İlham Əliyev Mingəçevirə səfər edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Mingəçevirə səfər edib

Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinə səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevə burada aparılan abadlıq işləri barədə məlumat verdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirdə 594 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni salınan yaşayış kompleksi barədə məlumat verdi. Bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub. Yeni yaşayış kompleksinə Mingəçevir şəhərində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcək.

Dövlətimizin başçısı 480 şagird yerlik məktəb binasında yaradılan şəraitlə tanış oldu.

Yüksək keyfiyyətlə inşa olunan, müasir avadanlıqla təchiz edilən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.

Burada yeni yaşayış kompleksinin sxeminə və maketinə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, 12 hektar sahəni əhatə edən bu məhəllədə 596 ev, məktəb, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib.

Dövlətimizin başçısı yaşayış kompleksinin uşaq bağçasında da oldu və burada yaradılan şəraitlə maraqlandı. Qeyd olundu ki, uşaq bağçasında da yüksək şərait yaradılıb.

Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə də tanış oldu.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olub.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə geniş məlumat verdi. Bildirdi ki, 1987-ci ildən istifadəyə verilən və uzun illər təmir olunmayan bu müalicə müəssisəsi ilk dəfədir ki, əsaslı şəkildə yenidən qurulur.

Qeyd edildi ki, bu tibb müəssisəsi möhtəşəmliyi ilə yanaşı, xidmətin müxtəlifliyi ilə də fərqlənir. Xəstəxana kompleksi 3 əsas korpusdan ibarətdir. Burada doğum şöbəsi, cərrahiyyə və terapiya bölmələri fəaliyyət göstərəcək. 430 çarpayılıq xəstəxana mərkəzləşmiş havalandırma sistemi, ən müasir tibbi avadanlıqla təmin olunub. Palatalarda xəstələrin rahatlığı üçün hər cür şərait yaradılıb.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, xəstəxananın bütün infrastrukturu tamamilə yenilənib.

Yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xəstəxananın kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirə səfəri çərçivəsində Müşfiq Mirzəyev adına “Dostluq” parkında yaradılan şəraitlə maraqlanıb.

Ümumi sahəsi 6 hektar olan parkda müasir işıqlandırma sistemi və fəvvarə quraşdırılıb, geniş yaşıllıq zolaqları salınıb, dekorativ ağac və kollar əkilib. Parkda yay konsert səhnəsi tikilib. Burada açıq havada şəhər əhəmiyyətli müxtəlif tədbirlər və konsert proqramları təşkil olunur. Parkda müxtəlif istirahət guşələri, həmçinin uşaq əyləncə meydançaları yaradılıb, müasir attraksionlar və yelləncəklər quraşdırılıb. Aparılan yenidənqurma işləri sayəsində park şəhər əhalisinin və qonaqların ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirə səfəri çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsdi.

Bu gün dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə Azərbaycanın gələcəyi olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti bu baxımdan vacib əhəmiyyət daşıyır.

Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etməsi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramından da görünür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və bu istiqamətdə çox mühüm nəticələr əldə edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mingəçevirdə inşa olunan uşaq bağçası bir daha aydın göstərir ki, Fondun həyata keçirdiyi bu qəbildən layihələr ardıcıl xarakter alıb və artıq respublikanın bütün bölgələrini əhatə edir.

Yeni uşaq bağçası 120 yerlikdir və onun inşasına 2014-cü ilin aprelində başlanılıb. Uşaq bağçasının foyesində ümummilli lider Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Bağçada məşğələ, oyun, tibb otaqları var. Uşaq bağçasında kompyuter, rəsm, şahmat otaqları da balacaların ixtiyarına veriləcək. İkimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait qurulub. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub, uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Təhsil ocağındakı bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq. Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb, yay çardaqları və oyun meydançası quraşdırılıb.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirdə Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub.

Məlumat verildi ki, Heydər Əliyev Parkının yenidən qurulmasına 2014-cü ilin may ayında başlanılıb. Hazırda tikinti işləri sürətlə davam etdirilir. Ümumi sahəsi 3 hektar olan parkda sakinlərin və qonaqların istirahəti üçün hərtərəfli imkanlar yaradılacaq, yeni yaşıllıq zolaqları salınacaq. Bu layihənin həyata keçirilməsi bir daha sübut edir ki, Azərbaycan dövlətinin vətəndaşların sosial məsələlərinin həlli, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində atdığı addımlar ardıcıl xarakter daşıyır.

Bu parkın yenidən qurulması, ümumilikdə, ölkəmizdə geniş vüsət alan abadlıq-quruculuq işlərinin bir hissəsidir. Digər tərəfdən, belə istirahət mərkəzlərinin müasir səviyyədə qurulması, yeni park və xiyabanların salınması şəhər və rayon mərkəzlərinin simasını gözəlləşdirir. Bu baxımdan, Mingəçevirdə Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri şəhərin gözəlliyini daha da artırır, onun simasına müasir elementlər əlavə edir.

Prezident İlham Əliyevə Heydər Əliyev prospektində görüləcək işlər, o cümlədən tikintisi nəzərdə tutulan “Mingəçevir Sənaye Parkı” barədə də məlumat verildi. Bildirildi ki, Mingəçevir toxuculuq fabrikinin 15 hektaradək ərazisi Sənaye Parkına veriləcək. Burada yüngül sənaye üzrə müxtəlif istehsal müəssisələrinin yaradılması planlaşdırılır. Sənaye Parkında mahlıc, iplik, toxuculuq, boyama, tikiş və digər sahələr yaradılacaq, həmin müəssisələrdə 2 mindən çox sakin işlə təmin olunacaq. Yaradılacaq müəssisələrin ilkin dəyəri 100 milyon manatdır və bu layihələrin müəyyən hissəsi İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

“Kür” Mədəniyyət Mərkəzinin layihəsinə baxan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Kür çayının Mingəçevirdən keçən hissəsinin üzərində körpü inşa olunacaq. Bildirildi ki, şəhərdəki yaşayış binalarının fasadlarında, o cümlədən Heydər Əliyev prospektindəki keçiddə də son vaxtlar geniş yenidənqurma işləri aparılıb.

Dövlətimizin başçısı işlərin yüksək səviyyədə yerinə yetirilməsinə dair tapşırıq və tövsiyələrini verdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirdə Kür çayının sağ sahilində inşa olunan “Ağsaray” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Məlumat verildi ki, 2,5 hektar sahəsi olan otel ən müasir səviyyədə inşa edilir. Otel kompleksi 5 korpusdan ibarətdir. Ümumilikdə, oteldə 55 otaq olacaq. Burada restoran, kafe-bar, əyləncə mərkəzi, konfrans zalı yaradılacaq. Bundan başqa, oteldə uşaq və böyüklər üçün qapalı və açıq hovuzlar, sauna, fitnes zalı, masaj otaqları, günəş vannası qəbulu üçün terraslar da qonaqların ixtiyarına veriləcək. İnşaat işləri zamanı Kür çayının üzərindən asma kanat yolunun inşası da nəzərdə tutulur. Otelin kottecləri də olacaq.

Yeni otelin istifadəyə verilməsi həm də iş yerlərinin açılması baxımından əhəmiyyətlidir. Belə ki, kompleks istifadəyə veriləndən sonra burada 40 nəfər işlə təmin ediləcək. Otelin ilk Avropa Oyunları başlayanadək istifadəyə verilməsi nəzərdə tutulur.

Bu cür komplekslərin inşası, ilk növbədə, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının göstəricisidir. Digər tərəfdən, belə obyektlər bir neçə aydan sonra ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının iştirakçılarını yüksək səviyyədə qəbul etməyə, onlara müasir xidmət göstərməyə geniş imkanlar yaradır. Belə layihələrin icrası onu da sübut edir ki, indi Azərbaycanın bölgələri də ən müasir infrastrukturla təchiz edilir, regionlarda dünya standartları səviyyəsində istirahət məkanları inşa olunur. “Ağsaray” otelinin inşası Mingəçevirə turist axınının artmasına səbəb olacaq.

Prezident İlham Əliyev otelin inşası ilə bağlı tapşırıq və göstərişlərini verdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevirə səfəri çərçivəsində “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olub.

Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına birinci Avropa Oyunlarına hazırlıqla bağlı burada həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, artıq yenidənqurma tədbirləri son mərhələyə daxil olub və bu qəbildən işlər mərkəzin otel hissəsini də əhatə edib.

Qeyd edək ki, bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan avarçəkmə bazasıdır. Bir neçə aydan sonra ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının bəzi yarışları bu mərkəzdə təşkil olunacaq.

Xatırladaq ki, bu il iyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6 mindən artıq idmançı 20 idman növündə mübarizə aparacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm