“Azərbaycan-İsrail əlaqələri vacibdir“
Bizi izləyin

Nida.az

“Azərbaycan-İsrail əlaqələri vacibdir“

Millət vəkili, politoloq Rasim Musabəyov Azərbaycan-İsrail münasibətlərini dəyərləndirib. Publika.Az-a açıqlamasında millət vəkili deyib ki, Azərbaycanın İsraillə çoxşaxəli münasibətləri var və bu münasibətlər hər iki tərəf üçün strateji önəm daşıyır:

"İqtisadi dövriyyəmiz çox böyükdür, bu ölkə Azərbaycan neftinin ikinci, ya da üçüncü alıcısıdır. İsrailin ərəb ölkələri, həmçinin İranla çox gərgin münasibətləri var deyə onun Azərbaycandan başqa neft almaq imkanları xeyli məhduddur. Azərbaycan nefti İsrail bazarının təxminən 40-45 faizini təşkil edir. Bir sözlə, Azərbaycan İsrailin enerji təhlükəsizliyi üçün çox əhəmiyyətlidir".

İsrail Azərbaycana yüksək texnologiya satan azsaylı ölkələrdən olduğunu deyən millət vəkili bildirib ki, bu texnologiya həm kənd təsərrüfatı, həm səhiyyə, həm də hərbi texnologiyalara aiddir:

"Bizə demək olar ki, yüksək texnologiyalı silah verən yoxdur. Biz Rusiyadan, Ukraynadan SSRİ-nin dövründə 30 il bundan əvvəl istehsal olunmuş silahlar almaq məcburiyyətindəyik. Bizə yüksək texnoloji silahlari satan İsraildir. Azərbaycanın mövcud silahlarının modernləşdirilməsi üçün lazım olan, yəni silahların həm rabitəsi, həm atəşin idarə olunması ilə bağlı elektron texnologiyanı İsraildən alırıq. Ona görə də bizim İsraillə olan əməkdaşlığımız həm qarşılıqlıdır, həm də faydalıdır".

İranda bağlı məsələnin gərginləşdiyini deyən Rasim Musabəyov qeyd edib ki, İsrailin planları barədə məlumat almaq, fikir mübadiləsi aparmaq Azərbaycan üçün çox vacibdir. Yəhudi lobbisinin də çox güclü olduğunu vurğulayan millət vəkili bu lobbinin ABŞ-da Azərbaycana dəstək verdiyini söyləyib.

Azərbaycanın İsraildən böyük ölçüdə silah almasının Rusiyada qısqanclıq yaratmasına gəlincə, Rasim Musabəyov qeyd edib ki, Rusiyanın satmaq istədiyi silahlar Azərbaycanda da kifayət qədərdir: "Təbii ki, Azərbaycanın İsraildən silah alması Rusiya tərəfindən xoş qarşılanmır. Rusiya məmnuniyyətlə istəyərdi ki, köhnə texnikasını bizə satsın.

Rusiyadan aldığımız S-300 1980-ci illərin məhsuludur. Yaxud K-35 helikopter də o dövrün məhsuludur. Bizi sonacan o silahlara etibar edə bilmərik. Eyni zamanda onların elektron beyinlərində elə bir mexanizm ola bilər ki, həmin silahları Rusiyanın müttəfiqi Ermənistana qarşı istifadə edə bilməyək.

Rusiya müasir silahı Azərbaycana baha satır, onun eynisini isə ermənilərə pulsuz, ya da çox ucuz verir. Rusiya ilə bu əməkdaşlığımız davam edir, amma bu o demək deyil ki, biz Rusiyadan tam asılı olmalıyıq".

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm