Pilotların danışıqlarını mediaya kim ötürüb? - Rusiyanın daha bir təxribatı
Bizi izləyin

Nida Təhlil

Pilotların danışıqlarını mediaya kim ötürüb? - Rusiyanın daha bir təxribatı

Son günlərdə Rusiya ərazisində kənar fiziki müdaxilə və hücuma məruz qalaraq Aktauda qəzaya uğrayan Azərbaycana məxsus mülki təyyarə ilə bağlı həqiqətləri manipulyasiya etmək cəhdləri müşahidə edilir. Bu məsələdə Rusiyanın xüsusilə də hakimiyyətin nəzarətində olan bəzi media orqanları pilotların dispetçerlə danışığını yayaraq, Azərbaycanı hədəf alırlar. Bu proses idarə edən isə əli hər yerə çatan Federal Təhlükəsizlik Xidmətidir. Gah Azərbaycanı neonasistlərin dili ilə hədələyir, gah da “Komsomolskaya pravda”da bir sifarişli mirzənin vasitəsilə uydurmalar qoşur, özlərini daha da gülünc vəziyyətə qoyurlar. Bəs bu kampaniyanın başlıca məqsədi nədir?

Əsl informasiya təzyiqi

Əslində əsas araşdırılmalı və cavab verilməli məqam mülki təyyarənin Rusiyanın hava məkanında vurulması və kənar müdaxiləyə məruz qalması faktıdır. Görünür, bəzi qüvvələr Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli, şəffaf araşdırma tələbi fonunda hələ də həqiqətləri gizlədərək məsuliyyətdən qaça biləcəklərini düşünürlər.

Qazaxıstanlı politoloq Dimaş Aljanov “Report”a açıqlamasında bildirib ki, qəzaya uğramış təyyarəsinin pilotları ilə Rusiya hava limanlarının yerüstü xidmətləri arasında guya baş tutmuş danışıqların dərc edilməsi Qazaxıstan və Azərbaycana qarşı əsl informasiya təzyiqi aktıdır. "Ötən ilin dekabrında Bakı-Qroznı reysinin pilotları ilə yerüstü xidmətlərin deşifrə edilmiş danışıqları rəsmi təsdiqini tapmayıb. Bu cür deşifrələrin meydana çıxması araşdırmanı aparan Qazaxıstana və təyyarəsi qəzaya uğrayan Azərbaycana qarşı informasiya təzyiqi cəhdindən başqa bir şey deyil ", - Aljanov bildirib.

Hesabat yanvarın sonunda açıqlanacaq

Politoloq qeyd edib ki, deşifrə edilmiş danışıqlar Rusiya isteblişmentinin müəyyən dairələrinə yaxın olduğu iddia edilən "Telegram" kanallarında yayılıb. "Qazaxıstan hökumətinə yönəlmiş təzyiqdən danışsaq, onun hansı mövqe tutacağı hələ məlum deyil. İnternetdə stenoqramın dərc edilməsindən sonra nə Qazaxıstan, nə də Azərbaycan tərəfindən hələ heç bir rəsmi şərh verilməyib", - deyə politoloq bildirib və yanvarın sonunda açıqlanacaq rəsmi hesabatı gözləməyin lazım olduğunu qeyd edib. Onun sözlərinə görə, Qazaxıstan istənilən gedişatda həm Azərbaycan, həm də Rusiya ilə normal münasibətləri qorumağa çalışacaq.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. ("Kaspi" qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm