Bu, Türkiyə-Azərbaycan münasibətlərinin yol xəritəsidir - Politoloq
Bizi izləyin

Qarabağ

Bu, Türkiyə-Azərbaycan münasibətlərinin yol xəritəsidir - Politoloq

Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə dövlətlərinin münasibətlərində sadəcə iki dövlətin rəhbərlərinin, dövlət qurumlarının deyil, onların vətəndaşlarının, cəmiyyətlərinin də bir-birinə olan sonsuz, səmimi sevgisinin təzahürüdür.

Bunu Publika.az-a politoloq Şəbnəm Həsənova deyib.

Siyasi şərhçinin sözlərinə görə, Müttəfiqlik Bəyannaməsində iki dövlət arasında münasibətlərin dərinləşdirilməsinin bütün sahələri ehtiva olunur ki, bu sənəd bundan sonra Azərbaycan-Türkiyə münasibətlərinin əsas yol xəritəsini təşkil edəcək: "Müdafiə sənayesi və qarşılıqlı hərbi yardım ilə bundan sonra iki ölkə bir-birinin təhlükəsizliyini qoruyacaq. Bu o deməkdir ki, iki ölkədən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid, yaxud təcavüz edildiyi təqdirdə bir-birinin yardımına çatacaq.

Zəngəzur dəhlizinin açılması istiqamətində də işlərin getdiyini bildirən cənab Prezident İlham Əliyev bir daha dünyaya mesaj vermiş oldu ki, Azərbaycan da, Türkiyə də regionda nəqliyyat dəhlizinin bərpa olunması ilə əslində bütün regionun inteqrasiyasında maraqlıdır. Bu məsələ qardaş ölkənin və Azərbaycan xalqının sevimli siyasi fiquruna çevrilən hörmətli Ərdoğanın da nitqində öz əksini tapdı ki, Ermənistanın bu çağırışlara adekvat və müsbət reaksiya verəcəyinə ümid edirik. Çünki Ərdoğan bildirdi ki, bütün əməkdaşlıq ideyalarında Rusiya da var və Rusiyanın dövlət rəhbəri Vladimir Putin bütün layihələrə açıqdır".

Ş.Həsənova qeyd edib ki, Türkiyə dövlətinin və xalqının 44 günlük Vətən müharibəsi dövründə hər gün Azərbaycanın yanında olmasını bildirməsi bir daha sübut etdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları ən dar məqamda belə öz sözünü deyir: "Onların siyasətlərinin davamçıları da atdığı hər addımda bu iki dövlət adamlarının ideallarına sadiqdirlər. Tarixi Şuşa Bəyannaməsinin Qarabağın ürəyi olan Şuşada imzalanması, hər iki dövlət başçısının olduqca önəmli mesajları düşmən tərəfindən xarabalığa çevrilmiş, yerlə-yeksan edilmiş tarixi binanın yanında verməsi bütün dünyaya bir daha göstərdi ki, həm Azərbaycan, həm də Türkiyə dövləti qurucudur, əl uzadandır. Bundan sonra Ermənistan da düzgün qərarlar verərək bu əməkdaşlıq perspektivlərindən yararlanmalıdır".

Politoloq vurğulayıb ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə əlaqədar sülhün təmin edilməsi mexanizmləri çərçivəsində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin təşviq edilməsi məsələsi də olduqca önəm kəsb edir: "Bu, Türkiyənin regionda, burada gedən proseslərdə artıq birmənalı olaraq söz sahibi olduğundan xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev, eyni zamanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqının milli maraqlarını müdafiə edərək, onun mənafelərinin təmin olunması istiqamətində müstəqil xarici siyasət yürüdən iki dahi liderdir. Azərbaycanla Türkiyənin dünyada gedən proseslər haqqında mövqeləri üst-üstə düşür, bundan sonra da bu iki liderin rəhbərliyi altında iki dövlət BMT, ATƏT, Avropa Şurası, TDƏŞ, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birlərinə qarşılıqlı dəstək verəcəklər.

Eyni zamanda, meqalayihə olan Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylər əlaqələndilmiş formada davam etdiriləcək. Ərdoğanın Şuşa səfərindən öncə də qardaş dövlətin rəsmi şəxsləri Azərbaycana işgüzar səfər reallaşdırmışdılar ki, Şuşa Bəyannaməsi ilə bundan sonra Azərbaycanla Türkiyənin dövlət qurumları arasında münasibətlərimiz daha da dərinləşəcək".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm