XOMEYNİÇİLİK: Şiəliyin məhvi, yaxud “Allaha, yoxsa İrana ibadət?”
Bizi izləyin

Nida Təhlil

XOMEYNİÇİLİK: Şiəliyin məhvi, yaxud “Allaha, yoxsa İrana ibadət?”

“Allah, Quran, Xomeyni”, İran öz küçələrindən böyük pankartlarda asdığı bu şüarı siyasi ideologiyasının təməl prinsipinə çevirərək, bütün region üzrə Xomeyniçiliyin “Hakim Din” olması istiqamətində çalışır. Və bunu İslam dininin və bu dinin ən böyük məzhəblərindən olan şiəliyin təməllərinin istismarı üzərindən həyata keçirir.

1979-cu il “İslam inqilabı”, ondan sonra baş verənlər, Xomeyninin ilahiləşdirilməsi və regionun böyük şiə kəsimi üzərində ilahi qüvvə olaraq təbliğ edilməsi, “Şiə hilalı” planları, günümüzdə yaşanan təhlükəli proseslər İranın üfüqdəki hədəfini aydın göstərir: xomeyniçiliyin regionda “hakim din” olaraq qəbul edilməsi və bütün regionun, hətta mümkün olarsa, İslam dünyasının İranın şəmsiyyəsi altında toplanmasına nail olmaq.

“Allah, Quran, Xomeyni” ideologiyası ilə fani insanı Yaradan və onun kitabından sonra üçüncü cərgəyə qoyaraq ilahiləşdirən İran (bu ölkədə Xomeyninin həyatı Quranla bərabər məktəblərdə dini vəsait olaraq tədris olunur) bununla dini kəsimin inancını istismar etdiyi kimi, bunun davamı olaraq, regionda siyasi hakimiyyəti ələ almaq üçün “Allahu Əkbər, Xomeyni rəhbər” şüarını irəli sürür.

Bu gün İranın Azərbaycan da daxil olmaqla regionun bütün ölkələrinə dini müdaxiləsi, şiəliyin istismarı ilə inanclı insanları “öz nağıllarına” inandıraraq, milli dövlətlərin suverenliyinə din üzərindən hücumların edilməsi və bu sırada onlarla fakt məsələni aktuallaşdırır. Araşdırmalar faktiki olaraq, İranın İslamın təməllərinə uzaq olan “Xomeyniçilik dini” yaratdığını və bunu “şiəlik niqabı” altında regiona ixrac etdiyini, sadə şiələri özünün hədəfləri uğrunda xərclənən vəsaitə çevirdiyini göstərir. Və bu baxımdan da sadə inanclıların həqiqəti daha aydın qavraması üçün ilk olaraq “Xomeyni ilahi şəxsdirmi”, “Xomeyniçilik Allaha, yoxsa İrana ibadəti buyurur” sualları üzərində dayanmaq lazımdır.

Allahın, yoxsa Qərbin göndərdiyi adam?: İranda 1979-cu il İslam inqilabı ilə vaxtilə Şahın əleyhinə çıxdığı üçün sürgündə olan Ruhullah Xomeyni Fransadan Tehrana qayıtdı. Onun Avropa ölkəsindən İrana inqilab lideri olaraq dönüşü, ardınca Qərbə qarşı düşmən mövqe sərgiləməsi suallar yaradırdı. Hərçənd, dünyanın siyasi sistemində Xomeyninin hansısa məxfi razılaşmalar olmadan, özü də Avropa ölkəsindən İrana lider olaraq dönüşü mümkünsüz idi və burada onun Vaşinqtonla məxfi yazışmaları yada düşür. (Yanvarın iki həftəsi: Xomeyni ilə ABŞ-ın məxfi sövdələşməsi). Konkret sənədlərə əsaslanan bu faktlar Xomeyninin hakimiyyətə gəlişində heç bir ilahi qüvvənin rol oynamadığını, əksinə, sonradan “Böyük şeytan” adlandıracağı Birləşmiş Ştatların əməyi aydın görünür. Tarix Ruhullah Xomeyninin “Allahın elçisi”, yaxud “Yer üzərindəki canişini” ideologiyasının sadəcə İranın insanları önündə diz çökdürmək üçün qurduğu təbliğat olduğunu sübut edir. Doğrudur, inqilabdan sonra İranın ABŞ-a qarşı sərt mövqeyi, xüsusilə amerikalı diplomatların girov alınması Vaşinqtonla Xomeyninin məxfi yazılaşmaları fonunda fikirləri qarışdırır. Bəzi ekspertlər hesab edirlər ki, inqilabdan sonra ABŞ-ın Yaxın Şərqdə atdığı bütün addımlar İranın yolunun açılması ilə nəticələnib və bu əslində məxfi razılaşmaların nəticəsidir, bəzilərinə görə isə Xomeyni sadəcə olaraq amerikalıları inandırdı, sonra onlarla razılaşmanı pozdu. Həqiqət hələ də tam açılmayıb, lakin o həqiqətdir ki, İran inqilabı dövründə Qərb üçün SSRİ-nin sərhədləri dibində dünyəvi və getdikcə Moskvaya ilıq münasibət sərgiləyən Şah rejimindənsə, kommunizmin yayılmasının qarşısında sədd olacaq radikal dini rejim daha münasib idi. Xomeyninin hakimiyyətə gələndən sonra İranda, xüsusilə Cənubi Azərbaycanda sol hərəkatının məhv edilməsi də diqqəti bu ehtimal üzərinə çəkir. Və o da dəyişməyən həqiqətdir ki, Xomeyni bir çox siyasi lider kimi siyasi manevrləri ilə hakimiyyətə gələ bilmişdi. Hərçənd, dini kəsimin sadəlövhlüyü İran üçün “yoğurmaq istədiyi xəmirdə ən ucuz su idi” və İslam inqilabından günümüzə qədər aparılan 39 illik “İmam Xomeyni” təbliğatında bu vasitədən gen-bol istifadə olunur.

Ruhullah Xomeyni, necə “İmam Xomeyni” oldu?: Ruhullah Xomeyni İrana qayıdanda onun Həzrət Əliyə bənzədilməsi prosesi başlandı. Bu, təkcə kütlənin eyforiyası yox, həm də şüurlu gediş idi. 1978-ci ildə Xomeyninin böyük oğlu Mustafa Nəcəfdə qətlə yetirilir, Xomeyninin tərəfdarları bu qətlin Şah tərəfindən həyata keçirildiyini iddia edərək, Qumda etirazlara başlayırlar. Proseslərin sonu inqilab və Xomeyninin lider olaraq Tehrana gəlişi ilə nəticələndi. Dini təbliğatsa belə quruldu: Həzrət Əlinin oğlu İmam Hüseyn Kərbəlada qətlə yetirildi və bu, İslam tarixində inqilabın simvoluna çevrildi, Xomeyninin oğlu da qətlə yetiriləndən sonra İranda inqilab başlandı. Yəni Həzrət Əli və Xomeyni övladı qətlə yetirilən ata statusunda göstərildi.

Xomeyninin imam olması (burada imam camaatın önündə namaz qıldıran statusunda yox, İmamət mərtəbəsinə yüksələn kimi qəbul edilir) “Vilayəti-Fəqih” nəzəriyyəsinin nəticəsidir. Xomeyninin Nəcəfdə dərs deyərkən irəli sürdüyü bu nəzəriyyə şiəliyin cəfərilik qolunda siyasi idarəçiliyin yeni üslubu hesab olunur. Xomeyni iddia edirdi ki, 12-ci imam (Mehdi) qeybdə olduğu üçün müctəhidlər (dini məsələlərdə hökm verənlər) onun naibləridir və bu naiblər Mehdi zühur edənə qədər siyasi hakimiyyəti onun təmsilçisi olaraq idarə edə bilərlər. Mehdinin zühuru haqqında bütün səmavi dinlərin hədis ədəbiyyatında bəhs edilir, lakin Xomeyninin irəli sürdüyü nəzəriyyə siyasi Olimpə yüksəlmək üçün ortaya atılmış ideya idi. O, iddia edirdi ki, “Vilayəti-Fəqih” Mehdinin səlahiyyətli nümayəndəsidir və onun zühuruna qədər dini rəhbərin bütün əmrləri yerinə yetirilməlidir, çünki bu, əmrlər əslində qeybdəki imamın əmrləridir. Hətta İranda Xomeyninin Mehdi ilə gizlində görüşdüyü haqqında rəvayətlər də uydurulurdu, əslində bu dini kəsimin hisləri üzərindən “mütləq hakimiyyətin” qurulması məqsədinə xidmət edirdi. Daha sonra əfsanələr bir qədər də şişirdilərək, Xomeyninin əslində Mehdinin özü olduğu iddiaları da irəli sürüldü.

Xomeyninin bu nəzəriyyəsi daha çox bəhailiyi xatırladır. XIX əsrin ortalarında İranda meydana gələn Bəhailik də Mehdinin tezliklə zühur edəcəyini iddia edirdi. Bəhailərin lideri Şeyx Əhməd Əhsaini iddia edirdi ki, Mehdi gələcək və Yer üzündə ədaləti bərpa edəcək, lakin onun hakimiyyəti siyasi yox, ruhani olacaq. Bəhailik İranda ciddi təqiblərə məruz qaldı, hətta inqilabdan sonra da Xomeyni onlara aman vermədi. Hərçənd, Xomeyninin “Vilayəti-Fəqih” ideologiyası bəhailik ideologiyasının siyasi davamı idi. Görünür, Xomeyni bu ideologiyanı siyasiləşdirmək üçün bəhailiyi maneə olaraq görürdü. Bəhaliyi təqib edən Xomeyni hakimiyyətinin dünyəvi dövləti dəstəkləyən şiə dini liderlərinə də aman verməməsi əslində xomeyniçiliyin şiə niqabına bürünmüş siyasi cərəyan olduğunu bir daha təsdiq edir.

Şiələrə ölüm, yaşasın xomeyniçilik: Xomeyni hakimiyyətə gələn kimi ilk hədəfi İslam inqilabında rol oynamış, lakin dünyəvi dövlət ideologiyasını dəstəkləyən dini liderlər oldu. Azərbaycanlı din xadimi Ayətullah Şəriətmədarinin yaşadığı müsibətlər bunun bariz nümunəsidir. Xomeyninin “Vilayəti-Fəqih” nəzəriyyəsini dəstəkləməyən Şəriətmədarinin Qumdakı evi ələ keçirildi, özü ev dustaqlığına məhkum edildi. Xərçəng xəstəsi olan Şəriətmədarinin müalicə olunmasına icazə verilmədi, nəticədə xəstəlikdən dünyasını dəyişdi. Hətta Xomeyni vaxtilə ona müəllimlik etmiş Şəriətmədarinin İslam qaydalarına uyğun dəfninə də icazə vermədi. Şəriətmədarinin timsalında Cənubi Azərbaycanda 10 minlərlə insan məhkəmə hökmü olmadan edam edildi, 100 minlərlə insan həbsxanalara atıldı və sürgün olundu. 1980-ci ildə “Sepah”ın Cənubi Azərbaycana tanklarla girişi və törətdikləri özünü Mehdinin naibi elan edən Xomeyninin siyasi hakimiyyət uğrunda nələr edə biləcəyini göstərdi. Cənubi Azərbaycanda törədilənlər həm sol hərəkatının məhv edilməsi, həm də dinin dövlətdən ayrı tutulması ideyasını dəstəkləyən, bununla da Xomeyninin “siyasi şiəlik” planlarına mane olanların “torpağa basdırılması” idi.

Böyük şiə din alimi Əbülqasim Xoyi də Şəriətmədarinin taleyini yaşadı, lakin o, İraqa sürgün olunduğu və 1992-ci ildə ölümünə qədər orada sağ qala bildiyi üçün daha şanslı idi. Xoyinin günahı hələ Xomeyni Nəcəfdə olarkən irəli sürdüyü “Vilayəti-Fəqih” nəzəriyyəsinə qarşı çıxması olmuşdu. Onun oğlu Əbdülməcid Xoyi 2003-cü ildə Səddamın devrilməsindən sonra İraqda Xomeyninin əsas gücü olan Sədr ailəsi tərəfindən, konkret desək, Müqtəda Sədr tərəfindən qətlə yetirildi. (Həmin vaxt Xomeyni vəfat etmiş, yerini Xamnei tutmuşdu, lakin xomeyniçilik artıq İranın siyasətində əsas ideologiya halına gəlmişdi). İddialara görə, Əbdülməcid Xoyi İraqda hakimiyyətə gəlməyi planlaşdırırmış, onun qətlinə səbəb də bu olub. Müqtəda Sədr Əbdülməcidin qətlindən sonra Səddam dövründə İrana köçən və 9 il Tehranda yaşayan Nuri əl-Malikini hakimiyyətə gətirdi. Bu, Xomeyninin 8 illik müharibədə əsas məqsədi olan İraqa hakim olmaq planının davamı idi. Əbdülməcidin İraqda hakimiyyətə gəlişi “Vilayəti-Fəqih” nəzəriyyəsinin bu ölkədə təsirini itirməsi, eləcə də şiələrin müqəddəs məkanları olan Nəcəf və Kərbəlanın əldən çıxması demək olardı. Buna oğul Xoyinin qətli hesabına da olsa imkan verilmədi. Məhəmməd Bakir al Hakimi də Əbdülməcid kimi Xomeyniçiliyə qarşı çıxdığı üçün eyni taleyi yaşadı.

Araşdırmalar təsdiq edir ki, Xomeyni hakimiyyəti və onun adını daşıyan, bu gün İranın regionda siyasi hədəfləri uğrunda əsas ideologiyaya çevirdiyi xomeyniçilik nəzəriyyəsi nə qədər şiəliyə istinad etsə də, əslində bu məzhəbin parçalanmasına xidmət edib. İnqilabdan sonra İranda “Vilayəti-Fəqih”i dəstəkləməyən 100 mindən çox şiəni qətl edən “ölüm maşını” sərhədləri aşdı.

- İran-İraq müharibəsi: 8 illik müharibə zamanı 1 milyondan çox şiə ölümə məhkum oldu və bu müharibə Xomeyninin öz siyasi hakimiyyətini regionda qəbul etdirmək məqsədinə xidmət edirdi. İran buna yalnız Səddamın devrilməsi və Əbdülməcid Xoyi və Məhəmməd Bakir al Hakiminin qətlindən sonra nail olacaqdı. Bu yolda minlərlə can alındı.

- Livan: 1980-ci ildə xomeyniçilik ideologiyası bu ölkəyə gəldi və onun davamçıları şiələrin birliyi olan “Amal”a qarşı çıxmağa başladılar. Həmin dövrdə İran istəyinə tam nail ola bilmədiyi üçün 1985-ci ildə “Hizbullah”ı yaratdı və beləliklə Livandakı şiələr parçalandı. Bu parçalanma günümüzdə də davam edir.

Əfqanıstan: İran bu ölkədə şiə birliyinin dağılmasında birbaşa qol oynadı. Xomeyni hakimiyyətə gələndən sonra Əfqanıstanda onun ideologiyasını qəbul etməyən “xəzər şiə”lərinə (qızılbaşlar) qarşı solçu “Maoist” qrupunu dəstəklədi. Bu gün İran Əfqanıstanda mövcud olan “Liva Fatimiyun” qrupuna dəstək verməklə, “xəzər şiələri”nin fiziki təqibi həyata keçirir.

İran Xomeyniçiliyin “hakim din” olması üçün Suriya, Yəmən və Bəhreyndə də şiələri parçalamaq, vətəndaş müharibəsi yaratmaq ssenarilərini həyata keçirir.

Azərbaycan – şiələrlə döyüşən ermənilərə dəstək: Xomeyniçiliyin Qarabağ müharibəsində şiəliyə heç bir bağlılığının olmadığı, əksinə İranın siyasi maraqlarına xidmət edən “yeni din” olaraq meydana çıxdığı çılpaqlığı ilə məlum oldu. Bu gün də xomeyniçiliyin hakim olduğu İran əksəriyyəti şiə inancına mənsub olan Azərbaycan xalqına qarşı soyqırımı törətmiş işğalçı Ermənistanı dəstəkləyir. Hətta İran işğal altındakı Qarabağda ermənilərin məscidlərdə donuz saxlamasına belə göz yumur.

Yaxın Şərq üzrə məşhur ekspert, İranşünas Əmir Taheri “İran bidəti” adlı məqaləsində Qarabağ müharibəsi zamanı İranın Ermənistanı dəstəkləməsini yada salaraq yazır ki, xomeyniçiliklə şiəliyin fərqli olduğu Azərbaycanda daha aydın şəkildə görünür.

“İranda mövcud olan rejim şiəlikdən uzaq olan xomeyniçilik ideologiyasına əsaslanır. İran xomeyniçiliyi artıq şiələrin ürəyincə deyil. Xomeyniçiliyin hədəfi ondan ibarətdir ki, şiələr parçalanmış olaraq qalmalıdır. Belə olanda onlar Tehrandan asılı olacaq”, - deyə o yazır.

Faktlar təsdiq edir ki, xomeyniçilik şiələrə “parçala və hökm et” prinsipi üzərindən yanaşır: regionun şiə əhalisi üz-üzə qoyulur; xomeyniçiliyi – İranın maraqlarını qəbul edənlər “əsl iman gətirənlər”, digərləri “dindən çıxmışlar” olaraq bölünür; hədəf bütün regionda İrana xidmət edən dini kəsimin formalaşdırılması və “şiə hilalı” adı altında xomeyniçiliyin “hakim din” olacağı gücün yaradılmasıdır;

İranın xomeyniçiliyə əsaslanan xarici siyasət doktrinasına nəzər yetirdikdə də bütün məsələnin nə Kərbəla müsibəti, nə Əhli-beyt eşqi, nə də şiəlik olduğu aydın olur, bütün məsələ İranın regionda, hətta mümkün olarsa İslam dünyasında hakim olmasına nail olmaqdır və bu məqsəd uğrunda din də, şiəlik də, inanclar da qurban verilir.

Tədqiqatçılar İran imperiyasının yaradılmasına əsaslanan və xomeyniçilik üzərində qurulan doktrinanı əsasən 3 hissəyə bölürlər:

- İdealizm: İran islam inqilabı bütün dünyanın yenidən qurulmasını həyata keçirir. Yəni bütün dünya İranın şəmsiyyəsi altında olmalıdır.

- Universalizm: İslam inqilabı bütün müsəlmanlar üçün eyni mənaya malikdir. “Sənin üsyanın, İran gəncləri, sənin üsyanın İran xalqı ilahi, Quran və İslam dirçəlişi üçün müqəddəs mübarizədir, şübhəsiz, dünyanın bütün müsəlmanları onun təsiri aldın düşəcəklər”, - Xomeyni bildirir və bununla əslində İranın siyasi hədəflərini ortaya çıxarır.

- Populizm: Xomeyniçilik təcrübəsi inqilabi təcrübə olaraq islam konsepsiyası kimi təbliğ edilir.

Xomeyni özünün “Vilayəti-Fəqih” kitabında İranın İslamı imperiya siyasətində əsas rıçağa çevirdiyini dolayısı ilə təsdiqləyir.

“Siz islam və islami hökumətin proqramlarını dünya əhalisinə çatdırın ki, bəlkə müsəlman ölkələrinin başçıları işin doğru olduğunu başa düşdülər. Onların vəzifədə qalmasının şərti sizinlə həmrəy olmaqdır”, yaxud, “Zalım hökumətlərlə əməkdaşlıq etməmək, onlarla əlaqələri pozmaq və onları devirmək lazımdır. Yeni siyasi, iqtisadi və mədəni təşkilatların qurulması bizdən asılıdır və tağutu (qeyri-islami rejim) islami ölkələrdə aradan götürmək bizim boynumuzdadır”, - deyə yazan Xomeyni bununla “Allaha deyil, İrana “ibadət etməyi” tələb edir və buna əməl etməyənləri açıq şəkildə təhdid edir.

Və burada “Xomeyniçilik Allaha, yoxsa İrana ibadəti buyurur” sualının cavabı da aydınlaşır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm