Kərimli üçün Zəngəzur dəhlizi və İran yolu haqda “master klass”
Bizi izləyin

Nida Təhlil

Kərimli üçün Zəngəzur dəhlizi və İran yolu haqda “master klass”

Azərbaycanın Zəngəzur dəhlizinə alternativ gedişi – Şərqi Zəngəzurdan naxçıvan Muxtar Respublikasına yeni yolun çəkilməsi haqda İranla anlaşması ictimai rəydə ciddi müzakirə mövzusu oldu. Əsas sual, irad, ittiham, yaxud iddia belədir ki, 44 günlük müharibədən sonra gündəmə gələn Zəngəzur dəhlizi niyə reallaşmadı, bu layihə ümumiyyətlə “yalan” olub və s.

Bu müzakirəni sadə insanların aparması müəyyən mənada başa düşüləndir, çünki siyasi proseslərin dərinliyini anlamaq o qədər də asan deyil. Lakin siyasətin içində olanların, hələ böyük iddialarla çıxış edənlərin belə çıxışlarının iki məlum səbəbi var: ya belələrinin iddiaları potensialından böyükdür və ümumiyyətlə baş verənləri anlaya bilmirlər, ya da hakimiyyəti ittiham etmək üçün yeni fürsət olaraq görürlər;

Birinciləri bəlkə də anlamaq olar, amma ikincilərin ittihamları yersiz, həm də hakimiyyət yox, dövlət maraqlarına hücumdur. Çünki işğal altındakı torpaqlarımızın azad edilməsi, Zəngəzur dəhlizi də daxil olmaqla postmünaqişə dövrünün yeni reallıqları hakimiyyət məsələsi deyil, birbaşa dövlət marağıdır və bu reallıqları siyasi hakimiyyət diplomatik məharəti, illərlə situasiyanın yetişməsi üçün həyata keçirdiyi strategiya nəticəsində əldə etdiyi kimi, Azərbaycan əsgəri öz qanı, canı bahasına yaratdı. İndi bu qədər talüyeklü və tarixi hadisələrin siyasi ambisiyaların alətinə çevirmək ən yaxşı haqlda desək haqsızlıq, hər şeyi ucuzlaşdırmaq cəhdidir.

AXCP sədri Əli Kərimlinin son çıxışı siyasətə və hakimiyyətə iddia edən bu şəxsin iki xüsusiyyətini yenidən önə çıxardı: siyasi dayazlıq və siyasi ambisiyalar;

Zəngəzur dəhlizi və alternativ yolun çəkilməsi strategiyasından danışan Kərimlinin çıxışında bir məqam xüsusilə diqqət çəkir. O deyir ki, bunlar, yəni hakimiyyət “torpaq alan olsaydı, Xankəndini, Xocalını alardılar”.

Sual yaranır: 44 günlük müharibə zamanı azad edilən torpaqlar erməni işğalçılardan təmizlənməyibmi? Yaxud 3 min şəhidimiz hansı torpağın uğrunda canlarını fəda etdi?

Görünür, Əli Kərimli azad edilən əraziləri – Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Laçını, Şuşanı, Kəlbəcəri, Xocalının kəndlərini, Xocavəndin 70-dən çox kəndini, ümumilikdə 300-ə qədər yaşayış məntəqəsini torpaq hesab etmir. Bəlkə bu torpaqlar işğalda deyildi, yaxud ermənilər işğal etdikləri bu əraziləri 30 il ərzində qaytarmaq istəyirdilər?!

Təkcə bu absurd yanaşma belə Kərimlinin siyasi ambisiyaları naminə şəhidlərimizin qanı ilə qazanılan Zəfərin də, 30 il sonra bərpa etdiyimiz ədalətin də üzərindən xətt çəkə biləcək zehniyyətdə olduunu göstərir.

Hərçənd, onun Zəngəzur dəhlizi və İran ərazisindən çəkiləcək yolla bağlı dedikləri də potensialı ilə iddiaları arasındakı uçurumu – hakimiyyətə gəlmək iddiası olan bir şəxsin bu qədər dayaz çıxış etməsi – göstərir.

Zəngəzur dəhlizi layihəsindən imtina edildiyini iddia edən Kərimli deyir: “Gördünüz, mən haqlı çıxdım”.

Axı nəyi gördük?

1. Zəngəzur dəhlizindən imtina edilməsi yanaşması doğru deyil: 10 noyabr razılaşması var, nə bu razılaşmadan, nə də kommunikasiyanın açılması məsələsindən imtina edilməyib;

2. Azərbaycanın sülh sazişi ilə bağlı Ermənistana təqdim etdiyi 5 maddəlik prinspin beşinci şərti belədir: “Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması”; söhbət Zəngəzur dəhlizi də daxil olmaqla ümumilikdə kommunikasiyanın açılmasından gedir;

Azərbaycan niyə bu strateji gedişi etdi?

Birincisi, Ermənistan tərəfi razılaşmaya əməl etmir və Azərbaycan milli maraqları üçün əhəmiyyətli olan Naxçıvana, eləcə də Türkiyəyə quru yolu İran üzərindən həyata keçirir: müharibədən sonra konkret razılaşmalar var, lakin İrəvan buna əməl etmirsə, Bakı qarşı tərəfi illərlə gözləməyəcəyini göstərdi;

İkincisi, bölgədə kommunikasiyanın açılması məsləsində Ermənistanın kartını əlindən aldı: Ermənistan tərəfi Azərbaycanın marağında olan Zəngəzur dəhlizinin açılmasını uzatmaqla postmünaqişə dövrünün planlarının həyata keçirilməsinin qarşısını alırdı; Bakı İrəvanın istifadə etdiyi kartı sıradan çıxardı;

Üçüncüsü, Azərbaycana lazım olan yolu İran üzərindən çəkilməsi Ermənistanı çətin vəziyyətə salır: İrəvan ya razılaşmaların icrasına razılaşmalıdır, ya da regional layihələrdən kənarda qalacaq;

Dördüncüsü, Azərbaycan üçün əhəmiyyətli olan Naxçıvanla, həm də Türkiyə ilə quru əlaqəsinin İran vasitəsilə yaradılmasından sonra İrəvan “dalan dövlət” olmaqdan çıxmaq üçün Bakının diktəsini qəbul etməli olacaq;

Beləliklə, Bakı İrəvanın prosesi uzatması qarşısında vaxt itirmədən milli maraqlarına uyğun olan layihənin icrasına başlayır. Bu, qeyd etdiyimiz kimi, Ermənistanı Zəngəzur dəhlizinin icrasına məcbur edəcək gedişdir. Digər tərəfdən, Zəngəzur dəhlizi reallaşacağı təqdirdə Naxçıvana iki istiqamətdən, həm Ermənistan, həm İran üzərindən yol açılır və iki yolun olması İrəvanın “yol kartı”ndan Bakıya qarşı gələcəkdə istifadə edə bilməsinin də qarşısı alır. Çünki Azərbaycanın alternativi olacaq.

Və burada xüsusi bir qeydə də ehtiyac var:

- İran ərazisindən çəkiləcək yol sadəcə avtomobil yolu yox, həm də dəmiryolu də olacaq: təkcə sərnişin yox, yük daşımaları da həyata keçiriləcək və bu, Azərbaycanın Avrasiyanın nəqliyyat şəbəkəsində əhəmiyyətini daha da artırır;

- Azərbaycan vətəndaşları İran ərazisindən Naxçəvana getmək üçün təxminən 300 kilometr məsafə qət edirdi: yeni yolun istifadəsindən sonra bu məsafə 50 kilometr olacaq və vətəndaşlarım həm avtomovil, həm də dəmiryolu ilə səfər edə biləcəklər;

Əli Kərimli bütün bunları anlamırsa, siyasət adına danışması qəbuledilməzdir. Anladığı təqdirdə qarşı çıxırsa, o zaman, siyasi ambisiyaları naminə yenə dövlətin də, millətin də maraqlarının üzərindən xətt çəkdiyini nümayiş etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm