Orta Asiyaya yaxınlaşmaq Qərbə qarşıdır? - ABŞ və Avropa da region uğrunda vuruşursa...
Bizi izləyin

Nida Təhlil

Orta Asiyaya yaxınlaşmaq Qərbə qarşıdır? - ABŞ və Avropa da region uğrunda vuruşursa...

Hakimiyyətin siyasi opponentləri Azərbaycanın türk dünyası ilə yaxınlaşma siyasətinə “ortaasiyalaşma, türkmənistanlaşma” kimi ironiya edir, bu yaxınlaşmanı az qala zərərli ideya kimi təqdim edirlər. Doğrudanmı, Orta Asiyaya yaxınlaşma Qərblə münasibətləri istisna edir və ya Türk dünyasının inteqrasiyası zərərlidir? Cavaba sonuncu sualdan başlayıb dərhal da emosional bağlara istinadən “xeyir” cavabı vermək olardı. Amma yalnız emosional bağlara deyil, iqtisadi və geosiyasi amillərə nəzər salmaq istərdik. Gətirəcəyimiz faktlar, rəqəmlər, təqdim edəcəyimiz mövqe Qərb və ərəb KİV-lərinə istinadən hazırlanıb, yəni subyektiv deyil.

Sovet İttifaqının dağılmasının ilk günündən dünyanın böyük dövlətlərinin nəzərləri Cənubi Qafqaz və Mərkəzi Asiyaya dikilib. Ancaq 2022-ci il fevralın 24-də Rusiyanın-Ukraynaya hərbi təcavüzündən sonra böyük dövlətlər arasında enerji təhlükəsizliyi, neft kəmərləri və uran tədarükünün davamlılığı üçün böyük geoiqtisadi əhəmiyyət kəsb edən Mərkəzi Asiya və Cənubi Qafqaz uğrunda əsl ciddi münaqişə mərhələsi başladı.

“Alkhaleej”in rəyinə görə, Ukrayna ilə müharibədə olan Rusiya keçmiş sovet dövlətlərinin ABŞ, NATO, Avropa İttifaqı ilə yaxınlaşmaq üçün ondan uzaqlaşmaq istəyi ilə barışa bilmir. Çin isə öz sərhədlərində yerləşən üç ölkənin, yəni Qazaxıstan, Tacikistan və Özbəkistanın daxil olduğu regionda öz maraqlarını qorumaq üçün “yumşaq diplomatiya” prinsipi ilə hərəkət edir.

Cənubi Qafqazın 3 respublikasını və Mərkəzi Asiyanın 5 ölkəsini əhatə edən bu regionu geosiyasət mütəxəssisləri “dünyanın ürəyi” (hartland) adlandırır. Tehran və Ankaranın dil, tarix ortaqlığı səbəbindən “arxa bağça” gördükləri, tarixi təsir zonası hesab etdikləri regionda heç bir güzəştə gedə bilməyəcəkləri maraqları var. Lakin region həm də Yaxın Şərq, Bəsrə körfəzi və Qərb dünyasına “Çinin qapısı” hesab olunur. Böyük mineral sərvətləri olan region qlobal enerji təhlükəsizliyində mühüm rol oynayır, Rusiya qazı, nefti və uranına alternativ təmin edə bilər. Əvvəllər Çin və Mərkəzi Asiyanı Avropaya qədər birləşdirən, ancaq Rusiya-Ukrayna müharibəsi başlayandan sonra dayanan yolu əvəz edən dəhliz marşrutu Çinin şərqindən, Qazaxıstandan, oradan isə Xəzər dənizindən keçərək Azərbaycan və Türkiyə vasitəsilə Qara dənizə və Avropaya çatır. Bu bölgəni Xəzər dənizindən Hindistana yeni marşrutla birləşdirmək üçün çoxlu ideyalar var.

ABŞ da Azərbaycandan Türkiyəyə, Bolqarıstan və ya Rumıniyadakı Avropa qaz şəbəkəsinə qoşulan “Şahdəniz 2” qaz kəmərində maraqlıdır.

Türkiyənin maraqları

“Energypress.ir” xəbər verir ki, Qazaxıstan neftinin Azərbaycan-Gürcüstan-Türkiyə vasitəsilə satışı ildə 1,5 milyon tondan 2,2 milyon tona, yaxın gələcəkdə isə 3 milyon tona yüksələcək. “Energy Press”in məlumatına görə, Moskvanın “arxa həyəti” hesab etdiyi ölkələr, Rusiyadan alternativ yollar tapmaq üçün səylərini gücləndiriblər. Qazaxıstan lideri Tokayev Bakıda Əliyevlə çox mühüm müqavilə imzalayıb. Qazaxıstan ixrac etdiyi neftin təxminən 85%-ni Rusiya vasitəsilə dünya bazarlarına çıxarır. Azərbaycan üzərindən Qazaxıstana neft tədarükünün artırılması Rusiyanın enerji gəlirlərini və Astananın Moskvadan asılılığını azalda bilər, eyni zamanda Türkiyənin regionda daha önəmli oyunçuya çevrilməsinə zəmin yarada bilər.

1992-ci ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adı ilə qurulan təşkilat 2009-cu ildən başlayaraq Türk Dövlətləri İttifaqı, 2021-ci ildə baş tutan 9-cu zirvə görüşündə Türk Dövlətləri Təşkilatına çevrildi. Müşahidəçilərə görə, bu təşkilat Türkiyəni yalnız Rusiya və Çinin təsiri qarşısında deyil, NATO-dakı rolunu da gücləndirir, onu Cənubi Qafqaz və Mərkəzi Asiyanın türkdilli xalqlarına yaxınlaşdırmaq ideyasını dəstəkləyən ABŞ-a meyilləndirir.

Məhz buna görə də Vaşinqton bu regionda türk dünyası ölkələrinin sabitliyinə mənfi təsir göstərən sərhəd terroru, xüsusilə İŞİD və “Əl-Qaidə” kimi ciddi problemlərin aradan qaldırılmasında Ankaraya dəstək olmağa çalışır. Türkiyə həmçinin hesab edir ki, 4,5 milyon km2 ərazidə yaşayan 150 milyona yaxın insanı birləşdirən və ümumi daxili məhsulu təxminən 1.5 trilyon dollardan, qlobal ticarətdə töhfəsi 550 milyard dollardan çox olan türk dünyası ilə müttəfiqliyinə əsaslanaraq təkcə regional oyunçu deyil, həm də beynəlxalq oyunçu ola bilər: “Bu məqsədlə o, Türkiyəni türk dünyası ölkələri və xalqları arasında əlaqələri bir sıra addımlar vasitəsilə gücləndirməyə çağırır, məsələn: bu qrup arasında daşımaların asanlaşdırılması üçün birgə beynəlxalq yük daşımaları haqqında razılığın əldə edilməsi və bu istiqamətdə işlərin davam etdirilməsi. Türkiyənin tərəfdar çıxdığı müxtəlif dəhliz layihələri Xəzər dənizini Aralıq dənizi və Bəsrə körfəzinə bağlayır, bu, dəmir yolu və avtomobil nəqliyyatı ilə yüklərin daşınmasını effektiv şəkildə asanlaşdırır, yəni şərqdə Pekindən qərbdə Londonadək ticarətin artması deməkdir.

İranın narahatlığı

“Alkhalej”-ə görə, Tehran Cənubi Qafqazda və Mərkəzi Asiyada baş verən son hadisələrdən, xüsusən Azərbaycanla Ermənistan arasında müharibənin nəticələrinin Azərbaycanın xeyrinə çevrilməsindən narahatdır, belə ki, Azərbaycan İranın heç bir müdaxiləsi olmadan “Dağlıq Qarabağ bölgəsi”ni tam nəzarətə götürüb. Tehran ehtiyat edir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə nəzarəti ölkəni Türkiyə ilə birləşdirən “Zəngəzur dəhlizi”nin reallaşmasına gətirib çıxaracaq və bu, onun sərhədlərini təhdid edir. İranın bu dəhlizə baxışı ilə Türkiyənin baxışı arasında fərq var.

Amma Ermənistanın özündə də vəziyyət İranın xeyrinə inkişaf etmir, çünki Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan tarixi müttəfiqi Rusiya ilə münasibətləri saxlamaq istəyindən daha çox ABŞ və NATO-ya meyillidir. Ermənistan Rusiya ilə hərbi manevrlər keçirməkdən imtina edir, lakin Amerika ordusu ilə “Qartal tərəfdaşı” manevrlərinin keçirilməsini qəbul edib.

Tehran 1991-ci ildən İsraillə diplomatik əlaqələr quran və 2023-cü ilin martında Tel-Əvivdə səfirliyini açan Azərbaycana da şübhə ilə yanaşır. İranı narahat edən yeganə məsələ İsrail deyil. Regionda, xüsusən də gənc nəsil arasında ümumi tendensiya tədricən Qərbin həyat tərzinin xeyrinə dəyişir, ictimai rəy bütövlükdə Qərbə uduzulur.

Çinin iqtisadi diplomatiyası

Region 2013-cü ildə prezident Si Cinpin tərəfindən işə salınan "Bir kəmər-bir yol" layihəsi üçün təbii marşrutdur; Pekin beynəlxalq ticarətini və qlobal mövcudluğunu genişləndirmək üçün bu marşrutdan istifadə edir. Rusiya Çinin regionda ənənəvi rəqibi olsa da, Pekin artıq NATO, ABŞ və Avropa İttifaqının artan təsirindən ehtiyatlandığı qədər Rusiyanın təsirindən qorxmur. Əhalisi türkdilli olan Sincan və ya Şərqi Türküstan bölgəsinə türk baxışı Çini narahat edir, lakin heç bir regional və beynəlxalq güclə toqquşmadan “yumşaq güc” və “iqtisadi diplomatiya” vasitəsilə Mərkəzi Asiya və Cənubi Qafqazda öz rolunu gücləndirməyə çalışır.

NATO və Amerika

Mövzunun əsas məqamı Qərblə bağlıdır. Müşahidəçilərə görə, ABŞ və NATO Cənubi Qafqaz və Mərkəzi Asiyada öz mövqelərini gücləndirmək üçün Rusiyanın Ukrayna müharibəsi ilə bağlı narahatlığından istifadə edir. Region ABŞ və NATO strategiyası üçün həyati əhəmiyyət kəsb edir, çünki regionda mövcudluq ABŞ-ın rəqiblərinə nəzarət edə bilməsi deməkdir. Bu səbəbdən ABŞ Aİ ölkələrini regiona Avropa investisiyalarını artırmağa sövq edir. Vaşinqton həmçinin Ankara və Təl-Əvivin bölgə ilə bağlı gündəliyini tam və qeyd-şərtsiz dəstəkləyir. Amerikanlar hesab edir ki, Türkiyə və İsrailin bölgədəki təsirinin artması Rusiya, Çin və İranın təsirini Amerikanın xeyrinə dəyişir. ABŞ və ya Avropa İttifaqındakı müttəfiqlərinin regionun neft, qaz, uran və nadir metallarına çıxışını asanlaşdırır.

Ərəb analitiklərinə görə, Körfəz ölkələri Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə böyük mədəni və iqtisadi əməkdaşlığa, eləcə də bu regionun bütün oyunçuları ilə yaxşı münasibətlərə malikdirlər ki, bu da onları “ kommunikasiya körpüsü”, Cənubi Qafqaz və Mərkəzi Asiyada rəqabət aparan bütün regional və beynəlxalq “fillər” arasında ümumi məkan yaratmaq imkanı verir. Aprelin 30-da Dohada, Ərəb Dövlətləri Liqasının Baş Katibliyinin mənzil-qərargahında Mərkəzi Asiya Ölkələri və Azərbaycan Respublikası ilə İqtisadiyyat və Əməkdaşlıq üzrə Ərəb Forumunun üçüncü sessiyasının təşkili məqsədilə üzv ərəb dövlətlərinin daimi nümayəndələri səviyyəsində ərəb əlaqələndirmə iclası keçirilib (lana.gov.ly.).

Bəs regionun çoxvektorlu siyasəti necə formalaşır?

Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun təsisçisi və rəhbəri Frederik Starr beynəlxalq münasibətlərdə çoxvektorluluğun tərifini xatırladıb: “Sözdə bu, sadə siyasətqurma üsuludur. Bir çox ölkələrlə dostluq münasibətlərinin qurulması və bu ölkələrin beynəlxalq müqavilələri pozmaması üçün görülən tədbirləri ehtiva edir. Lakin bu, reallıqda asan deyil”.

Starr Rusiyanın regionda mövcudluğunu balanslaşdırmaq üçün ilk dəfə Çinlə təmaslardan istifadə etməyə başlayan Qazaxıstan prezidenti Tokayevin siyasətini misal çəkir: "Qazaxıstanın həm Çin, həm də Rusiya ilə siyasətini balanslaşdırmaq üçün Qərblə, xüsusən də ABŞ ilə əlaqələr qurur" .

“New Lines Institute”-dan fəlsəfə doktoru Kamran Buxari isə hesab edir ki, Moskvanın Ukraynaya genişmiqyaslı təcavüzünün ilk günlərindən Qərbin Rusiya marşrutu ilə Orta Asiya ölkələri ilə ticarət dövriyyəsinin məhdudlaşacağı bəlli idi. Ekspertin fikrincə, bu, “region liderlərinin əksəriyyətini Çin və qonşu ölkələrlə münasibətdə daha fəal olmağa sövq edib”.

Ekspertin fikrincə, Cənubi Qafqazda baş verən dəyişikliklər ona görə vacibdir ki, türklər Azərbaycana “cənub cinahında deşik açmağa kömək edə bildilər və bu, qüvvələr balansına təsir edib. Buxari vurğulayıb ki, Türkiyə “Transxəzər dəhlizinə quru körpüsü ola biləcək Cənubi Qafqazda öz geosiyasi təsir dairəsini qurub”.

F.Starr ABŞ-ın regiondakı uğurlu addımlarını, xüsusən də C5+1 platformalarının (regionda beş ölkə, üstəgəl ABŞ) yaradılmasını, daha sonra isə onun iqtisadi analoqu olan B5+1-i xatırladıb. F.Starr “orta dəhliz” adlanan layihəni əsas kimi qeyd edib. “Bu, Şərqlə Qərb, Çin və Avropa arasında fəal əməkdaşlığın mövcud olduğu nadir sahədir”, - deyə o vurğulayıb və əlavə edib ki, Rusiyanın aqressiv siyasətini nəzərə alsaq, layihənin “şimal dəhlizinin” inkişaf etdirilməsi ehtimalı qalır.

Yada salaq ki, Karnegi Fondunun əməkdaşı, 2013-17-ci illərdə ABŞ-ın ATƏT-də səfiri olmuş Daniel Bayer 2020-ci ilin sonlarında “Foreign Policy” jurnalında dərc etdiyi məqalədə Bayden administrasiyasının “Dağlıq Qarbağ”la bağlı siyasətini necə qurması, Ermənistanla Azərbaycanı davamlı sülhə təşviq etməsi üçün müxtəlif tövsiyələr sırasında regionu əhatələyən iqtisadi əməkdaşlıq strategiyası yürütmək təklifi də yer alırdı. İddia olunurdu ki, infrastrukturun inkişafına beynəlxalq sərmayə cəlb olunması Ermənistan, Azərbaycan və Gürcüstanın iqtisadiyyatlarını gücləndirərdi. Bildirilirdi ki, ABŞ-ın maliyyə naziri Canet Yellen Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik iclaslarında yüksək səviyyəli danışıqlarda bu regionu gündəliyə gətirməli, Vaşinqton isə Avropa İttifaqı və Cənubi Qafqazın üç hökuməti ilə işləyərək regional əməkdaşlığın çərçivəsini hazırlamalıdır. Müəllifin fikrincə, Obama administrasiyasının yaratdığı, Tramp administrasiyasının davam etdirdiyi və Orta Asiyada regional əməkdaşlığı nəzərdə tutan C5+1 modeli yeni SC3+2 çərçivəsi (Orta Asiya və Cənubi Qafqaz dövlətləri +ABŞ +Avropa İttifaqı) üçün model ola bilər.

Qeyd edildiyi kimi, bəhs olunan format Barak Obama administrasiyası tərəfindən düşünülüb və anti-Rusiya mahiyyətindədir. Obama administrasiyasının xarici siyasət kursunu davam etdirən Bayden hakimiyyəti bu formatı yenidən canlandırmaqda və Cənubi Qafqazı, xüsusən Azərbaycanı həmin formatda görməkdə maraqlı olduğunu gizlətmir. ABŞ prezidenti Co Baydenin azərbaycanlı və türküstanlı həmkarlarına ünvanladığı Novruz təbriklərində də (o cümlədən builki təbriklərində də) hər iki regionun (Cənubi Qafqaz və Orta Asiyanın) birgə regional əməkdaşlıq kontekstində nəzərdən keçirilməsinə işarələr var idi.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm