Dünya mətbuatı Azərbaycan Ordusunun düşmənə zərbəsindən yazır
Bizi izləyin

Nida Xəbər

Dünya mətbuatı Azərbaycan Ordusunun düşmənə zərbəsindən yazır

Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində təxribatçı hücumları və davamında yaşanan olaylar dünya mediasında geniş əksini tapıb.

Publika.az xəbər verir ki, “The Guardian”, “Associated Press”, PBS, BBC, “The New York Times”, “Fox”un ABŞ-dakı filialları kimi nüfuzlu nəşrlər sərhəd xəttində baş verən insidentləri işıqlandırıb.

“The Guardian” yazır ki, hər iki tərəfdə itkilər var: “Bazar günü Cənubi Qafqazın iki xalqı arasındakı sərhəddə atışmalar başladı. Azərbaycan üç gün davam edən döyüşlərdə 11 hərbçisini və bir mülki şəxsi itirdiyini, Ermənistan isə dörd hərbçisinin öldüyünü bildirdi. Ermənistan və Azərbaycan qüvvələri arasında tez-tez toqquşmalar olub. Lakin mövcud atışmalar 2016-cı ildə dörd gün davam edən və çoxsaylı itkilərin olduğu döyüşlərdən sonra ən ciddi münaqişədir”.

Ermənistan tərəfinin iddialarına da yer verilən məqalədə qeyd olunur ki, Azərbaycan pilotsuz uçuş aparatının vurulması xəbərini təkzib etdi, öz növbəsində erməni hərbi birləşmələrinin pilotsuz uçuş aparatını, artilleriya sistemini və heyətini məhv etdiyini açıqladı:

“Azərbaycan Prezidenti İlham Əliyev hadisələri Ermənistanın növbəti təxribatı adlandırdı və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaqlarını qətiyyətlə ifadə etdi.

Azərbaycanla yaxın etnik və mədəni əlaqələrə sahib olan Türkiyə qarşıdurmada Azərbaycan hökumətinə güclü dəstək ifadə etdi.

Münaqişənin həlli ilə bağlı danışıqlar aparmağa çalışan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədri olan ABŞ və Rusiya toqquşmaları pislədi, tərəfləri təmkinli olmağa çağırdı. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bazar ertəsi azərbaycanlı və erməni həmkarlarına atəşkəs çağırışı etdi. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Moskvanın döyüşlərdən “çox narahat olduğunu” və vasitəçilik etməyə hazır olduğunu söylədi.

BMT Baş katibi Antonio Quterreş də narahatlığını dilə gətirdi. Onun sözçüsü Stefan Düjarrik verdiyi açıqlamada BMT rəhbərinin “mübarizəni dərhal dayandırmağa və tərəfləri danışıqlara doğru addım atmağa çağırır” dedi”.

PBS “The Guardian”ın məqaləsini yayımlayıb və əlavə olaraq döyüşlərdə həlak olan iki yüksək rütbəli zabit - general-polkovnik Polad Həşimov və polkovnik İlqar Mirzəyevin adlarına yer verib.

“Associated Press” əvvəlki məqalələrə əlavə olaraq Cənubi Qafqazın iki ölkəsi - Azərbaycan və Ermənistan arasında yaranan münaqişənin tarixinə yer verib. Bildirilib ki, 1994-cü ildə “isti müharibə” başa çatandan bəri Ermənistan tərəfindən dəstəklənən qüvvələrin nəzarəti altında olan Dağlıq Qarabağ Azərbaycanın ərazisidir.

BBC: “Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır, lakin ermənilər tərəfindən idarə olunur. Bu toqquşma isə Qarabağın şimalında baş verib. Azərbaycan Ermənistanın şimal-şərqindəki Tavuşla həmsərhəd olan Tovuz rayonunda ağır döyüşlərin davam etdiyini bildirir”.

Məqalədə Azərbaycanın 11 şəhid verdiyi qeyd olunur. Rusiyanın atəşkəs çağırışlarını qeyd edən BBC yazır: “Bazar ertəsi ABŞ Dövlət Departamenti yaydığı açıqlamada Ermənistan-Azərbaycan sərhədi boyunca baş verən insidenti qəti şəkildə pislədiyini və hər iki tərəfi mübarizəni dayandırmağa, atəşkəsə tabe olmağa çağırdığını bildirdi.

Azərbaycanın Müdafiə Nazirliyi Ağdam kəndində 76 yaşlı kişinin ermənilərin hücumu ilə öldürüldüyünü bildirib. Bundan əvvəl nazirlik bazar və bazar ertəsi tanklar, artilleriya qoşunları ilə düşmənə cavab zərbəsi endirdiyini, Azərbaycan Ordusunun erməni hərbi birləşmələrinin istehkamını, artilleriyasını və yüzlərlə hərbçisini məhv etdiyini açıqladı.

Şəhid olan azərbaycanlı zabitlər arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də var.

Bazar ertəsi keçirilən Təhlükəsizlik Şurasının təcili iclasında Azərbaycan Prezidenti İlham Əliyev təxribatın bütün məsuliyyətinin Ermənistanın siyasi və hərbi rəhbərliyinin daşıyacağını bildirdi”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm