Ordumuzun əks-hücumu Ukraynada müzakirə edildi - VİDEO
Bizi izləyin

Nida Xəbər

Ordumuzun əks-hücumu Ukraynada müzakirə edildi - VİDEO

Kiyevdə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 18 oktyabr - Azərbaycanın Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə “Azərbaycan: 29 illik müstəqillik. Yeni reallıqlar və yeni çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.

Publika.az xəbər verir ki, dəyirmi masada Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə, Ukrayna Ali Radasının deputatları, siyasi, hərbi ekspertlər, Azərbaycanın diaspor rəhbərləri, yerli KİV nümayəndələri iştirak ediblər.

UNİAN informasiya agentliyinin akt zalında keçirilən tədbir sosial şəbəkələr vasitəsilə onlayn yayımlanıb.

Tədbiri giriş sözü ilə açan ukraynalı şair, ictimai və mədəni xadim Lesya Mudrak dəyirmi masada müzakirə olunacaq mövzulara toxunduqdan sonra çıxış edən səfir Elmira Axundova ölkəmizin ötən illər ərzində keçdiyi yol, əldə etdiyi uğurlar barədə ətraflı məlumat verib.

Müstəqilliyin ilk illərinin Azərbaycan üçün heç də uğurlu olmadığını deyən Elmira Axundova bildirib ki, xalqın çağırışı ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə vətəndaş müharibəsinin qarşısını aldı, vahid ordu yaratdı. 1993-cü ilin noyabrından 1994-cü ilin mayına qədər Ağdam və Füzuli rayonlarının bir hissəsi düşməndən azad edildi. Azərbaycanın tarixi bir irəliləyiş əldə etməsinə kömək olan neft müqavilələrini imzaladı. Bununla da Azərbaycan dünya siyasi və iqtisadi arenasında öz yerini tutmağa başladı.

Daha sonra ümummilli lider Heydər Əliyevin uğurlu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərir.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmira Axundova vurğulayıb ki, iyul, avqust və sentyabr ayları Azərbaycan üçün həqiqət anı idi və Ermənistandan gələn bir sıra təxribatlardan sonra Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş əraziləri azad etmək üçün əks-hücum və antiterror əməliyyatına başladı.

“Bu gün Azərbaycan əsgəri Vətəni uğrunda mübarizə aparır. Azərbaycan xalqı qələbəyə, torpaqlarının işğalçılardan tezliklə azad olunacağına inanır. Çünki bütün dünya bilir ki, Qarabağ Azərbaycandır!”, - deyə səfir qeyd edib.

Türkiyə səfiri Yağmur Əhməd Güldərə bildirib ki, hər iki ölkə tarixin müxtəlif dövrlərində bir-birinə dəstək olub. Hələ Osmanlı dönəmində Çanaqqala döyüşlərində Azərbaycanın 3 mindən çox əsgəri döyüşərək Türkiyəyə həmrəylik nümayiş etdirib. Qafqaz İslam Ordusu isə öz növbəsində Azərbaycana hərbi yardımını göstərib.

Səfir vurğulayıb ki, bu gün də Azərbaycan və Türkiyə bir-birinə qardaş əlini uzadır, “İki dövlət, bir millət” şüarı ilə sarsılmaz əməkdaşlığını davam etdirir.

Daha sonra çıxış edən Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun həmsədri Valeri Kolyux, Ali Radanın deputatı Lüdmila Marçenko, tarix elmləri doktoru, professor Fərhad Turanlı, diaspor rəhbərləri Rövşən Tağıyev, Hikmət Cavadov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukrayna üzrə nümayəndəsi Marina Qonçaruk və digər ekspertlər Azərbaycanın uğurlarından, Ermənistanın müharibə cinayətlərindən, Azərbaycan və Ukrayna əlaqələrindən geniş söz açıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm