdi": yeni alternativ doğulur
Bizi izləyin

Nida.az

Bakı Minsk qrupunu "dəfn etdi": yeni alternativ doğulur

Azərbaycan dəfələrlə bildirib ki, 30 il Qarabağ münaqişəsinin həllində heç nə ilə yadda qalmayan ATƏT-in Minsk qrupu artıq "beyin ölümü" keçirib və mövcud deyil. Üstəlik, ABŞ da Minsk qrupunun de-fakto "dəfn edildiyini" qəbul edir. Birləşmiş Ştatlar İrəvana göndərdiyi ATƏT-in keçmiş həmsədrini də prezidentin xüsusi nümayəndəsi kimi qələmə verir. Minsk qrupunun "ölümü" ilə bircə İrəvan barışmaqda çətinlik çəkir.

Vaşinqton isə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması prosesinin Brüssel razlaşması çərçivəsində həyata keçirilməsini istəyir.

Bəs keçmiş vasitəçilik institutunun yerini kim və ya kimlər alacaq? Başqa alternativlər varmı?

Bu istiqamətdə politoloq İlqar Vəlizadə ilə söhbətləşdik.

Politoloq Publika.az-a müsahibəsində dedi ki, ən yaxşı variant təkbətək müzakirələrdir.

- İlqar müəllim, ATƏT-in Minsk qrupu doğrudanmı "ölüb"? Ölübsə, ABŞ-ın nümayəndəsi bölgəyə hansı siyasi qiyafədə gəlmişdi?

- Bəli, Birləşmiş Ştatların Minsk qrupundakı həmsədri bu yaxınlarda İrəvana səfər etmişdi. Orada bir sıra danışıqlar aparmışdı. Amma erməni tərəfi onu ATƏT-in Minsk qrupunun həmsədri kimi qələmə verir. Mən düşünürəm ki, real olaraq həmin şəxsi ATƏT-in Minsk qrupunun həmsədri yox, Amerika Birləşmiş Ştatları prezidentinin xüsusi nümayəndəsi kimi təqdim etmək olar. Çünki artıq Minsk qrupu institutu yoxdur, “ölüb”.

- Bəs Rusiyanın bu institutun "beyin ölümü" keçirməsinə münasibəti necədir?

- Yeri gəlmişkən, Rusiya ATƏT-in Minsk qrupundakı həmsədrinin adını dəyişib. Həmin şəxs Xovayevdir və o, bundan sonra Rusiyanın region üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərəcək. Düşünürəm ki, artıq bu transformasiya gedir. Keçmişdə ATƏT-in Minsk qrupunun həmsədrləri kimi fəaliyyət göstərən insanlar artıq həmsədr kimi yox, öz rəhbərlərinin nümayəndələri kimi status daşıyırlar. Bu da o deməkdir ki, Minsk qrupu bir vasitəçilik institutu kimi yoxdur.

- Sizcə, Ermənistan tərəfi niyə hələ də israrla bu qurumun mövcudluğundan dəm vurur?

- Təəssüflər olsun ki, Ermənistan hələ də bunu başa düşmür. İrəvan müxtəlif bəhanələrlə bu qurumu yaşatmağa çalışır. Hətta ABŞ prezidentinin nümayəndəsinin Ermənistana səfərini işıqlandıranda da ATƏT-in Minsk qrupunun nümayəndəsi, həmsədri kimi qələmə verirlər. Yenə də deyirəm, həmin insanların Minsk qrupuna birbaşa aidiyyəti yoxdur. Əgər bir institut fəaliyyət göstərmirsə, onun həmsədri nəyə lazımdır?! Söhbət ABŞ, Fransa və Rusiyanın həmsədrlərindən gedir. Buna görə də söyləmək olar ki, artıq bu qurum mövcudluğunu itirib.

- Belə başa düşmək olar ki, ABŞ post-münaqişə dövründə Bakı və İrəvan arasındakı münasibətlərin Avropa və ya ATƏT-in, eləcə də Şarl Mişelin rəhbərlik etdiyi institut tərəfindən nizamlanmasına razıdır?

- Avropa yox, amma ATƏT tərəfindən nizamlanmasına razıdır. ATƏT-in keçmiş amerikalı həmsədri regiona səfər etmişdi. Azərbaycanda və Ermənistanda olmuşdu. Danışıqlar aparmışdı. Azərbaycan tərəfi bildirmişdi ki, biz ATƏT-in gələcək rolunu görmək istəyirik. Amma bu rol yeni, post-münaqişə dövrünün gündəminə uyğun bir rol olmalıdır. Yəni konkret hansısa məsələlərin, eləcə də hüquqi-praktiki məsələlərin tənzimlənməsi üçün ATƏT öz rolunu oynaya bilər. Şərt o deyil ki, Minsk qrupu fəaliyyət göstərsin. ATƏT özü bir qurum, təsisat olaraq müəyyən töhfələr verə bilər. Buna görə də ABŞ və digər ölkələrin ATƏT çərçivəsində öz fəaliyyətlərini davam etdirməsi mümkündür. Minsk qrupu yoxdur, amma Minsk prosesi qalır. Biz bilirik ki, orada 11 ölkə var. Əgər kimsə Minsk qrupunun dirçəlməsini istəyirsə, prosesə qoşula bilər. Burada da potensial olmalıdır. Bir sözlə, digər ölkələr, xüsusən də Türkiyə prosesdə daha fəal şəkildə iştirak edə bilər. Bəli, Türkiyə Minsk qrupunun üzvüdür. Eyni zamanda Finlandiyanı, Macarıstanı buraya aid edə bilərik. Digər ölkələr də burada təmsil olunur. Onların da indiki mərhələdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında müəyyən rol oynaması mümkündür. Taktiki baxımdan bu məsələ gündəmdə deyil. Ona görə də düşünmürəm ki, ATƏT-in Minsk qrupu dirilsin. Tərəflər indi münasibətlərin normallaşması məsələsi ilə məşğul olmalıdır. Digər məsələlər kənara qoyulmalıdır. Hansısa institusional məsələlərlə məşğul olmaq lazımdır.

- Bəziləri deyir ki, sülh prosesi "3+3" formatında müzakirə edilsə, daha effektli ola bilər. Sizcə, mümkündürmü?

- Yox, mən "3+3"ün hazırkı prosesə uyğun olduğunu düşünmürəm. Burada ən vacib formul təkbətək danışıqlardır. Yeri gəlmişkən, bunu Türkiyə tərəfi də təklif etmişdi. Buna potensial da var. Hətta onun əlamətləri də görünür. Artıq Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin təkbətək danışıqları da onu deməyə əsas verir ki, bunun üçün potensial mövcuddur. Biz daha çox bu amildən danışa bilərik. Yəni yeni format axtarışı əbəsdir. Daha vasitəçilik dövrü qurtardı. Vasitəçilik institutu vacibdir, amma digər məsələlərdə... Elə məsələlər var ki, biz vasitəçilik institutundan yan keçməliyik. Bəzi məsələləri təkbətək formada çözmək mümkündür. Yavaş-yavaş təkbətək varianta üstünlük verilməlidir.

- Düşünmək olarmı ki, Minsk qrupunun “ölümündən” sonra, ümumiyyətlə yeni dönəmdə Fransa oyundan kənar vəziyyətə düşüb?

- Guya Fransa oyunda olanda nə edirdi ki? Oyundan kənarda qalanda da heç nə etməyəcək, yəni Fransa üçün bu baxımdan dəyişən heç nə yoxdur. Fransa 30 il idi ki, oyunun “içərisində” idi. Heç nə ilə yadda qalmayıb. Hər hansı bir praktiki əhəmiyyətli təklif verməyib. Hər hansı bir təklifi irəli sürərək reallaşdırmayıb. Onun rolu nədən ibarətdir ki?! Bu sual açıqdır, hər kəs fikrini bildirə bilər. Rusiyanın rolu olub. Bunu açıq şəkildə demək lazımdır. Üçtərəfli sazişin ərsəyə gəlməsində Kremlin rolu danılmazdır. Üçtərəfli komissiyanın yaradılmasında, komissiya çərçivəsində gedən proseslərdə Moskva aktiv rol oynayır. Fransa isə heç nə ilə yadda qalmayıb. Birləşmiş Ştatların da bu məsələlərdə hər hansı bir fəaliyyəti olmayıb. Ona görə də onların rolu qeyri-müəyyəndir. Onlar heç nə etməyiblər. Ortalıqda hər hansı resursları yoxdur. Parisin hər hansı təsir rıçaqları da mövcud deyil. Bir-iki dəfə prezident Makron prezidentləri görüşdürüb, vəssalam. Bu, Makronsuz da mümkündür. Şarl Mişelin təşəbbüsü və vasitəçiliyi ilə tərəflər görüşüblər. Yeri gəlmişkən, Lavrov da tərəfləri görüşdürüb. Avropa Birliyi çərçivəsində də görüşlər baş tutub. Hansısa razılıqlar əldə olunub. Keçən ilin Brüssel görüşü də daha çox Avropanın vasitəçiliyi ilə həyata keçirilib. İndi də Avropanın vasitəçiliyi mövcuddur. Fransa hansısa proseslərə qoşulmağa cəhd göstərib, amma görüb ki, alınmır. Yenə də Fransa əsas dirijor rolunu oynamırdı. Bu rolun ifaçıları Avropa və Rusiya idi. Ona görə də düşünürəm ki, proseslərdə Fransanın rolu yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm