29 il öncə Bakını silkələyən qətl: Bağ evində öldürülən general nə demişdi?
Bizi izləyin

Nida Xəbər

29 il öncə Bakını silkələyən qətl: Bağ evində öldürülən general nə demişdi?

“Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qələbə qazanmaqla yanaşı, qonşu ölkənin illər ərzində Qarabağda yerləşdirdiyi hərbi texnikanı da məhv etdi”.

Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, məhv edilən hərbi texnikanın hamısı keçmiş SSRİ və Rusiya istehsalı olub:

“Bu yerdə 1997-ci ildə böyük qalmaqala səbəb olan hadisəyə müraciət etməyi lazım bilirəm. Həmin ilin aprelində Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri general Lev Roxlin parlamentin qapalı iclasında Moskvanın Ermənistana qanunsuz şəkildə 1 milyard dollar dəyərində silah və hərbi texnika göndərdiyini söylədi. Roxlin bu açıqlamasının üstündən bir il keçmiş bağ evində qətlə yetirildi.

Roxlinin ifşaedici çıxışı Azərbaycanda da böyük-əks səda yaratdı. Təsadüfi deyil ki, 1997-ci ildə Rusiyaya səfər edən mərhum Prezident Heydər Əliyev Ermənistana ötürülən qanunsuz silahlar məsələsini qonşu ölkənin Prezidenti Boris Yeltsinin qarşısında qaldırdı. Rusiya Prezidenti məsələnin araşdırılması məqsədilə ortaq komissiyanın yaradılması haqqında qərar vermək məcburiyyətində qaldı. Ancaq komissiyanın fəaliyyəti nəticə vermədi. Çünki Yeltsinin qərarına baxmayaraq, Rusiya məsələni araşdırmaqda maraqlı deyildi.

Rusiyanın hazırki Prezidenti Vladimir Putin 1997-ci ildə Baş Nəzarət İdarəsinin rəhbər idi. Yeltsin Rusiya Müdafiə Nazirliyində Ermənistana hərbi texnikanın göndərilməsi ilə bağlı araşdırmanı məhz Vladimir Putinə tapşırmışdı.

Vladimir Putin həmin il “Kommersant” qəzetinə müsahibəsində bildirirdi ki, araşdırmanın nəticəsi olaraq, guya o zamankı müdafiə naziri Pavel Qraçovun Ermənistana silah və hərbi texnika ötürməsi barədə xəbəri təsdiq olunmayıb. Putin rəhbəri olduğu Baş Nəzarət İdarəsinin araşdırma apardığı və ölkə rəhbərliyinin Ermənistana hərbi texnika göndərməsi barədə qərarının olmadığı qənaətinə gəldiyini iddia etdi. Bu zaman Putin Yeltsinin 1993-cü ildə münaqişədə olan Azərbaycanla Ermənistana hərbi texnika satışının qadağan olunması fərmanını xatırlayır. Buna baxmayaraq, Putin müsahibəsində Ermənistana hərbi texnika göndərilməsi faktını təsdiq edir.

O, jurnalistin “Ermənistana hərbi texnika göndərənlər bəllidirmi” sualına belə cavab verir: “Bəli, adlar mənə bəllidir, ancaq onların adlarını çəkmək istəmirəm”.

Putin həm də onu etiraf edir ki, Ermənistana hərbi texnika ötürənlər Rusiya Müdafiə Nazirliyinin əməkdaşlarıdır. Belə olan halda Putinin “Pavel Qraçovun xəbəri olmayıb” sözləri məntiqsiz görünür”.

Elxan Şahinoğlu xatırladıb ki, Azərbaycanın Rusiyadakı o zamankı səfiri Ramiz Rzayev isə Putindən fərqli olaraq, Ermənistana hərbi texnikanın göndərilməsinə Pavel Qraçovun şəxsən qərar verdiyini söyləmişdi:

“Maraqlıdır ki, Pavel Qraçovdan sonra müdafiə naziri təyin olunan İqor Rodionov Ermənistana hərbi texnika göndərdildiyini təsdiq etmişdi. Rusiyada buna görə heç kim cəzalandırılmadı. Ermənistan həmin hərbi texnika hesabına Qarabağda hərbi mövcudluğunu gücləndirdi.

Xatırlatmaq yerinə düşər ki, Rusiyanın Ermənistana hərbi texnikanın göndərilməsiylə bağlı yaradılan komissiyaya Azərbaycan tərəfindən baş nazirin o zamankı müavini Abbas Abbasov başçılıq edirdi. Abbas Abbasov 2001-ci ildə “Exo” qəzetinə verdiyi müsahibədə Moskvanın Boris Yeltsinin fərmanına zidd olaraq Ermənistana hərbi texnika göndərildiyini təsdiq etsə də, “Rusiya ilə münasibətlərdə gərginlik yaradılmasının tərəfdarı deyiləm” kimi cümlə də işlətmişdi.

Abbas Abbasov müsahibəsində bəzilərinin bu mövzunun beynəlxalq təşkilatlara daşınmasını təklif etdiyini söyləmişdi. O, bu təklifin əleyhinə olduğunu belə izah etmişdi: “Minsk qrupunun həmsədri kimi Rusiyaya inamımız var və hərbi texnikanın geri qaytarılması mümkündür”.

Abbas Abbasovun işğalçı Ermənistana 1 milyard dollar civarında hərbi texnika göndərən ölkəyə “Azərbaycanın inamının olduğu” barədə sözləri məntiqsiz idi. Abbas Ababsov müsahibəsində Vladimir Putinin prezident seçilməsiylə MDB-nin canlanmasından məmnunluğunu da gizlətmirdi. Görünür, ikili arasında əlaqə məhz o illərdə yaranmışdı”.

Politoloq əlavə edib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində Rusiyanın Ermənistana qanunsuz ötürdüyü həmin hərbi texnikaları darmadağın edib:

“Ancaq 30 il əvvəl baş verənləri unutmamalıyıq. Birincisi, Rusiya Azərbaycan torpaqlarının işğalı məqsədilə illər boyu Ermənistana havayı hərbi texnika göndərib. İkincisi, bu məsələni araşdırmaq məqsədilə təsis edilən komissiyanın işi subyektiv səbəblərdən nəticəsiz qalıb”. (Teleqraf)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm