Rusiyada etiketlənən zərərli məhsullar Azərbaycanda reklam olunur - SENSASİON FAKTLAR
Bizi izləyin

Sosial

Rusiyada etiketlənən zərərli məhsullar Azərbaycanda reklam olunur - SENSASİON FAKTLAR

Rusiyada sağlamlıq üçün potensial təhlükəli hesab olunan məhsulların etiketlənməsi sistemi hazırlanıb. Yeni sistemə əsasən yüksək şəkər və trans yağ tərkibli qida məhsulları qırmızı, sarı və yaşıl markerlərlə təsnif olunacaq. Məqsəd istehlakçını məhsulun orqanizmə təsiri barədə vizual xəbərdarlıqla məlumatlandırmaqdır. Eyni zamanda tütün və alkoqol məmulatları üçün tətbiq edilən təcrübəyə bənzər xəbərdarlıq etiketlərinin qablaşdırmaya daxil edilməsinin mandatlaşdırılması təşəbbüsü müzakirə edilir. Etiketlərdə sağlamlıq riskləri haqqında məlumat olan xüsusi xəbərdarlıq da yer ala bilər.

Azərbaycanda isə vəziyyət tam fərqlidir. Marketlərdə ən çox diqqət çəkən və əlçatan yerlərdə - kassaların yaxınlığında, giriş hissəsində və endirim rəflərində əsasən yüksək şəkərli içkilər, şokoladlar, cipslər və çərəzlər düzülür.

Müşahidələr göstərir ki, xüsusilə uşaqlar və yeniyetmələr bu məhsulları demək olar ki, düşünmədən alır. Çünki bu cür qidalar həm reklam baxımından cazibədar, həm də əl altında olur.

Maraqlıdır, belə bir sistem Azərbaycanda tətbiq oluna bilərmi? Hazırda ölkəmizdə qida məhsullarının tərkibinə dövlət nəzarəti hansı səviyyədədir? İstehsalçılar məhsulların üzərindəki məlumatlarda nə dərəcədə şəffaf davranır? Əgər belə bir sistem tətbiq olunsa, bu, istehlakçı davranışına necə təsir edərdi?

Məsələ ilə bağlı Publika.az-ın suallarını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, ölkəmizdə hökumətin birtərəfli, yəni biznesin inkişafına yönəlmiş siyasəti göz önündədir, istehlak siyasəti isə çox aşağı səviyyədədir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul olunub. O vaxtdan bəri bu qanunda edilən dəyişikliklər, təəssüf ki, daha çox istehlakçıların zərərinə işləyib. Halbuki bazar dəyişib, həyat dəyişib, yeni məhsullar, o cümlədən onlayn ticarət formaları meydana çıxıb. Ancaq qanun hələ də yenilənmir”, - AİB sədri qeyd edib.

Eyyub Hüseynovun sözlərinə görə, müsbət hal ondan ibarətdir ki, bu ilin fevral ayında Prezident İlham Əliyevin fərmanı ilə uzun illər İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən Antiinhisar və Bazar Nəzarəti Dövlət Agentliyi yenidən təşkil edilərək Prezident yanında Antiinhisar və Bazar Nəzarəti Agentliyinə çevrildi.

“2018-ci ildə Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Bu agentlik fəaliyyətə başlayanda biz çox ümidli idik. Lakin təəssüf ki, Agentliyin əsasnaməsi gözlədiyimiz səviyyədə deyil. Onlar yalnız malların təhlükəsizliyini təmin edirlər, keyfiyyət məsələsi isə arxa planda qalır. Hökumətin biznesin toxunulmazlığına əsaslanan siyasəti qida məsələsində mütləq dəyişilməlidir”, - deyə Eyyub Hüseynov vurğulayıb.

Ekspert vurğuladı ki, hazırda Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri məhduddur:

“Biznes qurumlarını yoxlamaq olmaz, yoxlama aparmaq üçün isə uzun bir bürokratik prosedur mövcuddur. Yəni əvvəlcədən xəbərdarlıq edilməlidir ki, “gəlirik, sizi yoxlayacağıq” və s. Bu məsələ Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətindən çıxarılmalı, agentliyə operativ yoxlama imkanı verilməlidir”.

Rusiyada tətbiq olunan etiketləmə sisteminin Azərbaycanda da həyata keçirilməsi məsələsinə toxunan Eyyub Hüseynov belə bir addımın atılacağını güman etmədiyini bildirdi:

“Həmin sistemin Azərbaycanda tətbiq olunacağını düşünmürəm. Çünki hökumətin siyasəti birtərəflidir, burada istehlakçı hüquqları deyil, biznesin inkişafı ön plandadır. Halbuki çox yaxşı olardı ki, Azərbaycanda da belə bir sistem tətbiq olunsun. Təəssüf ki, bu, hələ gözlənilmir”.

Ekspert əlavə etdi ki, ölkədə diabetik xəstələr üçün nəzərdə tutulan rəflərdə belə bəzən zərərli məhsullar yerləşdirilir:

“Azərbaycan xalqının nə ilə qidalandığını ölkədəki aptek şəbəkələrinin sıxlığı göstərir. Harada aptek çoxdursa, orada xəstə də çoxdur. Əgər biz sağlam qidalansaq, dərmanlara bu qədər tələbat olmazdı. Nə üçün dərmanlar bu qədər bahadır? Nə üçün dövlətin tənzimlədiyi qiymətlər belə yüksəkdir?”.

Eyyub Hüseynovun sözlərinə görə, mövcud vəziyyət Azərbaycan istehlakçılarının orta ömür səviyyəsinə də mənfi təsir göstərir:

“Belə bir şəraitdə Azərbaycan vətəndaşlarının orta ömrü qısadır. Təsadüfi deyil ki, bu göstəriciyə görə ölkəmiz 197 ölkə arasında 166-cı yerdədir. Bizdən daha kasıb ölkələrdə belə orta ömür bizdən yüksəkdir. Çox təəssüf ki, ölkədə qidanın təhlükəsizliyi müəyyən qədər təmin olunsa da, onun keyfiyyəti hələ də təmin edilmir”.

Mövzu ilə bağlı saytımıza açıqlama verən qida təhlükəsizliyi üzrə mütəxəssis Seymur Qafarov bildirdi ki, Azərbaycanda hələ ki, belə bir rəng kodlaşdırma təcrübəsi tətbiq edilmir.

“Rusiyada beynəlxalq rəng kodlaşdırma sisteminə uyğun olaraq, yüksək şəkərli, çipsi, çərəz və palma yağı olan məhsullar xüsusi rənglərlə işarələnəcək. Bu addım insanların sağlam qidalanma vərdişlərini formalaşdırmaq məqsədi daşıyır. Dünyada artıq uzun müddətdir tətbiq olunan bu sistem məhsulların sağlamlıq baxımından risk dərəcəsini göstərir.

Hazırda ölkəmizdə “Qida təhlükəsizliyi haqqında” Qanunun 17.2-ci maddəsinə əsasən, qida məhsullarının etiketlənməsi məcburidir və nəzarət Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir”.

Ekspertin fikrincə, rəng kodlaşdırma sisteminin Azərbaycanda da tətbiqi istehlakçıların maariflənməsinə və sağlam qida seçimlərinin artmasına səbəb ola bilər:

"Bu, uzunmüddətli dövrdə əhalinin fiziki və əqli inkişafına da müsbət təsir göstərəcək. Bununla yanaşı, bəzi məhsullar - tütün, energetik və alkoqollu içkilər də uşaqların qida rasionundan tamamilə çıxarılmalıdır. Həddindən artıq qızardılmış və yarımfabrikat məhsulların istifadəsi azaldılmalı, yerli kənd təsərrüfatı məhsullarına üstünlük verilməlidir”.

S. Qafarovun sözlərinə görə, bu sistem tətbiq olunarsa, ilkin mərhələdə bəzi şirkətlər gəlir itkisi səbəbindən narazılıq göstərə bilər. Lakin dövlət nəzarəti və düzgün maarifləndirmə siyasəti sayəsində insanlar sağlam qidalanmaya daha çox üstünlük verəcəklər.

Gülnar Süleymanova

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm