Ölkə başçımız elə bir siyasi xətt tutdu ki... - Şərh
Bizi izləyin

Qarabağ

Ölkə başçımız elə bir siyasi xətt tutdu ki... - Şərh

İlham Əliyev 18 illik prezidentliyi dövründə yürütdüyü daxili və xarici siyasətin əsas istiqamətlərini Azərbaycan xalqının milli maraqlarının təmin olunması üzərində qurdu. Vətən müharibəsində əldə etdiyimiz zəfər haqqında danışarkən dövlət başçımız hər zaman bildirir ki, biz torpaqlarımızı əhəmiyyətsiz danışıqlarla, ya da Ermənistanın və onun havadarlarının hər hansı güzəştləri hesabına deyil, qəhrəman əsgər və zabitlərimizin canı-qanı bahasına əldə etmişik. Torpaqlarımızı işğaldan azad edərkən o müqəddəs diyarları qanı ilə sulayan şəhidlərimizə, qazilərimizə, onların ailələrinə verilən yüksək dəyər dövlət başçımızın prinsipiallığından, vətən, dövlət, xalq sevgisindən doğur.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Politoloq bildirib ki, 44 gün ərzində ölkə başçımız gecə-gündüz demədən şanlı Azərbaycan Ordusuna Ali Baş Komandanlıq etdi:

“Mürəkkəb coğrafi şəraitdə, yəni siyasi maraqların kəsişdiyi bir nöqtədə yerləşən Azərbaycan kimi dövləti idarə etməyin çətinliyini öz çiyinlərinə götürən cənab Prezident İlham Əliyev hər zaman bildirirdi ki, biz işğal siyasəti ilə barışmayacağıq. Bütün bunlarla yanaşı, mahir diplomat və uzaqgörən siyasətçi olan ölkə başçımız elə bir siyasi xətt tutdu ki, illər ərzində regional və beynəlxalq layihələr ya Azərbaycandan keçdi, ya da Azərbaycanın təşəbbüskarlığı ilə reallaşdı. Əldə olunan iqtisadi dividendlər siyasi reallığa, siyasi reallığıq isə zəfərə çevrildi. Ali Baş Komandan həm danışıqlar masasında qətiyyətli və prinsipial mövqe ortaya qoydu, həm də informasiya savaşına məhz özü rəhbərlik etdi. Azərbaycan dövlətinin multikultural dəyərləri dövlət siyasətinin ayrılmaz bir parçası etməsi fonunda ölkədə yaşayan bütün etnik azlıqlar Ali Baş Komandanın ətrafında bir yumruq oldular. 44 gün ərzində Prezident İlham Əliyevin hər bir tviti, xalqa hər bir müraciəti uşaqdan-böyüyə hər kəs tərəfindən həyəcanla gözlənilirdi. Hər bir qarış torpağın azad olunması bizim üçün dünyalara bədəl idi. Analar öz övladlarını “Vətən sağ olsun!” deyərək cəbhəyə yola salırdı. Çünki Azərbaycan qadını məğrurdur, Azərbaycan qadını Xocalı soyqırımının ağrı-acısını hələ də unutmayıb. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qeyrətli Azərbaycan oğulları Xocalı cəlladlarından da qisasımızı aldı. Eynilə düşmənin informasiya məkanında olan havadarlarını bir prokuror ədası ilə üstümüzə göndərməsinə, sanki bizi ittiham edirmiş kimi çıxış etmələrinə ölkə başçımız qəti aman vermədi. Onları tarixi faktlarla, beynəlxalq hüquqa istinad etməklə, ən əsası isə Azərbaycan xalqının maraqlarını rəhbər tutmaqla böyük ustalıqla, siyasi təmkinlə susdurdu. Bu çıxışların hər biri xalqımızın ürəyindən xəbər verirdi. Çünki biz artıq əzilmiş deyil, məğrur xalq olduğumuzu bütün dünyaya sübut etməyi bacarırdıq.

Bu illər ərzində yürüdülən siyasət, dövlət başçımızın “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyərək xalqa verilən dəyər, eynilə xalqın da ölkə başçısına olan sonsuz güvəni və inamı, ən əsası isə dövlət başçımızın ətrafında bir yumruq kimi birləşməsi bizi böyük zəfərə gətirən yol oldu. Görünür, bu işıqlı yol bu gün, əslində, hər zaman olduğu kimi Qərb dairələrini narahat edir. Ona görə ki, onlar xalqımızın və dövlətimizin içinə sızıb, onu içindən çürüdə və yeyə bilmirlər. Zəfərimizin birinci ildönümü ərəfəsində Azərbaycanın dövlət siyasəti, ölkədə mövcud durum və hakimiyyətdə təmsil olunmuş müxtəlif yüksək vəzifəli şəxslərə qarşı ünvanlı qarayaxma kampaniyasına başlamaq niyyətindədirlər. Lakin bu, nəticəsi olmayan cəhdlərdir. Bu gün Azərbaycan demokratik inkişaf yolunu tutmuş bir dövlətdir. Demokratik dəyərlərin daha geniş vüsət almasında maraqlı olmaq kimi dəyərlər Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycan dövlətinin müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biridir. Azərbaycanda siyasi partiyaların siyasi və ictimai idarəetmədə iştirakı genişləndirilir, onlar üçün bərabər imkanlar platforması təqdim olunur. Siyasi dialoqun çox gərgin və çətin proses olmasına, onun baş verməsi üçün heç bir düstur və ya texnikanın mövcud olmamağına baxmayaraq, Azərbaycan dövləti bu işin də öhdəsindən gəldi.

Bu gün Azərbaycanda müxalif siyasi partiyalar və fiqurlara düşüncələrini, fikirlərini sərbəst şəkildə ifadə etmək üçün geniş platformalar təqdim olunur. Məhz bu uğurları həzm edə bilməyən Qərbin müəyyən dairələri və onların təsiri altında olan media və QHT-lərin, ekspertlərin bu tipli hücumları əvvəlki illərdə də olduğu kimi davam edir. Belə ki, Azərbaycanla bağlı önəmli məsələlər gündəlikdə durduğu zaman, ya da Azərbaycan yüksək təşkilatçılıq qabiliyyəti, qonaqpərvərliyi ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən “Eurovision-2012”, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları tədbirlər keçirilən zaman, nəinki regional, qlobal əhəmiyyətli enerji və iqtisadi layihələr, beynəlxalq siyasi, iqtisadi, mədəni tədbirlər keçirilən zaman anoloji hücumlar və qarayaxma kampaniyaları təşkil olunur. Bununla da əgər düşünürlərsə ki, Azərbaycanın imicinə zərər gətirə bilərlər, yanılırlar. Məqsədləri bəllidir. Bizim yolumuz isə birdir, bu məkrli qüvvələri cəmiyyətimizə yaxın buraxmamaq, Müzəffər Ali Baş Komandanın ətrafında daha da sıx birləşərək qətiyyətlə daha güclü olmaq və daha yüksək hədəflərə çatmaq. Məhz bu birlik onları narahat edir. Azərbaycan xalqı öz liderinin ətrafında daha sıx birləşib, heç bir kənar qüvvə bu inam və etibarı zədələyə bilməz. Azərbaycan informasiya savaşında da güclənir, beləliklə də ictimaiyyət, media, siyasi şərhçilər qrupu olaraq Prezident İlham Əliyevin ətrafında sipər kimi birləşmişik, Almaniya və ABŞ mediasında təşkil olunan məkrli addımlara qəti şəkildə imkan verməyəcəyik”.

Ekspert qeyd edib ki, bu gün Azərbaycanın yaratdığı reallıq bütün dünya birliyi üçün, insanlıq üçün bir nümunədir: “Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, qüdrətli xalq nə deməkdir, torpaq və vətən sevgisi nə deməkdir. Haqq savaşımızda ədalətin təntənə çalması dünyada haqsızlığa məruz qalan toplumlar və xalqlar üçün onları işıqlı gələcəyə səsləyən misli görünməmiş bir örnəkdir.

Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva bu illər ərzində Prezident İlham Əliyevin ən yaxın silahdaşı oldu. Şəhid ailələri, müharibə veteranları, əlillər, onların ailələri, cəmiyyətimizin hər bir təbəqəsi hər zaman bu Azərbaycan xanımını öz ailələrindən olan bir fərd kimi qəbul edərək səmimi sevgi və dərin ehtiramla sinələrinə basdı. Bu gün Azərbaycan xalqı öz şəhidlərini, bizə bu gələcəyi miras qoyub gedən Ümummilli lider Heydər Əliyevin ruhunu ehtiramla anır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm