Düşmənlə düşmən kimi davranmaq lazımdır: Bundan sonra kiminsə “din” pərdəsi altında...
Bizi izləyin

Nida Xəbər

Düşmənlə düşmən kimi davranmaq lazımdır: Bundan sonra kiminsə “din” pərdəsi altında...

Daxili İşlər Nazirliyi “SalamNews” İnformasiya Agentliyi və “İnteraz”da əməliyyat keçirib. Bildirilir ki, İranın casus şəbəkəsinə qarşı edilən əməliyyat nəticəsində saxlanılanlar var.

Mövzu ilə bağlı Publika.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib ki, bu əməliyyat ölkənin informasiya təhlükəsizliyi baxımından əhəmiyyətlidir.

“Uzun müddətdir ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra İran müxtəlif adlar altında Azərbaycanın ictimai-siyasi sektoruna nüfuz edib. Xüsusilə media, Qeyri Hökumət Təşkilatları, siyasi və digər sahələrdə yer tuta bilib. Təəsüf ki, onlar bunu hiyləgərcəsinə edirlər”

M.Ələsgərli bildirib ki, onlar bunu “din” pərdəsi altında “din həmrəyliyi” və mədəni əlaqələrin yaxınlığı istiqamətində həyata keçiriblər.

“İkinci Qarabağ savaşından sonra məlum olub ki, İran bütün bu davranışlarını hiyləgər siyasi maraqlar baxımından həyata keçirib.

Çünki İran İkinci Qarabağ müharibəsi dövründə faktiki olaraq Ermənistan tərəfindən çıxış edib. Onlar Azərbaycana qarşı əsl üzünü göstərməyə məcbur olub. Eyni zamanda Azərbaycan-Ermənistan arasında sülh prossesinin ləngiməsində və maneəsində də kifayət qədər rol oynayıb.İstər Zəngəzur dəhlizi ilə bağlı, istərsə də Qafanda səfirlik açmaqla göstərdi ki, onun məqsədi müsəlman və dini həmrəylik göstərmək deyil. Onlar o pərdə altında özünün maraqlarını gerçəkləşdirməyə çalışır. Azərbaycanda və Cənubi Qafqazda möhkəmlənməyə və özünün siyasi maraqlarını reallaşdırmağa çalışır”.

M.Ələsgərli qeyd edib ki, Azərbaycana qarşı düşmən mövqeyini sərgiləyən bir dövlətə simpatiya bəsləmək və ona xidmət etmək yolverilməzdir.

“İranın 30 il ərzində dini təşəbbüskarlıq adı altında həyata keçirdiyi prosses bir növ məcburiyyət qarşısında ifşa olundu.

2020-ci ilə qədər İrana simpatiya bəsləyən, onu dini mərkəzlər kimi təqdim edən adamların hərəkətlərini bəlkə başa düşmək olardı. Anlaşılan idi ki, onlar aldadılıblar. Amma İkinci Qarabağ savaşından sonra insanların artıq İranın təbliğatını etməsi və onu sevməsi heç bir halda bağışlanılan deyil. Faktiki olaraq bizim qarşımızda əsgərlərimizi qıran ölkəyə yardım göstərən, hazırda sülh prossesinə mane olan, Azərbaycanın səfirlik əməkdaşlarına qarşı terror edən bir dövlət dayanır. Bu artıq açıq deyilsə düşmən bir dövlətdir. Düşmən bir dövlətlə isə düşmən kimi davranmaq qaydaları var. Artıq bundan sonra kiminsə “din” pərdəsi altında gizlənən düşmən ölkəyə simpatiya bəsləməsi yolverilməzdir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, əgər ölkə hər hansı bir dövlət ilə düşmən mövqeyindədirsə sözsüz ki, media, QHT, siyasi və digər sferalarda da fəaliyyətlərini bu yaranmış situasiyaya uyğunlaşdırmalıdır.

“Son günlər görürük ki, hətta Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən hücum terror hadisəsi kimi videogörüntülərlə sübuta yetirilib.

İran dövlətinin burada məsuliyyətinin müəyyən olunduğu bir vaxtda kiminsə İranın müdafiəçisi kimi çıxış etməsi və onların təbliğatında platforma rolunu oynaması qəbuledilməzdir. O baxımdan həm media ictimaiyyəti bu məsələlərdə ciddi olmalı, həm də dövlət qurumları monitorinq aparmalıdır. Düşmən qüvvəyə xidmət və yardım edənlərə hüquq dilində məsuliyyəti başa salınmalıdır”, - deyə Ələsgərli diqqətə çatdırıb.

Son olaraq M.Ələsgərli vurğulayıb ki, bu araşdırma başlamışkən davam etdirilməlidir. İranla açıq və qapalı şəkildə əməkdaşlıq edən, Azərbaycan dövlətinə qarşı çıxış edən qüvvələr zərərsizləşdirilməlidir.

“Əminəm ki, bu sahədə ədalətli yoxlamalar aparılacaq və məsələlər hüquq müstəvisində araşdırılacaq”.

Ayşən Rəhim

Oxumağa davam et
Reklam
Reklam

Gündəm