Nida Xəbər
Gələn il diplomatiyamızın ən başlıca vəzifəsi bu olacaq - XİN AÇIQLADI
Azərbaycan Xarici İşlər Nazirliyi 2018-ci ilin
yekunlarına dair hesabat yayıb.
XİN-in mətbuat xidmətindən Publika.az-a daxil olan
hesabatı təqdim edirik:
2018-ci ildə qlobal və regional güclər arasında artan ixtilaflar
beynəlxalq münasibətlər sistemində davam edən gərginliyi, o
cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələri,
beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşmanı, həmçinin
silahlı münaqişələr, etnik qarşıdurmalar, birtərəfli iqtisadi
sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyətini daha da
kəskinləşdiribdir.
Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər
şəraitində ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət
nəticəsində daxili sabitlik və inkişafını təmin etmək,
iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı
layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki nüfuz və
rəğbətini daha da möhkəmləndirməyə müvəffəq olubdur.
Cari ildə Azərbaycan Respublikasının xarici siyasəti qarşılıqlı
hörmət və bərabərhüquqluq əsasında iki və çoxtərəfli münasibətlərin
inkişaf etdirilməsi, təhlükəsizliyin, iqtisadi və sosial rifahın
dayanıqlılığının təmin edilməsi və mədəni təşəbbüslərin artırılması
istiqamətlərinə yönəlibdir. Eyni zamanda, Azərbaycan Respublikası
Prezidentinin 16 may 2017-ci il tarixli Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamına uyğun
olaraq xarici siyasətimizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü
ildönümünün qeyd edildiyi cari ildə milli istiqlaliyyət və
dövlətçilik dəyərlərimizin beynəlxalq müstəvidə geniş təşviq
olunmasına xüsusi diqqət ayrılıbdır.
Xalqın iradəsinə əsaslanan ölkədəki sabit ictimai-siyasi
vəziyyət, sosial-iqtisadi sahələrdə aparılan səmərəli islahatlar və
quruculuq işləri, habelə uğurla davam etdirilən müstəqil və çox
şaxəli xarici siyasət kursu Azərbaycanı Cənubi Qafqaz regionunun
aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin
edibdir.
Dövlət rəhbəri tərəfindən 2018-ci ildə çoxsaylı rəsmi və işgüzar
səfərlər həyata keçirilmiş, o cümlədən Azərbaycan Respublikası
Prezidentinin Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika,
Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və
Türkmənistana səfərləri reallaşdırılıb. Eyni zamanda, Türkiyə,
Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan,
Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın Prezidentləri,
həmçinin Almaniyanın federal kansleri ölkəmizə rəsmi və işgüzar
səfərlər ediblər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin İtaliya və
Fransaya rəsmi və işgüzar səfərləri baş tutub.
Cari il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədləri
çərçivəsində həll olunması istiqamətində diplomatik səylərimiz
davam etdirilib.
Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri
arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri
çərçivəsində söhbətlər baş tutmuş və Azərbaycan Respublikasının
xarici işlər naziri ilə Ermənistanlı həmkarı arasında son altı ay
ərzində 3 görüş keçirilmişdir. Bu ilin 6 dekabr tarixində ATƏT-in
Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk
qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri,
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatı
qəbul olunubdur. Bəyanatda münaqişənin sülh yolu ilə ədalətli və
davamlı həlli üzrə danışıqların davam etdirilməsinin
razılaşdırıldığı qeyd olunur. Burada, həmçinin iki ölkənin
rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət
olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret
addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri
isə, birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin
təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan
rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönəlik danışıqların
keçirilməsi fikrinin əks olunmasıdır. Bu yanaşma ATƏT-in Minsk
Qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir.
Bu il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən
maraqlarımıza cavab verən aşağıdakı önəmli sənədlərin qəbul
edilməsinə nail olunubdur.
3-6 aprel 2018-ci il tarixlərində 117 ölkə və 16 beynəlxalq
təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bakıda
keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun
sənədinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı
prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayan bənd
daxil edilibdir.
16-17 aprel 2018-ci il tarixlərində Düşənbə şəhərində keçirilmiş
İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurası
iclasının yekun sənədinə Ermənistanın-Azərbaycan münaqişəsinin
regional iqtisadi əməkdaşlığa maneə törətdiyi və münaqişənin
tezliklə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət
prinsipləri əsasında həllinin vacibliyinə dair bənd daxil
edilibdir.
5-6 may 2018-ci il tarixlərində Banqladeş Xalq Respublikasının
Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT)
Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında Ermənistanın
Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə
dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul
edilibdir.
İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında “1992-ci il Xocalı
qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamə də qəbul
olunubdur. Qətnamədə Azərbaycanın Xocalı şəhərində və digər işğal
edilmiş ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri
tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı
törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilir və üzv
dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal
edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə
cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli
və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımı səy
göstərməyə səslənibdir.
Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq
prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi
və sərhədlərinin toxunulmazlığı ilə bağlı Avropa İttifaqından
Azərbaycana önəmli dəstək ifadə olunmubur. Bununla yanaşı, 12
dekabr 2018-ci il tarixində Avropa Parlamentinin qəbul etdiyi
“Vahid Xarici və Təhlükəsizlik Siyasətin həyata keçirilməsi üzrə
illik plan” adlı qətnamədə Avropa Ittifaqının Şərq Tərəfdaşlığı
ölkələri, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün
dəstəkləməsi bir daha təsdiqlənibdir.
Eyni zamanda, 11-12 iyul 2018-ci il tarixlərində Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün yekun bəyannaməsində Alyans üzvləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstək ifadə etmiş və regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasına çıxış ediblər.
5 oktyabr 2018-ci il tarixində keçirilmiş Demokratiya və
İqtisadi İnkişaf naminə Təşkilat – GUAM dövlətlərinin hökumət
başçılarının iclasında qəbul edilmiş Birgə Bəyanatda
Ermənistan-Azərbaycan münaqişəsi və GUAM üzv ölkələri ərazisində
həllini tapmamış digər münaqişələrin dövlətlərin suverenliyi, ərazi
bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin
toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanmış
və bu münaqişələrin beynəlxalq sülh, təhlükəsizlik və sabitliyə
təhlükə təşkil etdiyini nəzərə alaraq, onların yuxarıda göstərilən
prinsiplər əsasında tezliklə həlli məqsədilə beynəlxalq
ictimaiyyətə səylərin artırılması üçün çağırış edilibir.
2018-ci ildə dövlətimizin dayanaqlı inkişafını təmin etmək məqsədi
ilə beynəlxalq, regional və ikitərəfli formatda məqsədyönlü xarici
siyasət fəaliyyəti davam etdirilibdir. Ölkə iqtisadiyyatının
potensialının xaricdə təbliğ olunması, ixracının təşviqi və
genişləndirilməsi, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin
rəqabət qabiliyyətinin artırılması, həmçinin xarici ölkələrdə
tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi
aparılan xarici iqtisadi əməkdaşlığın əsas istiqamətlərini təşkil
edibdir.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində əldə edilən
iqtisadi uğurlarımız mötəbər beynəlxalq iqtisadi qurumlar
tərəfindən də yüksək qiymətləndirilibdir. Belə ki, dünyanın ən
nüfuzlu iqtisadi forumu olan Davos İqtisadi Forumunun
qiymətləndirməsinə əsasən ölkəmiz rəqabət qabiliyyətliliyə görə
dünya miqyasında 35-ci yerdə qərarlaşıbdır.
İkitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə Misir,
İordaniya, İran, Avstriya, Mərakeş, İsrail, Vyetnam, Hindistan,
Qazaxıstan, Bolqarıstan, Belarus, Serbiya, Rumıniya, Rusiya və
Sankt-Peterburq Hökuməti daxil olmaqla 15 Hökumətlərarası
komissiyaların iclasları, həmçinin Azərbaycan ilə Pakistan arasında
ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü,
eyni zamanda Çin, İran, Avstriya, Pakistan, İsveçrə, İtaliya,
Estoniya, Çexiya, Serbiya ilə Biznes Forumları keçirilmişdir. Çin,
Polşa, Ukrayna və Latviyada Azərbaycanın Ticarət Evləri fəaliyyətə
başlanıbdır.
2018-ci il ərzində Azərbaycan Respublikası insan hüquqları,
demokratiya, qanunun aliliyi və yaxşı idarəçiliyin təşviqi
sahəsində beynəlxalq və regional təşkilatlarla səmərəli
fəaliyyətini davam etdiribdir. 22 mart 2018-ci il tarixində BMT
İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində ölkəmiz
tərəfindən irəli sürülmüş “Dövlət xidmətlərinin səmərəli, şəffaf və
məsuliyyətli çatdırılması vasitəsilə insan hüquqları və Dayanıqlı
İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə layihəsi yekdilliklə
qəbul edilibdir. 25 aprel 2018-ci il tarixində Avropa Şurası
Parlament Assambleyasında qəbul olunmuş “Avropada məcburi
köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamədə
işğal edilmiş ərazilərin əhalisinin başqa yerə köçürülməsi və
işğalçı qüvvə tərəfindən bu ərazilərə digər əhalinin yerləşdirməsi
müharibə cinayəti kimi qeyd olunubdur. 17 dekabr 2018-ci il
tarixində BMT Baş Assambleyasında Azərbaycan tərəfindən irəli
sürülmüş və əsas məqsədi silahlı münaqişələr şəraitində itkin
düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarət
"İtkin düşmüş şəxslər" adlı qətnamə yekdilliklə qəbul
edilibdir.
Demokratiya, insan hüquqları və qanunun aliliyi sahələrində
beynəlxalq təsisatlarla aparılan səmərəli əməkdaşlıqla yanaşı cari
ildə mədəniyyətlərarası dialoqun təşviq edilməsinə də böyük önəm
verilibdir.
26 noyabr–1 dekabr 2018-ci il tarixlərində keçirilmiş YUNESKO-nun
Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin
iclasında Azərbaycan tərəfinin təqdim etdiyi “Çovqan-ənənəvi
Qarabağ atüstü oyunu” ilə bağlı milli hesabat qəbul olunmuş,
həmçinin “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup
rəqsləri” adlı nominasiya Qorunmaya Ehtiyacı olan YUNSEKO-nun
Qeyri-maddi mədəni irs siyahısına daxil edilibdir.
İl ərzində beynəlxalq təsisatların seçkili vəzifələrinə ölkəmizdən
irəli sürülən namizədliklərin müvəffəqiyyətlə irəliləməsi
Azərbaycanın ikitərəfli və çoxtərəfli beynəlxalq münasibətlər
müstəvisində apardığı uğurlu siyasətinin bariz nümunəsini təşkil
edib dir.
4-6 iyun 2018-ci il tarixlərində YUNESKO-nun Baş qərargahında keçirilmiş təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyasında Azərbaycan adı çəkilən Komitəyə üzv seçilibdir.
7 iyun 2018-ci il tarixində Nyu-York şəhərində keçirilmiş
BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə
Konvensiyasına tərəf dövlətlərin iclasında Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin rəsmisi BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan
qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilibdir.
17-21 sentyabr 2018-ci il tarixlərində Atom Enerjisi üzrə
Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 62-ci sessiyasında
ölkəmiz AEBA-nın Müdirlər Şurasının 2018-2020-ci illər üzrə üzvü
seçilibdir.
2018-ci ilin 26 oktyabr - 17 noyabr tarixlərində keçirilmiş
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) konfransında
Azərbaycan 2019-2022-ci illər müddətinə BTİ Şurasına yenidən üzv
seçilmiş, həmçinin ölkəmizin təmsilçisi həmin müddət üzrə
təşkilatın Radio Tənzimləmə Komitəsinə üzv seçilibdir.
2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu, VI Qlobal Bakı
Forumu, Qoşulmama Hərəkatının Xarici işlər nazirləri konfransı,
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri
Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər
toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, “Formula 1”
Azərbaycan Qran-Pri yarışları, XXV Beynəlxalq Xəzər Neft və
Qaz-2018 sərgisi, ADEX-2018 III Beynəlxalq Müdafiə Sərgisi və digər
mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə
keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, ona bəslənilən
yüksək etimadın, həmçinin zəngin təcrübə və bacarıqlarının
göstəricisini təşkil edibdir.
Cari ildə qonşu və region ölkələri ilə qarşılıqlı hörmət və etimad
əsasında siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlıq
münasibətləri inkişaf etdirilmişdir. Müxtəlif regional əməkdaşlıq
formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan
Respublikası ilk dəfə olaraq dövlət başçıları səviyyəsində
keçirilmiş Azərbaycan-Rusiya regionlararası forum və
Azərbaycan-İran biznes forumu, həmçinin Azərbaycan, Gürcüstan, İran
və Türkiyənin xarici işlər nazirlərinin birinci dördtərəfli
görüşünə ev sahibliyi etmiş, eyni zamanda “Azərbaycan-Türkiyə
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası” və xarici işlər
nazirləri səviyyəsində baş tutmuş Azərbaycan-Türkiyə-Gürcüstan və
Azərbaycan-Türkiyə-İran üçtərəfli toplantılarında fəal iştirak
edibdir.
12 avqust 2018-ci il tarixində Xəzər dənizinin hüquqi statusuna
dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı
Dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısında “Xəzər
dənizinin hüquqi statusu haqqında Konvensiya” və Xəzər dənizində
əməkdaşlığı təşviq edən digər saziş və protokollar
imzalanıbdır.
21-22 fevral 2018-ci il tarixlərində keçirilmiş Azərbaycan-Rusiya
Birgə demarkasiya komissiyasının iclası çərçivəsində ilk dəfə
olaraq Azərbaycanın demarkasiya sərhəd nişanı Azərbaycan-Rusiya
dövlət sərhədinin 49 nömrəli delimitasiya nöqtəsi sahəsində Samur
çayının sahilində Qusar rayonu ərazisində quraşdırılıbdır.
Dövlətimizin xarici siyasət kursunun vacib istiqamətlərindən biri
kimi xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşı
olan soydaşlarımızın hüquqlarının müdafiəsi sahəsində
konsulluq-hüquqi yardım əməliyyatları uğurla davam etdirilmişdir.
İraqın Bağdad şəhərində uşaq evində saxlanılan, xüsusi qayğıya
ehtiyacı olan və Azərbaycan vətəndaşı olan kimsəsiz uşaqlara hüquqi
yardım göstərilərək, həyata keçirilən təxirəsalınmaz tədbirlər
nəticəsində onların Azərbaycana repatriasiyası uğurla baş
tutubdur.
Ölkəmizdə turizmin təşviqi və inkişafı məqsədilə Azərbaycan
Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə elektron vizaların verilməsi prosedurunun
sadələşdirilməsi baxımından həyata keçirilmiş tədbirlər nəticəsində
bir sıra xarici ölkə “ASAN Viza” sistemi vasitəsilə elektron viza
verilən ölkələr siyahısına əlavə edilibdir. Eyni zamanda, 2018-ci
ildə Serbiya Respublikası və Makedoniya Respublikası tərəfindən bu
ölkələrə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına
münasibətdə viza tələbi birtərəfli qaydada ləğv edilibdir.
Cari il ərzində ikitərəfli və çoxtərəfli əsasda qarşılıqlı bir çox
rəsmi və işgüzar səfərlər baş tutmuşdur. Azərbaycan Respublikasının
Baş naziri Fransa və Qazaxıstanda işgüzar səfərdə olubdur. Öz
növbəsində, Türkiyə, Bolqarıstan, Gürcüstan və Slovakiya hökumət
başçıları, həmçinin Avstriya Respublikasının vitse-kansleri və
Türkmənistanın nazirlər kabinetinin sədr müavini ölkəmizə rəsmi və
işgüzar səfərlər həyata keçiriblər.
2018-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri
Türkiyə, ABŞ, Çin, Bolqarıstan, Banqladeş, Belarus, Fransa,
Meksika, Türkmənistan və İtaliyaya rəsmi və işgüzar səfərlər
etmişdir. Eyni zamanda Türkiyə, İran, Yaponiya, Finlandiya,
Macarıstan, Fransa, Serbiya, Bosniya və Herseqovina, Gürcüstan,
Türkmənistan, Kosta Rika, Monqolustanın, Venesuela, Ekvador,
Əfqanıstan, Hindistan, Banqladeş, Nepal, Şri Lanka, Koreya Xalq
Demokratik Respublikası, Sent Vinsent və Qrenadin, Müqəddəs
Taxt-Tac və San Marinonun xarici işlər nazirləri, Kubanın xarici
işlər nazirinin müavini, həmçinin ABŞ prezidentinin milli
təhlükəsizlik məsələləri üzrə köməkçisi və Böyük Britaniya Baş
nazirinin ticarət elçisi ölkəmizə rəsmi və işgüzar səfərləri həyata
keçiribdir.
Bununla yanaşı, il ərzində Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara
Cəmiyyətləri Federasiyasının Baş katibi, Ümumdünya Səhiyyə
Təşkilatının Baş direktoru, Beynəlxalq Əmək Təşkilatının Baş
direktoru, Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi,
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Katibi, BMT-nin Avropa
İqtisadi Komissiyasının İcraçı katibi, NATO Baş katibinin müavini,
YUNESKO Baş direktorunun müavini, Beynəlxalq Miqrasiya Təşkilatının
Baş direktorunun müavini, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının
sədri - humanitar məsələləri üzrə BMT Baş katibinin nümayəndəsi,
Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisinin (UNISDR) Avropa
regional ofisinin rəhbəri Azərbaycana səfər edibər.
Cari ildə Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım
Agentliyi (Azerbaijan International Development Agency /AIDA)
tərəfindən aparılmış birgə fəaliyyət nəticəsində “Azərbaycanın
Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası” ictimai birliyi təsis
edilmişdir. Assosiasiyanın yaradılmasında əsas məqsədi Azərbaycanda
təhsil almış əcnəbi vətəndaşların bir araya gətirilməsi, qarşılıqlı
əlaqələrin yaradılması və ictimai faydalı məqsədlərə nail olunması
təşkil edir. 26 oktyabr 2008-ci il tarixində Xarici İşlər
Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə
ADA Universitetində “Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq
Assosiyasiyası”nın nümayəndələrinin iştirakı ilə “Gələcəyimizə
sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” mövzusunda təşkil
olunmuş dəyirmi masada vaxtilə Azərbaycanda təhsil almış 25 ölkədən
65 yüksək vəzifəli əcnəbi məzunlar iştirak edibdir.
2018-ci ildə Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA
Universiteti təhsil proqramlarını 8 bakalavr və 4 magistr
proqramları vasitəsilə 43 ölkədən olan 2200 əcnəbi tələbələr üçün
davam etdirmişdir. Xarici İşlər Nazirliyi və ADA Universiteti
tərəfindən maliyyələşdirilən Xəzər Hövzəsinin Araşdırılması
Proqramı çərçivəsində 38 ölkədən olan əcnəbi diplomatlara təlim
keçirilmişdir. Cari ildə ADA Universiteti yeni əməkdaşlıq əlaqələri
quraraq, Massaçusets Texnologiya İnstitutu, Vaterlo Universiteti,
Venesiyanın Kofoskari Universiteti, Macarıstanın Diplomatik
Akademiyası, Latviya Universiteti, Hindistanın Diplomatik
Akademiyası, Qazax – Britaniya Texniki Universiteti, Türkmənistanın
Diplomatik Akademiyası, Tacikistanın Diplomatik Akademiyası və
Rusiyanın Skolkovo İdarəçilik Məktəbi ilə anlaşma memorandumu
imzalamışdır. 25 may tarixində ADA Universitetində Azərbaycan Xalq
Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans
təşkil edilibdir.
Hesabat ili ərzində Azərbaycan Respublikası ilə Samoa Dövləti,
Palau Respublikası, San-Tome və Prinsipi Demokratik Respublikası
arasında diplomatik münasibətlər qurulubdur.
2018-ci ildə Venesuela Bolivar Respublikası və Çili Respublikasının
ölkəmizdə diplomatik nümayəndəlikləri, həmçinin San Marino
Respublikasının fəxri konsulluğu fəaliyyətə başlayıbdır.
Eyni zamanda, Avstriyanın Sankt Pölten və Klaqenfurt am Vörterse
şəhərlərində Azərbaycanın Fəxri Konsulluqlarının açılışı baş
tutmuş, Ukraynanın Poltava şəhərində isə yeni Fəxri Konsulluğumuz
işə başlanıbdır.
2018-ci ildə əldə olunmuş xarici siyasət nailiyyətlərimiz milli
təcrübə və ənənələr, ölkənin artan maddi-iqtisadi potensialı, eləcə
də ölkədaxili sabitliyə əsaslanmışdır. Öz növbəsində, daxili
potensial, milli imkan və qabiliyyətlərin xarici siyasət
fəaliyyətinə təkan verməsi münbit qarşılıqlı əlaqəni təmin etmişdir
ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev öz çıxışında qeyd edibdir: “Bizim uğurlu xarici siyasətimiz
bu gün daxili inkişafımıza da müsbət təsir göstərir”.
Növbəti ildə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının
milli maraqlarının beynəlxalq müstəvidə layiqincə qorunması və
təmin olunması, həmçinin Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin müəyyən etdiyi xarici siyasət hədəflərinə nail
olunması məqsədilə müstəqil, çevik, praqmatik və çoxşaxəli xarici
siyasət fəaliyyətini davam etdirəcəkdir. Ermənistanın Azərbaycana
qarşı təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad
edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması
diplomatiyamızın ən başlıca vəzifəsi olaraq qalacaqdır.
-
İdman20:20
Azərbaycan - Slovakiya oyunu: hesab açıldı - CANLI/YENİLƏNDİ
-
Ekologiya20:15
Geomaqnit qasırğası olacaq - Bu tarixlərdə
-
Nəqliyyat19:30
Naxçıvana bu avtomobillərin girişi məhdudlaşdırıldı - VİDEO
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi