Açıq hökumətin təşviqi ilə bağlı yeni proqram - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Açıq hökumətin təşviqi ilə bağlı yeni proqram - FOTOLAR

Bu gün Bakıda Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə “Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsinin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, layihə çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasının monitorinqinin aparılması nəzərdə tutulub.

Tədbirdə çıxış edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, Azərbaycanda hökumət nümayəndələri ilə vətəndaş cəmiyyəti üzvləri birgə platforma yaradacaq. Onun sözlərinə görə, bu platforma Azərbaycanda açıq hökumətin təşviqi ilə bağlı olacaq:

“Bu platformada hökumət nümayəndələri ilə vətəndaş cəmiyyəti üzvləri birgə təmsil olunacaq. Platforma Qurban bayramından sonra elan edəiləcək”.

"Transprency International" təşkilatının Azərbaycan milli bölməsi olan "Şəffaflıq Azərbaycan" təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva bildirib ki, korrupsiya ilə mübarizə sahəsində yeni proqram qəbul edilib: “Təşkilatımız yeni Fəaliyyət Planı ilə bağlı xeyli tövsiyyələr verib”.

R.Səfərəliyeva qeyd edib ki, monitorinqin nəticələri əsasında hazırlanmış hesabat Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya və digər dövlət orqanlarına, həmçinin beynəlxalq təşkilatlara təqdim edilir:

“Monitorinqin məqsədi bütün maraqlı tərəfləri hər birinin Milli Fəaliyyət Planının (MFP) icrası sahəsində müstəqil mövqe ilə təmin etməkdir. Monitorinq qrupu Milli Fəaliyyət Planının 124 bəndinin icrasında olan inkişaf və zəiflikləri təsvir edib və Azərbaycanda korrupsiya problemi ilə daha səmərəli mübarizə aparmaq üçün tövsiyyələri müəyyən edib”.

Layihə rəhbəri Zaur İbrahimov qeyd edib ki, monitorinq MFP icrasına fokuslanıb və dövlət qurumlarına, komitələr, bələdiyyələrə və dövlətə məxsus olan şirkətlərə müəyyən tövsiyələr təqdim edir:

“Əsas fokus sahəsi MFP nəzərdə tutulan 28 istiqamətdə tədbirlərin icrasında olan irəliləyişdir”.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, Azərbaycanda gələcəkdə uğurlu iqtisadi islahatların davam etdiriliməsi üçün korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, islahatlar üçün ictimai inam mühitinin yaradılması vacibdir.

Layihənin rəhbəri Zaur İbrahimov bildirib ki, “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqi metodologiyası “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə üzrə İctimai Birliyinin sifarişi ilə “Transperensi İnterneşnl-Rusiya” Antikorrupsiya Təşəbbüsləri və Tədqiqatları Mərkəzinin ekspertləri tərəfindən hazırlanıb:

“Metodologiya Milli Fəaliyyət Planında əks olunan 28 istiqamət üzrə nəzərdə tutulan hər bir tədbirin icra vəziyyətinin üç növ mənbədən alınan informasiya əsasında qiymətləndirilməsi üçün hazırlanıb. Birinci, Milli Fəaliyyət Planında nəzərdə tutulan hər bir tədbirin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə açıq mənbələrin (xəbərlər, rəsmi hesabatlar və digər ictimaiyyətə açıq informasiyalar) analizi aparılıb. İkinci, mümkün hallarda, dövlət orqanlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə sorğular göndərilib. Üçüncü, QHT-lərin cavablandırdığı sorğulardan əldə olunan məlumatlara görə də analoji qiymətləndirmə qaydası nəzərdə tutulub. Metodologiya Milli Fəaliyyət Planı üzrə 25 tədbir 28 istiqamət üzrə qruplaşdırılıb. Milli Fəaliyyət Planında 2 tədbrin 2012-ci ildə, 49 tədbrin 2013-cü ildə, 40 tədbirin 2014-cü ildə, 34 tədbirin isə 2015-ci ildə yekunlaşması nəzərdə tutulub. Metodologiya Milli Fəaliyyət Planında 35 icraçı qurum yer alıb. Bura Prezidenti Administrasiyası, Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, İqtsadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Baş Prokurorluq, orrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Mərkəzi Bank, Auditorlar Palatası, Hesablama Palatası, Satınalmalar üzrə Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Arxitektura və Şəhərsalma Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, TQDK, Səhiyyə Nazirliyi, “Bakıelektrikşəbəkə” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC, SOCAR, Tarif (qiymət) Şurası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Məhkəmə-Hüquq Şurası, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası daxldir.

Milli Fəaliyyət Plarında nəzərdə tutulmuş 124 tədbirdən 79-da 100 faiz icra qeydə alınıb. İki tədbir 83 faizdən yuxarı icra olunub. 16 tədbirin icra səviyyəsi 65 faiz yuxarı təşkil edib. 20 tədbir 50 faiz səviyyəsində həyata keçirilib. İki tədbir 33 faiz səviyyəsində icra edilib. 5 tədbirə isə 16 faiz icra olunub".

Z.İbrahimli bildirib ki, Milli Fəaliyyət Planında nəzərdə tutulmuş 5 istiqamət üzrə tədbirlərin icra səviyyəsi 100 faiz təşkil edib:

“Bura korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi, etik davranış qaydalarının təkmilləşdirilməsi, lisenziya və icazəvermə, sertifikatlaşdırma işinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi daxildir. Monitorinq prosesi göstərib ki, 2013-2015-cü illər ərzində Milli Fəaliyyət Planının icrası ilə əlaqədar olaraq 18 qanun layihəsi, bir məcəllə hazırlanıb.

2013-2014-cü illər ərzində 2 konsepsiya, müxtəlif sahələrin tənzimlənməsi ilə əlaqadar 4 yeni qayda layihəsi hazırlanıb, 7 yeni qayda isə təsdiqlənib. Elə qaydalar var ki, hazırlanıb, 1 ilə yaxındır ki, Nazirlər Kabinetində qalıb”.

Z.İbrahimli qeyd edib ki, komleks yanaşdıqda 2012-ci ildə qəbul olunan Milli Fəaliyyət Planı 2005-cü ildən bəri başlamış və 2015-ci ilə kimi davam edən 10 illik dövr üçün yekun sayıla bilər:

“Bu 10 ildə antikorrupsiya qanunverciliyinin işlənməsi prosesi demək olar ki, tamamlanıb. Eyni zamanda növbəti mərhələdə islahatlar üçün əsas addımlar atılıb. Bu son 10 ildə normativ bazanın təkmilləşdirilməsi, müvafiq institutların yaradılması, zəruri bilik və bacarıqların ələ edilməsi, xarici təcrübənin öyrənilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində yeni alətlərin tətbiqinin sınaqdan çıxarılması əsas prioritetlərdən olub. Bu axtarışların və praktikanın nəticəsi kimi “ASAN Xidmət” Mərkəzlərinin yaradılmasını, elektron xidmətlərin geniş tətbiqi səylərini, struktur islahatlarını qeyd etmək olar. Son 3 il isə daha çox praktik addımlar atılması ilə yadda qaldı. Bu praktik addımların əhəmiyyəti insanların gündəlik həyatında getdikcə daha çox hiss olunur".

Z.İbrahimli vurğulayıb ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən antikorrupsiya tədbirlərinin və təşəbbüslərinin icrası ilə bağlı koordinasiya fəaliyyətlərinin genişləndirilməsinə və nəzarətin daha da artırılmasına ehtiyac var:

“Tədbirdə Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı tövsiyyələr də açıqlanıb”.

Tədbir müzakirələrlə davam edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm