Nida Xəbər
Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
Dünyada siyasi, iqtisadi və geosiyasi proseslərin sürətləndiyi bir dövrdə Türk Dövlətləri Təşkilatının əldə etdiyi səviyyə Türk dünyasının gələcəyi baxımından böyük əhəmiyyət daşıyır. Türk Dövlətləri Təşkilatı ortaq tariximizin, mədəniyyətimizin və müştərək gələcək təsəvvürümüzün institusional zəmininə çevrilib. Adriatikdən Çin səddinə qədər uzanan geniş Türk dünyasında siyasi iradənin gücləndiyi, iqtisadi və ticarət əlaqələrinin inkişaf etdiyi, nəqliyyat və enerji bağlantılarının genişləndiyi yeni bir dövr formalaşır".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.
O bildirib ki, müdafiə sənayesi, texnologiya, təhsil, elm və mədəniyyət başda olmaqla bir çox sahədə əməkdaşlıq imkanlarının artması türk dövlətləri arasındakı münasibətlərin çoxşaxəli xarakter aldığını göstərir.
Dövlət Baxçalının sözlərinə görə, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki münasibətlərin təməlində hər bir üzv dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və öz daxili hüququna hörmət prinsipi dayanır. Hər bir Türk Respublikası müstəqil və suveren dövlətdir. Türk dövlətləri arasındakı əməkdaşlıq bu suverenlik anlayışını əsas götürür, qarşılıqlı hörmət, bərabərlik və ümumi maraqlar əsasında inkişaf edir.
"Egeydən Xəzərə, keçmişdən gələcəyə Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki güclü dövlətidir. İki ölkə arasındakı qardaşlıq hüququnu zədələməyə yönələn hər cür yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq ağıl əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır.
Türkiyənin Türk Dövlətləri Təşkilatına sədrlik edəcək olması da bu inkişafın ortaya çıxardığı mühüm məsuliyyət və fürsətdir.
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər isə bu prosesin ən güclü dayaqlarından biridir. İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları siyasi inkişaflardan kənarda, xalqlarımızın ortaq yaddaşına və könül bağına əsaslanır.
Bu baxımdan Qarabağ Zəfərinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın zirvə toplantısında keçirəcəyi görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha ortaya qoyacağına inanırıq.
Oktyabr ayının son həftəsində Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı bu baxımdan tarixi əhəmiyyət daşıyır. Zirvədə sədrliyin Azərbaycandan Türkiyəyə keçməsi ilə birlikdə Türkiyə Türk dünyasının ortaq hədəflərinin həyata keçirilməsinə yönəlmiş mühüm məsuliyyəti öz üzərinə götürəcək.
Türkiyə tarixi təcrübəsi, dövlət idarəçiliyi sahəsində təcrübəsi, iqtisadi potensialı, diplomatik gücü və Türk dünyası ilə qurduğu möhkəm əlaqələr sayəsində Təşkilatın inkişafında mühüm mövqeyə malikdir.
Sədrlik dövründə Türkiyənin qarşısında geniş fəaliyyət gündəliyi dayanır.
Nazirliklər, dövlət qurumları, universitetlər, yerli idarəetmə orqanları, peşə təşkilatları və vətəndaş cəmiyyəti strukturları öz fəaliyyət sahələrində Türk Dövlətləri Təşkilatının 2040-cı il Vizyon Sənədi istiqamətində konkret, davamlı və nəticəyönümlü layihələr hazırlamalıdırlar.
İsmayıl Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, işdə birlik” anlayışı bu gün türk dövlətləri arasındakı münasibətlərin dövrün şərtlərinə uyğun şəkildə inkişaf etdirilməsi baxımından yol göstərici xüsusiyyətini qoruyur.
Bu çərçivədə təhsil, mədəniyyət, iqtisadiyyat, elm və texnologiya sahələrində əməkdaşlıq mexanizmləri gücləndirilməli, Türkiyənin bilik və təcrübəsi, eləcə də institusional potensialı Türk dünyasının ortaq inkişaf hədəfləri istiqamətində qiymətləndirilməlidir.
Türk dünyasının malik olduğu potensial dövlətlərimizin mövcud imkanlarının cəmindən daha böyük məna daşıyır. Bu potensialın real gücə çevrilməsi ortaq ağıl, güclü koordinasiya, qarşılıqlı hörmət, suverenliyə riayət və uzunmüddətli baxışla mümkündür.
Türkiyənin sədrliyi dövrü də bu anlayışın konkret nəticələrə çevrildiyi bir dövr olmalıdır.
İstiqamətimiz aydındır: Başda Azərbaycan olmaqla Türk dünyası arasındakı qardaşlıq hüququnu və könül bağını zədələyəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan vermədən, türk respublikalarının suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığımızı dərinləşdirmək, tariximizin bizə yüklədiyi məsuliyyət şüuru ilə ortaq gələcəyimizi qurmaq, Türk və Türkiyə Əsri hədəfini Türk dünyasının yüksəlişi ilə birləşdirməkdir.
Türkiyə Türk Dövlətləri Təşkilatına sədrlik dövründə tarixindən aldığı güc, dövlət təcrübəsi və gələcəyə dair baxışı ilə Türk dünyasının birlik, həmrəylik və yüksəliş hədəflərinə töhfə verməyə davam edəcək", - Dövlət Baxçalı qeyd edib.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi







.jpg)










.png)




















