İranda gizli oyunlar: Xameneinin varisini kim seçəcək, ruhanilər, hərbçilər, yoxsa...
Bizi izləyin

Nida Təhlil

İranda gizli oyunlar: Xameneinin varisini kim seçəcək, ruhanilər, hərbçilər, yoxsa...

İranda ötən cümə günü keçirilmiş seçkilərin əsas intriqası onda idi ki, yeni formalaşacaq Ekspertlər Məclisi gələcək ali dini lideri də seçəsi olacaq. Belə ki, ekspertlərin (xuberagan) İranın dini liderini seçmək, nəzarət etmək və lazım gəldikdə vəzifədən azad etmək səlahiyyətləri var. Əvvəlki yazıda qeyd etdiyimiz kimi, seçkilərin cəmiyyət tərəfindən faktiki boykot edildiyi təsdiqlənərsə, bu, ictimai legitimliyin itirilməsi deməkdir. Gələcək rəhbərin qeyri-legitim orqan tərəfindən seçiləcəyi ehtimalı yaranması İran daxilində də, xaricdə də rejimin qəbul edilməsini çətinləşdirərdi. İranın keçmiş vəliəhd şahzadəsi Rza Pəhləvi seçkiləri hazırkı rejiminin “legitimlik” əldə etmək üçün “böyük hiyləsi” adlandırıb.

Bəs məclis Ayətullah Xameneinin yerinə bir nəfər təyin etmək istəsə, o şəxsin kimlərin arasından seçilməsi ehtimalı daha yüksəkdir? BBC fars xidməti bu sualı aydınlıq gətirmək üçün sorğu keçirib. Məlumat verilir ki, səkkiz il əvvəl də eyni sorğu keçirilib, amma o zaman cavablar qeyri-müəyyən və eyni zamanda daha müxtəlif olub; respondentlərin əksəriyyəti hesab edirdi ki, siyasi şərait çox dəyişkəndir və onu asanlıqla proqnozlaşdırmaq mümkün deyil.

Qeyd edilir ki, hələ 1997-cı ildə Məhəmməd Xatəminin prezidentliyi dövründən İranın indiki üsuli-idarəsinin dəyişdirilməsi ilə bağlı da müzakirələr gedir. Bu zaman İranın şərqində və qərbindəki iki dövlətçilik modeli: Pakistan və ya Türkiyə modeli nəzərdən keçilir. Mahmud Əhmədinejadın dövründə dövlət idarəetməsində hərbi təsirin genişlənməsi zamanı tədricən Pakistan modeli haqda müzakirələr önə çıxır. Bu modelə əsasən, ordu və hərbçilər daxili və xarici siyasətə nəzarəti öz əllərinə alırlar. 2010-cu illərə qədər Türkiyədə, hazırda isə Pakistanda ordu konstitusion quruluşun, ölkənin bütövlüyünün qarantı hesab olunur, lazım gəldikdə hakimiyyətləri rahat şəklidə dəyişə bilirdi (Məsələn, Türkiyədə 2007-ci ildə hərbi istebleşment siyasi rəhbərliyə elektron resurslar üzərindən e-muhtira (elektron xəbərdarlıq) adı almış xəbərdarlıq göndərmişdi). İranda isə dövlət militarizminin simvolu SEPAH-dır (İslam İnqilabının Keşikçiləri Korpusu).

Bir müddət seçkili iqtidarlarla SEPAH arasında ziddiyyətlər olsa da, İbrahim Rəisinin iqtidara gəlişi ilə seçkili hökumətlərlə militarist “gizli dövlət” arasında fərq, demək olar ki, silinib.

Bəs hakimiyyəti kim davam etdirə bilər? 8 il sonra Xameneinin doxsan üç yaşı olacaq. İslam Respublikasının bəzi yaşlı qurucuları bu yaşdan artıq yaşayıblar. Amma təbii ki, bu siyasi vəziyyətin davam edəcəyinə zəmanət yoxdur. İki variant irəli çıxır - ruhanilər arasından kiminsə seçilməsi, ya da sistemin yuxarıda qeyd etdiyimiz kimi, hərbiyyənin gücünə qorunması. Burdan III variant da yarana bilər - hərbiyyə və ruhanilərin birgə namizədi.

Ruhanilər arasında iqtidarı davam etdirə biləcək Xamenei miqyasında görkəmli sima və ən əsası, konsensus yoxdur. Artıq Əkbər Haşimi Rəfsəncani, Mahmud Haşimi Şahrudi, Sadeq Laricani və ya Həsən Xomeyni kimi güclü siyasi fiqurlar yoxdur, üstəlik, 2018, 2020 və 2022-ci illərin qanlı etirazları hökumətin legitimliyini də həmişəkindən daha çox mübahisələndirə bilib.

“Hicab üsyanı”ndan və hakimiyyət daxilində ciddi parçalanmalardan sonra cəmiyyətin struktur dəyişikliyi gözləntisi var. İndi kimin seçiləcəyi o qədər də vacib deyil, vacib olan bu adamın necə seçiləcəyidir. Müşahidəçilərə görə, İslam Respublikasının mövcudluğunu davam etdirməsi üçün gələcək rəhbərliyin SEPAH-a əsaslanan iqtisadi, siyasi və hərbi mafiya ilə Əli Xamneinin ətrafı arasında konsensus əldə edilməlidir. Son iki onillikdə, gələcək liderlik üçün müxtəlif rəqiblər olub, lakin onlar haqda uzlaşma olmayıb. Bu günsə onların heç biri rəqib deyil. Bu keçiddə ciddi rol oynaya biləcək ən mühüm şəxs Haşimi Rəfsəncani fiziki olaraq uzaqlaşdırıldı (ailə üzvlərinin müxtəlif şərhlərinə görə). 2014-cü ildə müşahidəçilər Rəfsəncanini mühüm varis kimi nəzərdən keçirirdilər. Rəfsəncani hərbçilərdən asılı olmayan bürokratiya axtarırdı, lakin Əli Xameneyi buna getmədi. Həsən Ruhaninin diskvalifikasiyasına bir səbəb də gələcək rəhbəri seçərkən bu tendensiyanı (hərbçilərdən asıla olmayan bürokratiya rəhbəri seçilməsini) istəməmələri olub. Haşimi Şahrudi də qəfil xəstəlikdən dünyasını dəyişib. Sadeq Amoli Laricani açıq-aşkar siyasi toqquşmalarla kənarda saxlanıb, hələ tam aradan qaldırılmasa da, neytrallaşıb. Sadiq Laricani son illərədək ciddi namizədlərdən biri sayılırdı. 2014-cü ildə müşahidəçilər bildirirdilər ki, Laricaninin şansı digərlərindən böyükdür. Amma bu gün üçün o da oyundan kənar vəziyyətdədir. Son seçkilərdə bu namizədlərin təmsil etdiyi nisbətən islahatçı və mötədil qanad, demək olar ki, seçkiləri boykot edib, tanınmış islahatçı və mötədillərin çoxu, o cümlədən sabiq prezident Məhəmməd Xatəmi səsverməyə də getməyib.

Həsən Xomeyni də siyasi nöqteyi-nəzərdən zərərsizləşdirilib, ekspert kimi səriştəsinin olmadığı deyilərək də aşağılanıb. Demək olar ki, bütün əvvəlki prezidentlər kimi, Həsən Ruhani də yeni Ekspertlər Məclisinə namizədliyi təsdiq olunmadığı üçün oyundan kənarlaşdırılıb. Belə görünür ki, indiki vəziyyətdə ictimai rəydə liderliyə namizəd yoxdur.

Lakin parlament, ekspertlər və prezidentlik kimi nüfuzdan düşmüş qurumlara namizədlik üçün normativ süzgəclərdən keçməyin həmişəkindən daha çətin olduğu, Xamenei və müvəkkillərinin seçkili qurumlarının tərkibini əvvəlcədən müəyyənləşdirdiyi bir şəraitdə siyasi varis vəzifəsinin qeyri-müəyyən qalması ağlabatan deyil. O halda bu qədər həngaməyə dəyməzdi də...

Mümkün varisin adını bilməsək də, bir şey aydındır: İslam Respublikasının indiki lideri ona və ailəsinə hücum etməyəcək bir şəxslə əvəzlənəcək . Bu, Yeltsindən sonra siyasi varisin müəyyən edilməsi prosesi kimidir; namizədlər bir-bir baş nazir postunda sınanırdı, sonda yalnız “Semya”ya (Yeltsinin ailəsi və yaxın çevrəsinə) toxunulmazlıq verəcəyi güman olunan şəxs varis təyin edildi.

Rejim tərəfdarlarının təklif etdiyi variantlar indiki dini liderin oğlu (Müctəba Xamenei) və hazırkı prezidentin (İbrahim Rəisi) seçimi ilə məhdudlaşır. Amma bəzi müşahidəçilərə görə, İbrahim Rəisi də çox aşındırılıb. Beləliklə, M.Xameneinin liderliyə gedən yolu tamamilə hamarlanıb.

Mühafizəkar-fundamentalistlərə görə, “siyasi hakimiyyətin uyğunluğu” hakimiyyətin Xamenei xanədanında qalmasını tələb edir: hərbçilərlə əlaqəli olan xanədan dövlət içində tam bir gizli mafioz dövlətdir. BBC-yə görə, bəzi avtoritar rejimlərin, məsələn, atasından sonra gələn Bəşər Əsədin nümunəsini burada təkrarlamaq olar. Amma əvvəlcə indidən onun ölümünə qədər daxili və regional siyasi tənliklərin dəyişdirilməsi imkanlarını da nəzərdən keçirməliyik. Müctəba atasının pərdəarxası sağ əli kimi rəhbərlikdə böyük gücə malikdir. O, öz mövqeyinə kömək edə biləcək kəşfiyyat və təhlükəsizlik aparatları ilə güclü əlaqələr qurub. Həm də ruhani kimi səlahiyyətlərini gücləndirmək üçün daha təkmil dini təlimlər keçib. Lakin onun həm də ciddi qüsurları var:

Birincisi, xanədanın üzvü olsa da, heç vaxt seçkili və təyinatlı bir vəzifə tutmayıb, sistem işlərində aydın təcrübəyə malik olması şübhəlidir.

İkincisi, onun seçilməsi, monarxiyanı devirmiş ölkədə ailə varisliyinin, monarxiyanın başqa adla bərpa olunması haqda xoşagəlməz assosiasiya yaradır. Siyasi ekspert Qulamhüseyn Möhseniagei deyir ki, İbrahim Rəisi və digərləri arasında Müctəba Xameneinin şansları ən böyükdür. Lakin Xamenei istəmir ki, onun tarixdəki rolu rəsmi olaraq vəliəhd tərəfindən seçilən Müaviyə ilə eyni olsun. “Ekspertlərdən” ayətullah Mahmud Məhəmmədi Əraqi deyib ki, hazırda Məclisdə gələcək (varis) rəhbərlə (vəliyyi-fəqih) bağlı hər hansı müzakirə və ya təklif yoxdur. Ekspertlər Məclisinin Əsasnaməsinin 107 və 109-cu maddələrinə əsasən, bu məsuliyyət 15 fəqihdən ibarət əsas üzv və 5 nəfər əvəzedici üzvdən ibarət komissiyanın üzərinə düşür. Onlar 3 nəfərlik yoxlama heyəti seçir. Bu heyət mütəmadi olaraq toplanır, ehtimal olunan varislərin dosyelərini araşdırır. Heyətin sənədləri məxfiləşdirilir, yalnız zəruri olanda müzakirəyə çıxarılır (khabaronline.ir).

Hərçənd bəzi müşahidəçilər bu qüsurlara rəğmən Müctəbanı şanslı hesab edirlər. Üstəlik, SEPAH-ın kəşfiyyat təşkilatının keçmiş rəhbəri Hossein Taeb zamanında ekspertliyə namizədlərlə bağlı dosyelər hazırlanıb: onların əksəriyyətində korrupsiya ilə bağlı problemlər var. Beləliklə, ekspertlərin “saqqalları son nəticədə Xamenei və oğlu Müctəbanın nəzarətində olan SEPAH kəşfiyyat təşkilatının əlindədir”. Amma varis planının baş tutması üçün Xameneinin sağ ikən oğlunun xeyrinə istefa verməsi çox vacibdir. BBC-nin respodentlərindən birinin dediyi kimi, bu halda Ekspertlər Məclisi də deyəcək: “İmam Zamanın necə bir insana əhəmiyyət verdiyini kəşf etdik. Necə ki, İmam Əli (ə) nəslindən olan biri ümmətin imamətinə sahib oldu, Seyid Müctəba da Seyid Əlidən sonra ümmətin naibi-imamı ola bilər”.

İkinci şəxsin –İbrahim Rəisinin problemi işindən ümumi narazılıqdır. Ötən il onun öz xanımını “banuye- əvvəl” (birinci xanım) kimi təqdim etməsi Xamenei dəftərxanasının sərt qınaq bəyanatına səbəb olmuşdu. Rəisinin kütlələr arasında Xamenei ədalarını yamsılamaq istəməsi də dəftərxanaya yaxın nəşrlərdə tez-tez ironiya edilir.

Başqa ehtimala görə, ekspertlər Xameneinin və SEPAH-ın zövqünə və istəyinə uyğun simvolik xəlifə təqdim edəcəklər. Bu, məşhurluq səviyyəsindən asıla olmayaraq istənilən molla ola bilər. Əgər pərdəarxası qərar qəbul edənlər üçün ictimai rəyin əhəmiyyəti yoxdursa, onlar öz iradələrini Ekspertlər Məclisindən keçirə biləcəklər.

Əks halda, İran Konstitusiyasının 111-ci maddəsinə əsaslanan müvəqqəti idarəetmə şurası son variantı olacaq. Amma bu fərziyyə ilə belə, Xameneinin ölümündən sonra kütlələrin oynaya biləcəyi rol gözardı edilə bilməz. 2022-ci ilin sonlarında yatırılan ciddi etiraz hərəkatının şahidi olduq. Ola bilsin ki, narazı kütlələr Xameneinin ölümündən istifadə edərək, yenidən kütləvi iğtişaşlar törətsinlər.

Bu halda üçüncü variant hakimiyyətin hərbiyyə vasitəsilə davam etdirilməsi, başqa sözlə, Pakistan modeli gündəliyə gəlir. Xameneidən sonra xanədanın liderliyi əhəmiyyətini itirir. Ordu, ruhanilər və güc və sərvətdən ibarət müxtəlif mafioz dəstələr qalır, onların razılığı olmadan gələcək rəhbərlik formalaşmayacaq.

Amma onlar mühüm məsələlərdə konsensus əldə etmək imkanlarını çoxdan itiriblər. Xamneyinin ölümündən sonra yaranan hakimiyyət boşluğunda repressiya aparatının və SEPAH-ın tədricən dağılması və ya onların hər birinə ayrıca dəstək verilməsi mümkündür. Bəzi müşahidəçilərə görə, bu halda Xamenei sonuncu dini lider olacaq və IV variant –rejimin dəyişməsi variantı gündəliyə gəlir.

Xatırladaq ki, “hicab üsyanları” vaxtı -2022-ci ilin oktyabrın da Küveytin “Aljarida” nəşri İran hakimiyyətindəki mənbələrə istinadən siyasi islahatlar haqda sənəd yaymışdı. İddia edilirdi ki, müxtəlif sosial və yaş qruplarını əhatə edən etiraz aksiyalarını cilovlamaq üçün İran rəsmiləri həll yolları axtarmağa başlayıb. Bu həll yollarından biri rejimin iki qanadı arasında qeyri-rəsmi dialoqdur. Danışıqlar hakimiyyətdə olan fundamentalistlər və son bir neçə ildə ciddi siyasi itkilərə məruz qalan, amma İslam Respublikası rejiminin “strateji ehtiyatı” hesab olunan islahatçılar arasında aparılıb. İştirakçılardan biri olan mənbə məlumat verib ki, Daxili İşlər Nazirliyində islahatçı partiyaların liderləri ilə gözlənilməz görüş keçirilib, etirazları dayandırmaq üçün onlardan yardım istənilib. İslahatçılar öz şərtlərini daxili işlər nazirinə, hətta prezident İbrahim Rəisiyə deyil, ali lider Əli Xamneyiyə təqdim etməyi tələb ediblər.

İrəli sürülən şərtlərdə:

- Məhsa Əmininin qətlinə görə polis rəhbərliyinin rəsmən üzr istəməsi;

- Hadisədə səhlənkarlıq edən bütün şəxslər işdən çıxarılması və mühakimə olunması;

- Daxili işlər naziri və dinc nümayişlərin yatırılmasında məsul olanların hamısının istefa verməsi;

- Əxlaq polisinin ləğv edilməsi;

- internet və sosial şəbəkələr üzərindəki bütün məhdudiyyətləri ləğv edilməsi, media azadlığının tanınması;

- Sərbəst toplaşmaq və ifadə azadlığı verilməsi;

- 177-ci maddənin icrası ilə bağlı Konstitusiyaya xüsusi və ya ümumi şəkildə yenidən baxılaraq qismən və ya tamamilə dəyişdirilməsinə imkan verən ümumxalq referendumu keçirilməsi (sözügedən maddə Konstitusiya islahatları ilə bağlı şərtlərdən bəhs edir) və s. tələb edilirdi.

Sistemdaxili müxalifət (islahatçılar) həmin vaxt Evin həbsxanasında baş verən yanğından sonra yaydığı bəyanatda İslam Respublikası rejiminin dəyişdirilməsinə, iqtisadi, siyasi və sosial islahatlar aparan, BAŞQA ÖLKƏLƏRIN DAXİLİ İŞLƏRINƏ MÜDAXİLƏNİ dayandıran “dünyəvi respublika” sistemi qurmağa, qadınlar və kişilər arasında hüquqların tam bərabərliyini təmin etməyə, milli azlıqların yaşadığı vilayətlərin muxtariyyətinə təminat verən kvazi-federal idarəetmə üsuluna keçidə çağırış edilirdi.

Bəyanatda bildirilirdi ki, bütün silahlı qüvvələr: “İnqilab Keşikçiləri” və “Bəsic” orduya inteqrə etməli, məcburi hərbi xidmət ləğv olunmalıdır. Mənbə iddia edirdi ki, müxalifət tamamilə dünyəvi hökumətin qurulmasını və dinin siyasətdən ayrılmasını şərtləndirən yeni konstitusiya yazılması üçün ekspertlər seçilməsini istəyir. Bu tələblərin hamısının yerinə yetirilməsi indiki şərtlər daxilində mümkün deyil, hakimiyyətin buna getməsi də ağlasığmaz olardı. Amma bu müzakirələrin başlaması İran siyasi sisteminin öz daxilində çox ciddi təbəddülatlardan xəbər verirdi. Xameneinin səhhəti ilə bağlı yaranacaq X saatında tələblərin bu dəfə qapılar arxasında deyil, meydanlarda səslənməyəcəyinə heç bir təminat yoxdur.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm