Qəhrəmanlar və adilər: Erməni müstəntiqin edə bilmədiyini öz “daşnakyosunlu”larımız necə bacardı?
Bizi izləyin

Nida Təhlil

Qəhrəmanlar və adilər: Erməni müstəntiqin edə bilmədiyini öz “daşnakyosunlu”larımız necə bacardı?

ABŞ prezidenti Cimmi Karterlə Sovet İttifaqının lideri Leonid Brejnevin görüşünün qeyri-rəsmi hissəsində hərə öz ölkəsindəki demokratiyanın vəziyyəti haqda danışır. Karter deyir bizdə o qədər demokratiya var ki, hər bir amerikalı gəlib Kapitolinin qarşısında “Rədd olsun Karter!” deyə qışqıra bilər.

Brejnev deyir ki, burda nə var, bizdə də eyni demokratiyadır, istənilən sovet adamı Qızıl meydana - Kremlin qarşısına gəlib “Rədd olsun Karter!” şüarını qışqıra bilər.

Təxmini məzmununu verdiyim bu sovet lətifəsini son günlər teleefirin və virtual məkanın şir-pələnglərinin qəhrəmanlıq guruldayan açıqlamalarını gördükcə tez-tez xatırlayıram. İndi açıqlamaların əsas məzmunu əlil döyüşçünün intihar hadisəsi ilə bağlıdır. Razılaşıram - ürəkparçalayan hadisədir. Amma bütün sualların açıq qaldığı, nə hüquqi araşdırma, nə də jurnalistlərin və QHT-çilərin araşdırması olmadan verilən hökmlər və bu emosional hökmləri qəbul etməyənlərin isə az qala vətən xaini elan edilməsi daha tükürpədicidir.

İntihardan və intihara gətirib çıxaran səbəblərdən çox bu qabaqdangəlmiş hökmlər dəhşətlidir. Hökm çıxaranlar, mühakimə edənlər öz günahlarını, öz gözlərindəki tirləri görmədən özgə gözündə tük axtaranlardır əslində. Həzrəti İsaya aid edilən məşhur hədisdə (pritçada) deyildiyini yada salmağa ehtiyac var: kimi günahı yoxdursa, Məcdəlli Məryəmə daşı o atsın.

... Takeşi Kitanonun “Sonatino” (Qəddar polis, qan və sümüklər) filmindəki sabiq polisin xərçəng xəstəsi xanımını və əlil arabasına məhkum dostunu-polis xidmətindəykən ona tərəf-müqabil (qulluqdaş) olmuş zabitin müalicəsi naminə “Yakudza” (yapon mafiyası) ilə əməkdaşlığa getməsini xatırlayırsınızmı? Qərb filmlərində görmədiyimiz ifrat naturalizmi - az qala şırıltısı eşidilən qan selləmələrini bir kənara qoyun, insanın cəhənnəm əzabına çevrilmiş həyatı adi məişət qayğısı kimi yaşaması, daha doğrusu, təhəmmül etməsi daha cəlbedicidir. O sabiq qulluqdaşın ağlasığmaz əzablara qatlanaraq yaşaması, dəniz qırağındakı pansionatda çəkdiyi marinist rəsmlər isə tam bir paralel süjetdir, lap qədim Şərq nağıllarının içində yer alan nağıliçi nağıllar kimi. Bu, qeyri-adi həyatdır. İlahi, insan yaşamaq üçün özündə necə güc tapa bilir?! Amma yaşamaq üçün güc də, səbəb də tapmaq olur. Mütləq olur.

...İki Məmmədhəsən tanıyıram, birini yaxından, birini uzaqdan. Hər iksi hərəkatçıdır. Qohumum, adsız-filansız, sadəcə “müəllim” deyə müraciət elədiyim birinci Məmmədhəsən fizikdir, Əbülfəz bəyin gənclik dostu olub. Sonra həm də qohumu. Amma nə hərəkatda olmasını, nə bu ölkəyə türklük və müsəlmanlıq kimliyini qaytaran ilk şəxslərdən biri olmasını, 70-ci illərdən 90-cı illərin ortalarına kimi dəfələrlə həbsxanada olmasını bircə kərə də olsun ictimailəşdirməyib. Nə özünə xüsusi imtiyaz istəməyib, nə də ağır şəkərdən əziyyət çəkməsinə görə kimdənsə mədəd ummayıb. Əksinə, məhdud imkanları ilə əl tutduğu adamlar içərisindən nazir müavinləri də çıxıb. İndi xatırlamağa o qədər də həvəsli olub-olmadıqlarını bilmirəm. O bu həyatı adi həyat kimi yaşayır, xəstəliklə, laqeydliklə, nadanlıqla baş-başa yaşamasını adiləşdirib özü üçün.

İkinci Məmmədhəsən AXC İdarə heyətinin ilk 15 üzvündən biri olub. Şəqrşünas həmkarımdır, Quranın çağdaş Azərbaycan dilinə ilk – həm də kifayət qədər sanballı məal tərcüməçilərindən biridir, elmlər doktorudur. Sıravi elmi işçi məvacibi ilə yaşayır. Onun yaşıdı, ondan cavan, hətta nəvəsi yaşında olan, natamam dini təhsillərinə rəğmən AzTv-nin, İTV-nin, ANS-in, Space-nin, Xəzər Tv-nin, bir çox hallarda şou xarakterli verilişlərinin sayəsində özlərini böyük üləma kimi təqdim edənlərdən deyil. Hər dəfə Elçibəylə, AXC ilə bağlı yubileylərdə durub bəlağətli nitq də söyləyən deyil. Onlar missiya adamlarıdır - belə etməli idilər, belə ediblər. Başqa cür bacarmazdılar da.

... Məhəmməd Hatəmi Tantəkini humanitar elmlərlə maraqlananlar, 80-ci illərin hərəkatçıları yaxşı tanıyır və ya tanımalıdırlar. Azərbaycan mifologiyasının öyrənilməsində, Cənubi Azərbaycan məsələsinin indiyədək aktual qalmasında müstəsna rolu olmuş adamlardandır. Xalq hərəkatı illərində “Qızılbaş” Cəbhəsi və “Birlik” Hərəkatı onun təşəbbüs ilə yaradılmış, yaratdığı “Qızılbaş” batalyonu Tərtər istiqamətində ermənilərə qarşı döyüşlərdə fəal iştirak etmişdi. Amma hərəkat və qazilik adını inhisara alanlar onu xatırlamağı nədənsə ərinirlər. Heç elmdəki xidmətlərini yada salan da yoxdur, o araşdırdığı sahələrdə ya İsa Muğannanın “vəhylərinə” istinad edilir, ya da yaxşı halda Mirəli Seyidova. Halbuki Mirəli Seyidovun “Azərbaycan mifolojisinin qaynaqları”nın ərsəyə gəlməsində Hatəminin araşdırmaları əvəzsiz məxəz kimi istifadə edilmişdi.

...BDU-nun şərqşünaslıq fakültəsində bir İsmayıl Şəms var idi. Əvvəllər vəkil, İran parlamentinin deputatı, sonra Pişəvəri hökumətində nazir olmuşdu. Pişəvəri hökuməti devriləndən sonra Xorasan tərəfdən Sovet İttifaqına keçmək istəyərkən Türkmənistan NKVD-si tərəfindən yaxalanmışdı. Və burda olmazın işgəncələrə məruz qalmışdı. Əcdadının əslən şuşalı olduğunu bilən erməni müstəntiq daha da amansız davranırmış. Uzun işgəncələrdən sonra müstəntiq əvəz edildikdə günahsızlığını, casus olmadığını sübut edə bilir. Azad edilir, amma Tacikistanda yaşamasına icazə verilir, İrandan gəlibsənsə, farsdilli respublikada yaşamalısan deyə. “Ottopel”dən sonra Bakıda Şərqşünaslıq fakültəsi açılmasını eşidib Azərbaycana gəlib yeni fakültədə müəllimlik etməyə icazə ala bilir. Ərəbcəni cavanlığından yaxşı bilməsi, həm də bu dilli klassik qrammatika əsasında öyrənməsi dadına çatır. Klassik qrammatikadan namizədlik işi də müdafiə edir. Və başına bəla açır! Çünki o sahə üzrə başqaları alim olmalı, şöhrət qazanmalı idilər. Rəqib arzulanmırdı. Taleyin belə dönüklüyünü o, çox sakit, bir az məğmuncasına xatırlardı. “Öz ermənilərimiz məni çox incitdi”,- deyir və qımışırdı. “Niyə ailəni arayıb axtarmadın?” deyə soruşmuşduq. “Hansı üzlə?” deyib başını aşağı salardı. “Mən cavan arvadımı və Məlihə adlı körpə qızımı qoyub Azərbaycan idealını seçmişdim. İndi onlar Amerikada yaşayır, bir dəfə əlaqə saxlamışam, 79-cu il inqilabindan sonra çıxıb gediblər. Neft şirkətində çalışır qızım” deyirdi.

...Yenə qayıtdıq sovet lətifəsindəki mətləbə. Mən də deyirəm ki, rədd olsun Karter, filankəs cəzalandırılsın, filankəs asılsın, bəhmənkəs də yandırılsın! Bunu deməyə nə var ki?! Bir çox hallarda yanlış məlumatlandırılıb yanlış yönləndirilən əfkari-ümimiyyə də sizin tərəfinizdə olacaq.

...İndi hünəriniz var, deyin ki, İsmayıl Şəms layiq olduğu titulların heç bircəciyini də almadan, tənhalığa tərk edilərək öldü. NKVD-nin erməni müstəntiqinin edə bilmədiyini öz “daşnakyosunlu”larımız etdi. Necə ölməsindən xəbərimiz də olmadı.

Hünəriniz var, deyin ki, Mənsur Əlizadə sadəcə mənşəyinə görə öz hərəkat yoldaşlarının kobud, tərbiyəsiz münasibətini haqq eləmirdi. Deyin ki, onu biz çərlətdik: haqqını danmaqla, unutmaqla, perikdirməklə, çox vaxt da pisikdirməklə çərlətdik.

Deyin ki, azərbaycanlılara həm türk, həm də qızılbaş kimliyini tanıtmaq davası aparmış Məhəmməd Hatəmi Tantəkini heç olmasa, bu yaşında da haqqı çatanı verməməklə əclaflıq edirik.

Deyin ki, Məmməd Əmininin başqa bioloji varisi var idi. O rəssam deyildi, kübar ədaları yox idi. Nə dərdini, nə də ona ediləcək yaxşılıqları KİV-də hallandıraraq danışa bilmirdi. Ruzisini “qul bazarı”ndan çıxarırdı, babasının əksi olan əskinaslara nifrət edir, ona dəhşətli sürgün ömrü yaşatmış sovet quruluşunun xiffətini çəkirdi. Günəmuzd fəhlə kimi boşaltdığı yükün altında əzilərək ömrünü tapşırdı. Amma harada, hansı məzarda uyuduğundan xəbərimiz yoxdur, bəlkə də ziyarət etməyi belə özümüzə sığışdırmırıq. Biz hara, yük altında əzilib ölən qul bazarı fəhləsi hara!

...Qəhrəman onlardır: ya laqeydliyin və unutqanlığın altında əzilib çərləyən Məmmədhəsənlər, Tantəkinlər, Mənsurlar, Şəmslər; ya da Rəsulzadənin yükün altında əzilib xurd-xəşil olan bivaris varisi. Ya xidmətlərini, kimlklərini dilə gətirməzlər, tərbiyələrinə sığışdırmazlar, ya sadəcə deyə bilməzlər. Sürtük üzləri, sırtıq dilləri, pərgar nitqləri yoxdur. Bir ömür fəna fi-l-laha doğru yol gedərlər, amma intihar etməzlər. Xilqətə zidd olduğunu, Xaliqə də, xalqa da ağır gedəcəyini bilərlər. Sizin qəhrəmanınız kimdir: kübar pozalılar, özünü ülgücləyənlər? Kefli İsgəndərin sözlərini unutmamısınız ki: hər xalqın özünə layiq qəhrəmanları olur. Əminəm ki, siz daha yaxşı qəhrəmanlara layiqsiniz, bir düşünsəniz..

P.S. Yazı 2014-cü il yanvarında yazılıb, bu və ya digər səbəblərdən dərc edilməyib. Təəssüf ki, durum indi də bənzərdir. Adı keçən şəxslər indi həyatda yoxdur.

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm