“Ermənistanı regionun İsrailinə çevirmək istəyirlər” - Azərbaycanda niyə çip və avtomobil istehsalı olmasın?
Bizi izləyin

Nida Xəbər

“Ermənistanı regionun İsrailinə çevirmək istəyirlər” - Azərbaycanda niyə çip və avtomobil istehsalı olmasın?

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Birləşmiş Ştatların vitse-prezidenti J.D.Vensin regiona səfəri, Azərbaycan və Ermənistanın ABŞ ilə münasibətlərinin perspektivi, Rusiya və İranın atacağı mümkün addımlar və bu ətrafda başqa mövzularla bağlı “AzPolitika”nın suallarını cavablandırıb.

Publika.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, uzun müddətdən sonra Amerikanın yüksək səviyyəli rəsmisi -vitse-prezident J.D Vensin Ermənistana və Azərbaycana səfəri baş tutdu. Hər iki ölkə ilə sənədlər imzalandı, bəyanatlar səsləndirildi, o cümlədən ABŞ Azərbaycanla strateji tərəfdaş oldu. Bu səfər region ölkələri üçün nə vəd edir?

– Əlbəttə, dünyanın supergücünün ikinci şəxsinin Azərbaycana səfəri ölkəmiz üçün əhəmiyyətli hadisədir və hesab edirəm ki, Azərbaycan bundan maksimum faydalanmağa çalışmalıdır. Amma açığını desəm, ABŞ ilə münasibətlərimizin perspektivləri barədə o qədər də nikbin deyiləm.

– Niyə?

– Ona görə ki, biz müsəlman və türk ölkəsiyik. ABŞ-nin regionda Türkiyənin və ya ümumilikdə hər hansı müsəlman dövlətinin güclənməsi, inkişafı üçün ciddi və davamlı dəstək göstərdiyini indiyədək görməmişik. Düşünmürəm ki, Azərbaycan burada istisna olacaq. ABŞ hazırda müsəlman ölkələrindən – Qətərdən, Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən daha çox investisiya cəlb etməyə çalışır. Müəyyən təzyiq mexanizmlərindən istifadə olunur, təhlükəsizlik vədləri ilə qarşı tərəfdən daha çox vəsait qoparmağa çalışırlar. Hesab edirəm ki, Azərbaycana münasibətdə də oxşar yanaşma ola bilər. Düşünmürəm ki, ABŞ Azərbaycanda qeyri-neft sektoruna 10 milyardlarla dollar həcmində real investisiya yatıracaq. Allah eləsin səhv edim.

Digər tərəfdən, ABŞ-nin regionda Ermənistanı İsrail modeli kimi – müsəlman dövlətləri arasında özünə forpost-dayaq nöqtəsinə çevirmək istəyi də görünür. Səfər zamanı Ermənistana milyardlarla dollar dəyərində investisiyaların elan olunması, yüksək texnologiyalar – o cümlədən müasir çiplərin istehsalı ilə bağlı açıqlamalar verilməsi, zavodların tikintisinin başlandığının bildirilməsi bunu göstərir. Eyni zamanda, 9 milyard dollarlıq modul nüvə reaktorlarının Ermənistana verilməsi məsələsi də gündəmə gətirildi.

- Azərbaycanla da sazişlər imzalandı...

- Məncə, bizimlə imzalanan saziş daha çox Ermənistanın təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir və müəyyən mənada “Avraam sazişləri”nə oxşayır. Ümumiyyətlə, dünyada iri investisiyalar adətən iki halda edilir: bir halda ölkə böhrandan çıxmaq istəyəndə və həmin ölkə strateji baxımdan xüsusi əhəmiyyət daşıyanda. İkinci halda yaxşı qazanc üçün.

Azərbaycan, əlbəttə, inkişaf üçün investisiyaların yatırılmasını istərdi, lakin ABŞ-nin regionda güclü müsəlman dövlətinin yaranmasında maraqlı olduğunu düşünmürəm. Burada Cənubi Azərbaycan faktoru da var. Azərbaycanın güclənməsi gələcəkdə İrandakı azərbaycanlıları öz azadlıqları uğrunda mübarizəyə stimullaşdıra bilər. ABŞ isə İranın bütövlüyündə maraqlıdır. Onlar daha çox rejimin onlara xidmət etməsini istəyirlər, regiondakı prosesləri öz geosiyasi maraqlarına uyğun tənzimləməyə çalışırlar və İranın təbii sərvətlərdən faydalanmaq prioritet olaraq qalır.

– Ermənistanda Rusiyanın hərbi bazaları var, İranla və Türkiyə ilə sərhədlərinə rus sərhədçiləri nəzarət edir. Rusiya xarici işlər nazirinin müavini Qaluzin bildirib ki, regionda onların iştirakı olmadan heç bir ciddi layihə mümkün deyil. Bu baxımdan Ermənistanın qlobal qarşıdurmanın bir hissəsinə çevrildiyini düşünmək olarmı?

– Regionda baş verənləri hər kəs görür. Prezident İlham Əliyev də ABŞ Ticarət Palatasının üzvləri ilə görüşdə açıq şəkildə bildirdi ki, Azərbaycan qarşıdurma məkanı yox, əməkdaşlıq məkanı olmalıdır. Bu açıqlamanın özü müəyyən narahatlıqların mövcudluğunu göstərir. Son dövrlərdə müxtəlif Qərb rəsmilərinin, o cümlədən Avropa ölkələri liderlərinin açıqlamalarında Azərbaycanda Rusiya ilə bağlı narahatlıq olduğu vurğulanır. Mən hesab edirəm ki, bu mesajların bir hissəsi Rusiya ilə münasibətlərin daha da gərginləşdirilməsinə yönəlib. Qərb hazırda Rusiya ilə faktiki müharibə vəziyyətindədir və onların maraqları bunu diktə edir. Amma Azərbaycanın dövlət maraqları fərqlidir. Rusiya bizim qonşumuzdur. Aramızda geniş iqtisadi, ticarət və humanitar əlaqələr mövcuddur. Təxminən 2 milyon azərbaycanlı Rusiyada yaşayır. Orada həm kənd təsərrüfatı məhsullarımız üçün böyük bazar var, həm də əmək bazarı mövcuddur. Rusiya miqrasiya siyasətini çətinləşdirsə də (miqrantları müharibəyə cəlb etmək üçün), azərbaycanlılar Rusiyada işləyir və ailələrinə dəstək olurlar. Bundan başqa, Rusiya böyük nüvə dövlətidir, zəngin təbii ehtiyatlara malikdir. Azərbaycan bir sıra xammal və tikinti materiallarını Rusiyadan alır. Bu reallıqları nəzərə almadan siyasət qurmaq mümkün deyil. Ona görə də Rusiya ilə münasibətlərin yüksək səviyyədə saxlanılması Azərbaycanın milli maraqlarına uyğundur. Eyni zamanda, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını qəbul etmirik və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizi açıq şəkildə bəyan etmişik, humanitar yardım göstəririk. Bu, balanslı və prinsipial mövqedir.

– ABŞ-nin Ermənistana elan etdiyi milyardlarla dollar investisiya nə qədər realdır? Bəzi ekspertlər bunun sadəcə bəyanat olduğunu düşünürlər. Həm də nəzərə alsaq ki, Ermənistan iqtisadi baxımdan Rusiyadan daha çox asılıdır...

– Ermənistan hazırda müxtəlif güclər arasında manevr etməyə çalışır. Həm Rusiya ilə mövcud təhlükəsizlik sistemində qalmaq, həm də Qərbdən investisiya və siyasi dəstək almaq istəyir. Qərb investisiyaları daha çox strateji və geosiyasi xarakter daşıyır. Yəni məqsəd təkcə iqtisadi inkişaf deyil, həm də regionda təsir imkanlarını genişləndirməkdir. Bu isə Cənubi Qafqazda rəqabəti daha da dərinləşdirə və qlobal qarşıdurmanın elementlərini gücləndirə bilər. Ermənistanın ABŞ və Qərbdən ciddi investisiyalar cəlb edəcəyi, zamanla Rusiyanın təsirindən uzaqlaşaraq daha da güclənəcəyi proqnozlaşdırılır. Hazırda Ermənistan iqtisadiyyatının əsas sektorları böyük ölçüdə Rusiyanın nəzarətində olsa da, paralel olaraq yeni sahələrin yaradılması, alternativ investisiya mənbələrinin formalaşdırılması istiqamətində addımlar atılır. Dəmir yollarının bərpası, yüksək texnologiyalar sahəsinə yönələn sərmayələr və Qərblə iqtisadi inteqrasiya cəhdləri bu strategiyanın tərkib hissəsidir. Bəzi ekspertlər hesab edirlər ki, əgər Ermənistanda qərbyönümlü hakimiyyət mövqeyini qoruya bilsə, bir neçə ildən sonra ölkə regionda yeni geosiyasi status qazana bilər. “Regionun İsraili” ifadəsi də uzun illərdir səslənən bir tezisdir və bu yanaşmaya görə Ermənistan texnologiya, təhlükəsizlik və Qərb dəstəyi hesabına sürətlə inkişaf edəcəkdir. SSRİ dağılandan bəri bu ideya müzakirə olunur və hazırkı mərhələdə ABŞ tərəfindən müəyyən addımların atıldığı göz önündədir.

– Bəs Rusiya və İran buna imkan verəcəkmi?

– Rusiya regionda ənənəvi təsir imkanlarını itirmək istəmir. Ermənistanda hərbi baza mövcuddur və təhlükəsizlik arxitekturasında Moskvanın rolu hələ də əhəmiyyətlidir. İran da Ermənistanla sərhədə və iqtisadi əlaqələrə malikdir. ABŞ-nin bölgədə fəallaşması, xüsusilə İran sərhədlərinə yaxınlaşması Tehranın diqqət mərkəzindədir. ABŞ İrandakı rejimin onlara xidmət etməsində maraqlıdır (Venesuellada olduğu kimi), bu olmasa böyük ehtimalla rejimin dəyişməsi üçün güc tətbiq edəcək. Bu kontekstdə İran gələcəkdə Ermənistanın xarici siyasətinə təsir edə bilməyəcək. Moskva isə Cənubi Qafqaz siyasətində “qaba güc” siyasətinə söykənsə, zamanla bu bölgədə mövqeləri xeyli zəifləyəcək.

– Ermənistan daxilində siyasi proseslər kifayət qədər gərgindir. Baş nazir Nikol Paşinyanın reytinqinin əvvəlki illərlə müqayisədə zəiflədiyi bildirilir. Rusiyaya daha yaxın mövqedə olan qüvvələrin fəallaşdığı da müşahidə olunur. Bu baxımdan proseslər necə inkişaf edə bilər?

- Bəzi sorğular cəmiyyətin parçalanmış vəziyyətdə olduğunu göstərir. Seçki kampaniyası dövründə həm daxili sosial-iqtisadi problemlər, həm də xarici siyasət kursu əsas müzakirə mövzusu olacaq. Qərbyönümlü xətt davam edəcəkmi, yoxsa Ermənistan yenidən Rusiyaya daha sıx inteqrasiyaya üstünlük verəcək – bunu seçkinin nəticələri göstərəcək. Mövcud şəraitdə hakimiyyətin mövqeyini qoruyub-qoruya bilməməsi həm daxili siyasi sabitlikdən, həm də xarici güclərin prosesə təsir imkanlarından asılıdır.

- Sizcə Paşinyan xalqın dəstəyi ilə iqtidarını qoruya biləcəkmi?

– Hakimiyyəti qoruyub-qoruya bilməməsi ilk növbədə xalqın iradəsindən asılıdır. Gürcüstanda vaxtilə Saakaşvili seçkiləri uduzdu və nəticədə Rusiya ilə daha yaxın münasibətlər tərəfdarı olan qüvvələr hakimiyyətə gəldi. Eyni ssenarini Ermənistanda da mümkün hesab edirəm. Məhz buna görə də bir neçə dəfə demişəm ki, Azərbaycan daha çevik davranmalıdır. Əgər ilkin sülh sazişi imzalanıbsa, nəqliyyat-kommunikasiya xətləri açılıbsa və ticarət əlaqələri yaranmağa başlayıbsa, yekun sülh sazişinin imzalanmamasının mənası qalmayıb. Artıq Türkiyə də Ermənistanla tam əməkdaşlığa başlayır, sərhədləri açır. Sülh sazişinin imzalanması yalnız Paşinyan üçün daxili siyasi baxımdan əlavə üstünlük yarada bilər. O da son müsahibələrində seçkidən əvvəl müqaviləni imzalamaq istədiyini bildirib. ABŞ rəsmilərinin də bu istiqamətdə maraqlı olduğu görünür.

– Bu, realdırmı?

– Siyasətdə çevik və realist olmaq lazımdı. İdeologiya ilə real siyasəti qarışdırmaq olmaz. Real siyasətçi bu günün problemlərini həll etməlidir: ölkənin təhlükəsizliyini təmin etməli, insanların həyat səviyyəsini yüksəltməli, riskləri minimuma endirməlidir. Uzaq və xəyali perspektivlər naminə indiki imkanları qaçırmaq düzgün yanaşma deyil. Hesab edirəm ki, Azərbaycan da proseslərə praqmatik yanaşmalıdır. Əgər məqsəd Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsinin qarşısını almaq və bölgədə sabitliyi qorumaqdırsa, müəyyən addımlar atmaq mümkündür. Kommunikasiya xətlərinin açılması, ticarət əlaqələrinin qurulması Paşinyanın mövqelərinin güclənməsinə artıq müsbət təsir göstərir. Məsələn, Azərbaycan yanacağının Ermənistana satılması nəticəsində orada qiymətlərin 15–20 faiz aşağı düşdüyü bildirilir. Bu, iqtisadi baxımdan ciddi dəstəkdir. Belə addımlar qarşılıqlı asılılığı artırır və sülh gündəliyini gücləndirir.

– Azərbaycan həm Rusiya, həm Çin, həm də ABŞ ilə strateji tərəfdaşlıq sənədləri imzalayıb. Bu fərqli maraqlar fonunda balansı necə qorumaq olar?

– Bu, düzgün və çevik dövlət siyasətindən asılıdır. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinə baxın, həm Rusiya ilə əməkdaşlıq edir, həm ABŞ ilə, həm də Türkiyə ilə yaxın münasibətlər saxlayır. Əsas məsələ ölkəni qarşıdurma meydanına yox, əməkdaşlıq məkanına çevirməkdir. Mən əvvəllər də demişdim ki, “Rusiya regiondan sıxışdırılır” kimi tezislərlə əlavə gərginlik yaratmağa ehtiyac yoxdur. ABŞ ilə münasibətlərin yaxınlaşmasına istinad edib demək ki, guya Amerika gəlir və Rusiya bğlgədən kənarlaşdırılır – bu, səhv yanaşmadır. Belə bəyanatlar yalnız münasibətlərdə əlavə qıcıq yaradır. Azərbaycan elə siyasət yürütməli, elə investisiya mühiti yaratmalıdır ki, burada həm Türkiyə , həm Amerika, həm Rusiya, həm Çin, həm Avropa İttifaqı, həm də digər ölkələr fəaliyyət göstərə bilsin. Xüsusilə, azərbaycanlı iş adamları.

Çinlə strateji tərəfdaşlıq sazişi imzalandıqdan sonra böyük gözləntilər vardı, geniş təbliğat aparıldı ki, ölkəmizə böyük həcmdə investisiyalar qoyulacaq. Amma real investisiyalar gözlənilən həcmdə olmadı. Sabitlik var, şəffaf, rəqabətli və mülkiyyətin qorunduğu azad bazar iqtisadiyyatı formalaşarsa, təkcə Amerika yox, Çin də, Yaponiya da, Avropa da, Rusiya da, öz iş adamlarımız da investisiya qoymağa maraqlı olacaq. Xarici sərmayə ilk növbədə riskin az olduğu və qazancın təmin edildiyi yerlərə gəlir.

– Parlamentdə sonuncu çıxışınızda ABŞ-nin kənd təsərrüfatı mütəxəssislərinin Azərbaycana dəvəti məsələsini qaldırdınız. Bu istiqamətdə başqa nə mümkündür?

– İslahatlar üçün bir çox sahələr üzrə xaricdən təcrübəli mütəxəssislər cəlb etmək doğru olardı. Aqrar sahə əməkdaşlıq üçün real potensiala malikdir. ABŞ texnologiya, suvarma sistemləri, məhsuldarlığın artırılması, aqro-logistika və emal sənayesi sahəsində ciddi təcrübəyə malikdir. Əgər bu bilik və texnologiyalar transfer olunsa, kənd təsərrüfatında əlavə dəyər yaradıla bilər. Amma yenə də hər şey sistemli yanaşmadan və daxili islahatlardan asılıdır. Xarici tərəfdaşlıq daxili potensialı gücləndirməlidir, onu əvəz etməməlidir. Mən xüsusilə maşınqayırma və yüngül sənayenin inkişafını vacib hesab edirəm. Bu gün biz ən sadə məhsulları – corabı, köynəyi belə xaricdən idxal edirik. Halbuki öz pambığımız var və tekstil sənayesini inkişaf etdirmək üçün real potensial mövcuddur. Qarabağda Özbəkistanla birgə müəyyən layihələr həyata keçirilir, amma hesab edirəm ki, daha müasir və qabaqcıl Qərb texnologiyaları ölkəyə cəlb olunmalıdır. Məsələn, niyə Azərbaycanda avtomobil, o cümlədən çip istehsalı təşkil olunmasın? Əgər region ölkələrində belə istehsal mümkündürsə, Azərbaycanda da mümkündür. Vaxtilə Naxçıvanda Çin avtomobilləri yığılırdı. Rusiya, İran və ya Özbəkistan kimi ölkələrlə maşınqayırma sahəsində əməkdaşlıq edilib. Amma sual olunur: niyə ABŞ, Cənubi Koreya, Yaponiya və ya Almaniyanın aparıcı avtomobil şirkətləri Azərbaycana cəlb edilməsin? Üstəlik, avtomobil ehtiyat hissələrinin əhəmiyyətli hissəsi də ölkəmizdə istehsal oluna bilər. Problem ondadır ki, biz uzun illər əsas diqqəti enerji sektoruna yönəltmişik. Halbuki sənayeləşmə və istehsalın şaxələndirilməsi prioritet olmalıdır.

Məncə, dövlətin yanaşması da dəyişməlidir. İnkişaf etmiş ölkələrdə vətəndaş vergiləri hesabına dövlət güclənir, müdafiə sənayesi qurulur, iqtisadiyyat inkişaf edir. Yəni vətəndaş dövləti formalaşdırır, dövlət qurumlarını maliyyələşdirir. Bizdə isə model fərqlidir – dövlət iri layihələr həyata keçirir, əsas iqtisadi resursları özü idarə edir və müəyyən sosial bölgü aparır. Əgər düşüncə tərzi dəyişsə, azad bazar münasibətlərinə keçilsə, iqtisadiyyat liberallaşdırılsa, real inkişaf mümkün olar. Hətta siyasi məsələləri bir kənara qoysaq belə, sadəcə iqtisadi mühit Çində və ya Vyetnamda olduğu kimi açıq və çevik olsa, ciddi iqtisadi artıma nail olmaq olar.

– Ermənistanda ABŞ vitse-prezidentindən Azərbaycanda mühakimə olunan erməni məhbuslar məsələsi ilə bağlı xahişlər edilib. Amerikanın xahişi ilə Azərbaycan bu istiqamətdə hansısa addımları ata bilərmi?

– Ehtimal etmək olar ki, bu məsələ bağlı qapılar arxasında müzakirə olunub. Çünki ABŞ tərəfi müəyyən vədlər vermişdi və Paşinyan da son açıqlamasında Venslə bunu müzakirə etdiyini təsdiqləmişdi. Bununla belə, Ermənistan rəhbərliyinin həmin şəxslərin azad olunmasında maraqlı olduğu hiss edilmir. Xüsusilə seçki ərəfəsində bu məsələ Paşinyan üçün əlavə daxili problemlər yarada bilər. Əgər gələcəkdə ABŞ-Azərbaycan münasibətlərinin inkişafı bu məsələ ilə əlaqələndirilərsə, o zaman hətta ağır cinayətlərdə ittiham olunan şəxslərlə bağlı belə, dövlət təhlükəsizliyi və milli maraqlar naminə müəyyən addımlar atıla bilər. Bu qərar Prezidentin səlahiyyətindədir və cəmiyyət bunu anlayışla qəbul etməlidir.

– Bəzi konqresmenlər də Azərbayanda həbsdə olan jurnalistlər və siyasi fəallarla bağlı Vensə müraciət etmişdilər...

– Qarşıdan Novruz bayramı gəlir. Adətən belə ərəfələrdə əfv sərəncamları imzalanır. Prezident istəsə, geniş əfv elan edə və xüsusilə qadın və səhhətində ciddi problemlər olan məhbusları azad edə bilər. Onların bir qismi artıq iki ildən çoxdur ki, həbsdədir, ibtidai və məhkəmə istintaqı kifayət qədər uzanıb. Hətta müəyyən hüquq pozuntuları olubsa belə, artıq onlar cəza müddətinin əhəmiyyətli hissəsini çəkiblər. İnanıram ki, azadlığa çıxan şəxslərin böyük əksəriyyəti gələcək ictimai-siyasi fəaliyyətlərində daha realist olacaqlar. Həbs edilmələrində siyasi motivlərin olduğu iddia edilən şəxslərin azadlığa buraxılması cəmiyyətdə müsbət rezonans doğurar, milli birliyə xidmət edərdi.

– Qüdrət bəy, Ukraynada seçkilər elan olunacağı haqda məlumatlar yayılıb, sülh danışıqları isə yenə dalana dirənib. Seçkilər iki ölkəni sülhə yaxınlaşdıra bilərmi?

– Beynəlxalq kontekstdə vəziyyət kifayət qədər mürəkkəbdir. ABŞ-də hakimiyyət dəyişikliyindən sonra Ukrayna məsələsinə yanaşma fərqli çalarlar alıb. Tramp Putinlə birlikdə Zelenskidən seçki qərarı verməsini tələb edir. Avropanın isə müqavimət imkanları və güclü lideri yoxdur. Putin və Tramp Zelenskiyə nifrət edir, biri müqavimət göstərdiyinə görə, digəri ona impiçment edilməsinə görə. Hər ikisi ondan qisas almaq istəyirlər. Zelenski ölkəsinin maraqları naminə daha uyğun bir namizədi müdafiə edib özü kənara çəkilməlidir. İyunda 80 yaşı tamam olacaq Prezident Trampın xarakteri nəzərə alınmalıdır. Zelenski üçün əsas məsələ hakimiyyətini qorumaq yox, ölkəsini daha az itki ilə sülhə yaxınlaşdırmaq olmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm