Digər
SSRİ-nin “vətən xaini” çıxardığı azərbaycanlı - Turqut Özal onu şəxsən qarşılayıb
Hafiz Süleymanov ən adlı-sanlı azərbaycanlı ağır atletdir. O, SSRİ dövründə Türkiyəyə getdi, Süleymanoğlu soyadı ilə türk bayrağı altında mübarizə apardı. Orda qazandığı qələbələri Türkiyə idmanının tarixinə yazılsa da, o, Azərbaycan oğlu idi.
Onun SSRİ yığmasında çıxış edərkən qazandığı uğurlar Türkiyənin diqqətini çəkmişdi.
Publika.Az “II taym” layihəsi çərçivəsində Turqut Özalın şəxsən qarşıladığı azərbaycanlı idmançı Hafiz Süleymanoğlu haqqında məlumat verəcək.
H. Süleymanoğlu indiyədək iki dəfə dünya çempionu, beş dəfə isə Avropa çempionu titulunu qazanıb.
Öncə güləş, sonra futbol və vazkeçilməz ağır atletika...
“1967-ci ildə sentyabrın 20-də Sumqayıt şəhərində anadan olmuşam. Orta məktəbi də orada bitirmişəm. 1982-ci ilin oktyabr ayında Sumqayıt şəhərində “Polad” idman klubu var idi, ağır atletikaya orada başlamışam.15 yaşında ağır atletikaya başladım. 1985-ci ildə gənclər arasında SSRİ çempionu oldum. 1986-ci ildə də hərbi xidmətə yollandım. Hərbi xidmətimi idmançı olduğum üçün Moskvada-ÇSK-da keçdim və karyeramın da əsas dönüş nöqtəsi oradan başladı. 1986-cı ildə gənclər arasında Avropa çempionu oldum. Dünya 3-cülüyünü qazandım. Yenə də 1987-ci ildə gənclər arasında Avropa çempionu oldum. Amma bu dəfə dünya 2-cisi oldum. Həmin ili gənclər arasında dünya çempionatında qızıl medal qazandım.
1989-cu ildə böyüklər arasında Dünya və Avropa çempionluğunu qazandım.
Amma onu da bildirim ki, idmana ilk olaraq güləşlə başladım, sonra futbolla məşğul oldum. Dostum məni ağırlıqqaldırma zalına apardıqdan sonra bu idmanı sevdim. 1982-ci ildən bu günə qədər ağır atletikanın içindəyəm”.
Hafiz Süleymanovdan ilhamlanan qardaşlar
“Qardaşlarım da idmançıdır, onlardan ən böyüyü mənəm. Məndən sonra iki qardaşım ağır atletika ilə məşğul olmağa başladı. Elxan Süleymanov Avropa kubokunun sahibidir. Bundan əlavə, SSRİ birinciliyində gümüş medal, Avropa çempionatında bürünc medal, Avropa kubokunda qızıl medal, Avropa çempionatında gümüş medal qazanıb.
Digər qardaşım Zülfüqar Süleymanov da iki dəfə Avropa 3-cüsüdür. İslam Həmrəyliyi Oyunlarında da bürünc medal əldə edib.
Bir qardaşımız -Qadir Süleymanov da güləşçi olub. Gənclər arasında keçirilən dünya çempionatında gümüş medal, tələbələrin olimpiadasında bürünc medal qazanıb. Amma onun idmançı karyerası çox davam etmədi.
Bizim bəzi idmançılarda belə bir şey var ki, bir az nəticə verən kimi, harınlayırlar. Onda da elə oldu deyərdim (gülür).
Rekord qırarkən qolu çıxdı...
“Medallarım içərisində mənim üçün ən dəyərlisi 1989-cu ildə Yunanistanın paytaxtı Afinada keçirilən Dünya çempionatında qazandığım qızıl medaldır”.
- Hafiz Süleymanovun arxivində Avropa, dünya və müxtəlif beynəlxalq turnirlərdə qazanığı medallar var. Bəs olimpiya çempionu olmaq üçün sizə nə mane olub?
- İki dəfə Olimpiya oyunlarında iştirak etsəm də, mükafatçılar sırasına düşə bilmədim. O bir az məşqçilərlə bağlı idi. Həmçinin çox uzun məsələ idi. Nə isə, indi həmin vaxtlar yadıma düşəndə pis oluram, ona görə onu xatırlamaq istəmir. Belə deyərdim, deməli olimpiya çempionu olmaq qismətimdə yox imiş. İnşallah, tələbələrimizdə olar.
1990-cı ildə keçirilən dünya çempionatın Türkiyə adına qatıldım və çempionu oldum. Dünya rekordunu təzələmək istərkən isə qolum dirsəkdən çıxdı.
- Bəs nə qədər məşqsiz qaldınız?
- Məşqsiz nə qədər qaldığımı xatırlamıram, amma düz 4 ay sonra 1991-ci ildə Polşada Avropa çempionu oldum. O vaxt bu barədə jurnalda da yazmışdılar.
“Gözümüz döndü, Türkiyəyə getdik”
- Türkiyəyə gedişiniz, oradakı karyeranızdan və həyatınızdan danışaq. 1989-cü ildə Avropa və Dünya çempionu oldunuz və birbaşa Türkiyəyə getdiniz. Azərbaycana gəlmədən?
- Bəli, Afinadan birbaşa Türkiyəyə getdim.
- Sizin ora gedərkən məqsədiniz nə idi? Niyə getdiniz?
- Bilirsiniz, o vaxt SSRİ dövrü idi. Kapitalizmdən çox uzaq idik. Bizim iştirak etdiyimiz yarışa da Naim Süleymanoğlu gəlmişdi. O da bizim üçün deyərdim ki, kumir idi. Biz hələ yeni başlamışdıq. Gənc idik. Təklif etdilər ki, Türkiyəyə gəl, hamımız müsəlmanıq filan...
Amma o dövrdə həqiqətən də 1989-cu ildə keçirilən dünya çempionatına gedə bilmək üçün çox çətinliklərdən keçdim. O dövrdə ağır atletikada yığmanın üzvü olan azərbaycanlı idmançı yox idi. O dövrdə mənim erməni rəqibim var idi - 56 kq-da Aksen Mirzə. Mən ona böyük fərqlə qalib gələrək getdim.
Ordan da bilmirəm necə oldu-olmadı, gözümüz döndü Türkiyəyə getdik.
- Bəs orada qazandıqlarınızı burada əldə edə bilərdinizmi?
- Burada daha çox edərdim. Düzdür Türkiyə qardaş ölkədir. Amma yenə də mən orada qəriblik yaşadım. Sanki bir mafiya var idi. O zaman bir məsələ var idi Azəri türkü və türk ayrılırdı.
“Vətən xaini adlandırıldı”
- Sizin gedişiniz elə də xoş qarşılanmadı.
- Bəli, burada mənim gedişimə vətən xaini kimi baxıldı. Hələ o vaxt rəhmətlik atamı da Yunanıstana gətirmişdilər ki, məni qaytarsınlar. O zaman ÇSK-da müddətdən artıq xidmətdə idim. Bilirdim ki, geri qayıtsam, məni istər-istəməz 7 ildən 10 ilə qədər azadlıqdan məhrum edəcəklər.
- Ortada KQB söhbəti də olmuşdu...
- Əlbəttə, biz birinci KQB ilə görüşdük. Sonra atamı gətirdilər. Bilirdilər ki, atamı qıra bilmərəm, qayıdacam. Amma atam gələndə onu başa saldım ki, qayıtsam həbsdə yatacam. Atam da məni anladı. Belə problemləri demək olar ki, 1992-ci ilə qədər yaşadım. 1993-cü ildən sonra gələ bilərdim. Amma mən Azərbaycana bir də 1996-cı ildə gəldim.
- Bəs bu cür problemlər varkən ailənizlə necə əlaqə saxlayırdınız?
- Telefonla.
- O zaman ailənizə problem olmurdu?
- Telefonlar dinlənilirdi. Çünki oradan telefona cavab verəndə biz hiss edirdik ki, söhbətlərimizə qulaq asılır. Bizim yanımızda da polislər var idi, cangüdənlər idi, bizə hər şeyi başa salmışdılar, artıq- əskik danışmaq olmazdı. Çünki valideynlərimizə problem olardı. Amma 1990-cı ildən sonra belə çətinliklər qismən də olsa aradan qalxdı. Ailəmə qarşı davamlı təzyiqlər səngidi.
“Halil Mutlu bizim tərəfdə idi”
- Türkiyəyə gedəndə orada necə qarşılandınız?
- Məni o vaxt Turqut Özal şəxsən qarşıladı. O vaxt baş nazir idi, sonra prezident seçildi. Məni çox əla qarşıladılar. Soyadım da gedən kimi orada Süleymanoğlu edildi. Pasportda da “Hafiz Süleymanoğlu” yazıldı.
- Türkiyədə sizə qarşı türk idmançıların kampaniya qurduğu doğrudur?
- Gəlmələrlə yerli türklər arasında problem var idi. Mən yerli türklər arşında idim. Gəlmələr deyərkən Bolqaristandan gələn türkləri nəzərdə tuturam. Onların içərisində olanlardan biri də Naim Süleymanoğlu idi. Amma Halil Mutlu bizim tərəfdə idi. Yerlilərlə heç bir problemim olmadı.
- O vaxt əlaqələriniz necə idi, istər Naim Süleymanoğlu, istərsə də Halil Mutlu ilə?
- Bu günə qədər də əlaqələrimiz var. Yaxşı dostluğumuz var. Halil Mutlu ilə çox yaxşıdır. Naimlə də internetlə əlaqə saxlayırıq, danışırıq.
- Orada ad qazanmaq da çətin olardı. Çünki Halil Mutlu, Naim Süleymanoğlu kimi idmançılar var idi.
- Türkiyədə idmanı çox sevirlər. Orada küçədə gəzmək olmurdu, yaxınlaşanlar olurdu. Günü bu gün də tanıyırlar. Hətta polislər də tanıyır, aeroportdan yoxlamadan keçəndə yaxınlaşıb söhbət edənlər olur. Orta nəsil insanlardan 100 nəfərindən ən az 80-ni bizi tanıyır.Biz bu yaxınlarda Türkiyənin kiçik bir şəhəri var-Çorum, ora yarışa getmişdik. Zal dolmuşdu, zaldakı qədər də insan çöldə qalmışdı. Amma biz Azərbaycanda çempionat keçirəndə çox az adam gəlir.
“Bir milyon dollar soz vermişdilər “
- Bəs Türkiyəyə gedərkən sizə nə vəd edilmişdi?
- Ora gedən zaman mənə çox böyük şeylər vəd edilmişdi. Amma gözlədiklərim olmadı. Məsələn mənə bir milyon dollar söz verilmişdi ki, gedən kimi veriləcək. Bu vəd dövlət tərəfindən verilmişdi. Amma orada nə qazandımsa, öz alın tərimlə qazandım. Qələbələrimə görə qazandım. Yəni mənə kimsə əlavə nəsə verdi desəm, yalan olar. Orada mən bir müddət oteldə qaldım. Sonralar mənim öz evim, maşınım oldu.
- Bəs bu idman sizdən nə aldı, nə verdi?
- İdman mənə ad verdi, məni çox şeydən-avaraçılıqdan, pis vərdişlərdən uzaq qoydu. Oturub-durduğum insanları seçə bildim.
Bu gün mən idmanla məşğul olmasaydım bərbad bir gündə olardım. Mənim sinif yoldaşlarımdan çoxu ölüb, yarısı da cəza evindədir. İdman mənə yaxşı çevrə verdi. Peşman deyiləm idmanı seçdiyimə görə. Amma indiki ağlım olsaydı daha fərqli hərəkət edərdim. Daha fərqli yerlərə gələrdim.
- Türkiyədən nə zaman döndünüz?
- 2001-ci ilin noyabr ayından öz istəyimlə qayıtdım. Amma bura gələndən sonra sadəcə bir yarışda iştirak edə bildim. Belimdə zədə var idi deyə karyeramı bitirdim. Yaş da öz sözünü deyirdi”.
Məşqçi karyerası
“Hazırda “Zirvə” idman klubunda baş məşqçi işləyirəm. Məşqçiliyə elə “Zirvə”də başladım. Qızlardan ibarət komandanın köməkçi məşqçisiyəm. Qızlardan ibarət yığmada 7 nəfər var. Az qalıb, inşallah bu yaxınlarda uğurlarını eşidəcəksiz. Bu gün bizim klub bölgələrdə də fəaliyyət göstərir. Azərbaycanda nəticə verən idmançılardan çoxu”Zirvə”nin yetirməsidir. Türkiyə və başqa ölkələrdə də filialımızı açmaq fikrindəyik. Türkiyənin özündə də bizim bu fikrimizi dəstəkləyirlər. Klubumuz hər il yeni Avropa çempionları yetişdirir".
- Məşqçi kimi, Hafiz Süleymanov necə biridir?
- Bunu tələbələrimdən soruşsanız yaxşıdır. Amma xarakter olaraq məşqdə sərt, tələbkar, kənarda isə dost kimi. Məsələn qızlardan ibarət yığmada məşq zamanlı çox tələbkaram. Amma kənarda onlar mənim övladlarımdır. Yadınıza gəlirsə Firudin Quliyevi qovdular. Onu mən götürüb hazırladım. Amma öncə onu qarşıma alıb başa saldım ki, sən məndən yaxşı idmançısan? Başa saldım ki, idmana hörmətlə yanaşasan. Ona anlatdım ki, həyatı da adı da hər şəraitini idman verəcək. Diqqətli olmaq lazımdır.
“Türkiyədə ailə qurmuşdum, bir oğlum var, 21 yaşında”
“Oğlum 5-ci sinifdə oxuyur. Hazırda cüdo ilə məşğul olur. Qızım da 2-ci sinifdə oxuyur. Oğlum bir ara atletika ilə məşğul oldu, amma yaşı üçün hələ tezdir deyə cüdoya göndərdim. Vaxtı gələndə ağır atletikaya gedəcək. Bəlkə də mənim davamçım o olacaq. (gülür)
Qardaşlarımdan heç biri məni təkrarlaya bilmədi. Hətta bu gün Azərbaycanda məni təkrarlayan idmançı yoxdur. Qardaşım Zülfüqarı mən hazırladım. Vaxtında o mənim məsləhətlərimdən çox yararlandı. Zülfüqar Avropa səviyyəsində yaxşı idmançıdır. Amma dünya səviyyəsində zəifdir. Zülfüqar mənim etdiklərimin heç 20 faizinə çata bilməyib. Bu gün onu yığmanın baş məşqçinin ixtiyarına buraxmışam, onun məsləhəti ilə getsin”.
- Kənardan sizin sərvət sahibi olduğunuz görünür, bəs doğru olan necədir?
- Olub, Türkiyədə 7 evim 3 maşınım olan vaxt da olub. Amma hamısı satıldı, yeyildi. Səbəbi isə gənclik səhvləri. Hazırda bir evim var Türkiyədə. Bilmirəm bilirsiniz, ya yox mən Türkiyədə ailə qurmuşdum, bir oğlum var, 21 yaşında . Telefonla əlaqəm var, danışırq. O evi də ona buraxıb gəldim. Oradakı oğlumundur.
“Bu, ağır atletikanın pərdəarxası oyunlarındandır”
- Qardaşınız Zülfüqar Süleymanovda dopinq tapılmışdı...
- 2010-cu ildə Zülfüqar Süleymanov Belarusda keçirilən Avropa çempionatında 3-cü olmuşdu. Ondan sonra onun qanından götürülən dopinq testi müsbət nəticə verdi. Amma orda oyunlar çox idi. Bizim iki idmançımızda-Rövşən Fətullayev və Zülfüqarda dopinq tapıldı. Bu, bir az ağır atletikanın pərdəarxası oyunlarındandır. Kölgə tərəfidir. Ortada pul məsələləri durur, dünya federasiyasının prezidenti bu dəqiqə satır hər şeyi.
Məsələn, digər qardaşım Elxan da yaxşı idmançı olub. Sadəcə onun ağlı olmadı. 1997-ci ildə Türkiyədə olanda Elxanı orada 8-9 ay hazırladım. 1997-ci ildə Tailandda keçirilən dünya çempionatında 4-cü oldu. Amma Elxan orada çox asanlıqla dünya çempionu ola bilərdi. Ancaq onun ətrafındakı insanlar yaxşı olmadı, oturub-durduğu insanları düz seçmədi. Həmçinin çiyinindən zədə aldı. O karyerasını tez bitirdi.
- Bu gün Türkiyədən sizə təklif varmı?
- Bəli, təklif var. Çox deyiblər. Çünki Türkiyədəki ağırlıqqaldırma federasiyasının prezidentindən tutmuş orada işləyənlər hamısı bizim adamlardır, yaşıdlarımızdır. Hətta vitse-prezident postunu da təklif etdilər, amma istəmirəm. Azərbyacandan bir gün də uzaq qalanda darıxıram.
“Siyasət mənim yerim deyil”
- Halil Mutlu, Naim Süleymanoğlundan başqa kimlərlə əlaqəniz var?
- Tekvandocu, dünya çempionu Fedail Güler, Avropa çempionu Elgün Batman, Bünyamin Sudaş və başqa çempionlar var ki, yaxşı əlaqələrimzi var. Onu da qeyd edim ki, hazırda məşqçi işləyən Bünyamin Sudaşın “Zirvə”də çalışmasını istəyirik.
- Özünüzü siyasətdə görürsünüzmü?
- Xeyir, siyasət mənim yerim deyil. Türkiyədə olanda siyasətin içində olmuşam, marağım da olub. İnsan gərək bildiyi işlə məşğul olsun. İdmana yaxşı xidmət etməliyik.
- Halil də deyəsən siyasətə atılmaq istəyirdi bir ara?
- Xeyr, Naim idi. Amma Halil federasiyaya prezident seçilmək istəyirdi. O da alınmadı, federasiyanın hazırkı rəhbərinə çox böyük fərqlə uduzdu. Bu gün Halil hələ də o dövrdəki kimidir. Xasiyyəti dəyişməyib. Baxmayaraq iki övladı var, yaşı artıq 40-dır. Amma hələ də uşaq kimdir. (gülür)
“Turqut Özal ikimizi də danladı”
- Dediniz, ora gedərkən sizi Turqut Özal qarşıladı. Turqut Özalla başqa görüşləriniz də olub?
- Əlbəttə, biz onunla çox görüşmüşük. Mənim onunla şəkillərim də var. İdmana çox dəyər verirdi. Turqut Özal elə biri idi ki, qəzetdəki ən qısa bir xəbəri də oxuyurdu. Türkiyədə jurnalistlərin hiyləsi çox olur. Bir dəfə Naim Süleymanoğlu ilə diskotekaya getmişdik. İkimiz yan-yana oturmuşduq. Amma onu elə fotomontaj etmişdilər ki, guya hərəmizin yanında iki mahnı oxuyan sənətçi və əlimizdə “rumka”da viski var. Bu şəkili və xəbəri Turqut Özal görəndə Naimi də, məni də yanına çağırmışdı. İkimizi də danladı, dedi ki, gəldiyiniz kimi geri qaytararam ikinizi də, belə yerlərdən uzaq olun. Bəlkə bu şəkili indi görsəm əsəbləşərəm. Yəqin ki internetdə olar. Mən içkiyə o qədər də meylli deyildim. Amma Naim içən idi, yol tapan kimi qaçırdı içkiyə, əyləncələrə. Çox içdiyinə görə əziyyətlər çəkdi, xəstəxanada yatdı. Nəinki mən, bütün Türkiyə ona içkidən əl çəkməsini söylədi. Amma nə xeyri, yenə içir. Onu da deyim ki, artıq 11 ildir tövbəliyəm, içmirəm. Gənclərə məsləhət görürəm ki, pis əməllərdən uzaq olsunlar, idmanla, elmlə məşğul olsunlar, karyeralarını düşünsünlər. .
Aygün İlqarqızı
Müsahibə foto: Nuron
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO