“Bayraktar”ın Qarabağda darmadağın etdiyi Rusiya raket kompleksləri - İNANILMAZ DETALLAR
Bizi izləyin

Qarabağ

“Bayraktar”ın Qarabağda darmadağın etdiyi Rusiya raket kompleksləri - İNANILMAZ DETALLAR

“gdh defence” səhifəsi Tvitterdə “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin ötən il Qarabağda 44 günlük müharibə zamanı rəsmən Ermənistan ordusunun silahlanmasında yer almayan və bu ölkəyə satılmayan ən müasir Rusiya radioelektron mübarizə komplekslərini də məhv etməsi ilə bağlı foto-informasiya paylaşıb.

Publika.az xəbər verir ki, bu barədə məlumat Vətən müharibəsinin ildönümündə “oryxspioenkop.com” saytında yer alıb.

Həmin saytda bildirilir ki, Qarabağdakı müharibədən sonra bir sıra müşahidəçilər “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrinin qeyri-adi effektivliyini erməni silahlı qüvvələrinin sərəncamında onları vurmaq üçün yetərli sistemlərin olmaması ilə izah etməyə çalışırdılar. Lakin Suriya, Liviya və daha sonra Qarabağdakı müharibə hətta “S-300PS”, “Buk-M2”, “Tor-M2”, “Pantsir-S1” kimi qabaqcıl hava hücumundan müdafiə komplekslərinin, həmçinin “Avtobaza-M”, “Repellent-1”, “Borisoqlebsk-2”, “Qroza-S” , “Piramida-1” kimi müasir radioelektron mübarizə sistemləri ilə birgə istifadə edilməsi zamanı da “Bayraktar”lar qarşısında aciz qaldığını göstərib.

TB2-nin hətta ən qabaqcıl dövlətlərin Hava Hücumundan Müdafiə qüvvələrini zərərsizləşdirmək üçün işlənib hazırlanan həmin sistemləri məhv etməsi təkcə PUA-ların operatorlarını deyil, həm də onların yaradıcısı Rusiya şirkətlərini şoka salmalı idi. Nisbətən yüngül və baha olmayan PUA bu sistemlərdən nəinki yayına bilir, həm də əvəzində az itki verərək bu cür sistemləri fəal şəkildə axtarıb məhv edə bilmək qabiliyyətinə malikdir.

“Bayraktar TB2”lər Qarabağ müharibəsi zamanı vurulan tank sütunları və SAM sahələri ilə yanaşı, “R-17 Scud-B” ballistik raket sistemlərini və BM-30 “Smerç” yaylım atəş sistemlərini tapıb izləməyə və məhv etməyə müvəffəq olublar. 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə qarşı həyata keçirilən hücumlara görə “Scud-B”ləri siqnal kəşfiyyatı və ya onun EO/IQ sensorunun uzun məsafəsi (nəqliyyat vasitələri kimi hədəflərə qarşı 75 km məsafəyə malikdir) vasitəsilə aşkar etdikdən sonra, TB2 qısa müddət sonra döyüş sursatlarını “Scud-B”lərin mövqeyinə yönəltdi. Nəticədə ən azı 2 belə sistemin məhv edilməsi Azərbaycan şəhərlərinə növbəti ballistik raket hücumu təhlükəsini azaltdı. Xüsusilə, diqqətəlayiq hal odur ki, TB2-lər təhlükəsiz məsafədən hədəflərini müşahidə edərək, bu missiyaları yerinə yetirmək üçün düşmənin yerləşdiyi ərazinin hava məkanına belə keçməli olmayıblar.

“Bayraktar TB2”nin rolu təkcə bir hədəfi məhv edən deyil, hətta döyüş meydanında tam bir hökmdar rolunu oynayırdı. Dünyanın ən sıx örtülü hava hücumundan müdafiə sahələrindən birində uçarkən hər hansı hədəfi təqib etmək və onların hər bir hərəkətini izləmək qabiliyyətinə malik TB2-lər qeyd olunan dairələrdə uçarkən digər aktivləri yerdəki hədəfləri vurmağa yönəldə bilər. Müharibə zamanı onun reputasiyası o həddə çatdı ki, erməni diasporu “Bayraktar TB2”nin bəzi komponentlərinə əsaslanaraq beynəlxalq şirkətlərə bu PUA-da istifadə olunan hissələrin tədarükünü dayandırmaları üçün təzyiq göstərməyə çalışdı, ancaq buna nail ola bilmədi.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm