Xankəndi yolundakı aksiya erməniləri hansı bəlalardan xilas edəcək? - YENİ DETALLAR
Bizi izləyin

Qarabağ

Xankəndi yolundakı aksiya erməniləri hansı bəlalardan xilas edəcək? - YENİ DETALLAR

10:21

Azərbaycanlı ekoloqların Qarabağdakı separatçı-terrorçu rejimin ekoloji terroruna qarşı Xankəndi yolunda keçirdiyi aksiya erməni əhalisinin həyatının xilas edilməsi baxımından da əhəmiyyətlidir.

Publika.az
xəbər verir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdəki mədənlərin qanunsuz istismarı həm Qarabağdakı ermənilərin, həm də Ermənistan əhalisinin həyatını cəhənnəmə çevirib.

Söhbət “Dəmirli” və “Qızılbulaq” yataqlarından gedir. Hələ 2013-cü ildə erməni jurnalist Armine Narinyan “Dəmirli” yatağı haqda yazırdı ki, mədənin ekoloji qaydalar gözlənimədən istismar edilməsi ermənilər üçün ciddi problemlərə səbəb olur.

“Vallex group”a daxil olan “Base Metals” şirkəti 2012-ci ildən mədənin istismarına başladı. İldə 1,6 milyon olmaqla 10 ildə 17 milyon ton filiz emal edilməsi planlaşdırılır. Lakin bu, ətraf ərazilərdə yaşayan ermənilərin sağlamlığına ciddi zərər vurur. Bir çox erməni yaşadıqları yerləri tərk etdi. Əkin və otlaq sahələri ciddi zərər gördü”, - erməni jurnalist 9 il öncə yazırdı.

Separatçı rejim həmin vaxt ermənilərə vəd edirdi ki, mədənin istismarı yaxşı qazanc gətirəcək və bu vəsait erməni əhalisinə xərclənəcək. Lakin erməni jurnalistlərin yazdıqları təsdiq edir ki, mədənin qanunsuz istismarına görə şirkətin ödədiyi haqdan erməni əhalisinə heç nə çatmayıb, əksinə “ekoloji terror” nəticəsində onların sağlamlığı və kənd təsərrüfatı məhv olub.

“Dəmirli” yatağının qanunsuz istismarından 10 ilə yaxın vaxt keçib və faktlar təsdiq edir ki, “Base Metlas” şirkəti heç bir ekoloji qayda gözləmədən mədənləri acgözlüklə istismar edir. Nəticədə ətraf mühit böyük ölçüdə çirkləndirilib. Bu müddət ərzində Azərbaycanın təbii sərvətləri talanmaqla yanaşı, erməni əhalisinin həyatı da cəhənnəmə çevrilib: erməni mənbələrin məlumatlarına görə, mədən yaxınlığındakı kəndlərdə insanlar sağlamlıqlarını itirib, ölüm halları intensivləşib, əkin və otlaq sahələri yararsız hala düşüb, əhalinin bir qismi isə yaşadıqları əraziləri tərk etməyə məcbur olublar.

Qarabağdakı mədənlərin vəhşicəsinə istismarından Ermənistandakı əhali də əziyyət çəkib. Məlumatlara görə, “Vallex group” “Dəmirli” və “Qızılbulaq” yataqlarından istismar etdiyi filizi Ermənistanın Alverdi şəhərindəki misəritmə zavoduna aparır, burada metallurgiya emalından keçirir və mis, qızıl və digər əlvan metallar əldə edir. Zavod Alverdi şəhərinin ətraf mühitini tamamilə məhv edib. 2018-ci ilə qədər Ermənistanda hakimiyyətdə olan “Qarabağ klanı” qazanc qarşılığında ekoloji terrora göz yumub. 2018-ci ildən sonra Ermənistanın yeni hakimiyyəti “Vallex group”un yaratdığı ekoloji fəlakəti nəzarətə götürüb, şirkət 380 milyon dram (700 milyon dollar) cərimə olunub, eləcə də, fəaliyyət zamanı kükürd dioksid emissiyalarını azaltmaq öhdəliyini götürüb. Lakin zavodda avadanlıq köhnəldiyi üçün şirkət bu öhdəliyini icra etməyib, ekoloji fəlakətə səbəb olan fəaliyyətini də dayandırmayıb. Alverdi şəhəri Ermənistanda onkoloji xəstəliyin ən çox qeydə alındığı bölgədir və buna “Vallex group”un ətraf mühitə vurduğu zərər səbəb olub.

Qarabağda yaşanan ekoloji fəlakətdən təkcə Azərbaycan yox, ermənilər və Ermənistanda yaşayan əhali də əziyyət çəkir. Eyni zamanda, əziyyət çəkən həm də gürcülərdir. Alverdidəki misəritmə zavodu Gürcüstanla sərhəddə yerləşir. Zavodun zəhərli tullantıları Kvemo Kartli bölgəsindən keçərək, Kürə tökülən Debeda (Tona) çayına atılır və bu, Gürcüstan üçün ekoloji fəlakət riski yaradır.

Göründüyü kimi, Xankəndi yolunda ekoloji terrora qarşı etiraz edən azərbaycanlılar təkcə Azərbaycanın yox, Ermənistanın və Gürcüstanın ekologiyasının müdafiəsi, o cümlədən, Qarabağdakı erməni əhalisinin, Ermənistandakı ermənilərin, eləcə də gürcülərin də sağlamlığının qorunması uğrunda da mübarizə aparır.

Mədənlərdə monitorinqin aparılması və yaranmış fəlakətin aradan qalxması bütün bölgənin ekologiyasının mühafizəsi baxımından həyati əhəmiyyət kəsb edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm