Bu konfrans yeni reallığın qlobal müstəvidə təqdimatı idi - Deputat
Bizi izləyin

Nida Təhlil

Bu konfrans yeni reallığın qlobal müstəvidə təqdimatı idi - Deputat

"Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" mövzusunda təşkil etdiyi videokonfransda bir sıra mühüm mesajlar verdi. Bu konfrans Azərbaycanın regionda yaratdığı yeni reallığın qlobal müstəvidə təqdimatı idi".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Millət vəkilinin fikrincə, nəzərə almaq lazımdır ki, 9 il əvvəl bu Beynəlxalq Mərkəz yaradılarkən onun əsas missiyalarından biri kimi, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, multikultural dəyərlərinin, sülhün və ədalətin təbliğ edilməsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması müəyyənləşdirilmişdi:

"Qürurverici haldır ki, bu gün artıq biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısında torpaqlarımızın azad edilməsindən, haqqın və ədalətin, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsindən və önümüzdəki mərhələdə regional inkişaf perspektivlərindən, inteqrasiyadan danışırıq. Bu kontekstdə mərkəz vasitəsilə Azərbaycan Prezidentinin dünyaya və region ölkələrinə verdiyi mesajları üç mühüm istiqamətdə qruplaşdıra bilərik. Bunlardan birincisi, münaqişənin arxada qalması və artıq gələcəyə baxmağın vacibliyi, ikincisi, yeni reallığa uyğun olaraq münasibətlərdə yeni yanaşmanın formalaşdırılması, üçüncüsü isə ümumi birgə gələcəyə hazır olmağın zəruriliyidir".

Deputat vurğulayıb ki, bütün bu istiqamətlər üzrə Azərbaycanın mövqeyini bəyan edən Prezident İlham Əliyev ölkəmizin birgəyaşayışa, hətta Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bildirdi:

"Bu mövqe sərhədlərin qarşılıqlı tanınması ilə tamamlanan mühüm siyasi aktdan sonra regionun inkişafı və inteqrasiyası üçün yeni perspektivlər açmağa hesablanan məqsədlər kimi qəbul edilməlidir. Ancaq bir məsələ də aydındır ki, həmin məqsədlərə çatmaq üçün ilk növbədə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamənin bütün tələbləri yerinə yetirilməli, ermənilər revanşist və radikal mövqedən əl çəkməli, yeni birgəyaşayış qaydalarına hazır olduqlarını nümayiş etdirməyi bacarmalıdırlar. Bu isə siyasi proseslərin emosional tərəfidir. Ona görə də qeyd edildi ki, öz ata yurdlarından məcburi köçkün olmuş azərbaycanlılar 30 illik işğaldan sonra doğma yurdlarına qayıdarkən erməni vandalizminin törətdiyi vəhşiliklərlə üzləşirlər.

Mədəni irsimizin, maddi və mənəvi abidələrimizin sıradan çıxarıldığının şahidi olurlar və bu, onlarda kəskin psixoemosional vəziyyət yaradır. Ona görə də hazırda bir tərəfdən işğal dövründə bizə dəymiş maddi zərərin hesablanması, digər tərəfdən isə maddi-mənəvi irsimizin yenidən bərpası prosesi gedir. Bu, hərbi cinayəti törədənlərin cəzalandırılması üçün olduqca vacibdir. Üstəlik, hələ də ermənilər minalanmış ərazilərimizin xəritələrini verməkdən imtina edirlər ki, bu, əslində, yeni hərbi cinayətlər törətmək deməkdir. Lakin bütün bunlarla yanaşı, regional əməkdaşlığın bərpa edilməsi, kommunikasiyaların açılması yeni reallığın vacib şərti kimi ortaya çıxır. Bu isə təkcə region üçün deyil, eyni zamanda qlobal kontekstdə də mühüm əhəmiyyət kəsb edir.

Ona görə də Azərbaycan bu konfrans vasitəsilə bir daha yeni reallığı, bu reallığın yaratdığı yeni şərtləri və onun hamı üçün faydalı olan perspektivlərini qlobal münasibətlər sisteminin mühüm aktorlarının diqqətinə təqdim etdi. Bu, həm də Azərbaycanın dayanıqlı sülh və qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq mərhələsi ilə bağlı çağırışı kimi qiymətləndirilə bilər".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm