“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradıldı
Bizi izləyin

Qırmızı.az

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradıldı

“AzerTelecom” şirkəti tərəfindən Avropa ilə Asiyanı Azərbaycan vasitəsilə birləşdirən “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) fiber-optik infrastruktur layihəsinin icrası davam edir.

Üç seqmentdən (Avropa, Azərbaycan və Asiya) ibarət iri miqyaslı layihənin Asiya seqmentini təşkil edən Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə “Transxəzər Fiber-Optik Kabel Xətti” layihəsi çərçivəsində layihənin operatorları - Azərbaycan tərəfdən “AzerTelecom”, Qazaxıstan tərəfdən isə “Transtelecom” şirkətləri birgə müəssisə yaradıblar. “Caspian Fiber Optic Company” birgə müəssisəsi “Transxəzər Fiber Optik Kabel Xətti” layihəsinin tikintisi və istismarı ilə bağlı işlərin həyata keçirilməsinə xidmət edir.

Layihənin icrası çərçivəsində artıq beynəlxalq konsaltinq şirkətləri tərəfindən dəniz dibinin ilkin texniki araşdırılması aparılıb, layihənin texniki tələbləri tərtib olunub, təchizatçı seçimi üzrə tender prosesi yekunlaşıb. Kabel marşrutlarının sxemi, kabel stansiyalarının Azərbaycan və Qazaxıstan sahillərində qurulacaq torpaq yerləri müəyyən olunub. Tikintinin iki ilə tamamlanması planlaşdırılır. Sualtı kabel sisteminin reallaşdırılması dövlətlərarası sazişə müvafiq olaraq həyata keçirilir. “Transxəzər Fiber-Optik Kabel Xətti”nin dənizin dibi ilə uzunluğu 380 km, məlumat ötürmə gücü isə 16 terabit/s-dən çox olacaq.

“Rəqəmsal İpək Yolu” layihəsinin Asiya seqmentini Avropaya bağlayacaq Azərbaycan hissəsində də icra işləri sürətlə davam edir. AzerTelecom şirkəti tərəfindən Azərbaycan Dəmir Yolları QSC ilə əməkdaşlıq çərçivəsində ölkə daxilində dəmir yollarının mühafizə zolağı boyunca Şimal, Cənub və Qərb istiqamətlərində fiber-optik kabel xətlərinin tikintisi reallaşdırılır. Layihənin icrası üçün tələb olunan fiber-optik kabel və digər texniki avadanlıqlar təchiz olunub, ümumi uzunluğu 1000 km-dən çox olan kabel şəbəkəsinin tikintisinin artıq 110 km hissəsi (10%-dən çox) icra olunub. Tikintinin tamamlanması 2023-cü ilin ortasına planlaşdırılır.

“Rəqəmsal İpək Yolu” layihəsinin icrasının müxtəlif mərhələlərinə “Detecon Consulting”, “DLA Piper”, “Axiom”, “PwC” və s. nüfuzlu beynəlxalq konsaltinq şirkətləri cəlb olunub.

Layihənin icrası ölkəmizin beynəlxalq imicinin, biznes mühitinin, iqtisadi inkişaf göstəricilərinin və beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşmasına töhfə verəcək, Asiya ilə Avropa arasında çoxterabitli həcmdə məlumatların ötürməsini təmin edəcək.

Layihə 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib.

“AzerTelecom” şirkəti Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm