“Azərbaycanın türk dövlətlərinin yaxınlaşması üçün göstərdiyi səylər müstəsnadır” - Qüdrət Həsənquliyev
Bizi izləyin

Nida Xəbər

“Azərbaycanın türk dövlətlərinin yaxınlaşması üçün göstərdiyi səylər müstəsnadır” - Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Publika.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən zirvə toplantısı barədə fikirlərinizi öyrənmək istərdik.

- Azərbaycanın türk dövlətlərinin yaxınlaşması üçün göstərdiyi səylər müstəsnadır və qürurvericidir. Biz, böyük türk ailəsinin bir üzvüyük. Türk Dövlətləri Təşkilatı (TDT) regional təhlükəsizliyə, əməkdaşlığa, ən başlıcası üzv dövlətlərin insanlarının rifahına ciddi töhfə verə bilər. Ona görə Azərbaycan çalışır ki, ölkələr daha sıx inteqrasiya olunsun, mədəni, humanitar əlaqələr genişlənsin. Qardaşlıq əlaqələri güclənəcəksə, türk xalqları bir-birinə daha möhkəm tellərlə bağlanacaq. Bizi yalnız qan yaddaşı birləşdirməyəcək. İlk növbədə Anadolu türkcəsi ortaq türk dili kimi bütün ölkələrdə geniş tədris olunmalıdır. Gələcək nəsillərin ünsiyyət problemi olmamalıdır. Niyə Anadolu türkcəsi, çünki bu dildə daha çox insan danışır. Türkiyə bunun üçün daha çox vəsait xərcləməli və səy göstərməlidir. Ümumi bazar yaradılması istiqamətində ilkin addımlar atılmalıdır. Son məqsəd 10 il ərzində Avropa Birliyi modelində İttifaqın yaradılması olmalıdır. Bu istiqamətdə ilk addımı Azərbaycan və Türkiyə ata bilər.

- TDT+ formatında əməkdaşlığa hansı ölkələr qoşula bilər?

- Gürcüstan, Ermənistan, Rusiya, İran və Pakistan Macarıstan kimi təşkilatın işində yaxından iştirak etsə bu, nəinki regional, hətta qlobal təhlükəsizliyə, iqtisadi inkişafa böyük xidmət etmiş olar. Bütün dövlətlərarası təşkilatlar insanların təhlükəsizliyinə, onların maddi və mənəvi tələbatının ödənilməsinə, rifahına, iqtisadi əlaqələrin inkişafı isə tərəfdaş ölkələrin iqtisadiyyatının liberallaşmasına, biznes mühitinin yaxşılaşmasına xidmət etməlidir. Qeyd etdiyim dövlətlər arasında sərhədlər götürülməli, insanların, kapitalın, malların sərbəst dövriyyəsi təmin olunmalıdır. Bu istiqamətdə cəsarətli qərarların qəbulu günümüzün sifarişidir. Türk xalqları müttəfiqləri ilə birlikdə daha güclü olmalı, daha yaxşı yaşamalıdır. Bu sahədə özünün ciddi problemlərinin olmasına baxmayaraq, daha çox inkişaf etmiş Türkiyə digər türk dövlətlərinə hüquqi dövlət, azad bazar iqtisadiyyatı quruculuğu istiqamətində kömək etməlidir. Bunun üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində beynəlxalq müqavilələr imzalanmalı, nəzarət mexanizmləri yaradılmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm