20 Yanvar faciəsində Rusiya ilə yanaşı, yerli quldurların da rolu var - Professor
Bizi izləyin

Nida Təhlil

20 Yanvar faciəsində Rusiya ilə yanaşı, yerli quldurların da rolu var - Professor

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya, həmçinin Azərbaycanın digər şəhər və rayonlarına yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər isə yaralanıb.

Məhz bu mövzu ilə bağlı Publika.az-a açıqlama verən hüquq elmləri doktoru, professor, görkəmli hüquqşünas Məhəmməd İmanlı bildirib ki, 20 Yanvar faciəsində Azərbaycan xalqının göstərdiyi şücaət millətimizin qüruru, qüdrəti və qətiyyətinin nümunəsidir.

Onun sözlərinə görə, faciəni törədən cinayətkarların ədalət məhkəməsinə cəlb edilməsi üçün kifayət qədər əsaslar olsa da, onlar heç bir məsuliyyətə cəlb olunmayıblar:

“Yanvarın 19-dan 20-sinə keçən gecə xalqımızın azadlıq mübarizəsini boğmaq üçün Rusiyanın azğınlaşmış qoşunlarının Azərbaycanın 7 rayonunda və Bakı şəhərində yerləşdirilməsi birbaşa Mixail Sergeyeviç Qorbaçovun əmri ilə baş tutub. Həmin hücumda iştirak edərək insanlara işgəncə verən, yüzlərlə vətəndaşımızı oğurlayan, qətlə yetirənlərin arasında kifayət qədər erməni quldur dəstələri olub və bu, faktlarla sübut edilib.

Həmin dəstələr Rastov, Krasnodar, Stavropoldan Azərbaycana cəlb olunmuşdur. Onlar xalqımıza, özünün azadlıq mübarizəsini aparan dinc əhaliyə qarşı heç bir beynəlxalq konvensiyalara məhəl qoymadan amansızcasına hərəkət etmişlər.

Bu cinayət SSRİ rəhbərliyinin təkcə Azərbaycan xalqına qarşı deyil, həm də Ulu Öndər Heydər Əliyevə, onun şəxsiyyətinə, millətinə qarşı törədilmiş cinayət kimi qiymətləndirilməlidir”.

Professor həmin dövrün canlı şahidlərindən biri olduğundan da qürurla bəhs edib:

“Bakı Dövlət Universitetinin tələbəsi olaraq bütün bu hadisələrin canlı şahidi olmuşuq. Həmin dövrdə universitetimizin və digər ali məktəblərin tələbələri Vətən sərhədlərinə xidmətə gedir, müxtəlif könüllü batalyonlarda iştirak edir, əhaliyə müxtəlif yardımlar göstərirdi.

Xüsusi olaraq vurğulayım ki, həmin dövrdə Heydər Əliyev öz sözü ilə bütün dünyaya mesaj vermişdir. O, dünya ölkələrinə müraciət edərək Azərbaycan xalqının haqqsız yerə qanlı cinayətkarlar tərəfindən zülmə məruz qaldığını və bu hadisənin səbəbkarlarının kimliyini çatdıra bilmişdir.

Azərbaycan xalqı liderinə, onun həmin dövrdəki tarixi şücaətinə arxalanaraq, özünün azadlıq bəyannaməsini və müstəqilliyini elan etmişdir.

Unutmamaq lazımdır ki, bu faciədə yerli quldurların da rolu var. Onlar Ulu Öndərin gəlməsinə mane olmaqla Qorbaçovun əmrlərini yerinə yetirirdilər.

Odur ki, bu hadisələrin törədilməsində əli qana batmış Rusiya ilə yanaşı, yerli quldurlarımızın da birbaşa əli var”.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm