“Bir də görürsən, qadının sinəsindəki selikon sürüşüb düşdü qarnına”
Bizi izləyin

Digər

“Bir də görürsən, qadının sinəsindəki selikon sürüşüb düşdü qarnına”

Qadının ömrü boyu yorulmadan apardığı ən böyük mübarizə öz bədəni ilə mübarizəsidir. Dünyanın ən gözəl qadını belə, xarici görünüşü ilə bağlı nədənsə narazıdır. Hər ay epillyasiya salonları, saç rənginin dəyişdirilməsi qadının ən böyük dərd-səri kateqoriyasındandır.

Gel, botoks, pirsinq (göbəyə, buruna, qulağa və.s yerlərə yerləşdirilən bahalı daşlar), burunun plastik əməliyyatı, qaşlara döyülən tatuaj, sinəyə, dodağa vurulan selikonlar günü-gündən qadınları daha çox cəlb edir.

Yaşı 18-dən yuxarı qadınların hamısı bu cür dəyişikliklərə meyl edir. Xüsusi ehtiyac olmadan plastik cərrahiyəyə qaçan qadınlar isə, sonradan bunun fəsadlarını yaşayır. İstənilən əməliyyatdan sonra insan orqanizmi həmin dəyişikliyi qəbul etməlidir. Bu da zaman alır. Əməliyyatla orqanizmə yad cisim köçürülürsə, vəziyyət bir az qəlizləşir.

Gellərin bədənin ən zərif yerinə, dodağa, üzə, alın nahiyyəsinə, botoks şəklində gözlərin kənarına köçürülməsi dünyanın plastik cərrahiyyənin inkişaf etdiyi bütün ölkələrində klinika şəraitində aparılır.

Bəs bizdə necədir?

Gözəllik salonları botoks, selikon-gel köçürür. Adlı-sanlı estetik mərkəzlərin belə, bu sarıdan bəxti gətirməyib. Gellərin Azərbaycana hardan gətirilməsi, tərkibi, keyfiyyəti, vurulma qaydası ilə bağlı salonların və estetik mərkəzlərin personalının yaxından məlumatı yoxdur.

Estetik mərkəzin reklamında və ya gözəllik salonunun girişində “botoks, tatuaj” sözlərini oxuyan qadınlar bundan yararlanmağa çalışır. Lakin, sonrakı fəsadlardan xəbərləri olmadan özlərini bəlaya salmış olurlar.

Bədənin müxtəlif nahiyyələrinə döyülən tatuaj iynə ilə dərinin üst təbəqəsinə nüfuz edir. Həmin iynə qanla təmasda olur. Bu zaman mikroblara yoluxma ethimalı artır. Salonlarda özlərini mütəxxəsis elan edən işçilər belə, həmin xəstəliklərin yoluxma yollarından xəbərsizdirlər.

Şəhərin müxtəlif yerlərində işıqları, reklam lövhələri ilə qadınları özünə cəlb edən gözəllik salonu və tanınmış estetik mərkəzlərdə apardığımız araşdırma göstərir ki, nə müştərilərin, nə də personalın vurulan gellərin, botoksun keyfiyyətindən, tatuajın verə biləcəyi fəsadlardan xəbərləri yoxdur. Dolğunlaşdırma üçün dodağa vurulan gellərin naturallığından isə söhbət gedə bilməz. Çəkisinə görə ağır olan, estetiklikdən kənar qeyri-natural, mənşəyi bilinməyən gellər Bakının salonlarına və estetik mərkəzlərinə yayılıb. Mütəxəssislərin sözlərinə görə, dolğunlaşdırıcı natural gellər həcmcə yüngül olur. Tərkibi insan orqanizmindəki toxumaların hüceyrələrinə yaxındır. İnkişaf etmiş ölkələrdə insanın öz bədənindən alınan hüceyrələrdən hazırlanıb gel halına salındıqdan sonra bu dolğunlaşdırma maddəsi kimi şəxsin özünə vurulur.

Bakı salon və estetik mərkəzlərində isə natural gellərin yerinə, süni selikonlardan istifadə edilir. Həmin selikonlar naturaldan fərqli olaraq, müəyyən müddətdən sonra ərimir, əksinə bir yerə toplaşıb muncuq kimi dərinin altında hərəkət edir. Bu da dolğu maddəsi kimi geli dodağına, yanaqlarına vurduran qadınlar üçün diskomfort yaradır.

Bakının ən böyük estetik mərkəzlərindən birinin həkim-kosmetoloqu Lena Talıbovanın sözlərinə görə, gellərin çoxu Rusiyadan və Dubaydan gətirilsə də, üzərində Fransa və İtalya yazılır. Tərkibindən, keyfiyyətindən isə cavabdeh yalnız pasientin özüdür. Çünki, onlar heç kimə zorla gel vurmurlar. Həm də, gelin istehsalçısı onlar deyil. Naturallığa gəlincə isə, xanım kosmetoloq deyir ki, natural gel yalnız Avropa ölkələrindəki estetik mərkəzlərdə var. Hətta Rusiya və Türkiyənin özündə də natural gel yalnız sifarişlə gəlir. İstifadəçilərin çoxu da natural gellərə ona görə meylli deyillər ki, natural gelin ömrü azdır, tez sorulur. Əsas səbəb isə, natural gellər çox bahadır.

Selikondan fəsad görən müğənni Pişik Günel deyir ki, bu vasitədən üst dodağında istifadə edib. Sonra isə düşünüb ki, bu xarici görkəmində gözəllikdən çox ona eybəcərlik gətirib. Buna görə də, geli dodağından çıxartdırıb. Payız aylarında isə burnunda plastik əməliyyat aparmağı düşünür. Səbəbi isə, burnunun xarici görkəminə xələl gətirməsidir.

“Saluten” estetik klinikasının baş həkimi, həkim-kosmetoloq Sevda Bayramovanın sözlərinə görə, Bakıda estetik mərkəzlərdə və gözəllik salonlarında bu tip əməliyyatlar aparılır. Gellərin Azərbaycana gətirilməsinə Səhiyyə Nazirliyi nəzarət edir. Lakin, bu gellərin gözəllik salonlarında, estetik mərkəzlərində vurulmasına isə, konkret olaraq heç bir nəzarət qaydası yoxdur. Salonda eyni otaqda həm saç kəsilir, həm manikür edilir, həm də üzə ineksiya vurulur. Bu isə infeksiya deməkdir. İstənilən halda belə bir ineksiyaların aparılmas şəraiti antiseptik şərtlərə cavab vermirsə, bu təhlükə yarada bilər.

Sevda Bayramova onu da dedi ki, hazırda sinəyə, dodağa selikonların yeridilməsi çox adi hal alıb. Qadınlar buna çox maraq göstərirlər. Bu prosedurun fəsadsız başa çatdırılması isə həmişə nəsib olmur:

“Səbəb isə bu işi qeyri-peşəkarların görməsidir. Azərbaycanda cəmi 3 diplomlu plastik cərrah var. Bir də görürük ki, qadın sinəsinə selikon yerləşdirilməsi üçün müraciət edib. Pasiyentin sinəsinə yerləşdirilən selikon –inplant qadının sinəsindən sürüşüb qarnına düşür. Estetik mərkəzlərdə qadınlara deyirlər ki, sənin dodağına yeridilən bioloji polimerdir. Qadın bioloji sözünü natural kimi qəbul edib sevinir və razılaşır. Lakin, polimer sözünün fərqinə varmır ki, polimer artıq sintetika deməkdir. Yeganə natural gel hieoloji turşudan yaradılmış gellərdir ki, bu da çox bahadır. Bioloji polimerin 1 qramının qiyməti 50 manatdırsa, hieloji turşudan hazırlanmış gelin 1 qramı 300 manatdır. Bu xidmətlərdən istifadə edən qadınların yaş qruplarına gəlincə, dodaq dolğularından və tatuajlardan ən çox gənc qadınlar istifadə edir. Selikonlara, plastik cərrahiyyəyə isə daha çox orta yaşlı qadınlar üz tutur”.

Həkim-kosmetoloq Sevda Bayramova sonda onu da bildirdi ki, gellərdən yaranmış fəsadların, tatuajın nəticəsi olan allergiyaların sayı artmaqda davam edir. Qadınlar bir müddətlik gözəllik naminə yolxucu xəstəliklərə yoluxmağı və bioloji polimer gellərin sayəsində çirkin vəziyyətə düşməyi gözə almalıdırlar.

Bakı sakini Leyla deyir ki, dodağına üç dəfə gel vurublar. Bu proseduraların üçü də gözəllik salonlarında baş tutub. Dodaqlarındakı son dəfə vurulmuş gelin birdəfəlik çıxarılmasını istəyir. Dodaqlarında hərəkət edən gel onunla həyat yoldaşı arasında ən böyük davanın səbəbinə çevrilib. Qeyri-təbiilik hissi ərinin ondan soyumasına səbəb olub.

Orta yaşlı, 2 uşaq anası Xanım isə deyir ki, sinəsində 2 il əvvəl plastik əməliyyat aparılıb. Havalar soyuyanda sinəsində ağrılar hiss edir. İnplantları çıxarmaqdan isə qorxur. Çapıqların qalacağından ehtiyat edir.

19 yaşlı Gülnar göbəyindəki pirsinqini göstərib valideynlərindən gizlin, gözəllik salonunda 25 manata yerləşdirdiyini deyir. Bunu isə Britney Spears adlı müğənnidə gördüyünü söyləyir.

Qaşları tatuajlı 35 yaşındakı Könül buna görə sonradan peşman olub. Çünki, hər üç aydan bir tatuajı yeniləməli olur. Onun tatuaj etdirməyini əri istəyib.

Selikonlar haqqında qadınların yaxşı, ya da pis münasibətini bildik, indi isə gələk, kişilərin selikonlu, tatuajlı, dodağı gelli qadınlara münasibətinə.

Publika.Az -ın 20 kişi arasında apardığı sorğu onu göstərir ki, kişilər əslində belə qadınlara qarşı elə də yaxşı fikirdə deyil. 20 nəfər arasında çoxluq selikonlu, əsasən də tatuajlı qadınlara ikrah hissi duyduğunu dedi. Sorğuda iştirak edən kişilərdən 3-ü, hətta bu qadınlardan qorxduğunu bildirdi. Cəmi 2 kişi selikonlu, tatuajlı qadınların onları həyəcanlandırdığını bildirdi. Qalanları isə qadınlardan təbiilik tələb edirlər.

PS. Sorğunun nəticəsinə görə, kişilər selikonlara, estetik əməliyyatlara, tatuaja mənfi münasibət göstərir. Qadınlar isə ağrılı-acılı əməliyyatlara, gel prosedurlarına kişilərin gözündə gözəl görünmək üçün dözürlər.

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm