Nida.az
Şuşa dünya azərbaycanlılarının mənəvi paytaxtıdır
“Dünya Azərbaycanlılarının 5-ci Qurultayının Şuşada keçirilməsi Şuşanın ümummilli birləşdirici məkan və simvol kimi yerini möhkəmləndirib. Dünya azərbaycanlılarının ilk qurultayı Ulu öndər, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 2001-ci ildə siyasi paytaxtımız Bakıda keçirilib. Zəfər qurultayı kimi tarixə düşən Dünya Azərbaycanlılarının 5-ci Qurultayının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Şuşada keçirilməsi və onun həmin tədbirdəki çıxışı göstərdi ki, Şuşa dünya azərbaycanlılarının mənəvi paytaxtıdır”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.
Deputatın sözlərinə görə, Ulu öndər deyirdi ki, “Şuşa Azərbaycanın gözüdür”, “Biz o torpaqlara mütləq qayıdacağıq”: “Şuşanın düşmən işğalından azad edildiyi gün Prezident İlham Əliyevin fərmanı ilə “Zəfər Günü” elan olundu və həyatımıza Zəfər bayramı kimi daxil oldu. Şuşa azad olunduqdan sonra Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etdi. TÜRKSOY təşkilatı isə Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edib. Mədəniyyət mənəviyyatla bağlıdır. Şuşa Azərbaycanın mədəni və mənəvi irsi və rəmzləri ilə zəngin şəhərdir. Bütün bunlar onu deməyə əsas verir ki, Şuşa dünya azərbaycanlılarının mənəvi paytaxtıdır. Zəfər qurultayının Şuşada keçirilməsi, bütün dünyada yaşayan azərbaycanlıların Şuşaya toplaşması buna dəlalət edir. Bu mənada Prezident İlham Əliyevin Zəfər qurultayında etdiyi çıxış vurğulanmalıdır. İlk növbədə qeyd etməliyəm ki, çıxış Prezidentin Şuşanın və Azərbaycanın son 250 illik tarixinin ən mühüm məqamlarına, eləcə də işğala aparan proseslərə, işğal dövründə baş verən hadisələrə, 44 günlük Vətən müharibəsinə, müharibədən sonrakı planlara və sülh quruculuğu perspektivlərinə dair həm icmal xarakterli, həm də dəqiq qiymətləndirməyə əsaslanan baxışını əks etdirir. Şuşa azərbaycanlılar üçün böyük mənəvi dəyərə malikdir. İlham Əliyev çıxışında bu məqama toxunaraq qeyd etdi ki, tarixin müxtəlif dövrlərində Şuşanın erməniləşdirilməsinə yönəldilmiş böyük səylərə, xüsusən də onun keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə qatılmasına, 28 il işğal altında saxlanmasına baxmayaraq, milli ruhunu qoruyub saxladı. Məhz milli ruhumuzun daşıyıcısı olduğu üçün mədəniyyət beşiyimiz adlandırılan Şuşa Azərbaycan mənəviyyatında özünəməxsus yer tutan mədəniyyət və mənəviyyat şəhərimizdir. Şuşa həm də Qarabağın rəmzidir və Prezidentin istinad etdiyi kimi, “Kürəkçay” müqaviləsində Qarabağ xanı “Şuşalı İbrahimxəlil xan” kimi qeyd olunur. Təsadüfi deyil ki, Şuşa azad olunduqda cəmi bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Çünki tarix sübut edib ki, Şuşa kimindirsə, Qarabağ da onundur. Prezident qeyd etdi ki, işğal dövründə Şuşada cəmi 1800 nəfər erməni yaşayıb və onlar da hərbçilərdən və onların ailələrindən ibarət olub. Bu, Şuşanın azərbaycanlılar üçün mənəvi gücünü göstərir. Çünki Şuşanın hər daşı, hər qayası, hər küçəsi, hər bulağı Azərbaycandan xəbər verir, Azərbaycana məxsusluğunu göstərir. O baxımdan təsadüfi deyil ki, Şuşadakı bulaqlar işğal dövründə qurudulub və şəhər azad olunduqdan sonra həmin bulaqlar yenidən bərpa olunur. Çünki azərbaycanlılar Şuşaya – doğma Vətənə qayıdır. Məhz doğma Vətən uğrunda döyüşdükləri üçün Vətən müharibəsində Azərbaycan Ordusunda bir nəfər fərarilik etməyib. Halbuki Ermənistanın rəsmi məlumatına görə, onlarda fərarilərin sayı 10 min nəfərdən çox olub”.
A.Əliyev vurğulayıb ki, ölkəmizdə və dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların xəyallarında, arzularında Şuşanı ziyarət etmək istəyi birinci yerdə durur: “Bu, tarixən də belə olub. Şuşanın türk dünyasına bəxş etdiyi ən böyük şəxsiyyətlərdən bir olan Əhməd bəy Ağaoğlu 19-cu əsrin sonlarında Parisdə təhsil aldıqdan sonra orada qalıb fəaliyyət göstərmək təklifi alsa da, Şuşaya qayıtmağı, orada məktəbdə dərs deməyi, Şuşada ilk kitabxana-qiraətxana açmağı üstün tutub. O, Parisdə Qarabağı xatırlayır, Şuşanın “dar, palçıqlı və qaranlıq küçələrini” anırdı. Amma onu Parisdən Şuşanın qaranlıq, palçıqlı küçələrinə gətirən Şuşanın mənəvi gücü idi. Bu gün isə Şuşanın mənəvi gücünə Azərbaycan əsgərinin qəhrəmanlığı yeni nəfəs, yeni güc qatıb. Ağaoğlu o zaman Şuşaya qayıdan ilk dünya azərbaycanlısı idisə, bu gün dünya azərbaycanlıları Şuşada Zəfər qurultayına toplaşır”.
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi