Nida Xəbər
Büdcə vəsaitlərinin istifadə olunmasında şəffaflıq kifayət qədər deyil - Qüdrət Həsənquliyev
Ədalət, Hüquq və Demokratiya partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzuları ilə bağlı “AzPolitika”nın suallarını cavablandırıb.
Publika.az müsahibə təqdim edir:
- Qüdrət bəy, Kiyevdə Azərbaycan səfirliyi növbəti dəfə Rusiya Silahlı Qüvvələri tərəfindən raket zərbələrinə məruz qaldı. Bu, artıq üçüncü belə hadisədir. Bundan əvvəl, SOCAR-ın strukturları da vurulmuşdu. Azərbaycan Xarici İşlər Nazirliyi nota verdi, səfir XİN-ə çağırıldı. Amma Rusiyadan Bakıya heç bir izahat verilmədi. Ümumiyyətlə, Rusiya Azərbaycana qarşı nə etməyə çalışır?
- Çox təəssüf ki, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi və onunla əməkdaşlığı Rusiyanı qıcıqlandırır. Vaxt var idi ki, Ermənistan bizim torpaqlarımızın 20 faizini işğal etmişdi, bir milyon insanımızı ev-eşiyindən didərgin salmışdı, amma həmin vaxt Rusiya Ermənistanla bütün istiqamətlərdə sıx əməkdaşlıq edirdi. Bu bizi o dərəcədə qıcıqlandırmırdı, belə deyək, biz müəyyən reallıqları nəzərə alırdıq. Ukrayna Rusiya torpaqlarını işğal etmir, özü işğala məruz qalıb, bu baxımdan Rusiyanın davranışı doğrudan da təəssüf doğurur. Mən həmişə söyləyirəm ki, biz Rusiya ilə münasibətlərin daim yüksək səviyyədə olmasına çalışmalıyıq. Bu istiqamətdə öz tərəfimizdən mümkün olanı etməliyik. Amma bu yanaşma, göstərilən səylər qarşılıqlı olmayanda münasibətlərdə problemlərin yaranması qaçılmazdır. Səfir dəvət olunub və etiraz bildirilib. Rusiya tərəfi açıqlama verdi ki, guya bu partlayışa səbəb Ukraynanın hava hücumundan müdafiə sisteminin qeyri-peşəkarlıqla açdığı atəş olub.
- Səfirliyin yerləşdiyi ərazidə hər hansı hərbi obyekt yoxdur…
- Bəli, heç bir hərbi infrastruktur yoxdur orada. Vaxtilə sovet dövründə orada bir zavod olub, hansı ki, indi fəaliyyət göstərmir, bizim səfirlikdən təqribən 200-300 metr məsafədə yerləşir, dinc məqsədlərlə istifadə olunur. Həm də bizim səfirliyin koordinatları bəllidir. Əgər Azərbaycana qarşı doğrudan da bu yolla təzyiq etməyə çalışırlarsa, düşünürlərsə ki, bu yolla Azərbaycanın qərarlarına təsir edə bilərlər - bu çox təəssüfedicidir. Prezidentlərin Düşənbə görüşündən sonra ümid yaranmışdı ki, gərginlik aradan qalxacaq, münasibətlər qaydasına düşəcək. Biz qonşuyuq, qonşular ilə yaxşı münasibət olmalıdır. Bütün sivil dünyada belədir. Rusiya doğrudan da Azərbaycanla dostluq və yaxın qonşuluq siyasətini davam etdirmək istəyirsə, təxribatlara son qoymalı, Azərbaycanın etirazlarını mütləq nəzərə almalıdır.
- Bakıda Zəfər paradındaTürkiyə və Pakistanın ən yüksək səviyyədə iştirakı böyük ehtimal Rusiyada xoş qarşılanmadı. Səfirliyə raket zərbələri dolayısı ilə həm də buna bir cavab kimi qiymətləndirilə bilərmi? Rusiya özünün “arxa bağçası” hesab etdiyi Cənubi Qafqazda proseslərin bu istiqamətdə getməsindən narazıdır…
- Bizim Rusiyayla 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik münasibətlərinə dair sazişimiz var və orada sıx əməkdaşlıq nəzərdə tutulub. Rusiya nəzərə almalıdır ki, Azərbaycan müstəqil, suveren dövlətdir və bu dövlətin öz maraqları var. Həmin maraqlar çərçivəsində biz Rusiyaya heç bir ziyan vurmadan başqa dövlətlərlə əməkdaşlıq edirik və edəcəyik. Türkiyə bizim təbii müttəfiqimizdir. Pakistan da bizim torpaqlarımızı işğaldan azad etdiyimiz dövrdə bizi açıq şəkildə dəstəkləyən, Ermənistanla ümumiyyətlə diplomatik münasibətlər qurmayaraq daim yanımızda olan bir müsəlman ölkəsidir. Ona görə də bu dövlətlərlə əməkdaşlığımız Rusiyada qıcıq yaratmamalıdır. Çünki həm Pakistanın, həm Türkiyənin Rusiya ilə yaxşı münasibətləri var. Bu ölkələr bacardıqları qədər çalışırlar ki, sanksiyalara qoşulmasınlar və Rusiya ilə əməkdaşlığı davam etdirsinlər. Buna görə də əgər bu formada təzyiq göstərmək istəyirlərsə, bu da Rusiyanın xarici siyasətində növbəti bir yanlış addımdır.
- Bəs Ukrayna müharibəsinin gedişi haqqında nə demək olar? Novorossiysk limanı vuruldu, limanın işi dayanıb. Eyni zamanda Ukraynanın infrastruktur obyektləri bombalanır və müharibə çox şiddətli mərhələyə qədəm qoyub. Bu gedişat yaxın dövr üçün nə vəd edir?
- Ukrayna artıq öz ərazilərinin bir hissəsindən atəşkəs qarşılığında qeyri-müəyyən müddətə imtina etməyə hazır olduğunu bildirib. Rusiya bunu qiymətləndirməyi bacarmalıdır və müharibədən çıxmalıdır. Rusiya işğal etmədiyi əraziləri istəyir, həmin əraziləri döyüşsüz nə Ukrayna, nə də Qərb Rusiyaya vermək fikrində deyil. Müharibənin davam etməsi Rusiyanın iqtisadiyyatını dağıdır, çökdürür. Rusiyanın bütün resursları ölkənin yenidən qurulmasına, əlavə dəyər yaradan istehsal və emal müəssisələrinin yaradılmasına yox, yalnız dağıdıcı silah istehsalına yönəlir. Mən bilirəm ki, müharibədən çıxmaq çox çətindir. Ona görə tarix boyu deyiblər ki, müharibəyə başlamaq asan, ondan çıxmaq isə çətindir. Putin özündə güc tapmalı və ölkəsini müharibədən çıxarmalıdır. Belə bir qərar qəbul olunsa, ölkə daxilində qiyam cəhdləri də ola bilər, üsyan da baş qaldıra bilər. Amma Putin ölkəsini müharibədən çıxarmağı bacarmalıdır.
Tramp Putinə pərəstiş edən biridir və Putin Tramp faktorundan istifadə edərək ölkəsini müharibədən çıxarmalıdır. Onsuz da Rusiyanın əsas məqsədi Krıma quru yolun açılması idi və buna nail olub, Ukraynanın 20%-dən çox torpağını işğal edib. Ciddi siyasətçilər müəyyən reallıqları da qəbul etməyi bacarmalıdır. Buna görə də Rusiya müharibədən çıxmasa, hər iki ölkə böyük itkilərlə üzləşəcək. Hər iki xalqın genefonduna böyük zərbə dəyir.
Məsələn, Ukraynanın müharibədən sonra bərpa olunmaq şansı var, Qərb ona yardım göstərəcək. Amma Rusiya üçün bu, daha çətin olacaq. Rusiya Çindən daha çox asılı vəziyyətə düşür, onun xammal əlavəsinə çevrilir. Rusiyada kifayət qədər ağıllı insanlar var, bu barədə düşündüklərinə əminəm. Amma nəticə liderdən asılıdır. Ümid edək ki, Putin tezliklə müharibəni dayandırar. Mən hələ də buna ümid edirəm. Ona görə ki, Ukrayna artıq uzaqmənzilli raketlər istehsalına başlayıb və bu raketlərin döyüşdə istifadəsi artır. Gedişat göstərir ki, yaxın dövrlərdə həm Ukrayna, həm də Rusiya ərazisində daha böyük dağıntılar olacaq. Liderlər tarix və xalqları qarşısında öz məsuliyyətlərini dərk etməlidirlər.
- Yəni ilin sonuna qədər belə bir perspektiv var?
- İlin sonuna qədər… mən sizə daha əvvəl də demişdim, bu ehtimal mövcuddur. Lavrov və Peskovun Trampı danışıqlara cəlb etmək cəhdləri də bunu göstərir. Yəni ilin sonuna qədər olmasa da, ən azından fevral ayında müharibənin artıq dördüncü ilinin başa çatmasına qədər bir razılıq əldə olunacağına ümid edirəm.
- Ukrayna hakimiyyəti korrupsiya qalmaqalları ilə gündəmə gəlib və bu, Zelenski hakimiyyəti barədə çox pis görüntü yaradır. Qərbdən verilən külli miqdarda vəsaitlərin korrupsiyanın “yeminə” çevrildiyi haqda narahatlıqlar var. Qərbin bir hissəsinin əslində Zelenskini zəiflətməkdə maraqlı olduğu, onun kompromislərə getməyə məcbur edilməsi üçün bu mövzuları qabartdığı da iddia olunur…
- Korrupsiya ilə mübarizə kimin nə deməsindən asılı olmayaraq, ölkənin imici üçün müsbət hadisədir. Əgər belə bir korrupsiya sxeminin üstü açılıbsa, bu, Ukrayna üçün böyük bir uğurdur və həm də göstərir ki, bu ölkədə qanunlar işləyir. Əgər prezidentə ən yaxın şəxsləri belə hüquq-mühafizə orqanları ifşa edə bilirsə, bu Ukraynanın zəifliyi deyil, gücünün göstəricisidir. Mən bunu belə qəbul edirəm və düşünürəm ki, Ukrayna bu ifşalardan sonra daha da güclənəcək, zəifləməyəcək və onun beynəlxalq nüfuzu düşməyəcək. Amma əlbəttə ki, sizin dediyiniz kimi, bundan istifadə edib Ukraynanı daha pis şərtlərlə sülhə məcbur etmək istəyən qüvvələr də olacaq.
Mən bunu həmişə demişəm ki, Tramp faktiki olaraq çalışır ki, sülh Putinin istədiyi formada imzalansın. Ona görə də Ukraynaya nə silah verir, nə də ciddi şəkildə kömək edir. Bu mənada Trampın hakimiyyətə gəlməsi Ukraynanın “şanssızlığı” oldu. Amma bu o demək deyil ki, Bayden Ukrayna üçün Trampdan yaxşı idi. Digər tərəfdən Avropanın bir çox ölkələri də Ukraynaya ciddi yardım etmir. Çünki bu müharibəni öz problemlələri kimi qəbul etmirlər. Onlar öz rifahlarının az da olsa pisləşməsini istəmirlər.
Əslində Qərbin yanaşma belədir: evdə 10 min manatın varsa, ordan 100 manat verib deyirsən ki, get vuruş. Qərb liderləri Rusiyaya satılmasaydılar, müharibənin qarşısını ala bilərdilər. Onların yanlış siyasəti, Ukraynaya demələri ki, heç bir dövlət onun NATO üzvlüyünə qadağa qoya bilməz, Ukrayna Avropa İttifaqının da, NATO-nun da üzvü olacaq - bu təxribat xarakterli açıqlamalar müharibəni qaçılmaz etdi. Ukrayna onlara inandı.
Zelenski özü etiraf edir ki, hakimiyyətə gəldikdə kifayət qədər təcrübəsiz idi. Əslində 2014-cü ilin müharibəsindən nəticə çıxarmalı idi. 2014-cü ildə ABŞ-də demokratlar hakimiyyətdə idi, o zaman Budapeşt Memorandumu və onu imzalayan ölkələrin dövlət ləyaqəti ayaqlar altına atıldı, Ukraynaya böyük xəyanət edildi. Tarixi öyrənmək lazım idi, amma deyirlər ki, tarix həm də öyrədir ki, heç nəyi öyrətmir. Zelenski də əvvəlki səhvlərdən nəticə çıxarmadı. Bir dəfə səni yarı yolda qoyanlara yenidən güvənmək düzgün deyildi. Zelenski Rusiya ilə münasibətləri yumşaltmaq üçün yol tapmaq əvəzinə daha sərt mövqe sərgilədi. Halbuki seçkiqabağı kampaniyada başqa vədlər vermişdi – müharibəni bitirəcəyini deyirdi. Amma hakimiyyətə gələndən sonra daha kəskin mövqeyə keçdi və nəzərə almadı ki, Rusiya ilə müharibə ölkəsini böyük fəlakətə sürükləyəcək. Onu da nəzərə almadı ki, Qərbdə və ABŞ-də siyasi elitanın böyük bir qismi Rusiyaya bağlıdır və Ukraynanın işğalını qəbul etməyə hazırdırlar.
- Bunu NATO-nun keçmiş rəhbəri də kitabında etiraf etmişdi…
- NATO-nun rəhbərliyində də eyni vəziyyət var - NATO baş katibini ABŞ təyin edir. Yəni hansı ölkədən olması fərq etmir, öz adamlarını gətirirlər. Bu baxımdan Ukrayna xalqının bu qədər müqavimət göstərməsi və dövlətçiliyini qoruması böyük uğurdur. Əgər bu mərhələdə cəbhə xətti boyunca atəşkəsə nail olub dövlətçiliyini qoruyub saxlaya bilsə, bunu Ukrayna üçün müharibədən uğurlu çıxış hesab etmək olar. Amma bunun mümkün olub-olmayacağını zaman göstərəcək.
Rusiyada isə çoxları inanır ki, Qərb koalisiyası dağılacaq və Ukraynanın müqaviməti qırılacaq. Demoqrafiya, əhali nisbəti və digər faktorlar da bu mülahizələri gücləndirir. Məsələn, Polşa Baş nazirinin verdiyi son açıqlamaya baxaq. Onlar sanki Ukraynanın tam təslim olmasını istəyirlər. Çexiya, Slovakiya, Polşada bəzən Ukraynanın döyüş əzminə mənfi təsir edən bəyanatlar səslənir. Ukraynanı tam müdafiə etdiklərini söyləyən Qərb liderlərinə də inanmaq olmaz. Mən deyirəm ki, siyasətdə real addımlara baxmaq lazımdır. Dövlət başçısı nə danışır yox, nə edir – buna fikir vermək lazımdır. Qərb liderlərinin iqtidarlı - müxalifətli, böyük əksəriyyəti Rusiya yönümlüdür. “Qazprom” vaxtilə çox yaxşı işləyib. Ona görə Putin arxayındır ki, Qərb ittifaqı dağılacaq və Ukraynanın müqaviməti sarsılacaq.
- Azərbaycanda korrupsiyaya qarşı mübarizənin yeni mərhələsinin başladığı bildirilir. İcra başçılarının həbsi, Prezidentin rayonlardakı nöqsanların mərkəzi icra hakimiyyətində rəhbər vəzifələrdə olmuş şəxslərin qanunsuz göstərişlərindən irəli gəldiyini vurğulaması buna nümunə göstərilir. Ümumilikdə hökumətdə dəyişiklik havasını hiss edirsinizmi?
- Çox istərdim ki, bunlar real islahatlar olsun. Çünki əgər ölkədə köklü islahatlar aparılmasa – yalnız məhkəmə-hüquq sahəsində deyil, eyni zamanda idarəetmədə, iqtisadiyyatda – biz cəmiyyətdə böyük dəyişikliklərə nail ola bilmərik. Azərbaycan 44 günlük müharibədən sonra əldə etdiyi beynəlxalq nüfuzu qoruyub saxlamaq istəyirsə, güclü iqtisadiyyata sahib olmalıdır. İqtisadi vəziyyətimiz pisləşdikcə dostlarımız da tədricən azalacaq. Güclü iqtisadiyyatın əsası isə idarəetmədə islahatdır. Mən bunu daim deyirəm və yenə də vurğulayıram - bizdə ifrat mərkəzləşmə mövcuddur.
Torpaqlarımız işğal altında olan dövrdə bunu qismən başa düşmək mümkün idi, amma indi bu model özünü doğrultmur, bürokratiya böyüyüb, çevik qərarlar qəbul etmək mümkün olmur və bunun nəticəsində bölgələr inkişafdan qalır. Bürokratiyanın kiçildilməsi o formada həyata keçirilməməlidir ki, adamlar işdən çıxarılıb taleyin ümidinə buraxılsın. Onların ailələri, çoxunun banklara kredit borcu var. Bu proses sistemli aparılmalıdır. Yəni, ixtisarlarla paralel olaraq iqtisadi azadlıqlar genişləndirilməli, iqtisadiyyat liberallaşdırılmalıdır ki, özəl sektor həmin insanları işlə təmin edə bilsin. Dövlət xüsusi bir proqram hazırlamalı idi.
- Maliyyə Nazirliyi tövsiyə edib ki, büdcə təşkilatlarında 20 fazilik ixtisarlar aparılmalıdır…
- Əslində bürokratik aparatın üçdə biri qədər ixtisarı nəzərdə tutulmalıdır. İndi 20 faizdən söhbət gedir. İndiyə qədər artıq minlərlə insanın iş yerini itirdiyi deyilir. İşdən azad olunanlar üçün xüsusi kurslar təşkil olunmalı, onlara məsləhət verilməlidir. Ucuz kreditlər verilməlidir ki, öz bizneslərini qura bilsinlər. Onların özəl sektorda işlə təmin olunmasına yardım edilməlidir.
Naxçıvan Azərbaycanın ən kasıb bölgəsidir. Naxçıvanın muxtar respublika statusuna görə orada həddindən çox nazirliklər və məmur ordusu var. Ona görə təklif edirdim ki, heç olmasa bu status muxtar vilayət səviyyəsinə endirilsin ki, nazirliklər ləğv olunsun. Naxçıvanın təmsil etdiyim Xətai rayonunun əhalisi qədər sakini var. Orda bu qədər nazirliklərə, məmurlara, xidməti maşınlara, idarəetmə xərclərinə nə ehtiyac var? Bu baxımdan hesab edirəm ki, Azərbaycan 15 inzibati regiona bölünməlidir. Hər bölgənin öz məclisi olmalıdır - təxminən 25–30 nəfərlik. Bu, normal saydır ki, ciddi müzakirələr aparıla bilsin. Bu məclis birbaşa xalq tərəfindən seçilməlidir və həmin məclis regionun gəniş səlahiyyətlərə malik icra hakimiyyətini formalaşdırmalıdır. Bundan əlavə, həmin regionda nə qədər yaşayış məntəqəsi varsa, hər birinin öz bələdiyyəsi olmalıdır. Hər bölgədə prezidentin səlahiyyətli nümayəndəsi olmalıdır. 3–5 nəfərlik kollektivlə onlar Konstitusiyanın icrasına nəzarət etməlidir. Türkiyədəki valilər kimi. Hal-hazırda, əgər bir rayonda kiçik bir anbar tikmək və ya balaca bir emal sexi qurmaq üçün icazə almaq illərlə çəkirsə, biznes mühitinin nə qədər kritik vəziyyətdə olduğunu təsəvvür etmək olar.
Lisenziyası olan memarlar Şəhərsalma Komitəsinin öncədən razılğı olmadan hər hansı layihə hazırlamaqdan imtina edir. İnkişaf üçün ölkəni böyük bir tikinti meydançasına çevirməliyik. Ölkədə investisiya qoyuluşu hökumət səviyyəsində razılaşdırılmalıdırsa, sürətli inkişaf olmayacaq. Kiçik və orta sahibkarlıq inkişaf etməsə, ölkədə ümumi inkişafdan söhbət gedə bilməz.
Baxın, iqtisadiyyatın əsas sahələri dövlətin nəzarətində olsa da, qeyri-neft sektorunda özəl sektorun payı büdcə daxilolmalarında 77 %-dir. Belə olduğu halda sual yaranır: niyə özəlləşdirməyə gedilmir? Ona görə ki, məmurlar dövlət müəssisələrindən kifayət qədər faydalanırlar, xərcləri şişirdirlər və büdcədən yardım alırlar, vergidən, gömrük rüsumlarından azad olunurlar, yaxud cüzi vergi ödəyirlər və s. Real vəziyyət budur.
Məsələn, 5 il ərzində şəhərin mərkəzindən köçürülməli olan Neftayırma Zavodunun gələn il təmirinə büdcədən 450 milyon manat ayrılıb. İnsanlar soruşur: niyə bu qədər pul büdcədən verilir? Belə çıxır ki, SOCAR-ın ödədiyi verginin az qala 25%-i təzədən ona qaytarılır. SOCAR isə xaricdə başqa şirkətlərin aktivlərini alır.
- SOCAR-ın 100 milyardlıq aktivləri var, amma cəmi 1.7 milyard manat mənfəət göstərir…
- Söhbət ondadır ki, dövlət müəssisələri belə idarə olunur: bəzi sənaye müəssisələri vergidən azad edilir, bəzilərinə büdcədən yardım edilir, onların ölkəyə gətirdiyi ehtiyat hissələri rüsumdan azad olunur. Dövlət müəssisələri bu cür imtiyazlar alır, bu baxımdan mütləq böyük özəlləşdirməyə gedilməlidir. Ölkədə xidmət sahələri ya uzunmüddətli idarəetməyə verilməlidir, ya da tam özəlləşdirilməlidir. Söhbət SOCAR-dan, “Azərişıq”, “Azəriqaz”, “Azərsu”dan gedir. Əgər Azərbaycanda böyük islahatlar aparılmasa, mülkiyyət hüququnu qoruyacaq güclü məhkəmə hakimiyyəti olmasa, böyük inkişaf mümkün deyil.
- Məsələn, hansı mexanizmlər gücləndirilə bilər?
- Parlamentin dövlət həyatındakı rolu gücləndirilməlidir. Hazırda Daxili Nizamnaməyə görə deputatların kommersiya və dövlət sirlərinə çıxışı yoxdur. Amma məsələ ondadır ki, Azərbaycanda kommersiya sirri anlayışı həddindən artıq geniş tətbiq olunur. Demək olar ki, kommersiya sirri hesab olunmayan bir məlumat belə qalmayıb. Belə olduqda isə dövlət müəssisələrinin hansı şirkətlərlə müqavilə bağladığını bilmək, bu müqavilələrin şərtlərini və icrasını parlament nəzarətinə götürmək mümkün olmur.
Məsələn, parlamentdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi fəaliyyət göstərir. Ancaq bu komitənin üzvü olan, xalqın seçdiyi deputat dövlət və kommersiya sirrinə çıxış əldə edə bilmir, amma təyin olunan məmur, müəssisə rəhbəri öz fəaliyyəti ilə əlaqədar məlumatları Komitəyə vermir. Bu, institusional baxımdan doğru deyil. Bundan əlavə, Milli Məclisin, parlament komitələrinin faktaraşdırıcı qruplar, deputat istintaq komissiyaları yaratmaq və ya rezonans doğuran hadisələrlə bağlı dinləmələr keçirmək səlahiyyəti yoxdur.
- Halbuki, əvvəlki illərdə Milli Məclisin deputat - istintaq komissiyası mövcud idi…
- Yeni Konstitusiyada, həm də Daxili Nizamnamədə belə bir hüquq nəzərdə tutulmur. Nəticədə parlamentin nəzarət funksiyası ciddi şəkildə məhdudlaşdırıldı. Mən hesab edirəm ki, bu səlahiyyət bərpa edilməlidi. 2009-cu ildə tətbiq olunmadan ləğv olunmuş Andlı İclasçılar İnstitutu bərpa olunmalıdı. Bu institut mərhum Prezident Heydər Əliyevin dövründə, 2000-ci ildə Cinayət Prosessual Məcəlləsinə daxil edilmişdi. Ən azı pilot olaraq Gəncə, Mingəçevir və bu kimi bir neçə şəhərdə tətbiq olunmalı idi. Əgər özünü doğrultmasa idi, onda ləğvi müzakirə olunardı. Lakin tətbiq edilmədən ləğv olunması düzgün qərar deyildi. Azərbaycan kimi ölkələr üçün belə bir institutun bərpasına ciddi ehtiyac var.
- 2026-cı ilin büdcə layihəsi ölkənin real problemlərini nə dərəcədə əks etdirir? Büdcədə sahəvi yanaşma, şəffaflıq və hesabatlılıq hansı səviyyədə təmin olunub?
- Büdcə vəsaitlərinin istifadə olunması ilə əlaqədar şəffaflıq və hesabatlılıq kifayət qədər deyil. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün daha çox vəsait ayrılmalıdır. Ölkəyə daxil olan pul köçürmələrinə baxaq. Məsələn, ötən il Rusiyadan Azərbaycana bank vasitəsilə daxil olan vəsait 844 milyon manat olub. Bu ilin birinci rübündə isə 85.65 milyon manat, 44.9 % azalma olub. Bu, sosial vəziyyətə təsir edən ciddi faktdır. Vaxtilə bu rəqəm 3-4 milyard dollar idi. Hazırda kənd yerlərində ailə kiçik təsərrüfatla dolana bilmir. Ünvanlı yardım almaq üçün şərtlər yüngülləşdirilməli və ehtiyacı olan daha çox ailəyə yardım göstərilməlidir.
Digər tərəfdən, beynəlxalq tədbirlərə, ezamiyyətlərə ayrılan vəsaitlər yüz milyonlarla manatdır. Ezamiyyət xərcləri minimum 70 faiz ixtisar edilməlidir. Bizim səfirliklərimiz var – beynəlxalq tədbirlərdə əsasən səfirlik nümayəndələri iştirak edə bilər. Hazırda ölkə Qarabağın bərpası ilə məşğuldur və vəsaitə ciddi ehtiyac var. Əvvəlki illərdə belə xərclər müəyyən mənada başadüşülən idi – hər platformada Qarabağ problemi izah olunurdu. Amma indi torpaqlar azad olunub. Təəssüf ki, Qərbin maliyyə yükünə görə imtina etdiyi bahalı tədbirlər bizdə keçirilir.
Digər tərəfdən, quru sərhədləri açılmalıdır. Novruz bayramında İrandan, Gürcüstandan, Rusiyadan ölkəyə yüz minlərlə soydaşımız gəlirdi, amma indi ölkəyə giriş yalnız təyyarə ilə mümkündür. Gəmi ilə Mərkəzi Asiya respublikalarından turistlər gəlməlidir. Xəzər dənizində gəmi ilə yalnız yük daşımamalıyıq, sərnişindaşıma inkişaf etdirilməlidir.
Azərbaycan eyni zamanda Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır. Cənubi Qafqazda bu quruma üzv olmayan yeganə ölkəyik. Türkiyə ilə iqtisadi inteqrasiyanı da daha sıx etmək mümkündür. Mən ümumi bazar yaradılması ideyasını irəli sürmüşdüm. Türkiyə səfiri isə bildirdi ki, Azərbaycan MDB üzvüdür və Türkiyənin Avropa Birliyi ilə gömrük razılaşması var, buna görə də bu proses çətindir. Çətin olması bizi bu hədəfdən yayındırmamalıdır, bu çətinliklər aradan qaldırılmalıdır.
- Bizim heç MDB məkanında da vahid bazarımız yoxdur…
- Hazırda insanların, malların və kapitalın sərbəst hərəkət etdiyi heç bir iqtisadi birliklərdə üzvlüyümüz yoxdur. Belə birliklərdə olmağımız iqtisadi inkişafa böyük təkan verərdi. Nəhayət, regionda sabitlik və inkişaf üçün Ermənistanla sülh sazişi imzalanmalıdır. Bu sazişin Rusiyanın və Türkiyənin iştirakı ilə, Qars müqaviləsinə bənzər formatda imzalanması daha effektiv olardı. Böyük dövlətlərin təminatçılığı sülhün davamlı olmasına, inkişafa zəmanət verərdi.
-
Avropa02:12Şahzadə Londonda "sevgi dərsi" keçdi - FOTO
-
Art01:11Prezidentin qızları və gəlini "Gülçöhrə və Əsgər" tamaşasının premyerasında - FOTO
-
İdman00:45Şahruddin tənqidlərə cavab verdi: “Dili mükəmməl bilməsəm də...”
-
İdman00:15Millimiz Avropa çempionatının seçmə mərhələsində QƏLƏBƏ AZANDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, çox şeyi dəyişdirəcək
-
Art18 Noyabr 23:24“Atam sonuncu dəfə əlimi sıxdı, alnımdan öpdü”
-
İdman18 Noyabr 22:48Dava düşdü, maşının açarı futbolçunun alnına ilişdi
-
Magazin118 Noyabr 22:24Xatirədən ittihamlara cavab - “Mən o adam deyiləm”


































