“Pulum yox idi, telefonumu satdım” – Unudulmuş əməkdar artistlə söhbət – FOTOLAR/VİDEO
Bizi izləyin

Qırmızı.az

“Pulum yox idi, telefonumu satdım” – Unudulmuş əməkdar artistlə söhbət – FOTOLAR/VİDEO

O, şəhərciyin bir-birinə söykənmiş yaşayış binalarının dar küçələrində qəfil qarşıma çıxdı. Əlində çörək vardı. Dağınıq saçlarından, qayğılı baxışlarından problemli insan olduğu dərhal hiss edilirdi. Açıgı, özüm də çaşdım. Qarşıma çıxan bu adamın əməkdar artist, 13-cü Ümumittifaq Kinofestivalı laureatı Əhməd Salahov olduğunu gördükdə gözlərimə inanmadım. İllərin gətirdiyi qayğılardanmı, yaşının gənc olmamasındanmı, yoxsa həyat şəraitindənmi çox dəyişib.

“Nizami”, “Ölüm cəzası”, “Kişilər ağlamır”, “Bakı oğrusu”, “Bəyaz həyat”, “Sən həmişə mənimləsən” və digər ekran əsərlərində unudulmaz obrazlar yaratmış Əhməd Salahov indi maddi sıxıntılar içində yaşayır.

Bunu onun qonşuları, dostları deyir. Aktyorla uzun illər bir ərazidə yaşamış qonşusu Günel Bulud Əhməd Salahovun son illər maddi çətinliklər yaşadığını deyir: “Bir gün kassada müştəriləri yola salırdım. Başımı qaldıranda qarşımda Əhməd müəllimi gördüm. Sakitcə, hər kəs kimi növbəyə durmuşdu. Halbuki marketə gələn digər sənətçilər burada növbədənkənar alış-veriş edirlər. Deyirlər ki, biz sənətkarıq, hamıdan birinci yola salınmalıyıq. Əhməd müəllimdən soruşdum ki, niyə kassaya hamıdan əvvəl yaxınlaşmadınız? Belə sadə insanı çox mehriban yola saldım. Heç bilmirdim ki, bu ərazidə yaşayır, mənimlə qonşudur”.

Həmsöhbətim deyir ki, Əhməd Salahov bəzən ərzaq aldığı mağazaya borclu qalırdı. Mağaza rəhbərliyi də onun bazarlıq xərcini minimuma endirirdi: “Bəzən pulu çatmırdı, özünün də xəbəri olmadan onun əvəzinə hesabı mən ödəyirdim. Nisyə mal götürən günləri də olurdu”.

Aktyorla qəfil görüşdən və qonşuları ilə söhbətdən sonra onunla evində görüşüb söhbətləşməyə qərar verdik. Bu məqsədlə də bir neçə gün sonra Publika.az onun qonağı oldu.

Müslüm Maqomayev almanı bölüb bizə verdi, halbuki özü də susamışdı

“İlk rolum 1981-ci ildə Eldar Quliyevin çəkdiyi “Nizami” filminə təsadüf edir. Ondan sonra institutda oxudum, əsgərlik. Hərbi xidməti başa vurduqdan sonra yenidən filmlərə, tamaşalara çəkilməyə başladım. 1987-ci ildə çəkilən “Sən həmişə mənimləsən” filmində rol alanda hələ 3-cü kursda oxuyurdum. Son səhnələr çəkiləndə xəstəxanada yatırdım. Futbol oynayanda zədə almışdım. Xəstəxanadan çəkiliş meydançasına gətirir, elə oradaca iynə vururdular. Çəkiliş bitdikdən sonra yenidən xəstəxanaya qaytarırdılar” - deyə söz açdı.

“Nizami” filmi haqda maraqlı məqamlardan söhbət açan aktyor Müslüm Maqomayev barəsində xatirələrini də bizimlə bölüşdü: “Filmin çəkilişlərinin bir qismi Ağcaqum çölündə aparılıb. “Nizami” Türkmənistan, Özbəkistan, Qırğızıstanda çəkilib. Daşların üstündə ayaqyalın qaçırdıq. Ayaqlarımızın altı para-para olmuşdu. Çəkilişlər elə yerlərdə aparılırdı ki, su içmək qadağan edilmişdi. Su içsəydik, xəstələnərdik. 50 dərəcə isti, yun paltarlar, uzun saç, üzümüzdə də qrim. Mən “Nizami” filmində Məcnun rolunu, indi ABŞ-da yaşayan Gülnarə Sanəliyeva “Leyli” rolunu oynayırdı. Mənim 17, “Leyli”nin 14 yaşı vardı. Hamımıza su əvəzinə alma vermişdilər. ”Leyli” ilə mən sususluğumuzu yatırmaq üçün bizə verilən almaları vaxtından əvvəl yedik. Gənc olduğumuz üçün hamıdan tez, özü də çox susadıq. Əlli dərəcə istinin altında ora get, bura get, sağa-sola qaç, məşqlər...

Heç vaxt yadımdan çıxmaz. Nizami obrazını yaradan Müslüm Maqomayev bizə yaxınlaşdı: “Mən “Nizami”yəmsə, siz də mənim “Leyli” “Məcnun”um, qəhrəmanlarımsınız. Bunu deyib, özünün alma payını iki yerə bölüb mənə və Gülnarəyə verdi. Halbuki o özü də çox susamışdı”.

Çəkiliş vaxtı Müslüm Maqomayevin əlində çox böyük, özü də olduqca bahalı üzük vardı: “Onu dahi sənətkara İran şahı bağışlamışdı. Çəkiliş vaxtı üzüyünü mənə verib xahiş etdi ki, saxlayım. Əlim qrimli olduğundan gedib yudum. Üzüyü çıxarıb əlüzyuyanın kənarında unutdum. Başım çəkilişə qarışdı. Birdən yadıma düşdü ki, Müslüm Maqomayevin üzüyünü itirmişəm. Dərhal əl-üzümü yuduğum yerə qaçdım. Üzük ordaydı. Yaxşı ki gecə idi. Gündüz olsaydı, onu çoxdan oğurlamışdılar. Çox bahalı üzük idi. Yeri gəlmişkən, ölənə qədər o üzük Müslüm Maqomayevin barmağında idi”.

Dolanışığım yaxşı deyil, maddi cəhətdən sıxıntılarım var

Hazırda məzuniyyətdə olan aktyor dolanışığından razı deyil: “30 ilə yaxındır sənətdəyəm. 21 filmə çəkilmişəm, 50-yə yaxın tamaşada oynamışam. Mənə elə gəlir, sənətə diqqət əvvəllər daha çox idi. Onda aktyora hörmət, diqqət də var idi. Kinostudiyamız vardı, çəkilişlər gedirdi, aktyorlara rollar verilirdi. Amma indi elə çəkilişlər yoxdur, ancaq seriallardır. Aktyorlar seriallara dəvət olunmurlar, çünki lazım deyillər. Dolanışığım yaxşı deyil, aktyor kimi maaş alıram. O da azdır. Maaş hər ay eyni olmur. Maddi cəhətdən sıxıntılarım var”.

Mən də istəyirəm sənə bu cür yaxşılıq edim

Telekanalları izləmədiyini, indiki keyfiyyətsiz ekran əsərləri ilə maraqlanmadığını deyən müsahibimin sözlərinə görə, rejissor, aktyor qıtlığı hiss olunur. Bu səbəbdən o özü də köhnə filmlərin tamaşaçısına çevrilib: “Ancaq sovet dövründə çəkilən filmlərin disklərin baxıram. Bir dəfə kino disklərinin satıldığı mağazaya girdim. Azərbaycanın bütün filmlərinin kolleksiyası olan böyük albom gözümə sataşdı. Qiyməti 55 manat idi. Pulum yox idi. Mobil telefonumu satıb, albomu almaq qərarına gəldim. Lakin mağazaya qayıdanda həmin albom artıq satılmışdı”.

Özünün dediyinə görə, bu sənətdə ən böyük qazancı tamaşaçı sevgisidir: “Küçədə, avtobusda insanlar mənə hörmət edirlər. Hətta bir dəfə gözləmədiyim halla qarşılaşdım. Avtobusda ahıl bir qadın ayağa durub mənə yer verdi. Soruşdum ki, ay ana, siz məndən neçə yaş böyüksünüz, niyə belə edirsiniz? Cavab verdi ki, oğlum, mən də istəyirəm sənə bu cür yaxşılıq edim”.

Dövlətin ayırdığı pulu görmürük

“İndi iş yoxdur” deyən Əhməd müəllim bunun dolanışığa təsir etdiyini vurğulayır: “Əvvəllər məşhur aktyorlar gənc həmkarlarına kömək edirdilər, amma indi elə şey yoxdur. Məşhur aktyorların özünə kömək, dəstək lazımdır. Hər il eşidirik ki, vəziyyət düzələcək, amma heç nə dəyişmir. Söhbət təkcə maaşımızın azlığından getmir. Kim istəməz ki, işləsin, qazancı olsun. Məsələ burasındadır ki, iş də yoxdur. Dövlət də pul ayırır, amma biz onu görmürük. Hər il filmlərin çəkilişinə pul ayrılır, niyə çəkmirlər, bilmirəm. Zəng edirlər, gedəndə görürsən ki, heç bu rejissoru tanımırsan, indiyə qədər görməmisən. Peşəkar olub-olmadığı məlum deyil. Ümumiyyətlə, kimin bir az gəliri varsa, fikirləşir ki, film çəkə bilər. Hamı deyir ki, burda çətin nə var axı? Mən də çəkərəm. Və çəkir də”.

İndi əvvəlki kimi istedadlı rejissorlarımız yoxdur. Bəziləri dünyasını dəyişib, bəziləri isə qocalıb

Ömrünün sonuna qədər rejissor Eldar Quliyevə borclu olduğunu deyən aktyor özünə lazımi diqqətin ayrılmamasından gileyləndi: “Bu qədər hörmətsizlik olmaz axı. Bildiyiniz kimi, ayın 17-də Müslüm Maqomayevin anım mərasimi keçirildi. Sənət yoldaşları Fəxri Xiyabana toplaşdılar. Onunla bağlı telekanalda bir nəfər xatirə də danışdı. Özü də bu müsahibənin cəmi 30 saniyəsini efirə verdilər. Budur bizə hörmət?!”

Jurnalistlər də onu unudublar: “Sonuncu dəfə 3 il bundan əvvəl müsahibə aldılar. Bəzən deyirlər ki, seriala dəvət edirlər, çəkirik, gəl, bircə günlük işimiz var. Mən o bir gündə nə edim? Birgünlük çəkilişdə aktyor kimi nə edə bilərəm? Bir dostum başqa həmkarına deyib ki, Hüseyn Cavidin əsərlərindən çəkək. Ona belə cavab veriblər ki, Hüseyn Cavid “moddan düşüb”. Bu, əsl biabırçılıqdır”.

…evimi satmağa məcbur oldum

Əvvəllər Yasamal rayonunda yaşayan aktyor şəxsi həyatından bəhs etdi: “172 saylı orta məktəbi bitirdim. Sonra ali təhsil, əsgərlik… 1989-cu ildə ailə qurdum. Birinci nikahımdan bir oğlum dünyaya gəldi. 2000-ci ildə ikinci dəfə ailə qurdum və iki övladım dünyaya gəldi. İkinci nikahdan olan övladlarım orta məktəbdə oxuyurlar”.

Evini satmağa məcbur olan aktyor bir sıra çətinliklərlə üz-üzə qalıb: “Maddi sıxıntılarım var, dolanışıq çətindir. Bir də görürsən oradan aldığın pulu bura verirsən. Sağ olsun, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri, xalq artisti Amaliya xanım (Pənahova). Uzun illərdir bir yerdə çalışırıq”.

Amma təəssüf ki, heç teatrın özünün də binası yoxdur: “Maaşım 250-300 manatdır. Həmkarlarımın bəziləri toyda tamadalıq, bəziləri klounluq etməklə ailələrini dolandırırlar. Burda utanmalı, gizlətməli heç nə yoxdur. Kim necə bacarırsa, o cür dolanır”, – deyə vurğuladı.

(Əli ilə övladlarının fotolarını göstərərək) Heç vaxt qoymaram ki, onlar aktyor olsunlar. Çünki aktyorluq sənətinə diqqət, qayğı get-gedə azalır. Yenidən dünyaya gəlsəydim, aktyor olmazdım. Anam danışırdı ki, bir vaxtlar “Azdrama”da bilet alanların növbəsi “Nizami” metro stansiyasının qarşısına qədər uzanırmış. O teatrı istəyirəm ki, tamaşaya baxmağa 100 nəfər gəlsin, amma onların hamısı bilet alanlar olsun. Söhbət bilet almaqdan, puldan getmir, sənətə diqqətdən, qayğıdan gedir”.

Gənclik illərini çoxdan yola salmış aktyor vəziyyətin nə vaxtsa düzələcəyinə ümid edir: “51 yaşım var, bundan sonra gedib nə işləyim? Hansı sənətin sahibi olum? Xarici ölkəyə işləməyə dəvət alsam, gedərəm. Dolanışıq üçün buna razı olaram”.

Sənətdəki ilk rolu bəxtsiz gənc - Məcnun obrazı olmuş aktyor Əhməd Salahovla söhbəti burada bitiririk.

Onunla söhbətdən sonra bu qənaətə gəldim ki, nə qədər ki istedadlı sənətkarlar səhnədən uzaq qalacaq, istedadsızlar meydanda at oynadacaq, biz keyfiyyətli tamaşalara, filmlərə, ekran əsərlərinə həsrət qalacağıq.

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm