Cahangir Məmmədli: Azərbaycanın bugünkü inkişafının təməlini ulu öndər Heydər Əliyev qoyub
Bizi izləyin

Nida Xəbər

Cahangir Məmmədli: Azərbaycanın bugünkü inkişafının təməlini ulu öndər Heydər Əliyev qoyub

1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi ölkəmizdə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Azərbaycanın o andakı xaos və hakimiyyətsizlik zamanında Heydər Əliyev Bakıya gəlməsəydi, ölkəmizin siyasi xəritədən silinməsi təhlükəsi var idi. Bu, bir həqiqətdir. Mən özüm də o zamanın hadisələrinin şahidiyəm və həqiqətən Azərbaycanın bir dövlət kimi siyasi xəritədən silinməsinin qarşısını Heydər Əliyev aldı.

Bu fikirləri Azərtac-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli bildirib. C.Məmmədli qeyd edib ki, ulu öndər Heydər Əliyev hələ 1950-ci illərin sonu, 1960-cı illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edərkən milli azadlıq ideyalarının carçıları Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı, İlyas Əfəndiyevi və digər neçə-neçə yaradıcı ziyalıları repressiyalardan xilas etdi. 1969-cu ildən Azərbaycana rəhbərlik edən bu böyük şəxsiyyət ölkədə sənayeni, kənd təsərrüfatını yüksəklərə qaldırdı. 1982-ci ildən SSRİ rəhbərliyində yüksək post tutmuş Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycana sevgisini göstərdi. 1990-cı il yanvarın 20-də Mixail Qorbaçovun göstərişi ilə Bakıda törədilən qırğına qarşı öz etirazını bütün dünyaya nümayiş etdirdi.

Ümummilli lider Heydər Əliyev 1992-ci ildə Azərbaycanın müstəqillik uğrunda mübarizəsinə bir mayak kimi işıq salmaq üçün Naxçıvana qayıtdı. Ulu Öndər 1993-cü ilin ağır yay günlərində Azərbaycanı düşdüyü girdablardan qurtarmaq üçün onu xilaskarlığa çağıran xalqın inamını qırmayıb yenidən hakimiyyətə qayıtmığa razılıq verdi.

Zaman ağır zaman idi. Bakıdan tutmuş region kəndlərinədək heç kim səhərə salamat çıxacağına ümid etmirdi. Ermənistan silahlı quldurlarının torpaqlarımızı dalbadal işğalı bir yana, özümüzdən olan silahlı dəstələr özümüzə qənim kəsilmişdi: Surət hüseynovlar, Ələkrəm hümbətovlar Azərbaycanı parçalamaqda, düşmənin dəyirmanına su tökməkdə idi.

Heydər Əliyev belə bir anda xalqın köməyinə çatdı. Gəncədə artıq başlamış vətəndaş müharibəsinin ən ağır anında o, Gəncəyə getdi. Xalq onu hər yerdə bir xilaskar kimi qəbul etdi. Heydər Əliyev öz müdrik siyasəti ilə Gəncə hadisələrini, sonralar bir neçə dövlət çevrilişinə cəhdləri aradan qaldırdı, xalqın birliyinə, sabitliyə nail oldu. Ulu Öndər Azərbaycanın bir dövlət kimi nəinki siyasi xəritədən silinməsinin qarşısını aldı, həm də bugünkü inkişafının sarsılmaz təməlini qoydu. O, belə bir fikir bəyan etdi: “Mən həyatım, bütün əmək fəaliyyətim dövründə ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, xalq üçün yaşamışam... Bu gün də bu fikirlərlə yaşayıram”.

Hər şey xalqın rəhbərə inamından və etimadından başladı. Elə o zaman Heydər Əliyev deyirdi: “Mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur. Başçılıq etdiyim dövlətdə mən özüm üçün bundan başqa bir mükafat görmürəm”.

Dünyanın ən böyük siyasi və dövlət xadimləri Heydər Əliyevin milli cəsarət, milli ləyaqət və dövlətçilik bacarığını elə o zaman yüksək qiymətləndirdilər. Dünya siyasətinin aparıcı siması Zbiqnev Bzejinski ona belə qiymət verirdi: “Bu gün Azərbaycanı idarə edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir”.

Heydər Əliyev Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalının səbəblərinin ən başlıcasını belə göstərirdi: “Əgər bütün Azərbaycan xalqını hiddətləndirən, vahid, sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli qürur, milli oyanış, milli dirçəliş hisslərindən konstruktiv şəkildə istifadə olunsaydı, biz bu gün Qarabağ probleminin həlli ilə məşğul olmazdıq. Xalq çox tez başa düşdü ki, onun ən ülvi, ən müqəddəs, ən pak hissləri siyasi alverə, siyasi rəqabətə, kiminsə ucuz, siyasi ambisiyalarının gerçəkləşməsinə xidmət edir”. Heydər Əliyevin dövlətçilik qüdrəti bütün bunların qarşısını aldı. Ona görə ABŞ-ın sabiq Prezidenti Bill Klinton deyirdi: “Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan firavan gələcəyin bünövrəsini qoymaqdadır”.

Dünyaca məşhur musiqiçi Mstislav Rostropoviçin belə bir dəqiq fikri həqiqətən bizim milli taleyimizdir: “Ulu Tanrı Azərbaycan xalqının taleyinə çətin, əzablı günlər yazsa da, bu əzablara sinə gərə biləcək, bütün düyünləri açmağa qadir olan böyük şəxsiyyət qismət edib”. Bəli, Ulu Öndər millətin, xalqın, Vətənin, dövlətçiliyimizin tarixinə Tanrının əmri ilə yazılıb. Onu azərbaycanlı olduğuna görə, Azərbaycanı daim müdafiə etdiyinə görə bəyənməyən Mixail Qorbaçovun taleyinə baxın. Rusiyanın REN TV kanalı dəfələrlə bu adamı xalq düşməni adlandırıb. Heydər Əliyev isə öz xalqı tərəfindən daim sevgi və məhəbbətlə yad edilən bir ümummilli liderdir. Bu böyük liderin dövlətçilik məktəbindən yüzlərlə siyasi xadim yetişdi.

Müasir müstəqil dövlətimizin memarı və qurucusu, dahi rəhbər Heydər Əliyevin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini deyən professor C.Məmmədli bu gün Azərbaycanın çox sürətlə inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm