Maskın sərvəti qlobal təhlükəyə çevrilir - Qərbdə təşviş
Bizi izləyin

Maraq dünyası

Maskın sərvəti qlobal təhlükəyə çevrilir - Qərbdə təşviş

Maskın sərvəti qlobal təhlükəyə çevrilir - Qərbdə təşviş

Dünyanın ən varlı adamı olan İlon Mask yaxın illərdə tarixdə ilk trilyonçuya çevrilə bilər.

Publika.az xəbər verir ki, lakin Qərb mediasında bu perspektiv təkcə biznes uğuru kimi deyil, həm də demokratiya və siyasi sistemlər üçün potensial təhlükə kimi qiymətləndirilir.

Müəllif qeyd edir ki, Mask bu ilin fevralında "X" sosial şəbəkəsində "Pulun xoşbəxtlik gətirmədiyini deyən adam nə dediyini yaxşı bilirdi" sözlərini yazaraq paylaşım etmişdi. Halbuki 2024-cü ildə aparılan araşdırma gəlirlə xoşbəxtlik arasında ciddi əlaqə olduğunu göstərib. Tədqiqat müəlliflərinin fikrincə, pul insanlarda öz həyatları üzərində nəzarət hissini gücləndirir və xoşbəxtliyin böyük hissəsi məhz bununla bağlıdır.

Bununla belə, məqalə müəllifi hesab edir ki, əsas məsələ Maskın xoşbəxt olub-olmaması deyil. Onun fikrincə, daha vacib sual ilk trilyonçunun meydana çıxmasının cəmiyyətə və siyasi sistemlərə necə təsir göstərəcəyidir.

Bir trilyon dolların miqyası

Məqalədə vurğulanır ki, bir trilyon dolların həqiqi ölçüsünü təsəvvür etmək çətindir. Hesablamalara görə, insan hər gün 1 milyon dollar xərcləsə belə, bu sərvəti tamamilə tükəndirmək üçün 2700 ildən çox vaxt lazım gələr.

Müəllif başqa bir müqayisə də aparır. Əgər insanın sərvəti 1 trilyon dollar təşkil edirsə, onun üçün 1 milyon dollar adi amerikalı üçün cəmi bir neçə sent dəyərindədir. Bu isə sərvət fərqinin nə qədər böyük olduğunu göstərir.

Məqalədə qeyd olunur ki, Maskın sərvəti əsasən şirkət səhmlərindən ibarətdir və bazardakı dəyişikliklərdən asılı olaraq sürətlə arta və ya azala bilər. Buna baxmayaraq, müəllif hesab edir ki, bir nəfərin əlində bu qədər böyük maliyyə resursunun cəmlənməsi özü-özlüyündə ciddi problemdir.

Siyasətə təsir imkanları

Yazıda bildirilir ki, Mask 2024-cü il ABŞ prezident seçkiləri kampaniyası zamanı Donald Trampı və digər respublikaçı namizədləri dəstəkləmək üçün yüz milyonlarla dollar vəsait ayırıb.

Müəllif qeyd edir ki, seçkilərin nəticəsinə bu vəsaitin nə dərəcədə təsir etdiyini dəqiq müəyyənləşdirmək mümkün deyil. Lakin onun fikrincə, maliyyə dəstəyi Respublikaçıların işini əhəmiyyətli dərəcədə asanlaşdırıb.

Məqalədə vurğulanır ki, son iki ildə Maskın sərvəti yüz milyardlarla dollar artıb və hazırda o, trilyon dollarlıq sərvət həddinə əvvəlkindən daha yaxındır.

Müəllif həmçinin iddia edir ki, Mask artıq təkcə sahibkar deyil, ABŞ siyasətində ciddi təsir imkanlarına malik fiqurdur. Yazıda onun hökumət rəsmiləri ilə yaxın təmasları, müxtəlif dövlət təşəbbüslərində iştirakı və beynəlxalq səfərlərdə görünməsi xatırladılır.

Milyarderlərin gücü artır

Məqalədə qeyd olunur ki, ABŞ-da iri biznes nümayəndələrinin siyasətə təsiri son illərdə nəzərəçarpacaq dərəcədə güclənib. Xüsusilə 2010-cu ildə qəbul edilən və korporasiyaların siyasi kampaniyalara daha çox vəsait ayırmasına imkan yaradan qərardan sonra milyarderlərin siyasi proseslərdə rolu artmağa başlayıb.

Araşdırmalara əsasən, 2024-cü ildə federal seçkilərə edilən ianələrin əhəmiyyətli hissəsi milyarderlərin payına düşüb. Müəllif yazır ki, cəmi bir neçə yüz ultra-varlı şəxs ölkənin siyasi gündəminə təsir göstərmək imkanına malikdir.

Onun fikrincə, bu insanların prioritetləri əksər vətəndaşların maraqları ilə üst-üstə düşmür. Onlar daha aşağı vergilər və biznes üçün daha az məhdudiyyətlərin tərəfdarıdırlar ki, bu da nəticədə onların sərvətinin daha da artmasına şərait yaradır.

Yeni trilyonçular dövrü

Məqalədə bildirilir ki, Mask ilk trilyonçu olsa belə, sonuncu olmayacaq. Müxtəlif proqnozlara görə, mövcud tendensiyalar davam edərsə, qarşıdakı on ildə dünyada bir neçə trilyonçu meydana çıxa bilər.

Müəllif hesab edir ki, bu proses təkcə ABŞ üçün deyil, bütün dünya üçün mühüm nəticələr doğura bilər. Yazıda Maskın Böyük Britaniya siyasəti ilə bağlı açıqlamalarına da toxunulur və onun müxtəlif ölkələrin daxili siyasi proseslərinə təsir göstərməyə çalışdığı iddia edilir.

Məqalənin sonunda vurğulanır ki, sərvətin getdikcə daha az sayda insanın əlində cəmlənməsi demokratik institutlar üçün ciddi çağırış yaradır və gələcəkdə oliqarx meyllərin güclənməsinə səbəb ola bilər.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm